525.Az

Nazir müavini 7-ci Beynəlxalq Xəzər Enerji Forumunda çıxış etdi


 

Nazir müavini 7-ci Beynəlxalq Xəzər Enerji Forumunda çıxış etdi<b style="color:red"></b>

Azərbaycan hökuməti və "Caspian European Club"un dəstəyilə Bakıda 7-ci Beynəlxalq Xəzər Enerji Forumu (Caspian Energy Forum Baku - 2018) keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, forumda nazir müavini Mətin Kərimli də iştirak edib.

M.Kərimli çıxışında bildirib ki, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti respublika əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb.

Nazir müavini qeyd edib ki, ölkə rəhbərliyinin islahatlar proqramına uyğun olaraq, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır.

İlin əvvəlində qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında" qanunundan danışan nazir müavini bildirib ki, bu qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir.

M.Kərimli yeni qüvvəyə minmiş "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn məsələlər barədə də məlumat verərək bildirib ki, bu qanun əhalinin məşğulluğunun təminatı, işsiz və işaxtaran vətəndaşların sosial müdafiəsi sahəsində aparılan dövlət siyasətinin və məşğulluq xidmətlərinin təkmilləşməsinə, bu sahədə innovativ yanaşmaların tətbiqi ilə səmərəli iş mexanizmlərinin formalaşdırılmasına, aktiv əmək bazarı proqramlarının genişləndirilməsinə xidmət edir. O, bu qanuna əsasən, Dövlət Məşğulluq Xidməti üçün xidmət keyfiyyətinin ölçülməsi indikatorlarının hazırlandığını və peşə standartlarının hazırlanması, təsdiqi və tətbiqi ilə bağlı normativ sənədlər paketinin formalaşdırılması üçün zəruri layihələrin aidiyyəti dövlət orqanlarına razılaşdırmaq üçün göndərildiyini bildirib.

Qeyd edək ki, "Caspian Energy Forum" Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərində ildə bir neçə dəfə keçirilir. Forum biznes-hökumət dialoqunun aktivləşməsinə, neft və qeyri-neft sektoru şirkətləri arasında sıx əlaqələrin qurulmasına münbit şərait yaradan, transmilli şirkətlərlə kiçik və orta biznes nümayəndələrinin görüşləri, həmçinin, qlobal biznes əməkdaşlığında maraqlı olan investor, ekspert və analitiklər üçün öz səmərəliliyi ilə seçilən ənənəvi tədbirdir.

C.ABASOV

 





25.09.2018    çap et  çap et