525.Az

40-cı qapının sirri


 

40-cı qapının sirri<b style="color:red"></b>

Bir, iki, üç... Addımlamağa ilk başladıqda valideynlərimiz həyəcanla sayar qalxdığımız hər pilləni, sevinclə alqışlanır hər yeni pilləmiz...

Dörd, beş, altı...Addımlar möhkəmlənir, pillələr artır, hər yüksəlişdə boylanırıq baxaq: kimlər gördü bizi deyə.

Yeddi, səkkiz, doqquz... Addımları yeyinlətməyə, sürətlə qalxmaqdan daha çox qaçmağa çalışırıq sankı...

On, on bir, on iki... Pillələr yüksəldikcə, boyumuz da uzanır, əzmimiz, inadkarlığımız da artır...

On üç, on dörd, on beş... Əgər ilk pillələr bizə oyun təsiri bağışlayırdısa, indi artıq bir hədəfə çatmağı məqsəd qoyuruq qarşımıza...

On altı, on yeddi, on səkkiz... Hər qalxdığımız pillədə inam və arzular daha bərk yapışır əlimizdən...

On doqquz, iyirmi, iyirmi bir... Pillələr bir-birini əvəzlədikcə biz də dəyişirik, ətrafımız kimi... dəyişdirməyə də çalışırıq bəzən nələrisə... ya da bəlkə sadəcə dəyişdirə biləcəyimizi xəyal edirik...

İyirmi iki, iyirmi üç, iyirmi dörd... Gah büdrəyir, gah möhkəm basırıq ayağımızı pillələrə... Bəzən əlimizdən tutan, bəzən itələmək istəyən olur bizi bu pillələrdə...

İyirmi beş, iyirmi altı, iyirmi yeddi... Sanki pillələr arasında zaman və məsafə həddi itir bəzən... Xəyallar, ümidlər, reallıqlar və mübarizələr fonunda...

İyirmi səkkiz, iyirmi doqquz, otuz... Bu dəfə pillələrdə oturmağa ehtiyac hiss edirik: yorğunluqdan deyil, düşünmək üçün, keçmişi-gələcəyi düşünmək, xatırlamaq üçün...

Otuz bir, otuz iki, otuz üç... Daha asta qalxırıq, ötən pillərlərdə nələrisə unutmuş kimi.... amma geriyə yol yox ki! Bu pillələr sadəcə yuxarı qaldırır insanı, sanki havadasan, sanki qalxdığın hər pillə özündən öncəkinin üzərində, onu öz daxilində itirirək yüksəlir...

Otuz dörd, otuz beş, otuz altı... Hər pilləni xatırlayırammı sualı çıxır hərdən qarşımıza? Hər pillənin haqqı verildimi görəsən?

Otuz yeddi, otuz səkkiz, otuz doqquz... Hər qalxdığın pilləyə şükr edirsən! Gah kövrəlir, gah qəhərlənir, gah qürurlanırsan...

Və nəhayət, 40-cı pillə... Niyə bu qədər özəldi görəsən? Olqunluğa, müdrikliyə, yaşlılığa doğru əsas addımlardan olduğu üçünmü? Məncə, yox... 40-cı pillə ömür sarayımızın 40-cı qapısına yol açdığı üçün fərqlənir... Axı bizi böyüdən nağıllarda həmişə 40 otaqdan söz açılır. Həmin 40 otaqdan 39-nun qapısı açıq olur: qızılla, pulla, qiymətli bəzək əşyaları, yemək və digər zəruri şeylərlə zəngin 39 otaq... Qəhrəman bir-bir gəzir, baxır, görür, həzz alır. Amma 40-cı qapı sirli bir otağa açılır və 40-cı qapıbağlı olur adətən. Qəhrəmanlar onun açarını çox axtarır... 40-cı qapını açmaq, 40-cı otağın sirrini öyrənmək üçün...

Bu gecə mən də o qapını aça bilənlərdən oldum. Amma nə atın qabağında sümük, nə itin qabağında ot vardı... Nə quru kəlləyə, nə də yeraltı yola, gizli qapıya rast gəldim. Burada bir ayna var... böyük bir ayna! "Aynadakı mən"imizi göstərən ayna... daxilimizdəki dünyanı aydınlatan ayna... dünəndən bu günə qalxdığımız bütün pillələri özündə qoruyan ayna... "Ayna, ayna, söylə mənə" deməyə belə gərək yoxdur: sözsüz, dilsiz, səssiz anlaşırsan onunla. 40-cı qapının sirri bu imiş məgər... Amma bəlkə də bu, sadəcə mənim sarayımdakı 40-cı otaq, mənim qırxıncı qapımdır... Kim bilir...

P.S. Pillələr artsa da, qapılar açılsa da, yaşım üstünə yaş gəlsə də, şəxsən mən - jurnalist Billurə Aslanqızı öz qəlbimdəki 13 yaşlı qızcığazı həmişə yaşadacam. Bəzən gizli, bəzən aşkar... Çünki o qızcığaz Qarabağ adlı bir qanayan yaranın ağrısından uşaqlığını paramparça yaşayıb. Çünki o qızcığaz 13 yaşdan sonrakı dövrü içinə həbs edərək tez böyüməyə çalışıb. Çünki o qızcığaz pərən-pərən olan məktəb xatirələrini, yanıb kül olan uşaqlıq fotolarını sadəcə beyin və göz yaddaşına həkk edə bilib: bacardığı qədər... çünki o qızcığaz Xocalı faciəsinin ağrısını, işğal olunan Füzulinin və digər torpaqlarımızın həsrətini sanki heç üzərindən bir il belə ötməmiş həmişə yanar bir köz kimi ürəyinin başında saxlayır...

Billurə ASLANQIZI
Filologiya üzrə fəlsəfə doktoru

 





22.01.2019    çap et  çap et