525.Az

İlham Əliyev: "Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək"


 

"PREZİDENT İŞĞAL FAKTINA XÜSUSİ DİQQƏT ÇƏKMƏKLƏ BÜTÜN DÜNYAYA, HƏMÇİNİN, İŞĞALÇI ÖLKƏ VƏ ONUN HİMAYƏDARLARINA DÖVLƏTİMİZİN, XALQIMIZIN MÖVQEYİNİ ÇATDIRIB"

İlham Əliyev: "Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək"<b style="color:red"></b>

Məlum olduğu kimi, Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə ölkəmizə dəvət olunmuş çoxsaylı xarici ölkə parlamentariləri, beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə Milli Məclisdə xüsusi iclas keçirilib.

Ümumilikdə 43 ölkədən 500-ə qədər qonağın iştirak etdiyi tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi çətin və şərəfli tarixi yola nəzər salıb, həmin dövrdə həyata keçirilən dövlətçilik fəaliyyətinin əhəmiyyəti barədə geniş nitq ilə çıxış edib.

Prezident Xalq Cümhuriyyətinin yaradılmasını tarixi hadisə adlandıraraq, xalqımızın şərqdə ilk demokratik respublikanın yaradılması ilə fəxr etdiyini bildirib.

Cümhuriyyət dövründə bir sıra dövlət atributlarının təsis edildiyini deyən Prezident İlham Əliyev Azərbaycan dövlətinin Cümhuriyyətin və onun qurucularının fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayıb, bu il "Cümhuriyyət İli" çərçivəsində dövlət səviyyəsində bir sıra tədbirlərin keçirildiyini diqqətə çatdırıb.

1991-ci ildə bir əsrdə ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda ilk illərdə vəziyyətin acınacaqlı olduğunu, ölkəmizin çətin sınaqlarla üz-üzə qaldığını deyən dövlətimizin başçısı o ağır vaxtlarda xalqın müdriklik göstərərək Heydər Əliyevi hakimiyyətə dəvət etdiyini, onun respublikaya rəhbərliyindən sonra ölkədə önəmli addımların atıldığını, Azərbaycanın tədricən ağır vəziyyətdən çıxdığını bildirib. Tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan dövlət başçısı işğalçının ölkənin dinc azərbaycanlılara qarşı törətdiyi təcavüzkarlıq faktları, soyqırımı və qətliamlar barədə xarici qonaqlara məlumat verib, Ermənistanın münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələrə məhəl qoymadığını, işğalçılıq siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb.

Prezident vurğulayıb ki, Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək: "Bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər. Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir".

Dövlət başçısı hesab edir ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir: "Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir".

Prezident bu gün Ermənistanda baş verən xaotik proseslərə diqqəti yönəldərək,  qeyd edib ki, işğalçı ölkədə yaranmaqda olan yeni diktatura rejimi sələflərindən heç də fərqli olmayan siyasət aparır: "Siyasi rəqiblərə qarşı zorakılıq həyata keçirilir, siyasi rəqiblər həbsə alınır, mətbuat nümayəndələrinə qarşı repressiyalar aparılır, mətbu orqanlar bağlanır, dövlət orqanları siyasi rəqiblərinin həbsi ilə bağlı açıq-aşkar göstərişlər verir, bu göstərişləri bütün dünya eşidir. Bir dənə də olsun beynəlxalq təşkilat, xüsusilə mətbuatla, media azadlıqları, insan haqları ilə bağlı olan təşkilatlar səsini çıxarmır. Sual olunur, nəyə görə Ermənistanda gedən bu təhlükəli proseslərə beynəlxalq təşkilatlar reaksiya vermir? Bunun arxasında hansı səbəblər var? Bu, çox ciddi araşdırılmalıdır. Biz onsuz da yaxşı bilirik ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Biz buna öyrəşmişik və buna qarşı mübarizə aparırıq".

Dövlət başçısı Ermənistanla bağlı məsələlərdə ehtiyatlı davranan, atılan anti-demokratik addımları görməzdən gələn, qeyri-obyketiv mövqe nümayiş etdirən  beynəxlalq təşkilatlara qarşı öz iradlarını səsləndirib: "Ermənistan açıq-aşkar repressiya siyasətini aparır, medianı boğur, siyasi opponentlərini həbsə alır, baş nazir onların həbsi ilə bağlı göstəriş verir və buna heç bir reaksiya verilmir. Bu, çox düşündürücü məsələdir və hesab edirəm ki, beynəlxalq təşkilatlar bizim bu sualımıza mütləq cavab verməlidirlər. Verməsələr, deməli, onlar bu yeni yaranan diktatura rejimi ilə əlbirdirlər".

Parlamentin 100 illiyi münasibətilə keçirilən tədbirdə dövlət başçısı İlham Əliyevin verdiyi mesajlar barədə danışan "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasındakı çıxışının əsas tezisləri Ermənistanın işğalçılıq siyasətinə və işğal altındakı torpaqlarla bağlı rəsmi Bakının atacağı addımlara həsr olunmuşdu: "Birincisi, prezident qeyd edib ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli, beynəlxalq hüquqa söykənən, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamələr qəbul ediblər. Bu o deməkdir ki, İlham Əliyev Avropa strukturlarının Dağlıq Qarabağ münaqişəsinə mövqeyindən razıdır. İkincisi, prezident bildirib ki, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağla bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. İlham Əliyevin fikrincə, Ermənistan hazırkı hakimiyyət nümayəndələrinin açıqlamaları münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Bunu prezidentlə yanaşı, kənar ekspertlər də vurğulayırlar. Üçüncüsü, prezident deyib ki, bəzi beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar siyasəti aparılır. Çünki beynəlxalq təşkilatların Azərbaycanla bağlı tənqidi hesabatlar hazırlayırlar, ancaq Ermənistandakı pozuntuları diqqətə almırlar. İlham Əliyev ona işarə edib ki, Ermənistanda 2008-ci ildə prezident seçkisi zamanı 10 nəfər qətlə yetirilib. Buna baxmayaraq, beynəlxalq təşkilatlar o zaman prezident seçilən Serj Sarkisyanı sərt tənqid etməyiblər, onunla dərhal əməkdaşlığa başlayıblar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan isə məhz 2008-ci il hadisələrinə görə Serj Sarkisyanı və digərlərini həbs etmək istəyir. Dördüncüsü, Azərbaycan prezidenti qeyd edib ki, Ermənistanda iqtisadi və sosial vəziyyət ağırdır. Ermənistanın bu vəziyyətdən çıxması üçün yeganə yolu var: Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır! İlham Əliyev ona işarə edib ki, Ermənistan hakimiyyətinin siyasəti hərbi toqquşmanı yaxınlaşdırır. Beşincisi, prezident bildirib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda status almayacaq. "Biz bütün imkanlardan istifadə edirik və edəcəyik ki, ərazi bütövlüyümüzü bərpa edək" - bu, İlham Əliyevin əsas cümləsidir. İlham Əliyevin bir başqa açıqlaması da diqqəti cəlb edirdi: "Əgər işğalçılıq siyasəti olmasaydı, Ermənistan Azərbaycanın imkanlarından faydalana bilərdi. Azərbaycan Ermənistanı tam təcrid edib və bu siyasətini davam etdirəcək".

Politoloqun sözlərinə görə, İlham Əliyevin səsləndirdiyi tezislərindən görünür ki, Azərbaycan prezidenti Ermənistanın baş naziri Nikol Paşinyanın açıqlamalarını və siyasətini diqqətlə izləyir: "İlham Əliyevin bu çıxışı Paşinyana və erməni cəmiyyətinə xəbərdarlıq mesajları ilə zəngin idi".

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclasdakı nitqində bir sıra mühüm məqamlara diqqət çəkib və önəmli mesajlar verib. O, "Azərtac"a bildirib ki, bunlardan birincisi şübhəsiz ki, dövlətimizin başçısının Azərbaycan Xalq Cümhuriyyətinə və onun qurucularına, parlamentarizm tariximizə verdiyi yüksək qiymətdir: "Cümhuriyyətimizin 100-cü ildönümünə dair prezidentin sərəncamı ilə həyata keçirilən tədbirlər, o cümlədən, Azərbaycan Silahlı Qüvvələrinin və Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə bağlı gerçəkləşən möhtəşəm paradlar və nəhayət, Azərbaycan parlamentinin 100 illiyinin yüksək səviyyədə qeyd edilməsi Azərbaycan Respublikasının tarixi dövlətçilik ənənələrinə söykənən bir dövlət olduğunu, prezidentin və xalqın bu ənənələri göz bəbəyi kimi qoruduğunu nümayiş etdirir. Müsəlman şərqində 100 illik parlamentarizm, demokratik idarəçilik ənənəsi olan yeganə xalq Azərbaycan xalqı, bu ənənələri ideyadan əmələ çevirən isə Azərbaycan hakimiyyətidir".

Politoloq deyib ki, Prezident İlham Əliyevin diqqət çəkdiyi ikinci məqam Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, bu süqutu şərtləndirən tarixi şərait idi: "Bu kontekstdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra dövlət quruculuğu istiqamətində həyata keçirilən genişmiqyaslı, sistemli tədbirlərin mahiyyətinə diqqət çəkən dövlət başçısı müasir Azərbaycan dövlətinin bütün çağırışlara cavab verə biləcək qədər güclü və qüdrətli olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin çıxışında yer alan bu mühüm məqamlar Azərbaycan istiqlalının xalqımız və şəxsən onun özü üçün nə qədər əziz və qiymətli olduğunu nümayiş etdirməklə bərabər, istiqlalımızın daimi və əbədi olmasına sərf olunan əməyin miqyasını da ortaya qoyur".

E.Mirzəbəylinin sözlərinə görə, prezident öz nitqində Azərbaycan torpaqlarının işğalı faktına xüsusi diqqət çəkməklə bütün dünyaya, həmçinin, işğalçı ölkə və onun himayədarlarına dövlətimizin, xalqımızın mesajını çatdırıb: "Dövlət başçısı qeyd edib ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq. Heç vaxt Azərbaycan xalqı və dövləti imkan verməyəcək ki, onun əzəli, tarixi, hüquqi torpağı ondan ayrılsın".

Politoloqun qənaətincə, bu, prezidentin, dövlətimizin Ermənistana, onun himayədarlarına, Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın işğal altındakı əraziləri ilə bağlı manipulyativ və ziddiyyətli bəyanatlar verən hər kəsə verdiyi son cavabdır: "İqtisadiyyatı çökən, siyasi rəhbərliyi şoularla, bir-biri ilə uzlaşmayan bəsit açıqlamalarla, yalançı vədlərlə baş qatan Ermənistan rəhbərliyi, işğalçını himayə edənlər, münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərinin tətbiqinə görə məsuliyyət daşıyanlar bu sözləri həmişəlik qulaqlarına sırğa etməlidirlər. Ərazi bütövlüyü Azərbaycan xalqının və onun iradəsinin ifadəçisi olan prezidentin vaz keçməyəcəyi qırmızı xətdir və heç kim danışıqlar prosesinə bu xətti keçə biləcək təkliflərlə daxil ola bilməz".

E.Mizrəbəyli vurğulayıb ki, Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı bir daha dövlətimizin mövqeyini ifadə etməklə yanaşı, işğala son qoymaq istəməyən ölkəyə, işğal faktından geosiyasi təsir vasitəsi kimi istifadə etməyə çalışan dairələrə proseslərin hansı istiqamətə gedə biləcəyi ilə bağlı mesajlarını da çatdırıb: "Azərbaycanla Ermənistan arasındakı fərqi konkret rəqəmlərlə və faktlarla ifadə edərək, işğalçı ölkəyə Azərbaycanın yürütdüyü təcridetmə siyasətinin onun üçün indikindən daha ağır və bərpası mümkün olmayacaq nəticələrə yol açacağını xatırladıb".

Politoloq hesab edir ki, Azərbaycan prezidentinin nitqi regiondakı real və perspektiv vəziyyətin təhlili baxımından da mühüm əhəmiyyətə malikdir: "İstər işğalçı ölkənin hakimiyyəti, istərsə də regional, subregional və qlobal proseslərdə Ermənistan kimi uğursuz ölkələrin "xidmət"indən faydalanmağa çalışan dairələr bütün bu mesajlardan ciddi nəticə çıxarmalıdırlar. Əks təqdirdə, Ermənistan rəhbərliyinin hadisələrin inkişaf perspektivi haqqında düşünməyə vaxtı da qalmayacaq".

Ceyhun ABASOV

 





25.09.2018    çap et  çap et