525.Az

"Sarkozi Makronun buraxdığı boşluqlardan istifadə etməyə çalışır"


 

"FRANSANIN SABİQ DÖVLƏT BAŞÇISININ AZƏRBAYCANA VƏ DİGƏR ÖLKƏRƏ SƏFƏRLƏRİ GƏLƏCƏK PREZİDENT SEÇKİSİ KAMPANİYASININ TƏRKİB HİSSƏSİ KİMİ DƏ DƏYƏRLƏNDİRİLƏ BİLƏR"

"Sarkozi Makronun buraxdığı boşluqlardan istifadə etməyə çalışır"<b style="color:red"></b>

"Fransanın eks-prezidenti Nikola Sarkozinin Azərbaycana və digər ölkərə səfərləri gələcək prezident seçkisi kampaniyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər".

Bu sözləri "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, 2007-2012-ci illərdə Fransanın prezidenti olan Nikola Sarkozi əvvəlki illərdə də Bakıda olub: "Nikola Sarkozi Bakıda əvvəlcə Prezident İlham Əliyevlə görüşüb. Görüşdə keçmiş illərdəki əməkdaşlıq və Bakıda hər iki prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması xatırlanıb. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətlərinin Azərbaycanda fəaliyyətlərini genişləndirilməsi də qeyd edilib. Daha sonra Nikola Sarkozi birinci vitse-prezident Mehriban Əliyeva ilə görüşüb. Bu görüş də təsadüfi deyil. Birincisi, Mehriban Əliyeva deputat olduğu illərdə Azərbaycan-Fransa dostluq qrupunun rəhbəri olub, iki ölkə arasındakı əməkdaşlığın inkişafı üçün enerji sərf edilib. İkincisi, vaxtilə birinci vitse-prezidentə Fransanın ali mükafatı - "Şərəf Legionunun Zabiti" dövlət ordenini məhz prezident Sarkozi təqdim edib".

E.Şahinoğlu qeyd edib ki, Sarkozi yalnız xoş xatirələrini bölüşmək üçün Bakıya gəlməyib: "Əslində, Bakıda Fransanın hazırkı prezidenti Emmanuel Makronu gözləyirdilər. O, hələ keçən ilin oktyabr ayında Bakıya gəlməli idi. Ancaq Makron Bakının əvəzinə o zaman İrəvana getdi və qonşu ölkədəki mənasız bir konfransda iştirak etdi. Düşünülürdü ki, bəlkə Makron İrəvandan sonra Bakıya gələr. Ancaq Makron Parisə qayıtmağa üstünlük verdi və bununla Fransa-Azərbaycan münasibətlərində suallarının sayını artırdı".

Politoloq deyib ki, Makronun sonrakı aylarda Bakıya gəlişi artıq mümkün deyildi: "Çünki Fransada "sarı jiletlilərin" aylardır davam edən etirazı Makronu faktiki ev həbsinə sürükləyib. Onu hazırda bu problemin həlli düşündürür, ancaq ortada hələ ki, müsbət nəticə yoxdur. Makron maaş və pensiyaları aylıq 100 avro artırdı, ancaq bunun də faydası olmadı, "sarı jiletlilər" aksiyalarına davam edirlər. Makron məcbur qalıb ictimaiyyət nümayəndələri ilə görüşlərə başlayıb, onların dərdlərini dinləyir. Son durum Makronun reytinqinə mənfi təsir edib. Onun ikinci dəfə prezident seçilmək şansı getdikcə azalır. Bəs onu gələcəkdə kim əvəz edə bilər?

Bu yerdə Nikola Sarkozinin ismini tələffüz edirlər. Doğrudur, Sarkozinin dönəmində də iqtisadiyyatda ciddi problemlər var idi, üstəgəl, onun adı Liviyanın keçmiş diktatoru Müəmmır Qəddafi ilə əlaqələndirilirdi. Qəddafi ailəsinin Sarkozinin prezident seçilməsi üçün maliyyə göndərməsi yayılan xəbərlər arasında idi. Ancaq Sarkozinin prezident olduğu illərdə Fransanın küçələrində ən azı sakitlik var idi, iqtisadiyyat uçuruma doğru getmirdi. Hazırkı hesablamalara görə, "sarı jiletlilərin" etirazları Fransa iqtisadiyyatına hər gün yüz milyonlarla avro ziyan vurur. Əlbəttə, bu o demək deyil ki, Sarkozinin yenidən prezident seçilmək şansı yüksəkdir. Ancaq o, gələcək prezident seçkisində sağların namizədi olmağa çalışa bilər".

Mərkəz sədrinin fikrincə, Sarkozi görür ki, Makron xarici siyasətdə boşluqlar yaradır və keçmiş prezident bu boşluqlardan istifadə etməyə çalışır: "Məsələn, Sarkozinin dövründə Fransa-ABŞ münasibətlərində ciddi problem yox idi. Makron isə Vaşinqtona meydan oxuyur, ABŞ əleyhinə Avropa ordusundan danışır. Doğrudur, Fransadakı hazırkı qarışıqlıq Avropa ordusu mövzusunu unutdurub, ancaq Makronun Amerikaya nifrəti azalmayıb".

Politoloq əlavə edib ki, Sarkozi yalnız Azərbaycana səfər etməyib, o, müxtəlif ölkələrdə peyda olur və ikitərəfli əlaqələrin keçmişindən ağızdolusu danışır: "Fransa-Azərbaycan siyasi münasibətlərində zaman-zaman müəyyən suallar yaransa da, iqtisadi əlaqələrdə problem yoxdur, Fransa şirkətləri Azərbaycan rahat fəaliyyət göstərir, tenderlərdə iştirak edirlər. Sarkozinin Azərbaycana və digər ölkərə səfərləri gələcək prezident seçkisi kampaniyasının tərkib hissəsi kimi də dəyərləndirilə bilər".

C.ABASOV

 





18.01.2019    çap et  çap et