525.Az

Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə


 

GÖRKƏMLİ HƏRB VƏ DÖVLƏT XADİMİ GENERAL-MAYOR III KALBALI XAN NAXÇIVANSKİ-KƏNGƏRLİ HAQQINDA PUBLİSİSTİK QEYDLƏR

Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə<b style="color:red"></b>

1918-ci ilin mart ayı olsa da Qafqaz sıra dağları qarla örtülü idi. Bejta kəndində general-mayor, şahzadə Feyzulla Mirzə Qacar və gənc naxçıvanlı hərbçilər yaxınlıqda olan Kodor aşırımından keçib Telava, oradan isə, nəyin bahasına olursa olsun, Naxçıvana getməyə tələsirdilər. Bu haqda bir az sonra.

Qeyd edək ki, Bejta kəndi Qərbi Dağıstanda Xzanzor çayının sahilində yerləşir. Hər tərəf dağlar və göz işlədikcə yam-yaşıl meşələrdir. İynəyarpaqlı və qarışıq meşələrdə olan ağacların həm füsunkar gözəlliyi, həm də canlara dərman havası var.

Bejta Dağıstanın azsaylı etnik qruplarından olan bejtinlərin kəndidir. Onların dili avar dilinin andi-didoy qrupuna mənsubdur. Bu kənd həm də Şeyx Şamilin çox sevdiyi və qoruduğu kənd olub. Çünki Bejta keçid qapısıdır. Şeyx Şamil Kaxetiyada olan rus qoşunlarını Dağıstana buraxmamaq üçün Bejtanı bir alınmaz qalaya çevirmişdi. Amma tarixi sənədlər göstərir ki, Bejta 1857-ci ildə rus qoşunları tərəfindən amansızcasına dağıdılır və əhalisinin bir hissəsi Kaxetiyaya aparılır. İndinin özündə Kaxetiyada müsəlman bejtinlərin yaşadıqları kəndlər var.

1979-cu ildə Şeyx Şamilin döyüş yerlərini gəzərkən İsveçrə kimi gözəl olan yerə - Bejtaya gəlib çıxmışdım. Əslində, həm də naxçıvanlı döyüşçülərin izi məni buraya gətirib çıxarmışdı.

Bir də 2013-cü ildə Kvareliyə gəlmişdim ki, Bejtanı qoruyan dağlara və bizim qəhrəman hərbçilərimizin cəsurluqla keçdiyi qarlı Kodor aşırımına baxa bilim. Amma bu dəfə tədqiqatçı kimi gəlmişdim. Buradakı Kodor aşırımı Alazan vadisi ilə Andi Koysu dərəsini birləşdirir.

Məşhur hərbçi Feyzulla Mirzə Qacar artıq məcbur qalıb istefaya buraxdığı yerli müsəlman süvari korpusun birinci diviziyasının rəisi idi. Onunla birlikdə Kabardin süvari polkunun ştabs-rotmistri İskəndər xan Naxçıvanski də Naxçıvana getməyə hazır vəziyyətdə idilər. Maraq üçün deyək ki, general Feyzulla Mirzə Qacar naxçıvanlı Rəhim xanın kürəkəni, Kərim xan İrəvanski isə naxçıvanlı Cəfərqulu xanın qaynı və yaxın qohumu idi. Kərim xanın anası Tərlan xanım naxçıvanlı general İsmayıl xanın qızı idi. Bunların yanında Naxçıvana gedənlər arasında Rəhim xanın oğulluğu Məhəməd xan Təkinski də vardı. Əslində, onu Rəhim xanın böyük qardaşı II Ehsan xan Axal-Təkə döyüşlərində xilas etmiş və oğulluğa götürmüşdü. II Ehsan xanın vəfatından sonra qardaşı Rəhim xan Məhəmmədi böyütmüş, zadəganlara məxsus ali məktəblərdə oxutmuşdu. Bunlarla bağlı maraqlı arxiv sənədləri var. Bir az irəliyə gedərək qeyd edək ki, Məhəmməd xan Təkinski Azərbaycanın mahir diplomatlarından olub. 1918-ci ilin martında Naxçıvanskilərin xunzaxlı qohumları onları Bejtaya gətirmişdilər ki, Gürcüstana keçirmək üçün Bejtada yaşayan avarlardan bələdçi tapsınlar. Bütün bunlar haqqında yazılı məlumatları mühacirətdə yaşayan hərbçi B.Kuznetsovun yazdığı xatirələrdən öyrənirik. Hətta o, xatirələrində yazır ki, bunların yanında digər naxçıvanlı hərbçilər var idi, amma adlarını unutmuşam. Kuznetsovun yazdıqlarından məlum olur ki, Naxçıvana gedənlərə ikinci dəfə Kodor aşırımını keçmək qismət olur. Çünki həmin illərdə Qafqaz dağlarında soyğunçuluqla məşğul olan silahlı dəstələr olduğundan onlar birinci dəfə aşırımı keçə bilməmişdilər. Bizim fikrimizcə, Kuznetsovun dediyi naxçıvanlılar III Kalbalı xan, qardaşı III Ehsan xan və yaxın qohumları Murad xan Naxçıvanskilər olmuşlar. Moskvalı tədqiqatçı F.Nağdəliyev isə yazır ki, əlahəzrətin saray qvardiyasının Ulan polkunun zabitləri III Kalbalı xan və III Ehsan xan, Nijeqorod draqun polkunun ştabs-rotmistri Murad xan (Bəhman xanın oğlu, general İsmayıl xanın nəvəsi) hələ 1917-ci ilin sonlarında Naxçıvana qayıda bilmişdilər.

Rusiya ordusunda hərbi xidmətdə olan naxçıvanlı hərbçilərin Naxçıvana təcili toplaşmaları Naxçıvanın erməni daşnaklarından müdafiəsi ilə bağlı idi. Çünki 1918-1920-ci illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi Naxçıvanda mürəkkəb və gərgin tarixi hadisələr yaşanırdı. Naxçıvan Araz-Türk Respublikası yaranana kimi naxçıvanlı hərbçilər erməni daşnaklarına qarşı mərdliklə döyüşüblər. Bu yazımızda həmin döyüşlərdən də söhbət açacağıq. Naxçıvanda ağır tarixi-siyasi şərait naxçıvanlıları məcbur etdi ki, erməni daşnak quldur dəstələrindən müdafiə olunmaq üçün Araz-Türk Respublikasını yaratsınlar. Qeyd edək ki, Araz-Türk Respublikasının (bəzi sənədlərdə Cümhuriyyətinin) yaradılması və fəaliyyəti ilə bağlı arxiv sənədləri də vardır. Respublikanın yaradılmasının şahidi olmuş və Naxçıvan müsəlman Milli Komitəsinin katibi işləmiş (1921-ci ildə bir müddət Naxçıvan Daxili İşlər Komissarı olmuş) Mirzə Bağır Əliyev özünün "Qanlı günlərimiz" gündəliyində qeyd edir: "1918-ci il oktyabr ayının 23-də Naxçıvan şəhər Came məscidində Naxçıvan Milli Komitəsinin sədri Mirzə Nəsrulla Əmirovun sədrliyi ilə keçirilən iclasın gündəliyində bir çox məsələlərlə yanaşı, əsas məsələlərdən biri də Naxçıvanda Araz-Türk Respublikasının yaradılması və Milli Şuranın təşkil olunması məsələsi müzakirə edilmişdir".

"525-ci qəzet"də çap edilən "Naxçıvan Araz-Türk Respublikası və Naxçıvanskilər" adlı yazımızda bu haqda ətraflı söhbət açmışıq.

III Kalbalı xanın tərcümeyi-halı və təhsili haqqında əvvəlki yazılarımızda məlumat vermişik. Tapılan yeni sənədlər əsasında onun 1918-1920-ci illərdə apardığı irimiqyaslı döyüşlər haqqında söhbət açmaq istəyirik. Çünki bir sıra kitablarda bu qəhrəman sərkərdənin hünərləri danılır və başqalarının adına yazılır.

1918-ci ilin martında Naxçıvana gələn III Kalbalı xan ilk gündən Naxçıvanın müdafiəsi işinə rəhbərlik etmişdir. Əvvəlcədən qeyd edək ki, Naxçıvanın 1918-1920-ci illərdə hərbi işlərinə Rəhim xan Naxçıvanski, Cəfərqulu xan Naxçıvanski, Kərim xan İrəvanski və III Kalbalı xan başçılıq etmişlər. Həmin illərin sənədlərində hərbi nazir baş komandan kimi yazılıb. Hətta qəzalarda da belə yüksək vəzifələr daşınıb. Sənədlərdə qəza komandiri kimi yazılıb. Əlbəttə, bütün bunlar mürəkkəb vəziyyətə görə yaradılıb. Əsas məqsəd Naxçıvanın erməni daşnaklarından müdafiəsi məsələsi olub. III Kalbalı xan tutduğu vəzifələrdən asılı olmayaraq 1920-ci il iyulun sonuna kimi ön cəbhədə mərdliklə vuruşub.

Mənbələrin verdiyi məlumatlara görə, Naxçıvan şəhərini mühasirədə saxlayan qatı daşnak, qaniçən, amansız quldur Andranik Ozanyan 1918-ci il iyulun 2-də şəhər əhalisinə ultimatum göndərir. 24 saat möhlət verir. Naxçıvanlılar isə qətiyyətlə bildirirlər ki, biz ermənlərə təslim olmayacağıq, son nəfəsədək vuruşacağıq. Naxçıvanlıların döyüş bacarıqlarına yaxşı bələd olan Andranik iyulun 30-dək gözləyir. Hücum əmrini iyulun 30-da verən Andranikə qarşı qanlı döyüş gecəyarısı başlayır. Androniklə ilk döyüş "Cıdırlı bağ"dan başlayır və Naxçıvan çayının sağ tərəfində davam edir.

Naxçıvanın müdafiə əməliyyatına III Kalbalı xan başçılıq edir. Gənc sərkərdənin aslan kimi döyüşdüyünü görən naxçıvanlılar hamısı qətiyyətlə döyüşüblər.

Söz arası deyək ki, daşnak başkəsənlərin Naxçıvan qəzasına hücum edəcəyini uzaqgörənliklə duyan Cəfərqulu xan və qardaşı Rəhim xan (həmin vaxtlar baş hərbi komandan) Naxçıvanskilər Milli Şurada oturan Naxçıvan şəhərinin ağsaqqalları ilə məsləhətləşirlər və iyun ayında Türkiyəyə nümayəndə heyəti göndərirlər. Nümayəndə heyəti onların vacib bir tapşırığını Məhmət Vehbi paşaya aparırdılar. Naxçıvanın başbilənləri Türkiyədən hərbi qüvvə ilə köməklik göstərməyi xahiş edirdilər. Çünki daşnak qoşunları Antantanın, həmçinin, Rusiya ordusunun silahları ilə möhkəm silahlanmışdılar.

Sənədlərdən məlum olur ki, 1918-ci ildə Cəfərqulu xanın tapşırığı ilə Naxçıvandan Türkiyəyə aşağıdakı tərkibdə nümayəndə heyəti yola düşüb: Hacı Mehdi Bağırov, İskəndər Nağıyev, Hacı Xəlil İmanov, Kərbəlayı Abbas Bayramov.

Naxçıvanlıların xahişini Kazım Qara Bəkir Paşa reallaşdırır. Özünün başçılığı ilə 11-ci türk diviziyası və Xəlil paşanın başçılıq etdiyi 9-cu diviziya Uluxanlıdan Naxçıvana doğru hərəkətə başlayırlar.

O illəri yaxşı xatırlayan ağsaqqallar nəql edirdilər ki, türklərin topları Duzdağın yanında atılanda Andranik Naxçıvanı tutmaq arzusundan vaz keçib Sirab-Qahab yolu ilə Zəngəzur mahalına çəkilir.

Türkiyə əsgərlərini yüksək səmimiyyətlə qarşılayan naxçıvanlıların döyüş hünərləri onlar tərəfindən də yüksək qiymətləndirilir.

Artıq bu vaxtlar mahir naxçıvanlı hərbçilər Naxçıvandaydılar və bütün keçidlərdə öz dəstələri ilə Naxçıvanın müdafiəsini təşkil etmişdilər. Məsələn, Fətəli xan Naxçıvanski Sələsüz taboru ilə Qızılboğazda Zəngəzur tərəfdən gələn erməni daşnaklara necə deyərlər, yaxşıca toy tutmuşdu.

1918-1920-ci illərdə ermənilərin təcavüzlərinə qarşı başda Naxçıvan qəza hərbi komandanı III Kalbalı xan Naxçıvanski, tabor komandiri Bəhram xan Naxçıvanski (ermənilərin amansız hücumunu eşidən Bəhram xan Naxçıvanski də Naxçıvana qayıtmış və tabor komandiri təyin edilmişdi -müəllif), Məhəmmədəli xan Naxçıvanski, Cəfərqulu xan Naxçıvanski başda olmaqla bütün şəhər əhalisi daşnak ermənilərə son nəfəsə qədər vuruşacaqlarını  bildirmiş və mərdliklə döyüşmüşlər.

1918-ci ilin dekabr ayında polkovnik Doluxanovun komandanlığı altında Şərura hücum edirlər. Ermənilərin Şərura hücumu haqqında və Naxçıvanda yaranmış vəziyyət haqqında III Kalbalı xana xəbər verirlər. "Naxçıvan Araz-Türk" respublikasının Naxçıvan qəza komandanı III Kalbalı xanın və tabor komandiri Bəhram xan Naxçıvanskinin rəhbərliyi ilə yerli müdafiə dəstələrindən yaranmış 1-ci və 2-ci alay Şərurun müdafiəsinə göndərilir.

Naxçıvan qoşununun hünərli döyüşlərinə davam gətirməyən erməni daşnakları məğlub olaraq geri çəkilirlər.

Mirzə Bağır Əliyev "Qanlı günlərimiz" kitabında yazır: "1918-ci il dekabr ayının 16-da Şərur nahiyəsinə erməni qoşununun qarşısına çıxıb müdafiədə bulunmaq üçün lazım olan Naxçıvan qəza komandanı Kalbalı xan cənabları I və II bölmələr və zabitlər ilə axşam saat beşin yarısında şəhərə varid oldu. Yerli əsgərlər milli nəğmələr oxuya-oxuya gəlib mətanət və sevinclə şəhər bazarlarından keçib tabor komandanı Bəhram xan cənabının imarətinin qarşısında nizam ilə düzüldü. Bəhram xan isə əsgərlərə düşmənə çaldıqları zərbələrdən və göstərdikləri bu müvəffəqiyyətlər üçün təbrik yetirdi. Sonra Mirzə Nəsrulla Əmirov (müsəlman milli komitəsinin sədri) həzrətləri əsgərlərin göstərdiyi rəşadət və müvəffəqiyyət barəsində gözəl bir nitq söyləyib, "Yaşasın qəhrəman əsgərlərimiz" sözləri ilə nitqinə xitam verdi".

1919-cu ilin yanvar ayında polkovnik Doluxanovun komandanlıq etdiyi erməni qoşunları Şərur qəzasına yenidən hücum edirlər. Ermənilərin Şərura hücumu haqqında Araz-Türk Respublikası hökumətinə bildirilir və hökumət tərəfindən ermənilərin hücumunun qarşısını almaq üçün Şərura "Qurd qapısı" adlanan yerə III Kalbalı xanın başçılığı ilə xalq qoşunu göndərilir. Qanlı döyüşlərdən sonra Baş Noraşendən (indiki Cəlil kənddən) yuxarıda Zeyvə kəndində erməni daşnakları məğlub olaraq geri çəkilirlər.

Arxiv sənədlərində III Kalbalı xanın komandirlik etdiyi Naxçıvan qoşunlarının cəsur döyüşlərindən ürəkdolusu danışılır.

Qeyd edək ki, Əmir Nərimanbəyov Araz-Türk hökumətinin rəhbərliyindən uzaqlaşdırılandan sonra Naxçıvan Araz-Türk hökumətinə Cəfərqulu xan Naxçıvanski başçı təyin edilmiş və oğlu III Kalbalı xan Naxçıvanski hərbi nazir təyin edilmişdir. Bəhram xan Naxçıvanski isə Xarici İşlər Naziri təyin edilmişdir. Qeyd edək ki, bəzi arxiv sənədlərində yeni Müvəqqəti Hökümətin qurulması haqqında  məlumatlar var. Bizcə, tədqiqatçılar bu məsələyə də aydınlıq gətirsələr, yaxşı olar. Naxçıvanda Müvəqqəti hökumət yanvarın sonunda yaradılıb, yaxud martın sonunda? Tədqiqatçıların çoxu Naxçıvan Araz-Türk respublikasının süqutunun martın sonunda olduğunu yazır. Araşdırmalar göstərir ki, reallıqdan yaradılan Müvəqqəti Hökumət elə sovet hökuməti qurulanadək Naxçıvan diyarını ingilislərin və amerikanların at oynatmalarına baxmayaraq, bacarıqla müdafiə edib. Müvəqqəti Hökumət reallıqdan yaradılmışdı. Bu, ingilislərin süquta uğratdıqları Naxçıvan Araz-Türk respublikasının bir növ davam etməsi demək idi. Vəziyyət olduqca ağır və məsuliyyətli idi. Ona görə də hərbi sahədə hər çətinlik III Kalbalı xanın çiyinlərində idi.

Onun hərbi nazir təyin olunması 1919-cu ilin yanvarına təsadüf edir.

Naxçıvan Araz-Türk Respublikasının əhalisi Britaniya komandanlığı və Ermənistan hökumətinin qərarlarına tabe olmadılar. Onlar erməni işğalçılarına qarşı silahlı mübarizəyə başladılar. Bu silahlı mübarizə tədricən əsl müharibəyə çevrildi. Sənədlərin dili ilə desək, respublikada 6 min əsgərdən ibarət yarınizami qoşun, süvari dəstələri, top və pulemyotlar var idi.

(Ardı var)

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru 

 





23.10.2018    çap et  çap et