525.Az

Gedənlər gəlmədi - Qəzəllər


 

Gedənlər gəlmədi - <b style="color:red">Qəzəllər </b>

İstənilən klassik sənət növləriylə məşğul olmağa qərar verən bir gənc bilməlidir ki, öz hiss və duyğularını, fikir və düşüncələrini sənət əsərində əks elətdirməkdən əvvəl uzunmüddətli bir peşəkarlaşma yolu keçməlidir, əvvəlki dövrlərin sənətkarlarının sənət incəliklərini, ifadə vasitələrini, fərdi üslublarını dərindən öyrənməli və eyni zamanda, təcrübədən keçirtməlidir.

Bu deyilənlər Qərb mədəniyyətinin bəhrəsi olan opera-balet kimi sənətlərdən tutmuş, xalqların milli klassik sənət növlərinin hamısına, konkret olaraq bizdə isə muğam sənəti, aşıq yaradıcılığı, klassik poeziya və s. aiddir...

Və bəzən elə olur ki, haqqında danışdığımız “peşəkarlaşma” dövrü illərlə davam edir, ağır əziyyət və zəhmət tələb edir. Yalnız bu mərhələni başa vuran sənətkar öz fərdi üslubunu axtarıb tapmağa, özünü ifadə etmə prosesinə başlaya bilər.

Bü gün getdikcə daha çox aktuallaşan, populyarlaşan klassik Şərq poeziyası üslublarında yazmaq da çox əziyyətli və zəhmət tələb edən bir sahədir. Klassik üslubda yazmağa başlayan gənc hələ illərlə əruz bəhrlərini, qafiyə sistemini, məntiqi bağlantıları, bədiiyyat nümunələrini necə istifadə etməyi öyrənib təcrübədən keçirməlidir. Yalnız bundan sonra müstəqil yaradıcılıqda ilk addımlarını ata bilər.

Bu gün şeirləri təqdim olunan Əlhəm Dəşti də gənc olmasına rəğmən klassik poeziyada müəyyən “peşəkarlaşma” mərhələsi keçməyə macal tapıb. Onun şeirlərinə diqqətlə nəzər yetirəndə hiss olunur ki, əruz yaradıcılığının ilk mərhələsini - klassik üslub və formanı dərindən mənimsəmək mərhələsini uğurla başa vurub.

O yarın zülfü ənbərdən, dodağı balü-şəkkərdən
Üzü mahü-münəvvərdən, boyu Tubadan əladır.

Yanağı lalədən əla, dodağı ləlidən əla,
Qaşı ayparədən əla, gözü dəryadan əladır.

İstənilən klassik poeziya bilicisi bu beytlərə fikir verən kimi dediklərimin həqiqət olduğunu hiss edəcək. Əlbəttə, Əlhəmin şeir-qəzəllərinin əksəriyyəti klassik obraz və təşbehlərlə, əski irfani fikir və düşüncələrlə zəngindir. O, sanki klassik Şərq poeziyasının sadəcə ənənəvi davamçısı kimi görünür. Bəli, yaradıcılığın ilk mərhələsi belə də olmalıdır. Və Əlhəm Dəştinin yaralıcılıqda öz üslubu, öz dəst-xəttini axtarması mərhələsi hələ indi başlayır. O, sanki klassik poeziya yaradıcılığının orta məktəbini başa vurub, ali məktəbə daxil olur. Məncə, bu mərhələ əvvəlkindən həm çətin, həm asan olacaq. Ona görə asan olacaq ki, istedadlı gənc şair artıq ən ağrılı olan ilkin peşəkarlaşma prosesini keçib. Artıq onun şeirlərində nə əruz-qafiyə xətaları, nə də məntiqi qüsurlar demək olar ki, qalmayıb, kifayət qədər cilalanıb. Lakin çətinliklər də var. Minillik tarixi olan bir janrda özünü tapmaq sanki özündən əvvəlki böyük sənətkarların kölgəsindən çıxmaq kimi görünür. Əlhəm Dəşti bunu bacaracaqmı, ya yox, - bu, onun zəhmətkeşliyindən, əzmindən və iradəsindən asılıdır.     

İlqar FƏHMİ

Bunca tökdüm göz yaşı, əmma gedənlər gəlmədi,
Göz yaşım oldu mənim dərya, gedənlər gəlmədi.

Dostlarım ağlar mənim əhvalıma, dostlar gülər,
Hər gülüşdə var min istehza: “Gedənlər gəlmədi”.

Hər bir işdə var bir hikmət deyirlər, burda da
Varmıdır hikmətli bir məna, gedənlər gəlmədi.

Göylərə çəkdi mələklər bəlkə bu getmişləri,
Yoxsa çəkdi nüvəyə dünya? Gedənlər gəlmədi.

Göz yumub açınca, söylərdim, gələrlər, saf-saf,
Oldu ta gəlməkləri röya, gedənlər gəlmədi.

Getdilər bir-bir gedənlər, qoydular bu Dəştini
Bunca insan içrə tək-tənha, gedənlər gəlmədi.
lll
Kuyindən uzaq qalmağa canımda dözüm yox,
Kuyin mənə qismət ola, cənnətdə gözüm yox.
Gəl söhbət edək üz-üzə, çün badi-səbadən,
Sözlər o qədər yollamışam, artıq üzüm yox.

Şerim sənin əlbət hünərindir, məni çünki
Söz yazmağa vadar eləyən sənsən, özüm yox.

Gəl, az məni tərif elə, ey söz xiridarı,
Sözdən savayı şerdə, sənətd ə sözüm yox.

Məcnundan əgər az dəyə səhrayə ayağın,
Dəşti, o zaman söylə ki, səhradə izim yox.
lll
Rəhm eylə, xuda, can çıxa dünya qəfəsindən,
Pərvaz eləyə bülbüli-şeyda qəfəsindən.

Öz ömrünü sərf eylədi Leylasına Məcnun,
Məcnunu çıxarma, nola, Leyla qəfəsindən.

Saqi meyi həbs eylədi səhbayə, ey aşiq,
Azad elə, qurtar meyi səhba qəfəsindən.

Hər sözdə sıxıb saxlamışam gizlicə məna,
Aç sözləri, məna çıxa məna qəfəsindən.

Zindan ola gər Dəştiyə səhra, yenə xoşdur,
Dur eyləmə, ya rəb, onu səhra qəfəsindən.
lll
Əql deyir: qulluq elə canına,
Qəlb deyir: ver canı cananına.
Əql deyir: heç nəyi alma vecə,
Qəlb deyir: yarı düşün hər gecə.

Əql deyir: çəkmə daha dərdü qəm,
Qəlb deyir: mən çəkərəm hər sitəm.

Əql deyir: eşq ya sevda nədir?
Qəlb deyir: qeyrisi əfsanədir.

Əql deyir: eşqdən ollam cüda,
Qəlb deyir: eşqdən allam qida.

Əql deyir: eşq ki var, qəmdir o,
Qəlb deyir ki, mənə məlhəmdir o.

Əql deyir: qəm səni əldən salır,
Qəlb deyir: Dəşti fəqət zövq alır.
lll
Mənim yarım gözəllikdə gözəl Leyladən əladır,
Mənim eşqim isə Məcnundakı sevdadən əladır.

O yarın zülfü ənbərdən, dodağı balü şəkkərdən,
Üzü mahi-münəvvərdən, boyu tubadən əladır.

Yanağı lalədən əla, dodağı ləldən əla,
Qaşı ayparədən əla, gözü dəryadən əladır.

Elə göftarı vardır, mən o göftarın giriftarı,
Dili şirin, sözü şirin, özü əladən əladır,

Qədəm qoymuşsa bir toprağə, o topraği-cənnətdir,
Ora dünya ola bilməz, ora dünyadən əladır.

Təəccüb eyləmə səhradəyəmsə, böylə aşiqçün,
De, ey Dəşti, haradır ki, ora səhradən əladır.
lll
Vahid, ömrün boyu sən sakini-meyxanə idin,
Qəmi-eşq ilə həmişə gözü məstanə idin.

Çöhrəsində görünür surəti gül üzlülərin,
Bu səbəbdəndi ki, sən aşiqi-peymanə idin.

Sənə bica yerə məskən deyil Odlar yurdu,
Çünki eşq atəşinə şövq ilə pərvanə idin.

Ey özü sadə, sözü sadə olan ustadım,
Sənin o əqlinə çatmaz biri, fərzanə idin.

Hər sözün indi də, Vahid, dilimiz əzbəridir,
Sağlığında necə ki, dillərə əfsanə idin.

Vahida, Dəşti sənin hər sözünün valehidir,
Hər sözün ayrı dəlil oldu ki, bir danə idin.
lll
Hər dəfə, gülüm, bağrımı qan etməsən olmaz?
Məndən gül üzün bir də nihan etməsən olmaz?

Vəslin də nəsib olmadı, bir dəfə gülüm mən,
Göz yaşımı hicrində rəvan etməsən olmaz?

Hər gün, gözəlim, mən sənin arxanca süründüm,
Bu felimi hər yerdə əyan etməsən olmaz?

Ey bağü bəharım, yenə həsrətlə keçir ömr,
Həsrətde qoyub ömrü xəzan etməsən olmaz?

Qaldım yenə dərya gözünün seyrinə həsrət,
Həsrətlə bu könlü nigəran etməsən olmaz?

Dəşti, sənə çox söylədilər ahını az et,
Aşiqsən axı, ahü fəğan etməsən olmaz.

Əlhəm DƏŞTİ

 





22.10.2018    çap et  çap et