525.Az

Azərbaycana qarşı növbəti təzyiq cəhdi


 

BAKI-BRÜSSEL ƏMƏKDAŞLIĞINDA ƏLDƏ EDİLƏN UĞURLAR AVROPARLAMENTDƏ BƏZİ QÜVVƏLƏRİ CİDDİ NARAHAT EDİR

Azərbaycana qarşı növbəti təzyiq cəhdi<b style="color:red"></b>

Azərbaycan beynəlxalq təşkilatlarla uğurla əməkdaşlıq edir, öz milli maraqlarına uyğun və qarşılıqlı maraq kəsb edən məsələlərin gündəmə çıxarılması, müzakirə olunması və müvafiq qərarlar qəbul edilməsini dəstəkləyir. Bununla yanaşı, kənar qüvvələrin təsiri altında bəzi təşkilatlarda Azərbaycana qarşı qeyri-obyektiv və qərəzli münasibət nümayiş etdirilir.

Avropa Şurasında müəyyən ermənipərəst, sorosçu qruplar davamlı şəkildə Azərbaycana qarşı hücumlar təşkil edirlər. Belə qərəzli münasibət Avropa Parlamentində xroniki xarakter alıb.

Bildirilir ki, yanvarın 17-də Avropa Parlamentində (AP) Azərbaycanla bağlı aparılmış müzakirələr və qəbul olunmuş qətnamənin həmmüəlliflərindən biri, Avronest Parlament Assambleyasının həmsədri Rebekka Harms (Almaniya, Yaşıllar qrupu) Sorusun təsiri altında olan şəxsdir və özü də bunu açıq şəkildə etiraf edir. Onun Sorosla sosial şəbəkələrdə çoxsaylı şəkilləri var. Sözügedən qətnamə Azərbaycana qarşı planlaşdırılan məkrli ssenarinin uğursuz nəticəsidir.

Avropa Parlamenti tərəfindən qəbul olunmuş qətnamənin müzakirələrində ilk çıxış edən R.Harms məsələ ilə bağlı Azərbaycanlı həmkarları ilə təmaslar qurmağa çalışdığını iddia edib. Maraqlıdır ki, AP-də keçirilən təcili dinləmələr ilə bağlı nə Milli Məclisə, nə Azərbaycan Xarici İşlər NAzirliyinə, nə də Azərbaycanın Brüsseldəki Səfirliyinə hər hansı müraciət daxil olub.

Müzakirələr zamanı çıxış edən, Azərbaycanda insan hüquqlarından dəm vuran AP üzvlərindən heç biri çıxışında fundamental hüquqları pozulmuş 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü heç yadına belə salmayıb. Bu, AP-üzvlərinin ikiüzlülüyünü göstərir.

Qeyd olunur ki, AP qətnaməsinin heç bir qüvvəsi yoxdur və zaman-zaman bəzi qüvvələrin Azərbaycan əleyhinə bu kimi alətlərdən istifadə edib. Digər tərəfdən, Azərbaycan Avtopa İttifaqının üzvü deyil və bu kimi qurumların qəbul etdiyi qərarlar Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir.

Azərbaycan öz milli maraqları çərçivəsində istənilən dövlət, beynəlxalq təşkilatla bərabərhüquqlu, konstruktiv əməkdaşlıq etməyə hazırdır, lakin heç bir halda təzyiq və diktat metodlarını qəbul etmir və etməyəcək. Azərbaycanın öz inkişaf yolu, bütün məsələlərə, o cümlədən, demokratik inkişafa öz baxışı var və ölkəyə kənardan zorla hər hansı şərtin qəbul etdirilməsi mümkün deyil.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov “Azərtac”a bildirib ki, Azərbaycan ilə Avropa Parlamenti, Milli Məclislə Avropa Parlamenti, ümumiyyətlə, Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv əlaqələr qurulur: “Ona görə də hesab edirəm ki, son illər Azərbaycan ilə Avropa İttifaqı arasındakı əməkdaşlıqda əldə edilən uğurlar Avropa Parlamentində Azərbaycanı istəməyən qüvvələri ciddi şəkildə narahat edir”.

S.Seyidov qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanması istiqamətdə danışıqlar hazırda konstruktiv şəkildə davam edir: “Avropa Parlamentinin və Avropa İttifaqının qəbul etdiyi sənədlərdə Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları çərçivəsində həll olunması birbaşa öz əksini tapıb. Yəqin ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan həm iqtisadi, həm siyasi konstruktiv əlaqələr, yəni, münasibətlərin yüksələn xətlə inkişafı Azərbaycanı istəməyən qüvvələri ciddi narahat etməyə başlayıb və onlar Azərbaycana qarşı növbəti dəfə ikili standartlar mövqeyindən, reallıqdan uzaq çıxışlar ediblər. Ancaq bu müzakirələrə baxarkən gördük ki, Avropa Parlamentinin deputatları tərəfindən aparılan müzakirələr bir istiqamətdə təşkil olunub: Azərbaycan-Avropa İttifaqı danışıqlarının dayandırılması, bu prosesə əngəl törədilməsi və məsələnin gündəmdən çıxarılması. Bu, Azərbaycana qarşı açıq-aşkar qeyri-obyektiv münasibətin göstəricisidir. Halbuki bu gün Avropa Parlamentinin özünün müzakirəsini gözləyən xeyli problemləri var. Misal üçün, Fransada gedən proseslər. Bu, kifayətdir ki, Avropa Parlamenti Avropa İttifaqı daxilində olan problemləri müzakirə etsin. Ancaq görürük ki, bu dərəcədə ciddi bir məsələ kənara qoyulub və heç bir əsası olmayan, reallığı əks etdirməyən məsələlərlə bağlı müzakirələr təşkil edilir”.

Milli Məclisin deputatı qeyd edib ki, bu cür ikili standartlar Avropa Parlamentinin deyil, bu qurumun daxilində Azərbaycana qarşı işləyən qüvvələrin növbəti antiazərbaycan cəhdidir: “Ancaq əminəm ki, bu cəhd heç bir nəticə verməyəcək. Azərbaycanla Avropa İttifaqı, o cümlədən, Milli Məclis ilə Avropa Parlamenti arasındakı konstruktiv əməkdaşlıq davam etdiriləcək”.

Bir neçə il bundan əvvəl də Azərbaycan ilə Avropa Parlamenti arasında gərgin bir dövrün yaşandığını xatırladan komitə sədri deyib: “Həmin dövrdə Avropa Parlamenti tərəfindən Azərbaycan ilə bağlı qərəzli qətnamə qəbul olunub. Azərbaycan da öz növbəsində, hətta Avronest Parlament Assambleyasından çıxıb. Bu proses 2017-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında hərtərəfli əməkdaşlığa dair sazişin hazırlanmasına və bu istiqamətdə danışıqların aparılmasına başlanıldığı dövrdə gedirdi. Avropa Parlamentindəki antiazərbaycan qüvvələrin ölkəmizlə bağlı qəbul etdirdikləri qətnamələr real vəziyyəti əks etdirmədiyinə və ikili standartlara əsaslandığına görə onların heç bir nəticəsi olmadı. Hazırda Azərbaycan ilə Avropa İttifaqı arasında danışıqlar prosesinin yekunlaşma ərəfəsində bu cür qərəzli bir “qətnamə” qəbul olunur”. Prezident İlham Əliyevin də öz çıxışlarında qeyd etdiyi kimi, son illərdə Ermənistanda ciddi saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy veriblər. Lakin sonradan erməni xalqı həmin rejimi tarixin zibilliyinə atıb. Bütün bunlar göstərir ki, Azərbaycan Avropa İttifaqı ilə konstruktiv danışıqlar aparmaq cəhdini ortaya qoyan kimi, ölkəmizi istəməyən qüvvələr bu cür ikili standartlara əsaslanan, qərəzli “qətnamələr” qəbul edirlər”.

Milli Məclisin deputatı Asim Mollazadə isə qeyd edib ki, Avropa Parlamentində antiazərbayan qətnaməsinin qəbul edilməsi ilk hadisə deyil. O, SİA-ya bildirib ki, Avropa Şurasında da biz dəfələrlə erməni diasporu ilə bağlı bəzi qüvvələrin hər bir fürsətdən istifadə edərək ölkəmizə qarşı müxtəlif hücumlar həyata keçirdiyini görmüşük.

Ölkəmizə qarşı çox ciddi informasiya müharibəsi mövcud olduğunu deyən deputat söyləyib ki, burada əsas səbəb Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır: “Onlar bununla Azərbaycanın daxilində erməni azlığının yaşaya bilməyəcəyini, rejimin pis olduğunu göstərməyə çalışırlar”. A.Mollazadə bildirib ki, zəngin erməni diasporu korrupsiya üsullarından istifadə edərək bəzi Avropa siyasətçilərini bu prosesə cəlb edir: “Bunu çox ciddi şəkildə araşdırılmasına ehtiyac var. Ümidvaram ki, Avropada bu istiqamətdə ciddi antikorrupsiya tədbirləri həyata keçiriləcək və Azərbaycan bu istiqamətdə fəal olmalıdır”.

Azərbaycana qarşı həyata keçirilən informasiya müharibəsinin səngərdə gedən döyüşlər kimi çox təhlükəli olduğunu dilə gətirən deputat vurğulayıb ki, bu məsələdə ölkəmiz fəal mübarizə aparmalıdır: “Erməni təşkilatlarının saytlarına baxdıqda, onların Azərbaycana qarşı fəaliyyət həyata keçirdiyini açıq şəkildə görmək mümkündür. Hətta onlar tərəfdaşlarından istifadə edərək Azərbaycan qarşı qətnamələr qəbul etdirdiklərini özləri də etiraf edirlər”.

AZAD

 





19.01.2019    çap et  çap et