525.Az

"Əsrin müqaviləsi" - hərtərəfli inkişaf layihəsi


 

24 İL ƏVVƏL BAKIDA İMZALANAN TARİXİ NEFT KONTRAKTI BU GÜN REGİONDA QÜVVƏLƏR BALANSININ - İQTİSADİ, SİYASİ VƏ HƏRBİ GÜCÜN AZƏRBAYCANIN XEYRİNƏ DƏYİŞMƏSİYLƏ NƏTİCƏLƏNİB

"Əsrin müqaviləsi" - <b style="color:red">hərtərəfli inkişaf layihəsi</b>

Müasir Azərbaycanın iqtisadi həyatında dönüş nöqtəsi, inkişaf mərhələsi hesab olunan "Əsrin müqaviləsi" - tarixi neft kontraktının imzalanmasından 24 il keçir.

1994-cü ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında əldə olunan razılaşma ölkəmizin neft sektorunda yeni dövrün başlamasıyla əlamətdar olub. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlanıb. Müqavilədə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, SOCAR, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak edib. Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi. Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlanıb.

Müstəqilliyini yeni bərpa etmiş, müharibə şəraitində olan Azərbaycanın işğalçı Ermənistanla atəşkəs haqda sənəd imzalamasından dərhal sonra iqtisadiyyatda dirçəlişə nail olmaq üçün hərəkətə keçməsi, neft sektorunda əsl canlanma yaratması bu gün regionda qüvvələr balansının - iqtisadi, siyasi və hərbi gücün tam xeyrimizə dəyişməsiylə nəticələnib.

2017-ci il isə Azərbaycanın neft sənayesi üçün daha bir əlamətdar hadisə ilə yadda qalıb. Sentyabrın 14-də "Azəri", "Çıraq" yataqları və "Günəşli" yatağının dərinsulu hissəsinin (AÇG) 2050-ci ilə qədər birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb və Azərbaycan bu kontraktdan daha çox gəlir əldə etməyə başlayıb.

Nəticə etibarilə indi Azərbaycan neft ixrac edən ölkədən iqtisadiyyatın müxtəlif sahələrində ciddi yatırımlar edən, Gürcüstan, Türkiyə kimi xarici dövlətlərdə aparıcı investorlardan biri kimi çıxış edən ölkəyə çevrilib.

Bakı-Novorossiysk, Bakı-Supsa və nəhayət Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzərin dibindən hasil edilən neftin xarici bazarlara ixracına nail olan Azərbaycan növbəti mərhələdə təbii qaz ehtiyyatlarından Avropanın enerji təhlükəsizlyini təmin etmək məqsədilə genişmiqyaslı layihələrin icrasına başlayıb. Həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsi ilə Azərbaycan beynəlxalq arenada siyasi mövqelərini daha da möhkəmləndirib, böyük dövlətlərin ciddi dəstəyini qazanıb. Son dövrlər Böyük Britaniya, Almaniya, İtaliya, Fransa kimi aparıcı Avropa dövlətlərinin rəhbərlərinin Azərbaycan prezidenti ilə təmaslara keçməsi, əməkdaşlıq əlaqələrinin genişlənməsinə böyük maraq göstərilməsi heç şübhəsiz, 24 il bundan əvvəl həyata keçirilən məqsədyönlü fəaliyyətin nəticəsidir.

Mövzu ilə bağlı fikirlərini bildirən "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev qeyd edib ki, 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi" XXI əsrdə Azərbaycanın dinamik inkişaf yolunu müəyyən edib. O, SİA-ya bildirib ki, "Əsrin müqaviləsi" müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən düzgün neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Sənədin Azərbaycanın çətin dövründə imzalandığını dilə gətirən siyasi ekspert hesab edir ki, "Əsrin müqaviləsi" ölkədə yığılıb qalmış mürəkkəb problemləri bir-birinin ardınca və kompleks şəkildə həll etmək üçün geniş imkanlar yaradıb: "Bildiyiniz kimi, 90-cı illərin əvvəllərində ölkədə xaos hökm sürür, iqtisadiyyatımız yox səviyyəsində, büdcəmiz tamamilə boş, ölkəmizin gələcəyi sual altında idi. Lakin bu sənəd Azərbaycanda iqtisadi xaotik proseslərin, xüsusilə, tüğyan edən inflyasiyanı cilovlayıb, maliyyə-kredit sistemini və makroiqtisadi sabitliyi təmin edib. Artıq bundan sonra dünya Azərbaycanı müstəqil dövlət kimi qəbul etməyə başlayıb. İlkin neftin hasil olunması Azərbaycanı dünyanın neft ixrac edən ölkəsinə çevirib".

B.Quliyev qeyd edib ki, mühüm neft strategiyanın gerçəkləşməsi və beynəlxalq neft şirkətləri ilə sazişlərin imzalanması sayəsində ölkənin neft ehtiyatlarının istismarına çoxmilyardlı xarici investisiyalar cəlb edilib: "Təbii ki, bütün bunlar asan başa gəlməyib. Həmin dövrdə xarici qüvvələr tərəfindən ölkəmizə qarşı təhdidlər edilir, hətta bir neçə dəfə dövlət çevrilişinə cəhd etməklə bu layihənin reallaşmasına mane olmağa çalışıblar. Bütün çətinliklərə baxmayaraq, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası reallaşıb və Azərbaycan beynəlxalq ictimaiyyətə müstəqil dövlət olaraq təqdim edilib".

"Əsrin müqaviləsi"ndən sonra Azərbaycan neftinin ilk olaraq Bakı-Novorossiysk kəməri, Bakı-Supsa marşrutu ilə nəql edildiyini deyən B.Quliyev vurğulayıb ki, daha sonra Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Neft Kəmərinin inşası nəticəsində Azərbaycan nefti tezliklə dünya bazarlarına çıxmağa başlayıb: "Əsrin müqaviləsi" ilə başlanan işlər bu siyasətin uğurlu davamçısı Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən iri layihələrdə öz əskini tapıb".

Baş redaktor bildirib ki, "Əsrin müqaviləsi" təkcə ölkəmizin iqtisadi inkişafına yox, siyasi, təhlükəsizlik və digər sahələrin dirçəlməsinə böyük töhfə verib: "Bu müqavilənin imzalanması müstəqil Azərbaycanın inkişafının əsasını təşkil edir. Ölkəmizin həm siyasi, həm də iqtisadi reytinqi gündən-günə artır. Bütün bunların hamısı ölkədə aparılan hərtərəfli islahatların, ən başlıcası isə ulu öndər Heydər Əliyevin neft strategiyasının bizə verdiyi səmərələrdir. Prezident İlham Əliyev hər zaman çıxışlarında bildirib ki, Azərbaycanda əsas məqsəd neftdən gələn gəlirləri Azərbaycan xalqının gələcək rifahına yönəltməkdir".

Siyasi ekspert əlavə edib ki, "Əsrin müqaviləsi" sayəsində Azərbaycana gələn gəlirlər elm, təhsil, səhiyyə və digər sahələrin inkişafına yönəldilib: "Görülən işlərin nəticəsidir ki, bu gün ölkəmiz nəinki sənaye və kənd təsərrüfatı, o cümlədən, "ASAN Xidmət" kimi əqli məhsullar ixrac edir. Bütün bunları nəzərə alaraq deyə bilərik ki, ötən dövrdə uğurla həyata keçirilən milli neft siyasəti hələ uzun illər bundan sonra da dövlətimizin güclənməsinə, xalqımızın rifahına və mədəni intibaha xidmət edəcək, sabitlik və inkişaf təmin olunacaq".

Ceyhun ABASOV

 





25.09.2018    çap et  çap et