525.Az

AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş


 

AQTA-da heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş <b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlarla görüş keçirilib.

AQTA-dan verilən məlumata görə, "Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrasının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər və qarşıda duran vəzifələrə həsr olunan görüşdə ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması, qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması, istehlakçıların hüquqlarının müdafiəsi kimi məsələlər diqqət mərkəzində olub. Heyvan kəsimi və satışı sahəsində işin daha səmərəli təşkil olunması və istehlakçı hüquqlarının qorunması istiqamətində müvafiq tövsiyələr verilib.

Bildirilib ki, ət və ət məhsulları sahəsində vətəndaşların və heyvan satışı ilə məşğul olan müəssisələrin təlabatını ödəmək üçün kəsim məntəqələri fəaliyyətlərini daha səmərəli və şəffaf şəkildə həyata keçirməlidir.

Görüşdə agentliyin sədr müavini Rəşad Mafusov heyvan kəsimi ilə məşğul olan sahibkarların qarşılaşdıqları problemləri dinləyib, onların həlli yolları barədə fikir mübadiləsi aparıb, sahibkarları maraqlandıran suallara cavab verib. R.Mafusov bildirib ki, ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçirilməli və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunmalıdır.

R.Mafusov sahibkarların diqqətinə çatdırıb ki, Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə fəaliyyət göstərən subyektlər üçün lazım olan bütün köməkliklər, maarifləndirmə və tövsiyə xarakterli yardımlar həyata keçirəcək.

Sonda heyvan kəsimi ilə məşğul olan sahibkarlar onları narahat edən məsələlər barədə danışaraq öz fikir və təkliflərini diqqətə çatdırıblar.

CEYHUN

 





18.01.2019    çap et  çap et