525.Az

Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə


 

GÖRKƏMLİ HƏRB VƏ DÖVLƏT XADİMİ GENERAL-MAYOR III KALBALI XAN NAXÇIVANSKİ-KƏNGƏRLİ HAQQINDA PUBLİSİSTİK QEYDLƏR

Milli yaddaşımıza əbədi həkk olunmuş sərkərdə<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

O çətin günlərdə Azərbaycanın digər rayonları Naxçıvana həmrəylik bildirirdilər. 1919-cu il iyunun 10-da Ağdam sakinləri ADR Nazirlər Şurasına teleqram göndərdilər.

Teleqramda deyilirdi: "Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ və Naxçıvanı müdafiə etməyə həmişə hazırıq; Vətənimiz uğrunda ölümə hazırıq; Öz ermənilərini məhv edən bir ovuc intriqan daşnak Qarabağ və Naxçıvanı alacağına ümid etməsin". Teleqramı Mirzə Davud, Bədəlbəyov, Behbudov, Sadıqov, Naibov, Əhmədov, Mirbağırov imzalamışdı.

Azərbaycanın hər bir guşəsindən gələn səmimi məktublar Kalbalı xanı və onun döyüşçülərini çox ruhlandırırdı. III Kalbalı xan professional siyasətçi deyildi və siyasətlə də məşğul olmurdu. O, çox cəsur döyüşçü idi və hərbi işləri əla bilirdi. Naxçıvana gəldiyi ilk gündən naxçıvanlı gənclərə döyüşdə vuruşmağı, silahdan atəş açmağı və döyüş qaydalarını, topdan atəş açmağı əla öyrədirdi. III Kalbalı xan çox intizamlı və ciddi olduğundan əsgərlər onun hər bir əmrini can-başla yerinə yetirirdilər.

Bir məsələni qeyd etmək yerinə düşər. 1918-1920-ci illərdə Naxçıvanın tarixinə dair maraqlı tədqiqat əsərləri yazılıb. O kitabların bəziləri Sovet hakimiyyəti illərində yazıldığından bolşevik siyasəti öndə tutulub. Yəni hərbçi Naxçıvanskilərin müdafiə işləri və apardığı döyüşlər az qala danılıb. Bunu bacara bilməyən bəzi tədqiqatçılar isə  onlara qisasçılıqla yanaşıblar.

Amma aparılan axtarışlar göstərir ki, onların hərbçi Naxçıvanskilər haqqında dedikləri həqiqətə uyğun deyil. Çünki Naxçıvanda hansı hökumətin fəaliyyət göstərməsindən asılı olmayaraq xan əsilli hərbçilərin müqəddəs bir amalı olub: Naxçıvanı erməni hücumlarından qorumaq və Azərbaycana birləşdirmək.

Sadəcə xan əsilli hərbçilərin həyat və fəaliyyətləri, xüsusən 1918-1919-cu illərdə Naxçıvanda apardıqları döyüşlər dərindən tədqiq edilmədiyindən yazılanlar bir-birini təkrarlayıb. Cəfərqulu xan Naxçıvanskinin diplomatik fəaliyyəti və siyasəti də araşdırılmayıb. Həmişə təkrar deyiblər ki, o, Naxçıvanı İrana birləşdirmək istəyirdi. Bu iddianı təsdiqləyən sənəd varmı? Yaxud onun igid döyüşçü oğlu III Kalbalı xanı elə bəsit məsələlərdə günahlandırırlar ki, bu onun xarakterinə heç uyğun gəlmir. Məsələn, onu da Naxçıvanı guya İrana birləşdirmək arzusundan, Culfadakı sement anbarından Makudakı qohumlarına sement satmağından və s. söhbət açmaqla onu günahlandıranlar da tapılır. Bunlar heç biri həqiqət deyil. Çünki bəzən arxivlərdəki raportlarda, donosçuluq məlumatlarında yalanlar da olur. Baxır o donosu verənlər kimlərdir? Tədqiqatçı gərək bu məsələdə çox obyektiv və ədalətli olsun. Heç hara tərəf saxlamasın.

Cəfərqulu xan və oğlu Kalbalı xan bu iki ildə daim xalqın içində olublar. Ata diplomatiya dili ilə ingilis, amerikan generallarıyla danışıqlar aparıb. Xalqdan heç nəyi gizlətməyib və heç vaxt da İranda gizlənməyib. Çünki 1905-1907-ci illərdəki hadisələrdə ermənilər ən çox Cəfərqulu xanı məhkəmələrə çağırıblar, böhtan atıblar. İrəvan şəhərində gedən məhkəmələrdə Cəfərqulu xan həmişə yazıçı Eynəli bəy Sultanovu vəkil tutub. Çox təəssüf ki, bu vacib məsələlər tədqiqatçıların nəzərindən kənarda qalıb. Bu məhkəmələr haqqında Tbilisi şəhərindəki Gürcüstan Milli Kitabxanasının "Nadir kitablar" fondunda saxlanılan "Zaqafqaziya" (rusca) qəzetində ətraflı məlumatlar var.

1905-1907-ci illərdə də Cəfərqulu xan və Rəhim xan qardaşları naxçıvanlıları erməni daşnakların qırğınlarından xilas etmişlər. Onlar həmişə sadə xalqın içində olublar və onların sözlərini deyiblər.

Bu isə heç vaxt ermənilərin və onları himayə edənlərin xoşuna gəlməyib. Ona görə də 1918-1920-ci illərdə ingilis və amerikan generallara arxalanan ermənilər əsas maneə olaraq Cəfərqulu xanı və oğlu Kalbalı xanı bilirdilər və aradan götürmək üçün Naxçıvanda onları gizlində himayə edənləri onlara qarşı qaldırırdılar.

Cəfərqulu xanın və Kalbalı xanın başı müharibədən, döyüş və danışıqlardan açılırdı ki, var-dövlət haqqında düşünsünlər? 1919-cu il Naxçıvan üçün çox dəhşətli il idi. Heç bir əkin sahəsi əkilməmişdi. Hər yerdə Naxçıvan uğrunda döyüşlər gedirdi. İngilis və amerikan generalları onlarla hərbi kələklər qururdular ki, Naxçıvan ermənilərə versinlər.

Cəfərqulu xanın diplomatiyası və oğlunun - igid sərkərdə III Kalbalı xanın iradəsi, qətiyyəti və əla döyüş bacarığı Naxçıvanı ermənilərə vermək istəyənlərin planlarını alt-üst edirdi desək azdır, daha doğrusu, tar-mar edirdi. Çünki Cəfərqulu xanın və Kalbalı xanın arxasında naxçıvanlılar dururdu. Xalq Cəfərqulu xanı uzaqgörən bir ağsaqqal hərbçi, səbirli insan və təəssübkeş rəhbər kimi ürəkdən sevirdilər. III Kalbalı xanı apardığı çox gərgin döyüşlərdən qalib çıxdığına görə Naxçıvan camaatı "Xalq Qəhrəmanı" adlandırmışdı. Dünyada xalq sevgisindən yüksək heç bir mükafat yoxdur və ola da bilməz! Hətta İbrahim bəy Cahangirli də  öz xatirələrində yazır ki, Cəfərqulu xanın oğlu Kalbalı xanı xalq çox sevirdi. Bir çox müəlliflər Kalbalı xanın Naxçıvanda, İrəvanda, Ordubadda yüksək nüfuzundan ürəkdolusu yazırlar və hamısı da etiraf edirlər ki, yüksək vətənpərvər olan Kalbalı xan Naxçıvanın Azərbaycana birləşdirilməsinin qatı tərəfdarı idi və bu ruhda döyüşürdü. Dediklərimizi sənədlər də təsdiqləyir. Onlardan birini olduğu kimi veririk. Bizcə, bu, III Kalbalı xana böhtan atan bəzi tədqiqatçılara yaxşı cavabdır: "Naxçıvanda hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis general-qubernatoru  da iştirak edirdi. AXC-nin nümayəndələri Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirdilər. Həmin görüşdə Naxçıvanın könüllü olaraq AXC-yə birləşməsi haqqında akt tərtib olundu. Aktın mətninin hazırlanması üçün yaradılan komissiyanın üzvlərindən biri də Mirbağırov idi. Siyasi, hərbi, iqtisadi mədəni və maddi məsələlərə aid bəndlərdən ibarət akt hökumət və Milli Şura üzvləri tərəfindən imzalanaraq, hökumət möhürü ilə təsdiqlənmişdir". Bu tarixi akt hələ 1919-cu il fevralın 22-də Naxçıvan şəhərində Cəfərqulu xanın iqamətgahında (indiki Cəmşid Naxçıvanskinin ev-muzeyi yerləşən binada-müəllif) imzalanıb.

Mənbələr yazır ki, görüşün sonunda Mir Abbas Bağırov (İrəvan quberniyası müsəlman həmyerlilər cəmiyyətinin nümayəndəsi) Kalbalı xanın əlindən tutaraq dedi: "Öz qeyrət və düzlüyünə görə Kalbalı xan xalqın sevimlisidir. Bizim səmimi və sevimli yoldaşımızdır. O, bizimlə işləyəcəkdir və onu heç kim işdən uzaqlaşdıra bilməz".

Bunlardan başqa digər faktlar da gətirmək olar. Bizcə, tədqiqatçı qarşısına qoyduğu problemə ciddi və ədalətli yanaşmalıdır. Fikirləşməlidir ki, axı niyə Kalbalı xan və atası Naxçıvan Araz-Türk Respublikasının başçısı Əmir bəy Nərimanbəyovun Naxçıvanın müdafiəsi məsələsində rəqibə çevrilirdilər? Qeyd edək ki, indiyədək Əmir bəyin familiyasını Əkbərzadə, Kəngərli və Vəzirov kimi yazmışlar. İbrahim bəy Cahangirli öz xatirələrində onun familiyasını Vəzirov yazıb. Amma o, Şuşa Nərimanbəyovlarındandır. Bu, bir çox arxiv sənədlərində yazılıb.

Əmir bəyə tapşırmışdılar ki, otur Qəmərlidə, Naxçıvanı idarə elə. Döyüş isə Naxçıvanın məhəllələrində gedirdi. Naxçıvanlı döyüşçülər al-qana boyansalar da, Naxçıvanı ermənilərə təslim etmirdilər. Belə halda, hansı hərbçi Əmir bəyin rəisliyini qəbul edərdi? Dəfələrlə yazırıq ki, Cəfərqulu xan çar Rusiyasının apardığı ən qanlı döyüşlərdə yüksək mükafatlar almışdı. Rəhim xan da onun kimi. Kərim xan, Fətəli xan və başqaları yetkin və hünərli hərbçilər idi. Əsl həqiqəti bu gün hökmən qeyd etməliyik: Cəfərqulu xan başda olmaqla digər xan əsilli döyüşçülər və onların 10 minə çatan və Naxçıvana sədaqət andı içən əsgərləri çox haqlı idilər! Qəmərlidə oturub kimlərinsə sifarişini yerinə yetirib Naxçıvan ermənilərə təslim etmək olmazdı! Əgər hərbçi Naxçıvanskilər sakitcə durub baxsaydılar ki, Əmir bəylə onun dəstəsi (heç biri hərbçi deyildilər, İbrahim bəydən başqa) Naxçıvanı müdafiə etsin, bizə nə var. Onda Azərbaycan xalqı və tarix xan Naxçıvanskilərə bunu bağışlamazdı. Qeyd edək ki, İbrahim bəy Naxçıvan Araz-Türk Respublikasının ilk naziri olsa da, başı Qars Milli Şurasının işlərinə qarışmışdı. Onun özünün yazdıqlarından məlum olur ki, Qəmərli daşnaklar tərəfindən işğal ediləndə hökumətin 3 üzvü qalmışdı. Əmir bəy, Bağır Rzayev və İbrahim bəy. Amma Naxçıvanı 1918-ci ildən başlayaraq Naxçıvanskilərin rəhbərliyi ilə naxçıvanlılar özləri müdafiə edirdilər. Bu, çox dəqiq tarixi həqiqətdir və yan keçmək olmaz!

Osmanlı qoşunlarını da Cəfərqulu xanın məsləhəti ilə çağırmışdılar. Türk hərbçiləri gələn kimi, igid Kalbalı xana Türkiyənin ən ali hərbi ordenini - Məcidiyyəni təqdim etmişdilər. Bu haqda sənəd Naxçıvan MR Dövlət Arxivində qorunur. Amma bu iki ilin çox mürəkkəb illərində III Kalbalı xan Naxçıvanı ancaq Azərbaycanın tərkibində görmək istəyib. Heç bir təhdidlər, mükafatlar və sair onun bu iradəsini sındıra bilməyib. Bax, buna görə bir çoxları ona diş qıcayırmışlar. Bu iki ildən çox müddətdə o, 3 dəfə yaralansa da, axıra kimi ulu babası I Kalbalı xan kimi müharibəyə gedən döyüşçülərin önündə olub. Məsələn, erməni işğalçılarını III Kalbalı xan 1919-cu il avqustun 30-da Naxçıvandan döyüşlə çıxartdı. Onun 1920-ci il martın 21-də daşnaklarla döyüşü Ordubadda, Tivi kəndinin yaxınlığındakı Kolabadda olub. Amansız döyüşlər Ordubadın şəhər qəbiristanlığında gedəndə Kalbalı xanın cəsur döyüşçüləri gəlib məharətlə döyüşmüşlər və Ordubadı erməni daşnaklarından xilas etmişlər. Naxçıvan diyarının hər bir qarışı bu qəhrəman eloğlunuz üçün müqəddəs idi. Əvvəllər də, sonralar Araz-Türk Respublikasının dövründə də, dəfələrlə onun döyüşçüləri Şərurda, Vedibasarda və digər yerlərdə yüksək bacarıq və sədaqət nümayiş etdirmişlər. Qaldı Cəmillinskinin ondan xoşagəlməz məktublar yazmağına, bizcə, burada Cəmillinskinin qısqanclığı və bir də kimlərinsə barmağı var. Çünki bəzi sənədlərdə belə məlumat var ki, Cəmillinski Ordubadla qohumdur. Bəlkə də, gələcəkdə tapılan sənədlər bu məsələni də aydınlaşdıracaq.

Gördüyümüz kimi, 1918-1920-ci illərdə Naxçıvan çox çətin, lakin şərəfli bir tarix yaşayıb. O tarixin baş qəhrəmanı III Kalbalı xandır.

Sonda III Kalbalı xanın Naxçıvanla vidalaşmasını çox kədərli duyğularla xatırladım. Bunu mənə tarix müəllimim danışmışdı. Tarix müəllimimiz Fərzəliyev (əslində Fərzəlibəyov) o hadisənin canlı şahidi olmuşdu.

1920-ci il iyulun 28-i bolşevik qoşunları şəhərin baş meydanında, İsmayıl xan hamamının yanında toplaşıblar. Şəhər əhalisi buradadır. Kimsə həmin mənzərənin fotosunu çəkib. Arxivimizin foto fondunda saxlanılır.

Gələn rus hərbçilərdən hansısa Kalbalı xanı Birinci Dünya müharibəsindən tanıyırmış. Məsləhət görür ki, onlarla işləməyə razılıq versin. Amma III Kalbalı xan razılıq vermir. Və orada general İsmayıl xanın bağına tərəf olan artırmada dayanıb naxçıvanlılar qarşısında çıxış edib. O, naxçıvanlılara məsləhət görür ki, bolşeviklərə qarşı vuruşmağın yeri yoxdur. Onların silahı çoxdur. Biz ermənilərə imkan vermədik ki, Naxçıvana yiyələnsin. Bu, bizim qələbəmizdir. İndi Azərbaycanda sovet hökuməti qurulsa da, Naxçıvan diyarı  artıq onun tərkibindədir. Mən  bu quruluşu qəbul etmədiyimdən İrana mühacirət edirəm. Mən bu gün ulu babalarımın İmamzadəyə bitişik məqbərələrinə gedib onları yad etdim, onların ruhları qarşısında alnıaçıq hesabat verdim. Biz nəsillikcə bu qədim torpağın süvari döyüşçüləri olmuşuq. Babalarımızın Mömünə Xatunun yanındakı sarayın önündə asdıqları Naxçıvan bayrağını əmimoğlu İskəndər xan atasının tapşırığı ilə Təbrizə aparıb. O, ulu əcdadlarımızın bizə son yadigarıdır. O bayrağı babalarımız gözləri kimi qorumuşlar!

Müəllimim nəql edirdi ki, mən onun lap yaxınlığında idim. Kalbalı xan bayrağı deyəndə  gözlərindən iki damla yaş yanaqlarına axdı.

İngilislər Naxçıvanda qubernatorluq quranda əmr edirlər ki, şəhərdə ancaq ingilis bayrağı asılmalıdır. Onda Rəhim xan Kəngərli süvarilərinə məxsus yaşıl bayrağı 25 metrlik minarədən çıxartdırır və evində saxlayır.

İgid, cəsur gənc sərkərdə III Kalbalı xan təəssübkeş naxçıvanlı döyüşçülərlə vidalaşanda bəlkə də, tarixləşən Naxçıvanı və naxçıvanlıları görürdü.

III Kalbalı xanın hünərini, qeyrətini, cəsurluğunu və aslan kimi bacarıqla döyüşməyini axıb gedən bu gecənin kədərində bir daha yaşadım. Oxuduğum kitablardan, arxiv sənədlərindən, bir də 23 yaşında, Birinci Dünya Müharibəsi illərində çəkdirdiyin fotoşəkildən səni gördüm, tanıdım böyük sərkərdə. Və bir tədqiqatçı kimi bunu etiraf etməyi özümə borc bildim: 1918-1920-ci illərdə Naxçıvanı erməni quldurlarından xilas etməkdə öndə sənin və atan Cəfərqulu xanın adı həmişə ehtiramla, məhəbbətlə çəkilir və ürəklərdə yaşayır. Naxçıvan durduqca hər təzə gələn nəsillərin də qəlbində yaşayacaqsınız!

Musa RƏHİMOĞLU (QULİYEV)
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru 

 





24.10.2018    çap et  çap et