525.Az

Astana sammiti Ermənistan üçün uğursuzluqla yadda qaldı


 

NİKOL PAŞİNYAN KTMT-də BAŞ KATİB VƏZİFƏSİNİ 2020-ci İLƏ QƏDƏR ERMƏNİSTANDA SAXLAYA BİLMƏDİ

Astana sammiti Ermənistan üçün uğursuzluqla yadda qaldı<b style="color:red"></b>

Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) növbəti sammiti keçirilib.
 
Sammitdə təşkilatın ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə Ermənistanın nümayəndəsi Yuri Xaçaturov baş katib vəzifəsindən vaxtından əvvəl azad edilib.

Prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Lakin Y.Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra işğalçı ölkə baş naziri Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa müvəffəq olmayıb. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilməyib.

Sammitə ev sahibliyi edən Qazaxıstan prezidenti Nursultan Nazarbayev baş katib məsələsində fikir ayrılığının yarandığını qeyd edib. O, rus dili üzrə əlifba ardıcıllığına uyğun olaraq Ermənistandan sonra növbəti baş katibin Belarusdan təyin edilməli olduğunu bildirib. Nəticə etibarilə, Ermənistan üzv olduğu KTMT çərçivəsində də özünü tamamilə təcrid olunmuş vəziyyətə salıb. Ermənistan rəhbərliyi İrəvan küçələri ilə dövlət başçıları səviyyəsində keçirilən zirvə toplantılarını qarışıq saldığını və qeyri-peşəkarlığını növbəti dəfə nümayiş etdirib. Sammitin video-yazıları da Ermənistan nümayəndə heyətinin müzakirələrdən narazı qaldığı aydın şəkildə göstərir.

Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə qeyd edib ki, Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar olub: "Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı, təşkilatın boşalan baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkilat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu. Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Lakin sammit başqa qərarə gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq, növbəti erməni generalı baş katib ola bilmədi. Məsələnin həlli sonraya saxlanılsa da, əsas motiv bir il ərzində erməni baş katibin layiqincə işləyə bilməməsi oldu".

Deputatın sözlərinə görə, Ermənistan 5 müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi: "Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Baş vermiş hadisə göstərdi ki, Ermənistanın beynəlxalq təşkliatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu, belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcək".

Deputat qeyd edib ki, işğalçı ölkə parlamentinin müxalifətdən olan vitse-spikeri Eduard Şarmazanov baş nazir Paşinyanı ermənistan üçün KTMT-də baş katib postunu qoruyub saxlaya bilməməkdə ittiham edib. Daha sonra onun diqqətçəkən etirafla çıxış etdiyini deyən A.Mirzəzadənin sözlərinə görə, erməni vitse-spiker bildirib ki, "korrupsiya ilə mübarizə aparmaq olar, amma bunu Ermənistan və Qarabağın təhlükəsizliyi hesabına etməyin".

Şarzamanovun keçmiş prezident Serj Sarkisyanın ən yaxın adamlarından olduğunu deyən deputat qeyd edib ki, o, həm də respublikaçılar partiyasının mətbuat katibidir: "Hələ də cani və kriminal hakimiyyəti müdafiə edən vitse-spiker özü də bilmədən çox ciddi etiraflar edib. Birincisi, demə, Ermənistan üçün beynəlxalq hüquq və nizamnəməsini imzaladığı təşkilatların qaydaları üstün deyil. O, istənilən yolla hansısa bir mövqeni zorla öz əlində saxlamağa çalışmalıdır. Yaxşı ki, hələ Astanada Ermənistandan niyə vaxtı ilə baş katibliyə cani generalın namizədliyini verdiklərinin sorğusunu etməyib. İkincisi, Şarzamanov Sarkisyan zamanında ölkədə korrupsiya olduğunu axır ki, etiraf edib".

A.Mirzəzadə əlavə edib ki, Ermənistanın keçmiş prezidentlərindən Robert Koçaryan üzərində istintaq işi gedir, Serj Sarkisyan biabırçılıqla vəzifədən qovulur, generalı Yuri Xaçaturov yüksək vəzifədən çıxarılaraq istintaqa cəlb edilir, digər səhra komandiri Jirayr Səfilyana isə Ermənistan vətəndaşlığı verilmir: "Əslində, onlar ya Qarabağ döyüşlərində Azərbaycan əsgərinin gülləsinə tuş gəlməli, ya da Azərbayan məhkəməsi qarşısında dayanmalı idilər. Çünki torpaqlarımızın işğal olunmasında, vətəndaşlarımızın öz torpaqlarından qovulmasında, Xocalı və digər faciələrin törədilməsində onların hər biri şəxsən iştirak etmişdilər, əlləri qan içindədir. Amma görünür, tarixin öz ədalət qaydaları var. Bir xalqa qarşı cinayət törədənlər öz xalqını xoşbəxt edə bilməzdilər. Cinayət edən isə nə vaxtsa, mütləq cəzasını alır".

Deputat Elman Nəsirov isə qeyd edib ki, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir. O, "Trend"ə bildirib ki, sammitdə təşkilatın baş katibi vəzifəsində olan Yuri Xaçaturovun azad edilməsi Ermənistanın 2020-ci ilə qədər bu təşkilatda söz sahibi olmaq niyyətini puç edib: "Xaçaturov cəmi ilyarım bu vəzifəni tutub və məqsəd növbəti ilyarım ərzində də bu postda olmaq idi. Qazaxıstan prezidenti Nursultan Nazarbayev isə çıxış edərək bildirib ki, həmin vəzifəni Ermənistan nümayəndəsi deyil, Belarus nümayəndəsi tutmalıdır. Yəqin ki, təşkilatın Sankt-Peterburqda keçirilən toplantısında bu məsələ öz həllini tapacaq".

"Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev isə bildirib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Astana sammiti nümayişkaranə şəkildə göstərib ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz: "KTMT rəhbərliyini əldə saxlamaq uğrunda mübarizədə Ermənistanın ağır məğlubiyyəti sonrakı təsirlərini hələ uzun illər göstərəcək. Həm KTMT sisteminin özündə, həm də Rusiyanın patronajlıq etdiyi Avrasiya İqtisadi Birliyi, Şanxay Əməkdaşlıq Təşkilatı kimi digər regional dövlətlərarası təşkilatlarda Ermənistan etimadsızlığın aşkar əlamətlərini yaşayacaq. Müttəfiq və ya tərəfdaş kimi Ermənistana inam və güvən tam qırılıb. Ermənistanın yeni rəhbərliyi təşkilatın baş katibi Yuri Xaçaturova qarşı cinayət işi açandan sonra da KTMT baş katibliyini reqlamentə uyğun olaraq 2020-ci ilədək əldə saxlayacağına çox ümidli idi. Baş nazir vəzifələrini icra edən Paşinyanın planı bu məsələdə ikibaşlı idi. O, Ermənistanda daxili siyasi rəqiblərini repressiya yolu ilə sıradan çıxarmaq, eyni zamanda, KTMT baş katibliyini əldə saxlamağı hədəfləmişdi. Lakin çox sayda ekspertlərin əvvəlcədən gözlədiyi kimi, Paşinyan uğursuzluğa düçar oldu. Strateji müttəfiq kimi Rusiyanın siyasətini və mənafelərini, eləcə də onun ən böyuk təhlükəsizlik təşkilatının nüfuzunu özünün qərbyönümlü geosiyasi sifarişli oyunları xatirinə zədələməyin əvəzini ağır ödədi".

Ekspert vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar müharibədə həmişə ən son güvən yeri kimi təsəvvür etdiyi KTMT-də sarsıdıcı zərbə alıb və hörmətsiz vəziyyətdə təşkilatın bir küncünə atılıb: "KTMT liderləri Ermənistanın sonrakı niyyətlərini təhqiramiz formada pozub və Ermənistan üçün arzuedilməz əsasnamə dəyişikliyi edib. Təşkilatın müşahidəçi statusunun təsis edilməsi ilə Ermənistana göstərilib ki, ilk növbədə Azərbaycan özü arzu etdiyi halda təşkilata yaxın buraxılacaq. Hadisələrin belə inkişafının qarşısını almaq üçün Ermənistanın nə qədər çalışdığını nəzərə alsaq, Azərbaycan diplomatiyasının hansı nəticəyə vardığına bir daha əmin ola bilərik. Həm də Azərbaycan bu böyük nəticəyə həmin təşkilatın strukturlarından tam kənar şəraitdə nail olub".

A.Quliyevin fikrincə, aşkar görünür ki, KTMT liderləri Qafqaz və ona qonşu regionlarda öz strateji planlarını əsasən Azərbaycanın maraqları və imkanlarına uyğunlaşdırmağa yönəliblər: "Paşinyan strateji müttəfiqlərə arxadan zərbə vurmaq siyasəti yürütsə də, Azərbaycan prezidentinin Rusiya ilə bağlı daha düşünülmüş strateji siyasət aparması nəticəsində Ermənistan KTMT-də dərin iflasa uğrayıb. Azərbaycan regionda Rusiyanın ən etbarlı strateji tərəfdaşına çevrilmək üçün daha ağıllı addımlar atır və bunu elə bir vaxtda edir ki, Ermənistan ikibaşlı və xəyanətkar geosiyasi oyunlarla nəyəsə nail olmağa çalışır. Azərbaycan regionda Rusiyanın ən etibarlı strateji tərəfdaşına çevrilə bilməsəydi, Ermənistanın KTMT-də iflası bu qədər dərin şəkil ala bilməzdi. Tək Paşinyan yox, bütün Ermənistan dövləti sarsıdıcı zərbə aldı. Azərbaycan diplomatiyası KTMT ilə sonrakı münasibətlərdə daha geniş manevr imkanları qazandı. Ermənistan strateji müttəfiq kimi olan-qalan nüfuzunu itirdi. KTMT-nin Astana sammiti nümayişkaranə şəkildə hamıya göstərdi ki, strateji seçimlərdə Ermənistana güvənmək olmaz. Ermənistan bu cür beynəlxalq təşkilatların yüksək postlarında təmsil olunmaq şanslarını demək olar ki, itirdi. Bu, Azərbaycan diplomatiyasının tarixi üstünlük qazandığı mühüm məqamlardan biridir".

Ceyhun ABASOV

 





13.11.2018    çap et  çap et