525.Az

İnsan kimi doğma, alim kimi dəyərli...


 

İnsan kimi doğma, alim kimi dəyərli...<b style="color:red"></b>

Oxumağı vərdişə çevirmək lazımdır. Heç vaxt elm üçün atılan addım, çəkilən zəhmət hədər getməz. İnsanlığın ən yüksək zirvəsində olan bu şəxsiyyətlə hər dəfə həmsöhbət olanda, nitqini, fikirlərini, səlis danışığını dinləyəndə onun sözün geniş mənasında ziyalı, mədəni alim olduğunun bir daha şahidi oluram.

Buna mən hər dəfə o insanı görəndə, onunla danışanda daha da əmin oluram. Filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli mənim hələ məktəb illərindən tanıdığım ziyalı insanlardandır. Düz deyiblər ki, elm sənin məsləhətçin, mülayimlik dostun, əql bələdçin, səbr isə başçın olmalıdır. Bütün bu xüsusiyyətlərin hamısı Əlizadə müəllimdə cəmlənib. Onun mənim atamla dostluğu onların həm bir kənddən olmasından, həm də bir ziyalı kimi bir-biriləri ilə fikirlərinin uyğunluğundan irəli gəlirdi. Əslində, tarixçi olan Üzeyir müəllim, ədəbiyyatçı olan  Əlizadə müəllim və riyaziyyatçı olan atam Sakit Hüseynov üç yaxın və səmimi dost idilər. Atam dünyasını dəyişəndən sonra bu günə qədər də biz həmin ziyalı insanlarla ailəvi mehriban dostluğumuzu davam etdiririk. Bəzən insana maddi köməklikdən vacib olan mənəvi dəstək olur. Mənəvi dəstək həyatda  insanı bir şəxsiyyət kimi yetişdirməyə çox kömək edir. Bu gün mənim uğurlarımın olmasının və bu pilləyə gəlib çıxmağımın əsas səbəblərindən biri ətrafımda olan ziyalı insanların sevgisi, diqqəti və stimuludur. Mən həmişə o insanlardan mənəvi dəstək aldım.

Peyğəmbərimiz çox gözəl buyurub: bilikli adamın üzünə baxmaq, onunla oturub-durmaq ibadətdir. O insanla sadəcə danışmaq kifayətdir ki, sənə öz məsləhətləri ilə doğru yol göstərsin. 1998-ci ildə mən 11-ci sinifdə oxuyanda Əlizadə müəllim filologiya üzrə fəlsəfə doktoru idi. Cəmi bir dəfə bizim sinfimizə daxil olaraq müəllimimizi əvəz edərək  bizə Azərbaycan dili dərsini keçdi. O dərs mənim ömür boyu gözlərimin qarşısından getmir. O, bu dərsdə bizə kitabı sevməyi, elm öyrənməyi və kim olursansa ol, əsas orta məktəbi yaxşı oxumağı təbliğ etdi. Bəlkə də, o zaman mən o sözlərin fərqinə varmadım. Amma illər keçdikcə həqiqətən də məktəbin insan həyatında, karyerasında nə qədər önəmli olduğunu anladım.

Professor Əlizadə Əsgərli ilə, bu gün olduğu kimi, illər keçdikcə də fəxr edəcəyəm. Yenə peyğəmbərimizdən sitat gətirəcəyəm: insanlar elə bir sədəqə verə bilməzlər ki, öyrənilən, yayılan elmdən üstün ola. Heç də təhsil alıb, hər hansı bir nəticəni alaraq gəlib hansısa bir titula çatmaq əsl alimlik adını almaq deyil. Elmə və insanlığa ehtiyacı olan birinə köməklik göstərərək alınan adlar insanı əsl alim kimi yetişdirir. Siz hər zaman təmənnasız olaraq  elmə ehtiyacı olanlara köməklik göstərən insanlardan birisiniz.

Ağıllı və vətənpərvər övladları olan Əlizadə müəllim hər bir insanın xəyalında arzu etdiyi mükəmməl, dürüst bir ailə başçısıdır. Bəlkə də, bütün bu nailiyyətlərə nail olmağı tanrının ona mükafatıdır. Onun həyat yoldaşı tarix müəllimi Yeganə xanım mənim həmsöhbətim və yaxınım olub. Hər zaman öz ağıllı fikirləri ilə dəyərli məsləhətlər verərək, mənə həyatda düzgün yol göstərib. Ondan mən həyatda səbrli olmağı, dözümlülüyü və hər hansısa bir məsələyə düzgün qiymət verməyi öyrəndim. 

Professor Əlizadə Əsgərliyə həm alimliyinə, həm də gözəl insanlığına görə təşəkkür edirəm. Bu gün bu sətirləri yazmağı bir növ özümə borc bilirəm. Əlbəttə ki, atam sağ olsaydı, dostunun bu səviyyədə dəyərli alim olmağına görə qürur duyardı. Amma təəssüf ki, bu günləri görə bilmədi. Kaş ki, ətrafımızda Əlizadə müəllim kimi insanların, alimlərin sayı çox olaydı.

Övladlarınız sizinlə fəxr edir, Əlizadə müəllim. Arzu edirəm ki, hər zaman siz onların yüksək nailiyyətləri ilə fəxr edib sevinəsiniz. Çünki kitabı sevməyi, oxumağı vərdişə çevirməyi siz onlara, bizlərə öyrədə bilmisiniz. Sizə sağlam və uzun ömür, yeni nailiyyətlər arzulayıram!!!

Suma HÜSEYNOVA
Fizika üzrə fəlsəfə doktoru

 





22.01.2019    çap et  çap et