525.Az

Ədəbiyyat və zaman


 

Ədəbiyyat və zaman<b style="color:red"></b>

Zamana qarışan mətnlər var, içində əriyib yox olan, saatın əqrəbləri istiqamətində öz dairəsini cızan əsərlər. Bir də zamanı özündə həll edən, bütün saatların əqrəblərini itələyən ədəbi nümunələr yarandı. Məhz elə əsərlərin təsiri ilə bu balaca dünyamız üsyanlar da gördü, yeni mədəniyyət də qazandı, inkişaf da etdi, əvvəlki minilliklərin yuxusunu da yatdı.

Yaşı özündən başqa heç kimə məlum olmayan mavi kainatda ədəbiyyat nəyə xidmət edir?!

Söz sənəti və söz sərrafları dünyamıza necə təsir göstərir?!

Zaman keçdikcə ədəbiyyatın missiyası da dəyişir. Məsələn, iki min əvvəl yazılan daş kitabələr əgər bu gün bizə daha çox həmin dövrün tarixini öyrənməyə kömək edirsə, min əvvəl yazılmış bir poeziya nümunəsindən yaradıcısının mənsub olduğu cəmiyyətin özünəməxsusluqlarını oxuyuruq. Təfəkkürün inkişafı yeni cərəyanların və yeni ədəbi üslubların meydana gəlməsinə zəmin yaratdığı kimi, məntiqi ardıcıllıqla ədəbiyyatın da bizə nələr qazandırdığında fərqlər yaradır. Məsələyə belə baxaq: oxucu və yazıçı arasında tələb-təklif anlayışı toplumun və fərdlərin inkişafı ilə düz mütənasib dəyişir. Bəli, həm də fərdlərin. Məsələn, Ceyms Coysun nəhəng “Ulis”inin üzərinə “bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub” yazsaq, günah etmiş olarıq. Ya da “hər kəsin oxumalı olduğu kitablar” siyahısına Herodotun “Tarix”ini salsaq.

Ədəbiyyat bu baxımdan dövrün sözlərə çəkilmiş rəngkarlıq hadisəsidir.

Nizaminin “Xəmsə”si ayrı-ayrılıqda dövrünün şahlarını, hətta fərdi xarakter olaraq bizə diktə edir. Onun poemaları tək-tək yaşadığı dövlətlərin aşağı və yuxarı təbəqələrini, dövlətin idarə olunma sistemini öyrədə bilir. Bircə analogiya gətirim ki, İsgəndərlə Nüşabənin görüşündən, İsgəndərin Bərdəyə səfərindən mövzu açılanda tarix kitablarından çox məhz “İsgəndərnamə” poemasına istinad edirlər.

Füzulinin ədəbiyyatı isə ilahi qatın təmsilçisidi. Onun qəzəlləri ruhun kəlməyə çevrilməsinin ən yaxşı sübutudur. Füzuli divanının missiyası insanın təhtəlşüurundakı ruh kimliyini oyatmaqdı. İçindəki şəxsiyyətin maddi yox, mənəvi, həm də göylərin ölçü dəyəri ilə göstərilməsindədi.

Nəsimi isə məhz bu missiyanın yeni yolunu axtaran şairdi. Təkzib olunmaz həqiqət və ideologiya. Nəsiminin orijinal qəzəlləri öz dövründə “Hürufilik” cərəyanının təbliğatçısı rolunu oynayırdısa, bu gün onun yazdığı möhtəşəm nəzm nümunələri söz və ruh bağlılığını öz əsas ideyası etmiş hürufiliyi günümüzə daşımaqdadır.

Ədəbiyyatın nəyə xidmət edəcəyini yazıçı və ya şair seçmir. Ədəbiyyat özü buna qərar verir.

Viktor Hüqonun yazdığı “Səfillər”də insan taleyinin təzadlı və sakit-sakit yoxa çıxan səfalətindən, Fransa xalqının bir də küçələrdə olan həyatından səslər var idi. Və “Səfillər” nəinki öz dövrünün,  hətta bu günün də reallıqlarını oxucu önünə sərən ustalıqla yazılmış realist bir roman olmaqla yanaşı, həm də böyük bir inqilabın başlanğıcı idi. Bu gün ədəbiyyatın ən kədərli obrazlarından birinin - Qvazimodanın baş qəhrəmanı olduğu “Paris Notr-Dam kilsəsi”ni yazan ədib Esmiralda obrazı ilə özündən sonra yazılacaq bütün satanist ədəbi nümunələrə axın yaratmışdı. Ancaq indi bizim üçün Esmiralda gözəl bir musiqi parçasından başqa heç nəyi yadımıza salmır.

Kafka “Məhkəmə”ni yazanda həqiqətən adamları sorğu-sualsız tez-tez məhkəməyə çıxarırdılar. Bizə isə bu, absurd bir hadisə kimi görünür. Ya da həmin hadisəni dini inanca yoza bilən tənqidçilər də peydə oldu bir dövr. Əlbəttə, bu da düzgün təsvir idi. Məsələ Kafka ədəbiyyatının bir əsr əvvəl realist olduğu halda bu gün absurd nümunəyə çevrilməsindədir.

Roman sənətinin zaman keçdikcə özündə digər elm sahələrini cəmləməsi ədəbiyyatın cəmiyyətin qanunauyğunluqlarına tabe olmasına şərait yaradır. Cəmi bir əsr əvvəl isə bu, əksinə idi. Ədəbiyyatın gücü, romanların ehtirası ilə adamlar dövlətləri belə devirməyə güc tapırdılar.

“Ədəbiyyat gülüstan, ədib güllərə bağban” deyimi artıq özünü sübut etmir. Bu gün ədəbiyyat təkcə ədəbli olmaq vərdişini və ya bu kimi “ədəb” sözünün arxasına yığa biləcəyimiz məna yükündən azaddır. Aleksandr Dümanın sarkazmla yanaşdığı küçə oğruları Latın Amerikasının ən böyük ədibi Borxesin həssaslıqla qələmə aldığı baş obrazlara çevrildi. Dastanlardakı qəhrəmanların sevgi hekayələri, məsələn, Nabokovun “Lolita”sında daha çılpaq və ədəbsiz oldu.

Və ya cəmi əlli il öncə Stefen Kinq tərəfindən qələmə alınan, Amerika prezidenti Con Kenediyə həsr olunmuş “22.11.63” romanın bədii xüsusiyyətləri zəif olsa da, məşhur suiqəsd hadisəni bütün detallarıyla oxucuya oxuda bilmişdi. Günümüzün romanı hesab edilən, Corc Sandersin mükafat almış “Linkoln Bardoda” romanı başqa bir Amerika prezidentinin şəxsi həyatının qeyri-adi təxəyyül məhsulu ilə nağıla çevirir. Bir neçə ay öncə rəflərə düzülən Ceyms Petersonun “Prezident” romanıyla Klintonun həyatı fantastik bir macəra formasında təqdim olundu. Qısa zaman fasiləsiylə bir-birindən geri düşən məşhur üç romanın bir-birindən həm ədəbi kriteriyalarla, həm də oxucuya təqdim olunma üslubuyla fərqlənməsi çağdaş ədəbiyyatın daha sürətli şəkildə deformasiya prosesi keçirdiyinə sübutdur.

Zamanı qabaqlayan, tələsən romanlar da var. Tolstoyun “Anna Karenina” romanındakı qadın yeni idi. Ərinə xəyanət edə biləcək, öz sevgisinin ardınca getməyə hazır olan, ailəsindən imtina edəcək cəsarətdə olan bir qadın obrazı. Ya da Turgenevin “Atalar və oğullar” romanının ümumi məqsədi. Nəsillərarası savaş. İlyas Əfəndiyevin Səriyyə obrazı da (“Körpüsalanlar”) SSRİ mühitində azad qadın obrazı idi. Anarın Təhminəsi də (“Beş mərtəbəli evin altıncı mərtəbəsi”) bu siyahıdadı.

Servantesin qələmə aldığı “Don Kixot” əsərinin ikinci hissəsindəki postmodern məqamlar (Don Kixotun özü haqqında olan kitabı oxuması) Servantes yaradıcılığının orijinallığı idi.

Vaxtilə “İlahi komediya”nı qələmə alan Dante min illər sonra Den Braun yaradıcılığına təsir edəcəkdi. Mövzunun hələ əsrlər boyu aktual qalması ədəbiyyatın ölməzliyinin bir göstəricisidir.

Ümumiyyətlə, ədəbiyyat və zaman anlayışlarının bəzən düz, bəzən tərs mütənasib addımlaması yazıçıların və yazılan əsərlərin ümumi struktur xəttinin inkişafı və “tənəzzülü” ilə də xarakterizə etmək olar.

Ekspermental yazı nümunələri, xüsusən də öz dövrünü qabaqlayan mətnlər olur. Son illər Amerika ədəbiyyatı bu sahədə daha uğurludu, desək yanılmarıq.

Məşhur “Qızılgülün adı” romanına (Umberto Eko) başlanğıc verən “Əvvəl söz var idi...” ifadəsi, səmavi kitablarda vurğulanan məlum “ol” kəlməsinin dünyamızın təməlində dayanması, texnologiyanın inkişafına baxmayaraq, hələ də ədəbiyyatın kitab-kitab rəflərə düzülməsi zamanın qocalda bilmədiyi bu söz sənətini elə zamanın özü  qədər dəyərli və mütləq edir.

 





24.09.2018    çap et  çap et