525.Az

ADPU-ya qəbul olunanların qeydiyyatına başlanılıb


 

ADPU-ya qəbul olunanların qeydiyyatına başlanılıb<b style="color:red"></b>

Avqustun 16-dan bütün ali təhsil müəssisələrində olduğu kimi, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) də qəbul olunmuş tələbələrin qeydiyyata alınması başlayıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən bildirilib ki, ADPU-nun rektoru, professor Cəfər Cəfərov 2018-2019-cu tədris ilində ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunmuş tələbələrin qeydiyyatının mövcud qaydalara uyğun təşkili və keçirilməsi məqsədilə universitetin 8 fakültəsinin - Filologiya, Riyaziyyat və informatika, Tarix və coğrafiya, Kimya və biologiya, İbtidai təhsil, Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim, Musiqi, təsviri incəsənət, fiziki tərbiyə və çağırışaqədərki hazırlıq, Fizika və texnologiya fakültəsinin dekanlarından və əməkdaşlarından ibarət Sənəd Qəbulu Komissiyasının yaradılması barədə müvafiq əmr imzalayıb. Sənəd Qəbulu Komissiyasına ümumi rəhbərliyi Sosial və humanitar məsələlər üzrə prorektor, professor Fikrət Rzayev həyata keçirir.

Məlumata görə, bu il birbaşa ADPU-da 22 ixtisas üzrə 2225 plan yerinə 2193 nəfər qəbul olunub. "Coğrafiya müəllimliyi" ixtisasında rus bölməsində 11 yer, "Fizika müəllimliyi" ixtisasında rus bölməsində 12 yer və "Məktəbəqədər təlim və tərbiyə" ixtisasında rus bölməsində 9 yer, cəmi 32 yer boş qalıb Beləliklə, ADPU-da plan yerləri 98,6 faiz dolub. Keçən il ADPU-da plan yerləri 97,18 faiz dolmuşdur.

Sənəd Qəbulu Komissiyasına universitetə qəbul olunmuş tələbələrin qeydiyyatı zamanı təqdim ediləcək sənədlərin müvafiq qaydada toplanıb işləməsi tapşırılıb. Sənəd Qəbulu Komissiyası universitetə qəbul olunmuş I tədris ili tələbələrinin qanun çərçivəsində qeydiyyata alınmalarına və sənədləşmənin düzgün aparılmasına nəzarət edir. Sənəd Qəbulu Komissiyası ADPU-nun Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi, 68 ünvanında yerləşən 1 nömrəli tədris binasında şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 9:00-dan 17:00-a kimi fəaliyyət göstərir. Əlaqə telefonu: (012) 493 00 32. Tələbələrin qeydiyyatı zamanı növbəlilik prinsipinin, qayda-qanunun və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Qeydiyyat zamanı universitetlə tələbələr arasında imzalanan ikitərəfli müqavilənin məzmun və mahiyyəti, şərtləri onlara aydın izah edilir. Həmçinin ADPU-nun 5 filialında - Ağcabədi, Şəki, Quba, Şamaxı və Cəlilabad filiallarında yaradılmış Sənəd Qəbulu Komissiyaları da öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

Qeyd edək ki, bu il ADPU-da tələbələrin qeydiyyata alınması zamanı bir yenilik də tətbiq edilib. Belə ki, tələbələr arasında sorğu keçirilir. Həmin sorğuda tələbələrin anket göstəriciləri, niyə ADPU-nu seçmələri, ADPU haqqında bilgiləri, hansı ixtisasa qəbul olunmaları, ADPU haqqında haradan məlumat əldə etmələri, universitet haqqında ilk təəssüratları barədə məqamlar öz əksini tapıb.

S.QARAYEVA

 





17.08.2018    çap et  çap et