525.Az

20 Yanvar şəhidlərinin xatirəsi İstanbulda yad edilib


 

20 Yanvar şəhidlərinin xatirəsi İstanbulda yad edilib<b style="color:red"></b>

Yanvarın 19 və 20-də Azərbaycanın İstanbuldakı Baş konsulluğunun və İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə İstanbulun "Yeni Qapı" metrostansiyasının Mərmərə xəttinə keçid hissəsinin foyesində 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş "Qanlı Yanvar" foto-sərgisi təşkil edilib.

Tədbirdə 29 il əvvəl xalqımıza qarşı sovet imperiyası tərəfindən törədilmiş qanlı cinayəti əks etdirən fotolar nümayiş etdirilib.

Çıxış edən Azərbaycanın İstanbuldakı Baş konsulu Məsim Hacıyev bildirib ki, metro qovşağında təşkil olunan sərgi 20 Yanvar faciəsini Türkiyə və dünya ictimaiyyətinə tanıtdırmaq məqsədi daşıyır. Baş konsul qeyd edib ki, 20 Yanvar xalqımızın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm qanlı faciə, həm də qəhrəmanlıq səhifəsi kimi daxil olub: "1990-cı il yanvarın 19-dan 20-nə keçen gecə Sovet ordusunun Azərbaycan xalqına qarşı həyata keçirdiyi terror aktı insanlığa və bəşəriyyətə qarşı amansız cinayət idi. Faciənin səhərisi gün xalqımızın ümummilli lideri Heydər Əliyev Mixail Qorbaçovun və onun əlaltılarının istənilən an ona qarşı təxribat törədə biləcəyinə baxmayaraq, öz sözünü dedi. Həyatını təhlükə altına ataraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi vəhşi aksiya ilə bağlı mətbuat konfransı keçirdi. Ümummilli lider qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında qəzəblə qınadı, ifşaedici və cəsarətli bəyanat verdi. Bu bəyanat Azərbaycan xalqının milli azadlıq mübarizəsində həmrəyliyini və mütəşəkkilliyini daha da artırdı, Azərbaycan tarixində yeni siyasi dövrün başlanğıcı oldu”.

M.Hacıyev bildirib ki, 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi də məhz dahi öndər Heydər Əliyevin sayəsində mümkün olub: "Ulu öndər 5 yanvar 1994-cü il tarixdə "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında"  fərman imzaladı. Fərmanda Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymətin verilməsi, bu məqsədlə parlamentin xüsusi sessiyasının keçirilməsi məsələsinə baxılması tövsiyə edilirdi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi qərara əsasən, 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi".

Baş konsul onu da vurğulayıb ki, müstəqil dövlətimizin güclənməsində ulu öndərin nümayiş etdirdiyi qətiyyət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Faciənin ildönümü ilə bağlı olaraq hər il dövlət səviyyəsində müxtəlif tədbirlər keçirilir: "Milyonlarla insanın qəlbində müqəddəs ünvana və ziyarətgaha çevrilmiş 20 Yanvar şəhidlərinin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən ehtiramla yad edilir".

Tədbir iştirakçıları sərgidə nümayiş olunan fotoşəkilləri ürək ağrısı ilə izləyərək 20 Yanvar faciəsini törədənləri hiddətlə qınayıb, dünyanı bu ağır cinayəti törədənləri cəzalandırmağa səsləyiblər.

Türkiyə vətəndaşı Aysun Qaraca bildirib ki, azərbaycanlı soydaşlarımıza qarşı törədilmiş bu cinayət əməli türklər tərəfindən hiddətlə qarşılanmaqdadır. Türkiyə ictimaiyyəti müstəqilliyi üçün canını qurban vermiş qardaş Azərbaycanın oğul və qızların xatirəsini hər zaman əziz tutur, yad edirlər. Türkiyə həmişə və bütün məsələlərdə Azərbaycanı dəstəkləyir: "Təbii ki, Azərbaycan da Türkiyəni hər zaman dəstəkləyib və dəstəkləyir".

Əmlak sahəsində çalışan Yıldırım Avçı qardaş ölkələr olan Azərbaycan və Türkiyənin sevincinin və kədərinin bir olduğunu, 20 Yanvar faciəsinin onların da qəlbində dərin yaraya çevrildiyini xatırladaraq Türkiyə-Azərbaycan qardaşlığının sarsılmaz gücü sayəsində son illərdə milli birlik və həmrəyliyin gücləndiyini diqqətə çatdırıb: "20 Yanvar Azərbaycan xalqının hüznlə, kədərlə deyil, qürurla anmalı olduğu bir tarixdir".

Türkiyədə təhsil alan azərbaycanlı tələbə İnal Nadiroğlu qanlı hadisənin Azərbaycan xalqının müstəqillik mübarizəsinin şanlı səhifəsi olduğunu qeyd edib. O bildirib ki, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi hər zaman uca tutulacaqdır.

Almaniyalı turist Henrix Vays o müdhiş gecə haqında məlumatlı olduğunu, sərgidə qanlı yanvar gecəsinin dəhşətlərini əks etdirən fotoları izləyərkən sarsıldığını, bəşəriyyətə qarşı törədilmiş bu terror hadisələrinin təşkilatçılarının beynəlxalq hüquq çərçivəsində cəzalandırılmasının vacibliyini diqqətə çatdırıb. 

Türkiyədə olan ərəb turisti Zeyd bin Əhməd də foto-sərgini göz yaşları içində izlədiyini, Azərbaycan xalqının azadlıq yolunda fədakarlığından qürur duyduğunu və bu faciənin səbəbkarlarını hiddətlə qınadığını bildirib.

Aydın Ağazadə
"525-ci qəzet"in Türkiyə müxbiri



 





21.01.2019    çap et  çap et