525.Az

Gömrük Akademiyasında mediatur


 

Gömrük Akademiyasında mediatur <b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) 2018-2019-cu tədris ilinin payız semestrinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə tanınmış təhsil ekspertləri və aparıcı KİV nümayəndələrinin iştirakı ilə mediatur keçirilib.

Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın xüsusi təyinatlı ali təhsil müəssisəsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev tərəfindən 24 yanvar 2012-ci ildə yaradılan ali təhsil müəssisəsinə "Hüquqşünaslıq" və "İqtisadiyyat" ixtisasları üzrə ilk tələbə qəbulunun 2014-2015-ci tədris ilində aparıldığını qeyd edib. O, Akademiyanın fəaliyyəti haqqında məlumat verərək burada tədris olunan fənlər və ixtisaslar barədə söz açıb. Azərbaycanın gömrük orqanları üçün əməkdaşlar hazırlamaq missiyasının bu xüsusi təyinatlı müəssisənin əsas vəzifəsi olduğunu nəzərə çatdırıb. O, 2018-ci ildə Akademiyanı bitirmiş məzunların hazırda gömrük orqanlarında çalışdıqlarını vurğulayıb.

Q.Novruzov qış imtahan sessiyasında imtahanların təşkili və onların gedişinə ciddi nəzarətin həyata keçirilməsi üçün işçi qrupu yaradıldığını deyib. Bununla yanaşı, Akademiya rəisi onu da qeyd edib ki, imtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq məqsədilə apellyasiya komissiyası fəaliyyət göstərir. O, imtahan sessiyasının şəffaf, normativ sənədlərə uyğun keçirildiyini görüş iştirakçılarının diqqətinə çatdırıb. Sessiyanın gedişində tələbələrə imtahanlarla bağlı şikayət, rəy və təkliflərini müvafiq elektron ünvana göndərmək imkanı yaradılıb. Tələbələr tərəfindən bildirilən irad və təkliflərin təhlil olunaraq müzakirə olunduğunu da vurğulayıb.

Dövlət Gömrük Komitəsinin qarşısına dövlətimiz tərəfindən qoyulan vəzifələrdən bəhs edən Akademiyanın rəisi iqtisadi təhlükəsizliyin təmin olunmasında Komitədə aparılan islahatlara toxunub. Həmçinin, Q.Novruzov Akademiyada aparılan islahatlar və yeniliklərdən də danışıb. O, Akademiyada gömrük orqanlarında xidmətə qəbul olunan əməkdaşlar üçün təlimlərin yeni formatda və məzmunda keçirildiyini də xatırladıb. Q.Novruzov vurğulayıb ki, ilk təlimlərdə gömrük orqanlarına xidmətə yeni qəbul olunmuş 29 əməkdaş iştirak edib, hazırda isə 39 əməkdaş iştirak edir.

Tələbələrin bilik, bacarıq və səviyyəsindən söz açan Akademiya rəisi onların həm akademik, həm şəxsiyyət, həm də yetkinlik, davranış baxımından müsbət keyfiyyətlərə malik olduqlarını deyib. DGKA-da "İqtisadiyyat" ixtisası üzrə təhsil alan tələbələrin orta bal göstəriciləri 530-620 arası, "Hüquqşünaslıq" ixtisası üzrə isə orta bal göstəriciləri 540-610 bal arasıdır. "Hazırda Akademiyada tələbələrin yalnız bilikli, bacarıqlı, peşəkar kadrlar kimi deyil, həmçinin, vətənpərvər, geniş dünyagörüşünə və yüksək mənəviyyata sahib yetkin şəxsiyyət kimi formalaşmasını təmin edən mühit yaradılıb" - deyə Qulu Novruzov diqqətə çatdırıb.

Sonra Akademiyada imtahanların keçirilməsi mexanizmini əks etdirən videoçarx nümayiş etdirilib.

Görüşdən sonra təhsil ekspertləri və KİV nümayəndələrinin iştirakı ilə imtahanlar izlənilib, təlimlərin dinləyicilərinin nəzəri və praktiki dərs prosesi ilə yaxından tanış olublar.

S.QARAYEVA

 





18.01.2019    çap et  çap et