525.Az

ABŞ-ın İrəvana mesajı: Sülh istəyirsinizsə, işğal olunmuş əraziləri azad edin


 

ABŞ-ın İrəvana mesajı: <b style="color:red">Sülh istəyirsinizsə, işğal olunmuş əraziləri azad edin</b>

ABŞ-ın Ermənistandakı səfiri Riçard Millsin bir neçə gün əvvəl Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıqlama İrəvanda narahatlıqla qarşılanıb.

Səfir erməni mətbuatına müsahibəsində deyib ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycana güzəştə getməli olacaq. Onun sözlərinə görə, işğal olunmuş ərazilərin müəyyən hissəsi Azərbaycana qaytarılmadan, Dağlıq Qarabağ münaqişəsi həll edilə bilməz: "Bura ilk dəfə gəldiyim zaman ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi kimi qaytarılmasına qarşı qətiyyətlə çıxış etmələrinə təəccübləndim. Ermənistanda məqbul həll yolları, yaxud mümkün kompromislər haqqında demək olar ki, heç bir müzakirə aparılmaması faktı məni təəccübləndirir".

O vurğulayıb ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyətin gərginləşməsi ermənilərin münasibətini də da kəskinləşdirib: "Amma reallıq belədir ki, istənilən həll yolu işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edəcək".

Diplomat açıq şəkildə Ermənistanın Azərbaycanın ərazilərini işğal etdiyini və həmin ərazilərin müəyyən bir hissəsi qaytarılmadan münaqişənin həllinin mümkünsüzlüyünü etiraf edib. Səfir ölkənin rəsmi şəxsidir, çalışdığı dövlətdə əlbəttə ki, öz ölkəsinin müəyyən etdiyi siyasətdən çıxış edir. Yəni ABŞ diplomatının bu mövqeyi rəsmi Vaşinqtonun mövqeyidir. Nəzərə almaq lazımdır ki, bir qədər əvvəl Almaniya hökuməti də Dağlıq Qarabağa dair mövqeyini açıqlamışdı. Belə ki, Almaniya bundestaqının sağçı radikal AfD fraksiyası AFR hökumətinə "Almaniya-Ermənistan münasibətləri" mövzusunda kiçik sorğu göndərib. Sorğuda, həmçinin, Dağlıq Qarabağla bağlı bəzi suallar yer alıb. Bundestaqın saytında yayılan məlumatda deyilirdi ki, Almaniya hökuməti Ermənistan silahlı qüvvələrinin nəzarətində yerləşən Dağlıq Qarabağ regionunu və yeddi ətraf rayonu Azərbaycanın bir hissəsi hesab edir. AFR hökuməti qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır. Həmçinin sorğudakı "AFR hökuməti, Dağlıq Qarabağın beynəlxalq hüquqi statusunu necə qiymətləndirir?" sualına hökumət "Dağlıq Qarabağ bölgəsi Azərbaycan Respublikasının ərazisinin bir hissəsidir" cavabını verib.

ABŞ dünyanın aparıcı dövlətidir, Almaniya isə Avropanın ən güclü dövlətidir,  Avropa İttifaqının əsas güc mənbəyidir. Deməli, bu möqelər bir daha onu deməyə əsas verir ki, dünya Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və Ermənistanın orada yaratdığı separatçı qururmu heç bir dövlət tanımayıb, bundan sonra da tanımayacaq.

Qeyd edək ki, ABŞ səfirinin bu açıqlmasına ilk reaksiya da elə baş naziri vəzifəsini icra edən Nikol Paşinyandan gəlib. O, Millsin açıqlamasını getməkdə olan səfirin mesajı adlandırıb: "Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin həllində öz mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib. Biz gedən səfirin bəyanatını da "gedən mesaj" kimi nəzərdən keçirə bilərik". Ermənistan mətbuatında səfiri tənqid edən məqalələr yer almaqdadır. Görünən budur ki, işğalçı tərəf ədalətli, haqlı mövqe sərgiləyən tərəflərə qarşı amansız mövqedədir.

Ermənistanın Demokratiya Partiyasının sədri Aram Sarkisyan isə bildirib ki, yeni hakimiyyət ehtimal ki, bu cür güzəştə getməyə hazırdır. O, hələ də Ermənistanın yeni hökumətinin "DQR" ilə münaqişəyə dair birgə mövqe hazırlamasının mümkün olmadığını deyib: "Belə olduğu halda, Ermənistan tərəfinin bu danışıqlar prosesi zamanı nələr təklif etməyə hazır olması aydınlaşar".

Mövzu ilə bağlı danışan Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, ekspert Əvəz Həsənov deyib ki, ənənəvi erməni cəmiyyəti Azərbaycan torpaqlarının işğalını özlərinin uduşu, üstünlüyü hesab edir: "Onların bu düşüncəsi ondan irəli gəlir ki, uzun müddət geriyə bir addım belə atılmayıb. "Əgər sülh istəyirlərsə, qoy digər tərəf hər hansı bir güzəştə getsin", deyə düşünüblər. Bu siyasi mövqe erməni cəmiyyətinin demək olar ki, bütün təbəqələrinə yayılmış hesab edilə bilər. Bundan əlavə, 2016-cı ilə qədər ermənilər tamamilə əmin idilər ki, Azərbaycandan hərbi revanş olmayacaq. Lakin 2016-cı il onların yanaşmalarına  və uğur hesab etdikləri mövqelərinə yenidən baxmağa məcbur etdi. Başa düşdülər ki, əvvəlki mövqe ilə danışıqlar prosesinə yanaşmaları mümkün deyil. Bu mənada hesab edirəm ki, ABŞ öz səfirinin dili ilə bir daha bu münaqişənin həllində maraqlı olduğunu, bu məsələdə söz sahibliyini Rusiyaya verməyə hazırlaşmadığını göstərib. Onların regionda öz maraqları var. Mənə elə gəlir ki, amerikalılara heç bir imitasiya olmadan gerçək sülh lazımdır".

Ə.Həsənov əlavə edib ki, bu, amerikalı diplomatlar tərəfindən ilk belə bəyanat deyil, səfir Millsə qədər də bənzər bəyanatlar verilib: "Amerikalılar üçün regionda özlərini aktiv göstərmələri çox vacibdir, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi Amerika hökumətinin maraq dairəsindədir. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun bölgəyə planlaşdırılan səfəri də çoxlarının düşündüklərinin əksinə olaraq, amerikalıların bu bölgəni tərk etmədiklərini sübut edir, əksinə, Cənubi Qafqaza daha diqqətli olmaq istəyirlər və onlara Qarabağ prosesində real nəticələr lazımdır".

Ermənilərin sülhə hazır olmamalarına dair səfirin sözlərini şərh edən ekspert deyib ki, ermənilər davamlı olaraq bizi, azərbaycanlıları sülhü istəməməkdə, hərbi ritorikada, müharibə çağırışlarında günahlandırırdı: "Psixoloji nöqteyi-nəzərdən azərbaycanlıları başa düşmək olardı. Həm diplomatlar, həm də beynəlxalq təşkilatlar anlayırlar ki, Azərbaycan bu müharibədə ermənilərdən daha çox itirib. Buna görə də, azərbaycanlıların ermənilərdən daha militant olmasını iddia etmək səhvdir. Amma ermənilərin militantlığını göstərən məqam budur ki, onlar həmişə eyni şeyi təkrarlayırlar: Biz bir santimetr torpaq belə qaytarmayacağıq. Səfir ermənilərə mesaj göndərmək istəyirdi ki, əgər gerçək sülh istəyirsinizsə, işğal olunmuş ərazilərdən imtina edilməsini insanların beyinlərinə yeritməlisiniz".

Ermənistandakı erkən seçkilərdən və Nikol Paşinyanın baş nazir seçilməsindən sonra münaqişənin nizamlanmasında hansı dəyişikliklərin ola biləcəyinə gəlincə, o deyib ki, Paşinyan vaxt qazanmağı çox istəyirdi və buna müvəffəq oldu: "Paşinyan iqtisadi və siyasi cəhətdən Azərbaycanla münaqişəni nizamlamağa hazır deyil, o, hərbi təcavüz olmadan danışıqlar prosesini davam etdirmək istəyir. Erkən parlament seçkilərindən sonra ona beynəlxalq təşkilatlardan daha çox təzyiqlər göstəriləcək. Onu aktiv şəkildə danışıqlar masasına əyləşdirməyə çalışacaqlar. Məlumdur ki, Azərbaycan və Ermənistanın mövqeləri Madrid prinsiplərində əksini tapır. Müzakirə prosesinin bütün gələcəyi bu sənədlə əlaqəli olmalıdır. Düşünürəm ki, əgər Paşinyan dekabrdan sonra danışıq masasında otura bilsə, proses Madrid prinsipləri çərçivəsində davam edəcək".

PƏRVANƏ

 





19.10.2018    çap et  çap et