525.Az

İlahiyyat İnstitutunun əməkdaşları Cocuq Mərcanlıda


 

İlahiyyat İnstitutunun əməkdaşları Cocuq Mərcanlıda<b style="color:red"></b>

Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.
 
Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq "Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi" ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi və tələbələr daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş məktəblə tanış olublar. Heyəti məktəb şagirdləri və müəllimlər qarşılayıb. Məktəbin foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub. Ziyarət zamanı İnstitut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən, buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib.

Daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş Mədəniyyət evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti müavini Tapdıq Nəsirov Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrildiyini xüsusi vurğulayıb.

İnstitutun rektoru Ceyhun Məmmədov 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, bu gün xalqımızın həyatında əlamətdar və müqəddəs bir gündür. C.Məmmədov Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Dövlət Bayrağımızın dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalandığını xüsusi vurğulayıb. O bildirib ki, Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Aİİ rektoru qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. Azərbaycan xalqı ermənilərin Dağlıq Qarabağda dağıtdığı dini abidələri ürəklərində yaşadırlar.

Gənclərə xitabən "Bayraq tariximiz, keçmişimiz, bugünümüz, müqəddəs dövlət rəmzimizdir", - deyən rektor Azərbaycan xalqının zaman-zaman öz azadlığı və müstəqilliyi uğrunda fədakar mübarizə apardığını, canı, qanı hesabına müstəqil dövlət qurduğunu, öz üçrəngli bayrağını ucaltdığını söyləyib. Rektor vurğulayıb ki, bu gün biz bu bayrağın ətrafında birləşmişik və millətimizin, dövlətimizin şərəf və ləyaqətinin, sarsılmaz və yenilməzliyinin rəmzi olan bayrağımız gənclərimizə əmanətdir.

Daha sonra C.Məmmədov İnstitut haqqında ümumi məlumat verərək təhsil müəssisəsinin Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə yaradıldığını qeyd edib. C.Məmmədov bildirib ki, İnstitut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr vermək olduğunu qeyd edən C.Məmmədov gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstitutda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini bildirib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbə müdiri Əlizadə Nəcəfov, məktəb direktoru Zamin Həziyev və Aİİ-nin tələbələri işğaldan azad olunmuş Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi, 9 noyabr - Dövlət Bayrağı Günü ilə haqqında söhbət açıblar.

Səfər zamanı İnstitut heyəti, həmçinin, Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar. Bildirilib ki, 50 sot ərazidə inşa edilən məscidin minarələrinin hündürlüyü 26 metrdir. Azərbaycan və Şərq memarlığının nadir incilərindən sayılan tarixi Şuşa məscidinin bənzəri olan bu dini ibadət ocağında dindarlar üçün hər cür şərait yaradılıb.

Məscidi ziyarətdən sonra, İnstitut heyəti ərazini gəzib, Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndi ilə bağlı yürütdüyü siyasətin nəticəsi olaraq, burada aparılan abadlıq, tikinti-quruculuq işlərinin şahidi olub; kənd sakinləri ilə görüşüb, onları yenidən doğma torpağa köçmələri və əmin-amanlıqda yaşamaları münasibətilə təbrik edib, işlərində müvəffəqiyyətlər arzulayıblar.

S.QARAYEVA

 





13.11.2018    çap et  çap et