525.Az

Emin Həsənli: “Yeniliklər və islahatlar növbəti uğurlara təminat verir”


 

“SƏFƏRBƏRLİK VƏ HƏRBİ XİDMƏTƏ ÇAĞIRIŞ SAHƏSİNDƏ GÖRÜLƏN TƏDBİRLƏR DÖVLƏT RƏHBƏRLİYİNİN ALİ ETİMADINI TAM MƏNADA DOĞRULTMAĞA YÖNƏLİB VƏ İCTİMAİYYƏT TƏRƏFİNDƏN DƏ DƏSTƏKLƏNİR”

Emin Həsənli: “Yeniliklər və islahatlar növbəti uğurlara təminat verir”<b style="color:red"></b>

“Son 25 il ərzində Azərbaycan dövlətinin nail olduğu ən böyük uğurlardan biri də qüdrətli ordu yaradılmasıdır. Müasir milli dövlətçiliyimizin banisi Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, ordu quruculuğu istiqamətində də müstəsna əhəmiyyətə malik addımlar atıldı. Sonrakı dövrdə bu sahədəki işlər ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyilə böyük uğurlara imza atılmaqla davam etdirildi”. 

Bu fikirləri Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli əməkdaşımızla söhbətində diqqətə çatdırıb. E.Həsənlinin fikrincə, ordu quruculuğunun mövcud milli ənənələr üzərində və ən yüksək standartlara, müasir dünya hərb sisteminin prinsiplərinə müvafiq qaydada həyata keçirilməsi, Silahlı Qüvvələrimizin regionda üstün gücə çevrilməsi, onun qüdrətinin beynəlxalq miqyasda etiraf olunması məhz bu yeni dövrə aiddir. O deyib ki, Qarabağda, işğal olunmuş bölgələrimizin azad edilməsi naminə aparılan uğurlu əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan Silahlı Qüvvələri öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə qadir olan mükəmməl hərbi təsisata, yenilməz gücə çevrilib: “Heç şübhəsiz ki, bu güclü, çoxşaxəli təsisatın əsas tərkib hissələrindən, hətta daşıyıcı sütunlarından biri səfərbərlik və hərbi xidmətə çağırış sistemidir. Müşahidələrə, təhlillərə və ictimai rəyə əsasən inamla qeyd etmək olar ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti öz vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gəlir”.

E.Həsənli bu qənaətdədir ki, sözügedən sistemlə bağlı son illər aparılan məqsədyönlü və hərtərəfli islahatlar, görülən effektli tədbirlər, xidmət mühitinin tam şəffaflaşdırılması yolundakı addımlar nəticəsində hazırda ölkəmizdə həqiqi hərbi xidmətə çağırış prosesi yüksək səviyyədə təşkil edilir: “Bu qurumun tədbirlərində ardıcıl və yaxından iştirak etdiyim üçün tam məsuliyyətlə deyə bilərəm ki, Xidmətin rəhbərliyi daima müsbət və səmərəli yeniliklərin tətbiqinə çalışır. Bildiyimiz kimi, çağırışla yanaşı, gənclərimizin orduya hazırlanması da çox önəmlidir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti gənclərin orduya maksimum hazırlıqlı getməsi üçün müvafiq tədbirlər həyata keçirir”.

E.Həsənli deyib ki, Xidmət rəhbərliyi səfərbərlik və çağırışla bağlı olduqca çevik və son dərəcə şəffaf mexanizm yaradılmasına nail olub, bu sahədə neqativ hallar minimuma endirilib: “Xidmət rəisi general-leytenant Arzu Rəhimov ardıcıl şəkildə bölgələrdə vətəndaşları qəbul edir, onların problemlərini dinləyir və bu əsasda təsirli tədbirlər görülür. Eləcə də paytaxtda, Xidmətin özündə qəbullar keçirilir, günün məsələlərilə əlaqədar qərarlar qəbul edilərək zəruri addımlar atılır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində elə bir sistem qurulub ki, vətəndaşlar elektron qaydada lazımi məlumatları əldə edə bilirlər. Çağırış və səfərbərlik sistemi tam modernləşib və eyni zamanda, bu iş kifayət qədər peşəkarlıqla qurulub. Bunun nəticəsində də vətəndaşlarla Xidmət arasındakı əvvəllər mövcud olan müxtəlif baryerlər aradan qaldırılıb və birbaşa əlaqəyə imkan yaradılıb. Xidmətin idarə, şöbə və bölmələrilə də bağlı xeyli uğurlu nəticələr əldə edilib və onların da işi günün tələblərinə uyğun qurulur”.

Birlik sədri deyib ki, çağırışçıların xidmətə yola salınması və  qarşılanması sözügedən dövlət qurumu tərəfindən, ictimai təşkilatların da iştirakı ilə, yüksək səviyyədə həyata keçirilir: “Dövlət Xidmətinin bir mühüm nailiyyəti də vətəndaş cəmiyyəti qurumları ilə, ölkədəki hərbiyönümlü QHT-lərlə, ehtiyatda olan hərbçilərlə sıx və faydalı təmaslar qurmasıdır. Xidmətin keçirdiyi bir sıra tədbilərdə onların iştirakı təmin edilir, əlamətdar günlərdə onlarla görüşlər təşkil olunur. Eyni zamanda, media ilə konstruktiv əlaqələr yaradılıb və bu yolla da Xidmətin fəaliyyətinə ictimai nəzarət həyata keçirilir. “Vətənin müdafiəsinə hazıram” devizli silsilə tədbirlərin, yazı müsabiqələrinin, atıcılıq turnirlərinin keçirilməsi də Xidmətin yeniyetmə və gənclərlə, geniş ictimaiyyətlə, mətbuatla effektli təmaslara böyük önəm verdiyinin göstəriciləridir. Təsadüfi deyil ki, bu yaxınlarda Azərbaycan Xalq Cümhuriyyətinin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinin, Səfərbərlik və Çağırış sistemimizin 100 illiyi qürurla, layiqincə qeyd edildi. Bu çərçivədə Dövlət Xidməti rəisinin təşəbbüsü ilə nəşr olunmuş  “Cümhuriyyət dövründə səfərbərlik və hərbi çağırış (1918-1920)” kitabının təqdimatı böyük rəğbət və maraqla qarşılandı”.

E.Həsənlinin fikrincə, Xidmətin bütün bu uğurlarının təməlində həm də öz işinə təmkinli, təvazökar və tənqidi yanaşa bilmək qabiliyyəti, prinsipial mövqe nümayiş etdirmək bacarığı dayanır:  “Sözsüz ki, real həyatda, iş prosesində ideallıqdan danışmaq düzgün olmazdı. Hər bir şəxsdə olduğu kimi, fəaliyyətdə olan qurumlarda da çatışmazlıqlar, hansısa nöqsanlar var. Ancaq əsas olan bu kəm-kəsirlərin, qüsurların aradan qaldırılmasına can atmaq, bununla bağlı iradə ortaya qoyaraq əzmkarlıq göstərməkdir. Təqdirəlayiq haldır ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhz bu mövqedən çıxış edir. Görülən işlər hərtərəfli təhlil olunur və nəticələr analiz edilərək sonrakı addımlar buna uyğunlaşdırılır. Hər hansı nöqsan buraxılıbsa, onun təkrarlanmamasına, birdəfəlik aradan qaldırılmasına çalışılır. Ona görə də vaxtaşırı keçirilən xidməti müşavirələrdə bütövlükdə qurumun və ayrı-ayrı strukturların, əməkdaşların fəaliyyəti diqqətlə nəzərdən keçirilərək təhlillər aparılır. Fəaliyyətində ciddi nöqsanlara, neqativ əməllərə yol verən, qanun pozuntusu törədən şəxslərlə bağlı adekvat tədbirlər görülür. Zərurət halında onlar Xidmətdən kənarlaşdırılır, eləcə də barələrində cinayət işləri qaldırılır”.

Birlik sədrinin sözlərinə görə, təəssüf ki, bəzi hallarda həmin şəxslər arasında öz xətasını anlamayanlar, guya haqsız cəzalandırıldığını düşünüb yersiz ajiotaj yaratmağa çalışanlar da tapılır: “Onlardan bəziləri hətta sosial şəbəkələrdə, mediada Xidmət rəhbərliyi barədə və ümumən qurumun fəaliyyətilə əlaqədar iftira, böhtan xarakterli açıqlamalar verir, qarayaxma kampaniyasına girişirlər. Görünür, onlar ilk növbədə bunu anlaya bilmirlər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin bu addımları ölkə rəhbərliyinin qarşıya qoyduğu ümdə tələblərdən irəli gəlir. Bu sahədə görülən tədbirlər bütövlükdə Xidmətin fəaliyyətini daha da təkmilləşdirməyə, yekun nəticədə isə dövlət rəhbərliyinin ali etimadını tam mənada doğrultmağa yönəlib və ictimaiyyət tərəfindən də dəstəklənir. Şükürlər olsun ki, mətbuatımız, QHT-lər, müharibə veteranları, ziyalılar, şəhid ailələri, ictimaiyyət nümayəndələri o cür yolverilməz cəhdləri pisləyir, elə insanları ciddiyə almırlar. Məqamı gəldikdə onlara tutarlı cavablar verərək, Xidmətin fəaliyyətini, rəhbərliyin inkişaf naminə apardığı işləri dəstəklədiklərini bildirirlər. İfadə olunan yekdil mövqe belədir ki, bu sahədəki yeniliklər və islahatlar növbəti uğurlara təminat verir. İnanırıq ki, bu, hər zaman belə olacaq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bundan sonra da əzmlə, inamla çalışacaq. Beləliklə də, Xidmət ilk növbədə dövlətimizin rəhbərliyinin diqqəti sayəsində, eyni zamanda, xalqın, ictimaiyyətin dəstəyilə fəaliyyətində yeni nailiyyətlər əldə edəcək”.

CAVİD

 





18.08.2018    çap et  çap et