525.Az

Gözüm dağlarda, dağlarda - Teymur Bünyadovdan mənsur şeir


 

Gözüm dağlarda, dağlarda - <b style="color:red">Teymur Bünyadovdan mənsur şeir</b>

Başı çalmalı dağların qoynunda dünyaya göz açmışam. Əzəmətli, vüqarlı, hikmətli, heyrətli dağlarda gəzmişəm. Dağlar oğluyam. Hamı dağlılar kimi, dağ təbiətliyəm. Dupduru, bəmbəyaz, tərtəmiz. Ləkəsiz, boyasız, saf duyğulu, incə mətləbli. Bir xeyli qürurlu-məğrur. Möhkəm əqidəli, inamlı, israrlı. Bir qədər tutqun, küsəyən, kövrək, tez inciyən. Qərib kimi, kimsiz, əlacsız kimi. Qəlbim qəmli, gözlərim nəmli. Daha nə bilim, nələr...

Artıq dağlara həsrət qalmışam. Doxsan yaşım arxada qalıb, yüzə sarıyam. Ömrümün qürub çağını yaşayıram. Dağdan enib zirvəyə həsrətlə baxır, boylanıram. Lakin qanadlanmaq, pərvazlanmaq, dağlara uçmaq istəyirəm. Alınmır ki, alınmır. Gözlərim yaşarır. Ürəyim sinəmi döyür, çırpınır. Titrək barmaqlarım vərəqlərdə cızığından çıxır, əyri-üyrü yazır, nə qədər çətin olsa da, qələmə sarılır, dağları misralara düzməklə təsəlli tapıram.

Dağları tez-tez yuxumda görürəm. Dünyamı tapmış kimi oluram. Gözümü açanda dünyanı itirmiş kimi ahda, amanda.

Tənhalığa qapılıram. Dəli kimi özümlə danışıram. Gah küsür, gah barışır, gah yüz işə qarışıram. Gah yanıram, alışıram. Gah pərvazxəyal oluram, gah qanadı sınmış quş kimi, gah ağılsız bihuş kimi. Qəribə qocalıq, qərib qocalıq.

Qoynunda dünyaya gəldim,
Dünyam dağlarda, dağlarda.

Layla çala laylalanam,
Anam dağlarda, dağlarda.

Qanad açam qanadlanam,
Uçam dağlarda, dağlarda.
İlk eşqimi ağlayıram,
Ağlar dağlarda, dağlarda.

Qəm sinəmi dağlayıram,
Yanar dağlarda, dağlarda.

Şairlənəm, şeirlənəm
Özüm dağlarda, dağlarda.

Şairlər şah əsərini
Yazar dağlarda, dağlarda.
 
İnam yerim, ocaq yerim,
Pirim dağlarda, dağlarda.

Qayalarda qalalanam
Səngər dağlarda, dağlarda.

Əzəmətli, vüqarlıdı
Vüqar dağlarda, dağlarda.

Gəzdiyim yal-yamacdadı
İzim dağlarda, dağlarda.

Həsrətində yandı canım,
Gözüm dağlarda, dağlarda.

Düz ilqar, inam, etibar,
Vəfa dağlarda, dağlarda.

Qəlbi qəmli, gözü yaşlı
Sonam dağlarda, dağlarda.

Həm təbibim, həm məlhəmim,
Şəfam dağlarda, dağlarda.

Qəlb oxşayan, könül açan
Səfa dağlarda, dağlarda.

Meylim, mehrim, sirrim-sehrim,
Ovsun dağlarda, dağlarda.

Qurban gedəm, qurban olam,
Yanam dağlarda, dağlarda.

Gözlərimə nur ələnə,
Baxam dağlarda, dağlarda.

Göy gurlayar, şimşək çaxar,
Cənnət dağlarda, dağlarda.

Sellər sulara qərq olar,
Axar dağlarda, dağlarda.

Çaylarında qızıl balıq
Tutam dağlarda, dağlarda.

Çeşmələri zümzüməli
Həzin dağlarda, dağlarda.

Çəmən, çiçək sırğalana,
Sırğa dağlarda, dağlarda.
Gül yanaqlı gözəlləri
Yardı dağlarda, dağlarda.

Kəklikləri qaqqıldaşar
Yuva dağlarda, dağlarda.

Quzuqulaq, kığ baldırğan
Dərəm dağlarda, dağlarda.

Boğça çiçək, qaymaq çiçək
Yığam dağlarda, dağlarda.

Çiçək üstə arıları
Baldı dağlarda, dağlarda.

Nehrə yağı, üz qaymağı
Qaldı dağlarda, dağlarda.

Gözəllər çeşmə başında
Süzər dağlarda, dağlarda.

Ürəklənəm, ürək açam
Gözəl dağlarda, dağlarda.

Haray çəkəm haraylayam
Yarı dağlarda, dağlarda.

Ovçu maral bərəsində
Pusar dağlarda, dağlarda.

Çobanların tütək səsi,
Heyrət dağlarda, dağlarda.

Pələş, Güləş, qoyun iti
Hürər dağlarda, dağlarda.

Aşıqların telli sazı,
Hikmət dağlarda, dağlarda.

Tar, kamandı, toy-düyündü
Büsat dağlarda, dağlarda.

Günəş səhər yuxusundan
Qalxar dağlarda, dağlarda.

Ay aylanar, ulduz yanar
Gecə dağlarda, dağlarda.

Bəyaz bulud öpər, qucar
Yatar dağlarda, dağlarda.

Dağ keçilər kəllə-kəllə
Gələr dağlarda, dağlarda.

Aslanları yorğun-yorğun
Gəzər dağlarda, dağlarda.

Şaxə buynuz maralları,
Orman dağlarda, dağlarda.

Qeyrət, ismət, bir də qüdrət,
Hünər dağlarda, dağlarda.
Yallı gedən, qurşaq tutan
Oyun dağlarda, dağlarda.

Dirədöymə, çilik dəstə
Güləş dağlarda, dağlarda.

Qoyun, quzu mələşməsi
Arxac dağlarda, dağlarda.

Qartallarım qanad aça
Qəlbi dağlarda, dağlarda.

Cıdıra çıxan, nəmər alan
Şaldı dağlarda, dağlarda.

Koroğlunun dəliləri,
Nigar dağlarda, dağlarda.

Qaçaq Kərəm, İsrafili
Görəm dağlarda, dağlarda.

Dünya durduqca duracaq
Əzəl dağlarda, dağlarda.

Dilboz atın kişnərtisi
Səda dağlarda, dağlarda.

Əlim çata, ünüm yetə
Ötəm dağlarda, dağlarda.

Yurd yeridi alaçıqlar
Eldi dağlarda, dağlarda.

Yurd yerimiz, ocağımız
Qaldı dağlarda, dağlarda.

Alışmanı pay-pay elə,
Payla dağlarda, dağlarda.

Elat arana köçəndə
Ağlar dağlarda, dağlarda.

Al geyinər, şal geyinər
Gözəl dağlarda, dağlarda.

Göylər dil deyə ağlaya
Öləm dağlarda, dağlarda.

Gələnlər baxıb görələr
Qəbrim dağlarda, dağlarda,
Ruhum dağlarda, dağlarda.

Dağlar sinədəftərlərin ilham pərisi, təkrarsız, bənzərsiz şah əsərləridi. Mənim dağlarım könül həmdəmim, qaynar qanım, canımda canımdı.

Əzizlərim, qəlbinizə yol tapıb arzuma çatdımsa, nə yaxşı, nə gözəl... Şükür olsun. Ürəyinizcə dağlarımızı vəsf eləyə bilmədimsə, ruhunuzu oxşaya bilmədimsə, keçin günahımdan, ixtiyarlığıma bağışlayın. Yaxşımı?! 

 





25.09.2018    çap et  çap et