525.Az

Sahil Babayev İsmayıllıda 5 rayonun sakinləri ilə görüşdü


 

Sahil Babayev İsmayıllıda 5 rayonun sakinləri ilə görüşdü<b style="color:red"></b>

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda vətəndaşlarla görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, görüşdə İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinləri iştirak ediblər.

S.Babayev qəbula yazılmış 64 vətəndaşın hər birini fərdi qaydada qəbul edib. Müraciətlərdə bu və ya digər sosial təminat növünə hüququn olub-olmaması, məşğulluğun təminatı, özünüməşğulluq proqramına cəlb edilmə, bərpa müalicəsinə köməklik göstərilməsi, imtiyazlı şəxslərin mənzillə və minik avtomobilləri ilə təmin edilməsi, əlilliyin qiymətləndirilməsi və s. məsələlər ifadə olunub. Bu məsələlərin hər biri nazirliyin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə araşdırılıb, qanunvericlik çərçivəsində yerindəcə konkret tədbirlərin görülməsi təmin olunub. Bir sıra şəxslər ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təmin olunma, bərpa müalicəsinə köməklik, peşə hazırlığına cəlb edilmə və s. üçün qeydiyyata alınıblar. Bir neçə vətəndaşa əmək bacarıqlarına uyğun iş yerlərinə göndərişlər verilib. Bir sıra işsiz və işaxtaran şəxslərin isə kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunması qərara alınıb.

S.Babayev nazirliyin məşğulluq orqanları tərəfindən bu ilin 7 ayında İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında 2233 nəfərin məşğulluğunun təmin edildiyini, 300-ə yaxın şəxsin peşə hazırlığına cəlb edildiyini bildirib.

Nazir prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində bu il bu beş rayon üzrə 323 nəfərin kiçik ailə təsərrüfatlarının qurulmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Dövlət başçısının 2 avqust 2018-ci il tarixli sərəncamının Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı sahəsində tədbirlərin daha da gücləndirilməsinə imkan yaratdığını vurğulayan S.Babayev İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarında da bu sahədə işlərin davam etdirildiyini deyib.

S.Babayev bu bölgədə də DOST mərkəzlərinin yaradılacağını, bölgə sakinlərinin həmin mərkəzlərdə nazirliyin xidmətlərindən daha rahat və sadə prosedurlar əsasında faydalanacağını qeyd edib. O, eləcə də istənilən şəxsin hazırkı və gələcəkdə yarana biləcək bu və ya digər sosial təminat hüququ barədə həmin mərkəzlərdə məlumat ala biləcəyini, hər hansı belə hüququ mövcud olduğu halda bu hüququn elə mərkəzlərin özündəcə operativ şəkildə reallaşdırılacağını diqqətə çatdırıb.

Səfər çərçivəsində S.Babayev İsmayıllı rayon Məşğulluq Mərkəzində işsiz və işaxtaranlar üçün müasir üsullar əsasında xidmətlərin göstərilməsi üçün yaradılmış şərait və bu sahədə aparılan işlər, əmək bazarı ilə bağlı daim yenilənən informasiya bazası ilə tanış olub.

CEYHUN

 





18.08.2018    çap et  çap et