525.Az

Mədəniyyət ocaqları 20 Yanvar şəhidlərini yad edib


 

Mədəniyyət ocaqları 20 Yanvar şəhidlərini yad edib<b style="color:red"></b>

20 Yanvar faciəsinin 29-cu ildönümü ərəfəsində Milli Arxiv İdarəsi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında "Qanlı yanvar...Danışır...arxiv sənədləri..." sərlövhəli virtual sərgi hazırlanıb.

Milli Arxiv İdarəsindən bildirilib ki, sərgidə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakı şəhərində həyata keçirdikləri qırğınlar və vandalizm aktlarını əks etdirən fotoşəkillərdən bir qismi yer alıb.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi faciəylə bağlı müxtəlif mədəniyyət ocaqlarında tədbirlər həyata keçirib. 4 nömrəli uşaq incəsənət məktəbində keçirilən tədbirdə əvvəlcə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra məktəbin nəzəriyyə şöbəsinin müəllimi Naidə Yusubova tədbiri açaraq 20 Yanvar faciəsi haqqında geniş məlumat verib.

Tədbirin bədii hissəsində 20 Yanvar faciəsi ilə bağlı şeirlər səsləndirilib, slayd nümayiş olunub.

Sonda məktəbin direktoru Kəmalə Həşimova çıxış edərək, 20 Yanvar faciəsi haqqında danışıb. Bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu paytaxtın müxtəlif istiqamətlərindən şəhərə daxil olaraq dinc sakinlərə divan tutdu, günahsız insanlar gülləbaran edildi, yüzlərlə insan yaralandı. İyirmi yanvar gecəsi şəhid olanlar qürur və iftixar yerimizdir. Çünki o dəhşətli gecə milli düşüncəmizdə dəyişikliyə səbəb oldu, xalqımız bir amal ətrafında sıx birləşdi. Azərbaycan xalqı azadlığımızın memarlarının əziz xatirəsini heç zaman unutmayacaq.

Baş İdarənin Bibiheybət qəsəbəsindəki Mədəniyyət evində Səbail rayon Mərkəzi Kitabxana Sisteminin 4 saylı filialı ilə birgə 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar "Şəhidlər qazilik nişanəmizdir" adlı əbədi-bədii kompozisiya təqdim edilib.

Tədbirdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib. Bildirilib ki, qan yaddaşımızda əbədi yaşayacaq həmin gün faciə ilə yanaşı, xalqımızın müstəqillik, azadlıq uğrunda yenilməz iradəsinin rəmzinə çevrilib.

Sonra 20 Yanvar faciəsi ilə bağlı videoçarx nümayiş etdirilib, "Şəhidlər qazilik nişanəmizdir" adlı əbədi-bədii kompozisiya təqdim edilib, mədəniyyət evinin üzvləri "Ayağa qalx, türk oğlu" şeirini ifa ediblər.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon Mərkəzi Kitabxana Sisteminin 1 saylı filialında isə "Qan ağlayan gecə" adlı sərgi təşkil edilib.

Tədbirdə 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verilib, tədbir iştirakçıları 20 Yanvar faciəsinə həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə "Açıq qapı" günü keçirilib.

Teatrın mətbuat xidmətindən verilən məlumata görə, "Açıq qapı" günü çərçivəsində "Qarabağnamə" tamaşası nümayiş olunub.

Xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.

Tamaşada rolları Xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, Sabir Məmmədov, Əjdər Həmidov, Əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əli Nurzadə, Məsmə Aslanqızı, Kazım Həsənquliyev, Aslan Şirin, Mirzə Ağabəyli, Pərviz Bağırov, Elşən Cəbrayılov, Anar Heybətov, aktyorlar Əminə Babayeva, Şəhla Əliqızı, Rövşən Kərimduxt, Rəşad Bəxtiyarov, Elnar Qarayev, Ləman İmanova, Elnur Qədirov və Rada Nəsibova ifa edib. Aktyorların məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

Tamaşanın musiqi tərtibatçısı Həmid Kazımzadə, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Səhnə əsərində XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir.

O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.

20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr edilmiş tədbirlərdən biri də Akademik Opera və Balet Teatrının səhnəsində nümayiş edilən Xalq artisti Firəngiz Əlizadənin "İntizar" operası olub.

11 il bundan əvvəl yazılmış əsər özündə Azərbaycan xalqının fikir və arzularını, vətənpərvərliyini və qələbəyə olan inamını tərənnüm edir. Operanın libretto müəllifi akademik Nərgiz Paşayevadır.

Əsərdə əvvəlcə xoşbəxt ailəni görürük. Bütün hisslər və niyyətlər Arif ilə Mələyin qarşıdakı toyuna yönəlib. Lakin Vətənimizin başı üzərini alan qara buludlar bu sadə və gözəl insanların ümid və arzularını həyata keçirməyə imkan vermir. Şəhərlər və kəndlər, çiçəkləyən bağçalar, ailə yuvaları dağıdılıb. Hər şey xaosa və tənhalaşmaya məruz qalıb. Nişan mərasimində "Qarabağ şikəstəsi"ni ifa etməsiylə yadımızda qalan ailənin kiçik övladı - gələcək Xilaskardan başqa bütün üzvləri həlak olur.

Operanın musiqisi ilk notlardan özünün dramatikliyi, lirik melodiyanın gözəlliyi, möhtəşəm xor səhnələri, orkestrin ustalığı ilə insanı ələ alır. Səhnədə baş verən faciəli hadisələri İnarə Babayeva (zərif Mələk), Fərid Əliyev (Coşğun Arif), Əkrəm Poladov (alicənab Seyid kişi), Qərinə Kərimova (ailənin anası, sədaqətli və qayğıkeş Əsli) bütünlüklə dərindən hiss edərək öz opera obrazlarını yaradıblar. İlham Nəcəfovun ifasında Gəlmə və Fəhmi Əhmədlinin ifasında İtkin mənfi obrazları da təsir bağışlayırdı. Yaralı kəndçinin rolunu bütün illər ərzində Tural Ağasıyev dəyişməz və gözəl ifa edir.

Tərkibində yeni, gənc ifaçıların olmasına baxmayaraq, teatrın xoru (xormeyster - Sevil Hacıyeva) da özünü yaxşı nümayiş etdirib. Müasir operanın bütün bu mürəkkəb və çoxtərkibli "orqanizmi"ni coşqunluq və yüksək peşəkarlıqla teatrın musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev idarə edirdi. Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev idi.

Yanvarın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil edilib.

Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə keçirilən tədbir faciənin 29-cu ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində reallaşıb.

Əvvəlcə faciə zamanı ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərin səsləndiyi bədii kompozisiya ilə davam edib.

Tədbir çərçivəsində Xalq artisti Rauf Abdullayevin bədii rəhbərliyi və Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə Azərbaycan Dövlət Xor Kapellası da çıxış edib.

Şahanə MÜŞFİQ

 





22.01.2019    çap et  çap et