525.Az

Afrika qitəsindən Azərbaycana böyük maraq...


 

ZİMBABVE İLƏ ƏLAQƏLƏRİN HANSI ƏHƏMİYYƏTİ OLA BİLƏR?

Afrika qitəsindən Azərbaycana böyük maraq... <b style="color:red"></b>

Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, eyni zamanda, müəllifi olduğu mühüm beynəlxalq layihələr, "açıq qapı" siyasəti ölkəmizə qarşı böyük maraq yaradıb.

İstər region, istər qonşu, istərsə də məsafəcə bizdən uzaq dövlətlər Azərbaycanla əməkdaşlıqda, münasibətlərin inkişafında öz niyyətlərini bəyan edirlər. Bu sırada təbii ki, Afrika ölkələri də istisna deyil. Son illər biz Afrika qitəsindən ölkəmizə qarşı marağı müşahidə edirik. Eyni zamanda, Azərbaycan da Afrika ölkələri ilə münasibətlərin qurulmasında və inkişafı istiqamətində bir sıra addımlar atıb. Ölkəmiz həm beynəlxalq humanitar təşkilatlar, həm də Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyi, Azərbaycan ilə YUNESKO arasında fəaliyyət göstərən Etimad Fondu vasitəsilə Afrika ölkələrində mühüm humanitar layihələrin həyata keçirilməsində yaxından iştirak edib. Azərbaycanın Afrika qitəsi ilə əməkdaşlığının tarixi də daha əvvələ gedir. Belə ki, hələ SSRİ dövründə Afrika qitəsindən çoxsaylı tələbələr müxtəlif sahələr üzrə Azərbaycanda təhsil alıblar. Statistikaya nəzər salsaq, 1960-1990-cı illərdə Azərbaycanda Afrika ölkələrindən olan 7000-8000 tələbə təhsil alıb.

Təbii ki, indi bu regionla qarşılıqlı əlaqələrin qurulması və inkişafı üçün potensial mövcuddur və ötən həftə sonu Zimbabve prezidenti Emmerson Mnanqaqvanın  Azərbaycana səfəri də bu niyyətdən irəli gəlir. Maraqlı məqam Mnanqaqvanın xarici səfəri çərçivəsində MDB ölkələri sırasında məhz Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanı seçməsidir. Bu, heç də təsadüfi deyil.

Yəni Zimbabve tərəfi bu ölkələrin MDB məkanında ən yüksək inkişaf göstəricisinə malik olduğunu nəzərə alaraq, təcrübə mübadiləsinin aparılması, yeni iqtisadi və ticarət əməkdaşlığı imkanlarının araşdırılması və sərmayələr üçün bu ölkələri seçib.

Hələ səfərdən öncə Zimbabve dövlət başçısının mətbuat katibinin verdiyi açıqlama da bunu sübut edir. Həmin açıqlamada deyilirdi ki, Azərbaycan və Qazaxıstan enerji resursları ilə zəngin, ən sürətlə inkişaf edən ölkələrdən biridir. Bu ölkələr həmçinin, mədən, enerji və turizm baxımdan da maraq kəsb edir.

Zimbabve təbii resurslarla, o cümlədən, 60-dan artıq mineral növləri ilə zəngin olsa da, inkişaf baxımdan bir sıra ciddi problemlərlə üzləşib. Müstəmləkə siyasəti, xarici asıllıq, daxili işlərə müdaxilə edilməsi və siyasi təzyiqlərin göstərilməsi Zimbabvenin sosial-iqtisadi problemlərinin daha da dərinləşməsinə səbəb olub.

Bu baxımdan Zimbabve tərəfi Azərbaycanın düzgün idarəçilik təcrübəsinə, milli maraqları əsasında müstəqil siyasət yürütməsinə, struktur xaraketrli, həmçinin, iqtisadi və sosial islahatlar praktikasına ciddi maraq göstərir. Azərbaycanın mədən sənayesini effektiv şəkildə idarəetməsi, neft-qaz sektorundan əldə edilən gəlirlərin şəffaflığını təmin etməsi və iqtisadiyyatın digər sektorlarına düşünülmüş şəkildə investisiyaların qoyulması, ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun, nəqliyyat infrastukturunun və kənd-təsərrüfatının inkişafı, 100 faiz savadlılığa nail olunması və digər sahələrdə olan nailiyyətlərimiz maraqlı nümunə kimi qəbul olunur. Bu xüsusda, Zimbabve daxil olmaqla, əksər Afrika ölkələri tərəfindən Azərbaycanın BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərini həyata keçirməsi sahəsində əldə etdiyi nailiyyətləri uğurlu təcrübə kimi nəzərdən keçirilir.

Xatırlatmaq yerinə düşər ki, Afrika İttifaqı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın ASAN xidmət təcrübəsinin Afrika İttifaqının mənzil qərargahında təqdimatı keçirilib.

Məlum olduğu kimi, bu ildən Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi başlayır. 2019-2022-ci illəri əhatə edəcək bu sədrlik çərçivəsində cari ildə ölkəmizdə Qoşulmama Hərəkatı üzv dövlətlərinin zirvə toplantısı keçiriləcək. Yeri gəlmişkən, Azərbaycan prezidentinin sərəncamına uyğun olaraq, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətləri, o cümlədən, Afrika ölkələri üçün Azərbaycanda təhsil almaq üçün təqaüdlər ayrılıb. Zimbabve də Qoşulmama Hərəkatının fəal üzv ölkələrindən biridir. Deməli, ölkələrimizin həm ikitərəfli, həm də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlıq potensialı da genişdir.

Azərbaycan Prezidenti İlham Əliyev Bakıda  Emmerson Mnanqaqva ilə görüşdə bəyan etdi ki, bu, Zimbabve prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir: "Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin, siyasi sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik".

Zimbabve dövlət başçısı isə Azərbaycanda artıq şahidi olduqları inkişaf və infrastruktur səviyyəsinin onlara çox güclü təsir bağışladığını, istəklərinin iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarət olduğunu vurğulayıb: "Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin, əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik".

Milli Məclisin üzvü, politoloq Elman Nəsirov mövzunu şərh edərkən bildirib ki,  Azərbaycan dövlətinin xarici siyasəti çoxvektorlu, balanslı və çevik bir siyasətdir, bu siyasətin əsasını ulu öndər Heydər Əliyev qoyub, Prezident İlham Əliyev isə həmin siyasəti çox surətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq davam etdirir, ona innovativlik gətirir, bir hücum taktikası əlavə edir. Politoloqun sözlərinə görə, çoxvektorlu xarici siyasətimizin yeni istiqamətləri içərisində Afrika qitəsi də yer tutur:

"Bu mənada Afrika qitəsi ilə və onun Zimbabve kimi dövləti ilə münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın maraqları baxımından əhəmiyyətlidir. Nəzərə alsaq ki, onların da hər birinin beynəlxalq təşkilatlarda, xüsusilə BMT-də bir səsi var və Azərbaycanın maraqlarının müdafiəsi baxımından da Afrika qitəsi dövlətləri ilə əlaqələrimizn inkişafı təbii ki, bizim maraqlarımıza uyğundur. Bu kontekstdə ilk növbədə ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılan məsələdir.

Eyni zamanda, səfər çərçivəsində iqtisadi sahədə əlaqələrin inkişafı ilə bağlı mümkün imkanlar və onların reallaşdırılması məsələləri diqqət mərkəzində saxlanıldı. Azərbaycan prezidenti ilə Zimbabve prezidentinin görüşündə bu məsələlər xüsusi diqqətdə saxlanıldı. Məlumdur ki, əlaqələrimizin bu sferada inkişafı üçün geniş imkanlar, potensial var. Bundan istifadə etmək lazımdır".

E.Nəsirov humanitar sahədə də əlaqələrin inkişafı və bu məsələlərə diqqət ayrılmasının da xüsusi önəm daşıdığını əlavə edib. "Həmçinin, Dağlıq Qarabağ müniqşəsində Zimbabve dövlətinin mövqeyi bizim üçün çox vacibdir. Bu məsələdə beynəlxalq aləmdə mövqelərimzin möhkəmləndilməsi və Azərbaycana dəstək verilməsi baxımından hesab edirəm ki, Afrika qitəsinin bu ölkəsi ilə də münasibətlərin inkişaf etdirilməsi strateji maraqlarımıza cavab verir. Bu həm də Zimbabvenin maraqlarına uyğundur. Çünki Azərbaycan Zimbabve üçün çox geniş imkanlar ola biləcək bir iqtisadi məkandır. Zəngin enerji, neft-qaz potensialı, geniş nəqliyyat imkanları var. Bu sahədə əməkdaşlığın gələcək perspektivləri maraq doğuran sahələrdəndir. Ümumilikdə, səfər bir daha onu göstərdi ki, Azərbaycanın çoxvektorlu xarici siyasət kursu öz bəhrəsini verməkdədir. Müxtlif qitələrdə Azərbaycanla əməkdaşlıq edən dövlətlərin sayı kifayət qədər artır. Prezident söyləyəndə ki, Azərbaycanın beynəlxalq aləmdə dostlarının sayı artmaqdadır, bu məntiqlə yanaşdıqda, Zimbabvenin də adını qeyd etmək olar".

Millət vəkili, politoloq Rasim Musabəyov isə deyib ki, Azərbaycan indi Qoşulmama Hərəkatına sədrlik edir, Zimbabve də bu qurumda Afrikada nisbətən fəal olan bir dövlətdir: "Lakin ölkə böyük iqtisadi sıxıntılarla yaşayır prezident Emmerson Mnanqaqva ölkəsinə investisiya cəlb etmək, hər hansı iqtisadi dəstək almaq üçün müəyyən əlaqələr yaratmağa çalışır. Azərbaycanın böyük maliyyə imkanları var. Ola bilsin ki, Bakıda görüşlərdə hansısa təkliflər irəli sürülüb. Amma hər halda bizim Zimbabve ilə sadaladığım məsələlərdən kənara çıxan heç bir nə iqtisadi, nə siyasi əlaqələrimiz var. Bundan sonra hansısa təkliflər maraqlı görünə bilərsə, düşünürəm ki, nəzərdən keçiriləcək".

R.Musabəyov deyib ki, Zimbabvenin dövlət başçısı MDB üzrə iqtisadi cəhətdən inkişaf edən, müəyyən maliyyə resursları olan ölkələrə səfər edib: "Qazaxıstanın da Neft Fondu var, Rusiya neft ehtiyatlarına malikdir. Lakin hazırda bu ölkədə inflyasiya yüksək həddədir, investisiyaların cəlbi, iqtisadi əlaqələrin qurulub inkişaf etməsi üçün Zimbabvedə iqtisadi sabitliyin təmin olunması vacibdir". Politoloq bu səfəri iki ölkənin əlaqələrində bir başlanğıc adlandırıb, siyasi əlaqələrin daha çox BMT çərçivəsində ola biləcəyini əlavə edib.

PƏRVANƏ

 





22.01.2019    çap et  çap et