525.Az

Qərbdən Azərbaycanın ərazi bütövlüyünə dəstək, Ermənistana isə xəbərdarlıq


 

"NİKOL PAŞİNYAN DEKABRDAN SONRA DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİ İLƏ MƏŞĞUL OLMASA VƏ DAĞLIQ QARABAĞ ƏTRAFINDAKI RAYONLARIN BOŞALDILMASINA RAZILIQ VERMƏSƏ, BÖLGƏDƏ MÜHARİBƏ RİSKİ ARTACAQ"

Qərbdən Azərbaycanın ərazi bütövlüyünə dəstək, Ermənistana isə xəbərdarlıq<b style="color:red"></b>

Son dövrlər beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirən, xarici ölkə və təşkilatlarla əlaqələrini inkişaf etdirən Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində həyata keçirdiyi fəaliyyət siyasi-hüquqi müstəvidə müsbət nəticələr verir.
 
Dünya dövlətləri, ayrı-ayrı güc mərkəzləri işğalçıya qarşı hücum diplomatiyası həyata keçirən ölkəmizin ərazi bütövlüyünə birmənalı dəstək ifadə edir. Bu xüsusda Prezident İlham Əliyevin xarici ölkə rəsmiləri, beynəlxalq təşkilat rəhbərləri ilə keçirdiyi görüşlərdə verilən bəyanatlar, səslənən fikirlər böyük əhəmiyyətə malikdir.

İyulun 11-də Brüsseldə Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə paraflanmış "Avropa İttifaqı-Azərbaycan Tərəfdaşlıq Prioritetləri" sənədində qarşılıqlı maraqlar və dəyərlər, həmçinin, bir-birilərinin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı, müstəqilliyi və suverenliyinə münasibətdə hörmət və dəstəyə öhdəliklər əsasında Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə birgə tərəfdaşlıq prioritetlərinin razılaşdırıldığı qeyd olunub. Prezidentin bu səfəri çərçivəsində iştirak etdiyi NATO üzv dövlətlərinin Brüssel sammitinin yekununda qəbul edilən kommunikedə  növbəti dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyinə və eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin bu prinsiplər əsasında həllinə dəstək ifadə olunub. Avqustun 25-də isə Azərbaycana səfər edən Almaniyanın kansleri Angela Merkel Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında rəhbərlik etdiyi ölkənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında münaqişənin həlli istiqamətində səyləri dəstəkləməkdə davam edəcəyini bəyan edib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavinin köməkçisi Corc Kent də Azərbaycanda səfərdə olduğu zaman keçirdiyi mətbuat konfransında Ermənistan-Azərbaycan münaqişənin həlli kontekstində BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edib. Həmçinin, bu yaxınlarda Almaniya hökumətinin Bundestaqın radikal sağçı AfD fraksiyasının sorğusuna cavabında qətiyyətli mövqe ifadə etməsi - Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha vurğulması, daha sonra Ermənistanda səfir kimi fəaliyyətinin son günlərini yaşayan amerikalı diplomat Riçard Millsin düşmən ölkə hakimiyyətinə işğal siyasətinə qarşı xəbərdarlıq xarakterli mesaj ünvanlaması bu kontekstdə əhəmiyyət kəsb edən məqamlardandır. Hətta vəziyyət o həddə çatıb ki, Ermənistanın ev sahibliyi ilə keçirilən Frankofoniya sammiti də düşmən ölkə rəhbərliyinin gözləntilərini doğrultmayıb, işğalçılar Azərbaycanın təbii səbəblərdən təmsil olunmadığı bu platformada əks-kampaniya aparmağa müvəffəq olmayıblar. Hərçənd ki, Ermənistanın da Frankofoniya ilə yaxından-uzaqdan heç bir əlaqəsinin olmadığı halda bu ölkənin təşkilata necə, hansı əsaslarla qəbul olunduğu ciddi sual doğurur. Hər halda Beynəlxalq Frankofoniya Təşkilatının aparıcı dövləti Fransada erməni diasporunun kök atdığını nəzərə alsaq, lobbiçilik fəaliyyəti nəticəsində Ermənistanın bu platformaya özünü sırıdığını yəqinləşdirmək olar. Ancaq nəticə etibarilə düşmən ölkənin bütün cəhdlərinin əks effekt verdiyi - təşkilatın mövqe mübarizəsi, daxili çəkişmələrdən doğan ziddiyyətlərlə yadda qalan İrəvan sammitinin yekun bəyanatında münaqişənin həllinin əsaslarının Helsinki Yekun Aktının təşkil etdiyi öz əksini tapıb. Ermənistan sənədin layihəsinə cəfəng ifadələr daxil etməyə çalışmasına baxmayaraq, beynəlxalq ictimaiyyət bunu qəbul etməyib.

Çünki dünyada və regionda sülh və sabitliyə verdiyi ciddi töhfələrlə diqqət mərkəzində olan Azərbaycanın iştirak etdiyi bütün platformalarda Dağlıq Qarabağ probleminin nizamlanması prosesinin nəticəsiz qalacağı, Ermənistanın işğal siyasətinin davam edəcəyi təqdirdə hərbi variantın ön plana çıxacağını bəyan etməsi həm düşmən ölkə əhalisini, həm də beynəlxalq ictimaiyyəti ciddi şəkildə düşündürür. Dünya birliyi rəsmi Bakının ədalətli mövqeyinə haqq qazandırır.

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son iclasında qeyd etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi müzakirə mövzusu olmadığını qəbul edir. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupuna üzv dövlətlər, o cümlədən, həmsədr ölkələrə münaqişənin həllinin əsasında BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktı dayanadığı yaxşı məlumdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə görə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Helsinki Yekun Aktında isə ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prioritet prinsiplər kimi müəyyən olunub. Münaqişənin həllində irəliləyiş əldə etmək üçün atılmalı olan addımların nədən ibarət olduğu hər kəsə aydındır və bu mövqe yalnız Minsk qrupunun həmsədrləri səviyyəsində yox, dövlət və hökumət başçıları və digər səviyyələrdə də açıq və ictimai şəkildə ifadə olunur. İlk növbədə mərhələli şəkildə Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistan tərəfinin iddialarına baxmayaraq, beynəlxalq ictimaiyyət münaqişənin həlli üçün "status naminə ərazi" deyil, "sülh naminə ərazi" düsturunu qəbul edir. Beynəlxalq ictimaiyyət tərəfindən ifadə olunan bu mövqe praktiki siyasi addımlara çevrilməli və münaqişənin həllinə xidmət etməlidir. Ermənistanın danışıqlar prosesini pozmasına imkan verilməməli və üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi təmin edilməlidir. Bu mənada, MDB Dövlət Başçıları Şurasının Düşənbədə keçirilən sammitində Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan söhbət əsnasında qarşı tərəfin əvvəlki, qeyri-kontruktiv mövqeyindən, danışıqların pozulmasına hesablanmış təxribat xarakterli fikirlərindən geri çəkiləcəyini bəyan etməsindən bir müddət sonra əldə olunmuş bu razılaşmanın ruhuna zidd addımların atılması - işğal olunmuş ərazilərə qeyri-qanuni səfərlərin həyata keçirilməsi, Kəlbəcərdə Sidney qəsəbəsinin salınması və Araz çayı boyunca işğal olunmuş ərazilərimizlə Ermənistanı birləşdirən yeni yolun çəkilməsi barədə niyyətlərin ifadə olunması heç də sülh prosesinə sadiqlik nümayiş etdirilməsi anlamına gəlmir. Bu o deməkdir ki, beynəlxalq ictimaiyyətin ardıcıl mövqeyinə və Azərbaycanın nümayiş etdirdiyi konstruktivliyə və xoş niyyətə baxmayaraq, Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni əməllərini və təxribatçı siyasətini davam etdirir. Ona görə də, Birləşmiş Ştatlar kimi super gücün ermənipərəst mövqeyi ilə tanınan diplomatı belə yaranmış situasiyada səfir kimi çalışdığı ölkənin maraqlarının qorunması, real təhlükələrdən sığortalanması naminə rəsmi İrəvanı konstruktivliyə, yanlış addımlardan çəkinməyə çağırır. Ermənistan isə bütün bunlardan ciddi nəticə çıxarmalı, təxribatçı əməllərini, o cümlədən, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətini dayandırmalı və xalqı sülhə hazırlamalıdır. Sülhə hazırlıq isə ilk növbədə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması deməkdir.

Mövzu ilə bağlı fikirlərini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills İrəvandakı müsahibəsində konkret deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həllini istəyirsə, torpaqların müəyyən hissəsini geri qaytarmalı olacaq: "Riçard Mills Ermənistandan geri qayıdır. ABŞ Ermənistana yeni səfir təyin edib. Buna baxmayaraq, Riçard Mills Ermənistan hakimiyyətinə və cəmiyyətinə konkret mesaj göndərib. Mesaj bundan ibarətdir ki, Nikol Paşinyan dekabrdan sonra Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmasa və Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasına razılıq verməsə, bu, bölgədə müharibə riskini artıracaq".

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan  SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir. Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən, BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.

Ceyhun ABASOV

 





19.10.2018    çap et  çap et