525.Az

Ermənistan müttəfiqlərini itirir: Azərbaycanın yürütdüyü siyasət ciddi nəticələr verir


 

“RƏSMİ BAKI ÖTƏN İLLƏR ƏRZİNDƏ MÜHÜM, DƏRİN STRATEJİ SİYASƏT HƏYATA KEÇİRMƏKLƏ PROBLEMİN HƏLLİ İLƏ BAĞLI YENİ ŞƏRTLƏR FORMALAŞDIRMAĞA NAİL OLUB”

Ermənistan müttəfiqlərini itirir: <b style="color:red">Azərbaycanın yürütdüyü siyasət ciddi nəticələr verir</b>

Məlum olduğu kimi, yanvarın 16-da Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında görüş keçirilib.
 
ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan Dağlıq Qarabağ danışıqları qarşı tərəfin heç bir əlavə şərti qəbul edilmədən prosesə cəlb edildiyini bir daha göstərir. İnqilab nəticəsində düşmən ölkədə hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın bundan əvvəl səsləndirdiyi separatçı rejimin də danışıqlara cəlb olunması kimi qeyri-məqbul şərtlər nəticə verməyib, sülh prosesindən yayınma cəhdləri baş tutmayıb. Nəticədə, Parisdə görüşən xarici işlər nazirləri 4 saatdan çox danışıq aparıb, qarşılıqlı anlayış və etimada dair müəyyən razılığa gələ biliblər.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Bildirilib ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən, hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Şübhə yox ki, Dağlıq Qarabağ danışıqlarının davam etməsi, düşmən ölkənin prosesdən yayınma cəhdlərinin qarşısının alınması Azərbaycanın apardığı xarici siyasət - hücum diplomatiyası nəticəsində mümkün olub. Eyni zamanda, beynəlxalq, o cümlədən, regional əlaqələrdə balanslı siyasət həyata keçirən rəsmi Bakının yaratdığı əməkdaşlıq formatları, inkişaf etdirilən əlaqələr bölgədə yeni reallığın yaranmasını şərtləndirib. Rusiya, Türkiyə, İran və Gürcüstanın iştirakı ilə həyata keçirilən ayrı-ayrı layihələr, o cümlədən, “Cənub Qaz Dəhlizi”, “Şərq-Qərb” və “Cənub-Şimal” nəqliyyat dəhlizləri bütün tərəfləri qane edən əməkdaşlıq platformalarının yaranması ilə nəticələnib ki, bu da Ermənistanın regionda təklənməsinə imkan verib. Nəticədə, küncə sıxışdırılan düşmən vəziyyətinin daha da ağırlaşacağının fərqinə vararaq aqressiv mövqeyindən geri çəkilmək məcburiyyətində qalıb. Ermənistanda Nikol Paşinyanın formalaşdırdığı yeni hökumət iqtisadi problemlərin girovuna çevrilməməsi üçün çıxış yolunun Azərbaycanla əlaqələri bərpa etmək olduğunu dərk etməyə başlayıb. Münasibətlərin bərpası isə Dağlıq Qarabağ münaqişəsinin həlli - işğal olunmuş torpaqların geri qaytarılmasından keçir.

Mövzu ilə bağlı fikirlərini bildirən politoloq Ceyhun Əhmədli qeyd edib ki, Prezident İlham Əliyev 2019-cu il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Azərbaycanın maraqlarına cavab verən müsbət dəyişikliklərin olacağını bildirmişdi: “Hələ ilin başlanğıcıdır və artıq bu proqnozun yavaş-yavaş özünü doğrultmağa başladığını müşahidə edirik. Hər şeydən əvvəl nəzərə alaq ki, Paşinyan Qarabağda ehtimal edilən bir müharibənin Rusiyanın siyasi və hərbi dəstəyi olmadan Ermənistan dövləti adına rüsvayçı sonluqla nəticələyinin fərqinə vardı və danışıqlar formatının dəyişməsinin mümkünsüzlüyünə özünü inandırıb masa ətrafına gəlmək məcburiyyətində qaldı. XİN rəhbərlərinin sonuncu Paris görüşü münaqişənin sülh yolu ilə həllinə müsbət dinamika qatacaq önəmli nəticələr doğurdu. Ermənistan dövləti uzun illərdən sonra ilk dəfə “xalqları sülhə hazırlamaq” tezisinin ehtiva olunduğu sənədə imza atdı. Və razılaşdırıldı ki, “nəticəyə yönəlik görüşlər” davam etdirilsin. Bunu Azərbaycan diplomatiyasının növbəti təntənəsi kimi dəyərləndirə bilərik”.

C.Əhmədli hesab edir ki, regiondakı geosiyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişməkdədir: “İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqeri Azərbaycana səfəri çərçivəsində çox önəmli bəyanatlar verdi. Baqeri Bakıda keçirdiyi bütün görüşlərdə Ermənistanı işğalçı adlandıraraq Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini ifadə etdi. Rusiyanın ehtimal olunan sanksiyalarına görə Ermənistanın İrandan asılılığının artacağını nəzərə alsaq, bu bəyanatların əhəmiyyətini daha dərindən dərk edə bilərik. Vaxtilə birinci Qarabağ müharibəsində İrəvan üçün “nəfəslik” rolunu oynayan İran artıq dəyişən geosiyası reallıqlar fonunda Azərbaycanı dəstəkləməyə üstünlük verir. Bu, həm Azərbaycanın artan beynəlxalq nüfuzu və regional çəkisindən, həm də İran hakimiyyətinin Paşinyan iqtidarına olan etimadsızlığından qaynaqlanır. Maraqlıdır, indiki situasiyada rəsmi İrəvan Məhəmməd Baqerinin açıqlamalarını şərh edəcəkmi? Söz yox ki, iki xalq arasında sülh şəraitinin bərqərar olması çox mürəkkəb və gərgin bir proses tələb edir. Paşinyan da müxalifətin aktivləşməməsi üçün danışıqlarda güzəştə getməkdən maksimum şəkildə qaçmağa çalışacaq. Bütün bunlar reallıqdır. Amma hazırda cərəyan edən hadisələr bizi Qarabağa daha da yaxınlaşdırır”.

“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpasını və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir. O, “Trend”ə bildirib ki, bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji siyasət həyata keçirməklə ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub: “Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub. İlk növbədə, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Diqqət yetirsək görərik ki, bunlar bir neçə istiqamətdə müəyyənləşib: şimal, cənub və qərb istiqamətləri. Məlumdur ki, Dağlıq Qarabağ probleminin həllində Rusiya Federasiyası özünəməxsus və xüsusi çəkisi olan ölkədir. Onu da bilirik ki, bu ölkə ilə ayrı-ayrı mərhələlərdə münasibətlər sabit, ancaq enişli-yoxuşlu olub. 2007-ci ildən sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi diplomatiya sayəsində Rusiya ilə münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxıb. Eyni zamanda, İranla münasibətlər yüksək səviyyəyə çatıb. Bu münasibətlərin yaxşı olması üçün Azərbaycan yeni diplomatik formatlar müəyyən edib və bu formatlar çərçivəsində öz milli maraqlarını müdafiə edən strategiya irəli sürüb. Nəticədə nə baş verib? Təkcə 2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Bu, münasibətlərin yeni mərhələsindən xəbər verir”.

Deputat vurğulayıb ki, eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb: “Məsələn, şimal qonşumuza qarşı bəzi Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalar zamanı Azərbaycan yaxın qonşuluq prinsipindən çıxış edib, həmçinin, İrana qarşı müxtəlif vaxtlarda müxtəlif sanksiyalar tətbiq edilsə də, Azərbaycan qonşuluq siyasətini dəyişmədən cənub qonşumuzla münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Eyni vəziyyəti Gürcüstan və Türkiyəyə münasibətdə də müşahidə edə bilərik. Çünki Azərbaycan həyata keçirdiyi bütün qlobal iqtisadi layihələrdə Gürcüstanı tranzit ölkə kimi müəyyənləşdirməklə, onun iqtisadiyyatına sərmayə qoymaqla, əlaqələri gücləndirməklə bu ölkə ilə münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Türkiyəyə gəldikdə isə bu münasibətlər hazırda sözün həqiqi mənasında “bir millət, iki dövlət” münasibətləri səviyyəsində xarakterizə olunur. Göründüyü kimi, bunlar düşünülmüş uzunmüddətli strategiya nəticəsində mümkün olan reallıqlardır”.

H.Babaoğlu əlavə edib ki, beləliklə, hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib: “Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə, həmin siyasəti davam etdirəcəyik. Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Düşünürük ki, 2019-cu il bu istiqamətdə mühüm irəliləyişlər kimi tarixə düşəcək”.

Ceyhun ABASOV

 





19.01.2019    çap et  çap et