525.Az

Ermənilərin Bakı-Minsk narahatlığı: Lukaşenko niyə hədəf alındı?


 

Ermənilərin Bakı-Minsk narahatlığı:<b style="color:red"> Lukaşenko niyə hədəf alındı? </b>

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət, həm qonşu, həm region, eləcə də digər dövlətlərlə qurduğu qarşılıqlı hörmətə, dostluq prinsiplərinə əsaslanan münasibət onun beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Bu gün Azərbaycan təkcə regionda deyil, eləcə də beynəlxalq aləmdə söz sahibi olan ölkələrdən biridir. Dünya üçün mühüm əhəmiyyət kəsb edən böyük iqtisadi layihələrin reallaşması məhz Bakının təşəbbüsü, ölkə rəhbərliyinin qəti iradəsi nəticəsində mümkün olub. İllər əvvəl, 1994-cü ildə həyata vəsiqə almış "Əsrin müqaviləsi", Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilis-Qars və hazırda reallaşdırılan Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr tək regionun deyil, Avropanın, Asiyanın, bir sözlə, dünyanın xəritəsini sözün yaxşı mənasında dəyişməklə yanaşı, Azərbaycana etibarlı tərəfdaş statusu qazandırıb.

Fakt bundan ibarətdir ki, Bakı təkcə iqtisadi sahədə deyil, siyasi, humanitar və digər sahələrdə də beynəlxalq gündəmin əsas oyunçalından biridir. Ölkəmizdə hər il keçirilən humanitar forum, mədəniyyətlərarası dialoqun inkişafına verdiyi töhfə bu gün yüksək qiymətləndirilir. Həmçinin, Azərbaycan  beynəlxalq dialoq məkanına çevrilməkdədir. Ölkəmiz yalnız beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmir, eyni zamanda, böyük dövlətlərin müzakirələr apardığı bir platforma rolunu oynayır. Xatırlatmaq yerinə düşər ki, paytaxtımız NATO-Rusiya, ABŞ-Rusiya yüksək hərbi strukturlarının təmsilçilərinin görüşünə, Əfqanıstan, Pakistan üzrə keçirilən mühüm tədbirlərə ev sahibliyi edib. Bakı böyük güclərin müzakirəsi üçün ən uyğun variant kimi seçilib. Əlbəttə ki, ölkəmizdə bərqərar olmuş sabitlik, təhlükəsizlik, onun beynəlxalq aləmdə  etibarlı bir tərəfdaş kimi qəbul edilməsi də burda öz rolunu oynayır. Həmçinin, bu, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yerini göstərir. 

Ölkəmizin apardığı bu siyasət onun dünyadakı dostlarının sayını artırıb. Bu gün artıq bütün dünya Azərbaycan həqiqətlərini qəbul edir, Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu etiraf edir, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməli olduğunu deyir. Azərbaycanın dostlarından biri də Belarusdur. Bu ölkə həmişə bizim yanımızda olub, bütün beynəlxalq platformalarda Azərbaycana dəstək verib, hətta Bakının olmadığı platformalarda, o cümlədən, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT), Avrasiya İqtisadi İttifaqında (Aİİ) onu müdafiə edib.

Hər iki ölkə hələ keçmiş SSRİ-nin tərkibində müttəfiq respublika olublar. Elə həmin dövrdə də iki respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşıb. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlayıb.

Ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü ilin iyun ayının 11-də qurulub. Belarus Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun tərkibinə daxildir.

Azərbaycan və Belarus liderləri arasındakı dostluq münasibətləri iki ölkənin əməkdaşlığının daha da inkişafına səbəb olub. Prezidentlər mütəmadi olaraq qaşılıqlı səfərlər edir və bu səfərlər zamanı müxtəlif sahələrdə əməkdaşlığın inkişafına dair yeni sənədlər imzalanır. Gələn həftə Azərbaycan prezidentinin Belarusa rəsmi səfəri gözlənilir. Bu barədə prezident Aleksandr Lukaşenko ölkəmizin Minskdəki səfiri Lətif Qəndilovla görüşündə söyləyib. Səfər zamanı Azərbaycan və Belarus arasında ikitərəfli əməkdaşlıq haqqında 10-a yaxın sənəd imzalanacaq. Sənədlərin siyasət, iqtisadiyyat və humanitar əməkdaşlıq sahələrini əhatə edəcəyi gözlənilir. Hazırda Azərbaycan tərəfi Belarusda tikinti sahəsində bir sıra investisiya layihələri həyata keçirir.

Lukaşenko görüşdə bildirib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il ərzində Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi üç dəfə artıb. Bunun çox çox yaxşı nəticə olduğunu deyən Belarus lideri əlavə edib ki, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişafı üçün potensial daha böyükdür: "Həmçinin, humanitar sahədə Belarus-Azərbaycan əməkdaşlığına, xüsusən də təhsil əlaqələrinə diqqət yetirib. Belarusda 500-ə yaxın azərbaycanlı təhsil alır. Bizim qapılar Azərbaycan üçün açıqdır".

O, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən KTMT-nin sammitinə də toxunub.  Deyib ki, rəsmi Minsk KTMT baş katibi vəzifəsinə üç namizəd təqdim etməyə hazırdır: "Əlifba sırası ilə növbəti ölkə Belarusdur və biz namizədliyimizi təqdim etməyə hazır olmalıyıq. Bu gün mənim KTMT baş katibi vəzifəsinə təklif edə biləcəyim üç namizədim var".

Belarus prezidenti  vurğulayıb ki, Astanada keçirmiş KTMT sammitində baş katibin təyini məsələsi əsas məsələ deyildir: "Bəli, biz bu məsələni müzakirə etdik, amma bu, hardasa 15 dəqiqə vaxt aldı".

Lukaşenko görüşdə əlavə edib ki,  məsələ burasındadır ki, Nikol Paşinyan indi yalnız hökumətdəki vəziyyətlə məşğul olmalıdır, çünki bu ölkə hazırda Aİİ-yə və KTMT-yə rəhbərlik edir, keçid dövründə olan ölkə üçün çox ağır yükdür: "Ermənistan öhdəsindən gələcəkmi? Əgər Nikol Paşinyan bunun öhdəsindən gəlsə, bizə Sankt-Peterburqda cavab verəcək. KTMT ilə bağlı qərar isə 6 dekabrda veriləcək".

Xatırladaq ki, bu açıqlamasından sonra Lukaşenkaya qarşı Ermənistan mətbuatında açıq hücum başlayıb, hətta onun ünvanına təhqiredici ifadələr də səsləndirilib.

Ermənistanın Xarici İşlər Nazirliyinin  yeni mətbuat katibi Anna Naqdalyan isə bütün diplomatik-etik qaydaları pozaraq, Aleksandr Lukaşenkonu "yanlışlıqda" günahlandırıb: "KTMT-nin daxili məsələlərinin Bakı ilə müzakirəsi düzgün deyil. Ermənistan KTMT-ya altı ölkənin kollektiv təhlükəsizlik məsələlərini müzakirə edən məkan kimi baxır. Təşkilatın daxilində problemlər var, bunları həll etmək lazımdır. Bu vəziyyətə gəlincə isə, qeyd etmək istərdim ki, bu, doğru yanaşma deyil".

"Naqdalyanın bu açıqlaması çox güman ki, Belarusun Xarici İşlər Nazirliyi tərəfindən nəzərdən keçiriləcək, bunun ardınca Minskin rəsmi reaksiyası da olacaq. İrəvanda Belarus səfirliyi fəaliyyət göstərir və mütləq Ermənistan XİN nümayəndəsinin bəyanatı ilə bağlı tədbir görüləcək”, - bunu isə Belarusun Azərbaycandakı səfirliyindən bildiriblər. Və bundan əlavə şərh verilməyib.

Xatırladaq ki, Y.Xaçaturov Ermənistan tərəfinin təşəbbüsü ilə KTMT-nin baş katibi vəzifəsindən vaxtından əvvəl geri çağırılıb. Noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində KTMT-nin  Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilib. KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi. Prezident Nursultan Nazarbayev rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirib. Qeyd edək ki, KTMT baş katibi vəzifəsinə Belarusun Təhlükəsizlik Şurasının katibi, Bakı hərbi məktəbinin məzunu olmuş 54 yaşlı Stanislav Zasın təyin olunması  gözlənilir.

PƏRVANƏ

 





14.11.2018    çap et  çap et