525.Az

Bülbül ürəkli şair


 

Bülbül ürəkli şair<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyinin rəsmi orqanı “Kardeş Kalemler” dərgisinin 140-cı sayında Birliyin başqanı Yaqub Öməroğlunun və türkiyəli araşdırmaçı Ülkü Taşlıovanın şair Vaqif Bəhmənlinin həyat və yaradıcılığına həsr olunmuş məqalələri yayımlanıb.

Həmin məqalələri təqdim edirik.

Yaqub Öməroğlu 

Vaqif Bəhmənli ilə ilk tanışlığımız ikimiz üçün də qürbət olan bir diyarda - Almaniyada olmuşdu. İkimiz də Frankfurt Kitab Sərgisi üçün orada idik. O, Azərbaycanın adından kitab stendi qurmuşdu və böyük bir diqqətlə stendin idarəsi ilə məşğul olurdu. Mənsə Avrasiya Yazarlar Birliyi Bengü Müəllif hüquqları qurumu adından sərgiyə qatılmışdım. Frankfurt Kitab Sərgisinə qatılmış nəşriyyatlar üçün ayrıca böyük bir salon təsis edilmişdi və orada hər qurumun görüşlərini keçirə biləcəyi masası vardı. Səlahiyyətli şəxslərdən başqa heç kim işi olmadığından oraya girməzdi. Əvvəldən hansısa məsələnin müzakirəsi üçün görüş təyin etmiş insanlar həmin kiçik masalarda qarşılıqlı oturub danışardılar. Müzakirə bitəndə isə salonu tərk edərdilər.

Ölkələrin nəşrlərini təqdim etdikləri salonlar isə insanların maraqla gəzdikləri yerlər idi. Dövlətlərin nazirlikləri və nəşriyyatları bir az da bir-birləri ilə yarışaraq gözəl, diqqətçəkici stendlər düzəltməyə çalışırdılar. Buna görə də stendlərin olduğu bölmə hər kəs üçün gəzilməyə, görülməyə dəyən yerlər idi. Mən müəllif hüquqları qurumları ilə görüşlərimin olmadığı vaxtda həmin salona gedib dünyadakı kitab çapı işini tanımağa çalışırdım. Amma ən çox baş çəkdiyim bölmələr Türkiyə stendi ilə bəlkə də ondan daha çox Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin stendi olurdu. Vaqif Bəhmənli yeni tanıdığı bu qonağı hər dəfə köhnə tanışını qarşılarmış kimi gülərüz və səmimi qarşılayırdı. Azərbaycanın çayına, paxlavalarına qonaq edirdi. Dünyanın ən böyük kitab sərgisi kimi qəbul edilən bu tədbirin təşkilini birgə dəyərləndirməyə çalışırdıq. Necə ki, Frankfurt Kitab Sərgisinin təcrübələri ilə Vaqif bəy Beynəlxalq Bakı Kitab Sərgisinin təşkilində önəmli rolu öz üzərinə götürəcəkdi.

Frankfurtda kəsişən yollarımız Elazığda bir daha görüşdü. Əziz dostumuz Şənər Bulud Almas İldırım üçün anım mərasimi hazırlamışdı. Biz Ankaradan qatıldıq. Vaqif Bəhmənli isə Azərbaycan heyətində idi. Çox gözəl və maraqlı bir proqram olmuşdu. Biz daha sonra “Kardeş Kalemler” dərgisinin üz qapağında Almas İldırımın şəklinin yer aldığı xüsusi sayını hazırlamışdıq.

Bir-birimizi tanıdıqca daha çox sevir və dostluğumuz artırdı. Biz onun dəvətilə Bakı Kitab Sərgilərinə qatılır, o isə Altındağ Şeir Axşamları və ya Ankaradakı fərqli anma tədbirlərində qonağımız olurdu. Onu və poeziyasını tanıdıqca bu gözəl, “bəy əfəndi” insanla ruh və düşüncə olaraq da nə qədər çox şey paylaşdığımızın fərqinə varırdım.

“Bülbül mənim ürəyimdir”, “Gül mənim ürəyimdir” - deyən gül ürəkli bir şairdir o.

Türkiyədə kitabının nəşr olunmağı arzusunu mənə heç vaxt deməmişdi. Amma mən bilirdim ki, bunu çox istəyir. Şeirlərinin seçimini özündən istəsəydik əminəm ki, bizim seçdiklərimizdən başqalarının da kitabda yer almasını arzu edəcəkdi. Amma biz dostumuza bir sürpriz hazırlamaq üçün şeir seçimini özümüz etmək istədik. Ülkü Taşlıova bu önəmli, məsuliyyəti işi öz üstünə götürdü və Vaqif Bəhmənlinin üç cildlik kitabından əlinizdəki şeirləri seçdi. Eləcə də seçdiyi şeirləri Türkiyə türkcəsinə uyğunlaşdırdı. Həvva Təkin isə şeirlərin kitabda sıralanması işini icra etdi. Hər iki dostumuza da minnətdarlığımızı bildirirəm. Dostumuz Rəşad Məcid isə bütün bu zaman ərzində bizimlə birgə idi. Bəlkə gələcəkdə eyni yoldaşlarla bu dəfə şeirlərini şairin seçdiyi yeni bir kitab da hazırlayarıq. “Qəmli Arazdan utanan”, “Son mənzilə gedənə qədər keçməyə üzüm olmayacaq” - deyə təlaşlanan Vaqif Bəhmənlinin şeirlərinin, Anadolu insanının könlündə böyük bir əks-səda tapacağına olan inamımla kitabı şeir sevərlərə təqdim edirəm.

“Söz ürəkdə gözəldir,
Mülkdür bahadan baha.
Duyğu ki dilə gəldi
Demək batıb günaha”.

Böyük şairin ürəyindəki gözəl sözləri də bir gün dinləmək ümidilə...

Ülkü Taşlıova 

Bağışla, Bəhmənli, səni yeni tanıdım 

NAĞILLAR ÖLDÜRDÜ BİZİ... 

Qulaq kar, gözlər kor, qol çatlaq-çatlaq,
Dünyanın kökünü qurudur yalan.
Qapın çırpılaydı, qırxıncı otaq,
Ağ atın öləydi, ağ atlı oğlan,
Ümidin öldürdü bizi,
Qoymadı sabahlara gün ağlamağa.

Vaqif Bəhmənlini ilk bu şeirlə tanıdım. Və bu şeirdəki dərinliyi, mənanı, fikri düşündükcə məst oldum. Avrasiya Yazarlar Birliyinin başqanı, dəyərli müəllimim Yaqub Öməroğlu hər biri üç yüz səhifədən çox olan üç cildlik kitabı mənə uzadarkən öncə ürkdüm. Minə yaxın səhifə və o qədər şeir... Tək-tək oxunacaq, seçiləcək və Türkiyə türkcəsinə uyğunlaşdırılacaq. Nə qədər əmək, zəhmət və zaman istəyirdi. İş stolumun üstündə yan-yana üç qalın şeir kitabı mənə baxırdı. Üstəlik, üz qapağında şairin şəkli vardı. “Cəsarətin varsa, başla” deyirdi sanki.

Və yağışlı bir Ankara yazında gecə yarısı birinci cildin ilk səhifəsini çevirdim. Küçədə simit satanın səsinə başımı qaldıranda çoxdan səhər açılmış, insanlar yollarda qaçırdılar. Mən isə gecədən səhərə kimi Vaqif Bəhmənli şeirləri arasında itmişdim. Elə bir itmək ki, həm özümü tapmışdım, həm də özümə gəlmişdim. Heç bir seçki, heç bir işarə qoymadan onlarla şeiri xətmedərcəsinə oxumuş, anlamışdım.

Mövzulardakı fərqliliklərə heyran olmamağım mümkün deyildi.
 
Hecalardakı uyğunluq, yazıdakı axıcılıq, kəlmələrdəki zənginlik müdhiş deyiləcək qədər gözəl, özəl və fərqli idi. İnsanın kübarı, ağıllısı, gözəli olar da, şeirin olmazmı? Bəhmənlinin şeirləri məhz bu cür idi. Kübar, ağıllı və gözəl... 

BAĞIŞLA

Gözlərimi gözlərinə zillədim,
Ürəyinə kök atmadı baxışlar.
Bir iş idi olan oldu, bilmədim,
Kərəm elə, günahımı bağışla. 

Üçüncü cildin sonlarında qarşılaşdığım bu əfsunlu dördlüyü oxuyanda sehrləndim. Bir anlıq baxışın bu qədər gözəl təsvirinə başqa heç bir yerdə şahid olmamışdım.

Hər bir şeirin hər bir sətrinə onlarla söz deyə biləcəyim bu gözəl şeirləri oxuyub tanıdığım üçün həyatıma, düşüncə dünyama qatdığı fikirlər və duyğular üçün mütəşəkkirəm.

Azərbaycan ədəbiyyatını və sənətini tanıyan biri olaraq Vaqif Bəhmənli şeirlərinə Azərbaycanda söylənən gözəl bir sözlə qarşılıq vermək istəyirəm: “Eşq olsun, Vaqif müəllim. Yolun uğurlu olsun. Çox sağ olun!”

Çevirən: Şahanə MÜŞFİQ

 





24.09.2018    çap et  çap et