525.Az

İşğalçı ölkə rəhbərliyi regionda yeni münaqişələr üçün zəmin hazırlayır


 

ŞOVİNİST RUHDA “TƏRBİYƏ EDİLƏN” DÜŞMƏN ÖLKƏ GƏNCLƏRİNİN BEYİNLƏRİ SAXTALAŞDIRILMIŞ ERMƏNİ TARİXİ İLƏ ZƏHƏRLƏNDİRİLİR

İşğalçı ölkə rəhbərliyi regionda yeni münaqişələr üçün zəmin hazırlayır<b style="color:red"></b>

Ermənistanın paytaxtı İrəvanda sözdə “Böyük Ermənistan” iddiaları ilə bağlı saxta təbliğat materialları gündəmə gətirilir, təkcə Azərbaycana yox, digər qonşu dövlətlərə qarşı da nifrət duyğuları aşılanır.

Şovinist ruhda “tərbiyə edilən” düşmən ölkə gənclərinin beyinləri saxtalaşdırılmış erməni tarixi ilə zəhərləndirilir və gələcəkdə regionda yeni münaqişələr üçün zəmin hazırlanır. Ona görə də bu fakt Ermənistanın təkcə region yox, ümumilikdə dünyanın gələcəyi üçün nə qədər böyük təhlükə mənbəyi olduğunu, Azərbaycan dövlətinin illərdir buna dair beynəlxalq tribunalarda və KİV-lər vasitəsilə səsləndirdiyi fikirlərin, verdiyi xəbərdarlıq siqnallarının nə qədər əhəmiyyətli olduğunu bir daha təsdiq edir.

İndi real vəziyyət onu deməyə əsas verir ki, regionda terror təhdidləri yağdıran, işğal siyasəti həyata keçirən Ermənistan dövlətinin qarşısının alınmaması, əksinə, bu ölkənin rəhbərliyinə dəstək göstərilməsi yaxın gələcəkdə həmin dövlətlərin də zərərinə işləyəcək.

Məsələ ilə bağlı fikirlərini bildirən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev qeyd edib ki, Ermənistanın uzun illərdən bəri işğalçılıq siyasəti aparması bu ölkənin özünü beynəlxalq aləmdən təcrid etməsi ilə nəticələnib. O, “Trend”ə bildirib ki, bu gün Azərbaycanın ərazi bütövlüyünə təcavüz etmiş Ermənistanın sonradan işğalçılıq siyasətini qonşu ölkələrə qarşı da yürütməsi ehtimalı daim bu ölkənin gündəmində qalmaqdadır: “Təsadüfi deyil ki, Türkiyənin Van və digər əraziləri, Gürcüstanın Cavaxetiya bölgəsi, İranın Ermənistanla sərhədyanı əraziləri “Böyük Ermənistan” adlı qondarma xəritədə yer alır. Bütün bunlar belə qənaətə gəlməyə zəmin yaradır ki, Ermənistanda kimin hakimiyyətdə olmasına baxmayaraq, torpaq iddiası, etnik təmizləmə, terrorçuluq və s. bu kimi siyasət ümumdövlət strategiyasına çevrilib”.

B.Quliyev xatırladıb ki, hətta Serj Sarkisyan hakimiyyətdə olduğu vaxt gələcək nəsillərin növbəti müharibələrə hazır olmasının vacibliyi barədə sərsəm fikirlər irəli sürməklə demək istəyirdi ki, Ermənistan Azərbaycanın ərazilərini işğal edib və qarşıda Türkiyə, Gürcüstan və İran kimi dövlətlərin də əraziləri dayanır: “Söz yox ki, Sarkisyan həmin ifadələrində “Böyük Ermənistan” xülyasının reallaşdırılması üçün erməni xalqını işğalçılıq siyasətinə dəstək göstərməyi davam etdirməyə səsləyib”.

Siyasi ekspertin sözlərinə görə, bu kimi utopiyalara dalaraq, Ermənistan bir sıra regional və beynəlxalq iqtisadi və s. layihələrdən kənarda qalıb: “Əgər bu gün hər hansı bir erməni acından ölürsə, yeməyə çörək tapmırsa, bütün bunların əsas səbəbi kimi məhz işğalçılıq siyasəti nəticəsində ölkənin təcrid olunmuş vəziyyətini göstərə bilərik. Eyni zamanda, bu gün Ermənistan digər qonşu ölkələrdən fərqli olaraq, monoetnik dövlətə çevrilib. Bu ölkədə yaşayan yeganə etnik xalq yezidi kürdlərdir ki, son illər onlar da müxtəlif üsullarla sıxışdırılmağa başlanıb. Onlara qarşı kəskin diskriminasiya siyasəti aparılır və bu xalqın nümayəndələrinin əksər hissəsi Rusiyaya və dünyanın digər ölkələrinə köç edirlər. Onu da qeyd etmək istərdim ki, hələ SSRİ-nin “yenidənqurma illəri”ndə işğalçılıq ambisiyaları ilə çıxış edən ermənilərin siyasi başbilənləri “Ermənistan yalnız ermənilərə məxsusdur” xarakterli şüarlar səsləndirirdilər. Əlbəttə, biz indi Ermənistanda həmin şüarların acınacaqlı nəticələrini görməkdəyik”.

B.Quliyev əlavə edib ki, bu dövlətin apardığı yanlış siyasət nəticədə onun süqutu, məhvi ilə başa çatacaq: “Biz hazırda Ermənistanda cərəyan edən prosesləri müşahidə edirik və görürük ki, hətta hansı yolla olursa-olsun baş vermiş hakimiyyət dəyişikliyi xalqın sosial rifahına müsbət təsir göstərmir. Artıq xalq inqilab yolu ilə hakimiyyətə gələn Paşinyan hakimiyyətini də tənqid atəşinə tutur. Bütün bunların məntiqi nəticəsi bilavasitə bu ölkənin özünü təcrid etməsi ilə əlaqələndirilməlidir. Əgər Ermənistan bənzər xülyalarından, utopiyalarından əl çəkməyəcəksə, dünyanın ən güclü iqtisadiyyatçısı belə, bu ölkəni düşdüyü ağır vəziyyətdən, böhrandan çıxara bilməyəcək. Ümumiyyətlə, bu gün Ermənistanın iddia etdiyi “Dənizdən-dənizə böyük Ermənistan” xəritəsi sadəcə kağız üzərində qalacaq bir xülyadır. Reallıqda isə bu ölkə xəritədən silinmək təhlükəsi ilə üz-üzədir”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə hesab edir ki, İrəvanın mərkəzi meydanında yerləşdirilən xəritənin məqsədi düşmən ölkənin yenidən qondarma vətənpərvərlik ruhunu qaldırmaq və guya yeni Paşinyan hakimiyyətinin erməni milləti təşkilatı olan “Daşnaksütyun” ideyalarından qaynaqlanan qondarma “Böyük Ermənistan” prinsipinə sadiq olduğunu nümayiş etdirilməsindən ibarətdir. O, SİA-ya bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın ünvanına müxtəlif formalarda ittihamlar səsləndirilir: “Baş nazirin “Qarabağ klanı”na qarşı mübarizə aparması önə çəkilir və onun əvvəlki dövlət başçılarından fərqli olaraq daha az vətənpərvər olması ilə əlaqədar iddialar irəli sürülür. Ona görə də prinsip etibarı ilə Paşinyanın başı ya populist bəyanatlar verməyə, ya da bu qəbildən addımlar atmağa qarışıb”.

E.Mirzəbəyli söyləyib ki, Paşinyan siyasətə kütlədən gəldiyi üçün o, kütlə psixologiyasına oynayır: “Yəni yeni baş nazir böyük idarəçilik prinsiplərini bilməyən, diplomatik normalara əməl etməyi bacarmayan, dövlətlərarası münasibətlərdə önəm daşıyan klassik ənənələrə uyğun addım atmağı bacarmayan bir tip, obrazdır. Bu baxımdan atdığı addımlar da populist xarakter daşıyır. Zənnimcə, bugünə qədər ayrı-ayrı mətbuat orqanlarında yayımlayan, erməni millətçi təşkilatlarının təbliğ etdiyi həmin o saxta xəritənin məqsədi həm dünyanın, həm də region dövlətlərinin diqqət mərkəzində olmaq, bu ölkənin klassik ənənələrini, meyillərini davam etdirdiyini nümayiş etdirməkdən ibarətdir”.

Baş redaktor qeyd edib ki, Ermənistan bu cür addımlarla diqqəti əsas proseslərdən yayındırmağa çalışır: “Koçaryanın azadlığa buraxılması əslində, Paşinyanın iradəsinin qırılması istiqamətində atılan çox tutarlı addımdır. Paşinyan bugünə qədər erməni xalqının adından danışdığını iddia edir, guya erməni xalqının iradəsi qarşısında hər hansı xarici faktorun önəm daşımadığını vurğulayırdı. Lakin Koçaryanın azad edilməsi sübuta yetirdi ki, Paşinyan fundamental olmayan məsələlərdə belə geriyə çəkilə və xarici dairələrin istək və arzularını nəzərə ala bilər”.

Milli Məclisin deputatı Aydın Mirzəzadə isə qeyd edib ki, Ermənistan ərazi iddiaları ilə bağlı tələbinə birdən-birə gəlməyib: “Əsrlərlə erməni icmasının içərisində sonradan gəldiyi ərazini özününküləşdirmək, qonşu dövlətlərə qarşı torpaq iddiası etmək bu xalqın milli faciəsidir”.

Deputat bildirib ki, düşmən ölkə həm 1918-ci il, həm 1991-ci ildə tarixin təsadüfi nəticəsində əldə etdikləri müstəqillikdən sonra qonşu ölkələrə ərazi iddiası irəli sürüb: “Azərbaycanın torpaqlarının 20 faizi Ermənistanın işğalı altındadır. Qonşu Gürcüstana, Türkiyəyə qarşı torpaq iddiası, İrana qarşı da ara-sıra iddialar səslənməkdədir”.

A.Mirzəzadə söyləyib ki, Ermənistan cəmiyyəti torpaq işğalından, torpaq iddiası xəstəliyindən qurtula bilmir: “Azərbaycan torpaqlarını işğal etmək düşmən ölkəyə böyük fəlakətlər gətirib. Ermənistan torpaqlarımızı işğal altında saxladığı müddətdə inkişafdan qalıb, dövlətlərin ikisi onunla sərhədi bağlayıb, əhalisi durmadan köçüb gedir, iqtisadi vəziyyəti ağır, ölkə dilənçi vəziyyətindədir. Amma bununla belə, yenə də ərazi iddiaları ilə bağlı təbliğat dayanmır. Görünür, ölkə öz müstəqilliyini itirmək həddinə gəlib çatmalıdır ki, mehriban qonşuluq siyasətinin nə olduğunu dərk edə bilsin”.

Deputat qeyd edib ki, Ermənistan qonşu dövlətlərdən torpaq iddialarına davam etdikcə, bu ölkənin vəziyyəti daha da ağırlaşacaq, mehriban qonşuluq siyasəti yürüdən dövlətlər isə inkişaf edəcək: “Buna nümunə olaraq Azərbaycanı, Gürcüstanı göstərmək olar. Ermənistan hələ də orta əsr təfəkküründən, özünün xülyalarını gerçəklik kimi qələmə vermək ab-havasından çəkilə bilməyib”.

Azərbaycanın gündən-günə gücləndiyinin Ermənistanda dərk edildiyini dilə gətirən A.Mirzəzadə əlavə edib ki, ölkəmizin siyasi, iqtisadi qüdrətinin artması düşmən ölkədə qıcıq yaradır: “Bu gün regionda iqtisadi layihələr məhz ölkəmizin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti çəkilib, Şimal-Cənub nəqliyyat dəhlizi fəaliyyətə başlayıb, Xəzərdən Transxəzər neft kəmərinin çəkilməsi nəzərdə tutulub. Bu layihələrin hər birində Ermənistan iştirak edə bilərdi. Əgər müharibə olmasaydı, Ermənistan bu layihələrdə müəyyən qədər iştirak etsəydi, o zaman düşmən ölkə inkişaf etməkdə olan ölkə olardı və əhalisi köçməzdir. Ancaq səhv siyasət, ən əsası isə səhv milli ideologiya Ermənistanı uçuruma gətirib çıxarır”.

Ceyhun ABASOV

 





18.08.2018    çap et  çap et