525.Az

Afrika ölkələri Azərbaycanın idarəçilik təcrübəsini öyrənir


 

ZİMBABVE ÖLKƏMİZİN ƏLDƏ ETDİYİ NAİLİYYƏTLƏRİ UĞURLU TƏCRÜBƏ KİMİ NƏZƏRDƏN KEÇİRİR

Afrika ölkələri Azərbaycanın idarəçilik təcrübəsini öyrənir<b style="color:red"></b>

Məlum olduğu kimi, yanvarın 19-da Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana rəsmi səfər edib. Prezident İlham Əliyev afrikalı həmkarını qəbul edib.

Dövlət başçılarının görüşündə iki ölkə arasında siyasi və iqtisadi sahədə əməkdaşlıq əlaqələri əsas müzakirə mövzusu olub.

Prezident İlham Əliyev görüşdə bildirib ki, aparılan müzakirələr iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi üçün imkanlar yaradacaq: "Bu, Zimbabve prezidentinin Azərbaycana ilk səfəridir. Odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin, siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik".

Ölkə rəhbəri vurğulayıb ki, Azərbaycan Zimbabve ilə əlaqələrin inkişafına maraqlıdır: "Bilirəm ki, gəlişiniz çərçivəsində siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır".

Zimbabve prezidenti E.Mnanqaqva da iki ölkə arasında siyasi və iqtisadi sahədə əlaqələrin qurulması və gücləndirilməsində maraqlı olduqlarını bildirilib, Azərbaycanda şahidi olduqları inkişaf və infrastruktur səviyyəsini yüksək qiymətləndirib: "Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin, əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik".

Zimbabve prezidenti xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçib. Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün əlaqələrin gücləndirilməsində maraqlıdır.

Təsadüfi deyil ki, səfərdən öncə Zimbabve prezidentinin mətbuat katibi bildirmişdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr, həmçinin, mədən, enerji və turizm baxımdan maraq kəsb edir.

Zimbabve təbii resurslarla, o cümlədən, 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşib. Müstəmləkə siyasəti, xarici asıllıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə xidmət edib. Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorununun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve də daxil olmaqla, əksər Afrika ölkələri Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrəbə kimi nəzərdən keçirir. Təsadüfi deyil ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın "ASAN Xidmət" təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib. Bu mənada, səfər çərçivəsində Zimbabve prezidenti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 5 saylı Bakı "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub. Burada ali qonağa "ASAN Xidmət" mərkəzlərinin yaradılması, məqsədləri, həyata keçirdiyi xidmət növləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından "ASAN Xidmət"in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, Azərbaycanın ixtirası və brendi olan "ASAN Xidmət" mərkəzlərinin fəaliyyətinin məqsədi dövlət orqanlarının hüquqi xidmətlərinin göstərilməsində vətəndaşların razı salınması, onların rahatlığının və şəffaflığın təmin olunması, korrupsiya hallarının istisna edilməsi, müasir texnologiyaların tətbiqi, dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılmasıdır.

Qeyd olunub ki, "ASAN Xidmət" mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanmaları üçün hər cür şərait var. "ASAN Xidmət" mərkəzlərində insanlara müasir texnologiyalar, həmçinin, innovasiyalar tətbiq edilməklə xidmət göstərilir. Burada vətəndaşların gözləmələri və vaxtlarını səmərəli keçirmələri üçün funksional yardımçı xidmətlər fəaliyyət göstərir.

Mərkəzdə tətbiq olunan innovativ avadanlıqlar Zimbabve prezidentinə nümayiş etdirilib. Eyni zamanda, vurğulanıb ki, "ASAN Xidmət" Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına layiq görülüb. Mərkəzlərdə vətəndaş məmnunluğunun təmin olunması istiqamətində arzuolunan nəticələrin əldə edildiyi diqqətə çatdırılıb və bildirilib ki, bu günədək vətəndaşların 26 milyondan çox müraciəti qeydə alınıb.

"ASAN Xidmət" mərkəzinin fəaliyyətinin onda böyük maraq doğurduğunu vurğulayan Zimbabve prezidenti E.Mnanqaqva kollektivə uğurlar arzulayıb.

Afrika ölkələri ilə təhsil sahəsində əlaqələrin inkişafına da xüsusi diqqət yetirən Azərbaycan dövləti bu istiqamətdə də atdığı addımları ilə həmin qitədə adından söz etdirə bilib. Hələ Sovet İttifaqı dövründə, 1960-1990-cı illərdə Afrika ölkələrindən olan 8000-ə yaxın tələbə Azərbaycanda təhsil alıb. Müstəqilliyin bərpasından sonra da rəsmi Bakı vaxtilə yaradılmış əlaqələrin inkişafına diqqət göstərib, prezidentin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən, Afrika ölkələri gənclərinin Azərbaycanda təhsil alması üçün təqaüdlər ayrılıb. Bundan başqa, Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi Afrika ölkələrində davamlı inkişafa xidmət edən layihələr həyata keçirib.

Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan beynəlxalq münasibətlərdə xoşməramlı ölkə kimi çıxış edir, davamlı inkişafa töhfə verir və öz uğurlu idarəçilik təcrübəsini inkişaf etməkdə olan və ya az inkişaf etmiş dövlətlərlə bölüşür. Bu, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək və 2019-cu ilin oktyabr ayında Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısını qəbul edəcək Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayını artır. Öz növbəsində, Qoşulmama Hərəkatının fəal üzv ölkələrindən biri kimi Zimbabve etibarlı, ləyaqətli və beynəlxalq münasibətlərin məsuliyyətli üzvü olan Azərbaycanla əlaqələrin inkişafına ciddi maraq göstərir.

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Tahir Rzayev qeyd edib ki, Zimbabve Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xarakterli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. O, "Trend"ə bildirib ki, Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarə etməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, nəqliyyat infrastukturunun və kənd təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul edilir.

Politoloq Nəzakət Məmmədova isə bildirib ki, ölkəmizin son illərdə öz iqtisadi nüfuzunu artırması, ayrı-ayrı dövlətlərdə milyardlarla dollarlıq sərmayə yatırması nəzərə alınarsa, Zimbabve prezidenti E.Mnanqaqvanın səfəri olduqca əhəmiyyətlidir.

Afrikanın dünyanın diqqət mərkəzində qalmağa davam etdiyini deyən politoloq hesab edir ki, böyük dövlətlər həmin qitəyə milyardlarla dollar vəsait yatırmaqla burada öz geosiyasi, ticari-iqtisadi maraqlarını həyata keçirməyə çalışır, eyni zamanda, Afrika ölkələri ilə ən müxtəlif sahələrdə əməkdaşlıq sazişləri imzalamağa çalışırlar.

N.Məmmədova əlavə edib ki, ABŞ, Fransa, Britaniya kimi ənənəvi müstəmləkəsi olan ölkələrdən başqa, Azərbaycanın yaxın qonşuları olan Rusiya və Türkiyə də hazırda bəzi Afrika ölkələri ilə yaxın münasibətlər qurublar: "Azərbaycan da artıq qlobal geostrateji siyasət aparan dövlət kimi bütün qitələrdə, o cümlədən, Afrikada öz strategiyasını tətbiq etməyin zərurətini dərk edir və buna müvafiq siyasət həyata keçirir".

"Biz Afrika ölkələri ilə beynəlxalq təşkilatlarda əməkdaşlığı, enerji, dövlət idarəçiliyi və digər sahələrdə əlaqələrimizi davam etdirə, təcrübəmizi bölüşə bilərik. Bu, beynəlxalq hüquq çərçivəsində baş tutan sivil, qarşılıqlı faydalı əməkdaşlığa və milli maraqlara əsaslanan münasibətlərdir. Zimbabve də bu baxımdan olduqca mühüm ölkələrdəndir. Qitənin cənubunda yerləşməsi, Qoşulmama Hərəkatının fəal üzvü olması, BMT-nin Afrikadakı sülhyaratma missiyalarında yaxından iştirakı Zimbabveni bəzi Afrika ölkələrindən fərqləndirir. 2006-cı ildən etibarən Zimbabve hökuməti "Şərqə baxış" adlı dövlət proqramını elan edərək Qərbdən uzaqlaşmaqla Çin, Hindistan, İran, İndoneziya kimi ölkələrin bazarlarına yönəlib", - deyə politoloq qeyd edib.

Zimbabvedə qiymətli metallar və daşların, o cümlədən, zəngin qızıl və almaz yataqlarının olduğunu xatırladan N.Məmmədova bildirib ki, uzun illər Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan, onun yaxın ətrafı, eləcə də erməni kilsəsinin adı Afrikada brilyant qaçaqmalçılığında və digər qeyri-leqal işlərdə hallanıb: "Azərbaycan isə dünya dövlətləri, o cümlədən, Afrika ölkələri ilə beynəlxalq münasibətlərdəki əlaqələrini şəffaflıq, qanuni, ikitərəfli razılaşmalar əsasında qurur. Bu baxımdan Zimbabve də istisna deyil. Ölkə keçmiş prezident Muqabenin dövründə bir çox problemlərlə qarşılaşsa da, yeni dövlət başçısı Emmerson Mnanqaqva xarici sərmayələrin təhlükəsizliyinə təminat verib".

Ceyhun ABASOV

 





22.01.2019    çap et  çap et