525.Az

Seyran Səxavətin Gənc Ədiblərlə görüşü - Fotolar


 

Seyran Səxavətin Gənc Ədiblərlə görüşü - <b style="color:red">Fotolar </b>

Fevralın 14-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda IV Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti görüşü keçirilib. Bu dəfə gənclərin qonağı yazıçı Seyran Səxavət olub.

Tədbiri AYB katibi, GƏM-in rəhbəri Rəşad Məcid açaraq qonağı iştirakçılara təqdim edib, onun haqqında fikirlərini bölüşərək, bu görüşün gənc yazarlar üçün əhəmiyyətini vurğulayıb: “Seyran Səxavətlə görüş gənclərimizin istəyi, arzusu əsasındadır. Seyran müəllim də bu görüşə həvəslə hazırlaşıb, gənclərin əsərlərini oxuyub, qeydləri də var. Bu görüşü keçirməkdə bir məqsəd də ondan ibarətdir ki, Seyran müəllim burada gənclərin şeirlərini, yazılarını dinləsin, öz tövsiyələrini versin. Seyran Səxavət uzun illərdir ki, ədəbiyyatımızda aktiv yaradıcılıqla məşğul olan, daim yazıb yaradan ədiblərimizdəndir. Hələ gəncliyimdən onun əsərlərini sevərək oxumuşam, mənim və mənim kimi bir çoxunun ədəbi zövqünün formalaşmasında onun əsərlərinin birbaşa təsiri var. O, Azərbaycan dilində ən gözəl, axıcı təhkiyə ilə yazan yazıçılarımızdandır. Əsərləri Qarabağ koloriti ilə zəngindir. Seyran müəllim indi də ədəbi yaradıcılıqda çox fəaldır”.

Tələbə Gənclər Təşkilatının əməkdaşı Nigar İsmayılova ədəbiyyatın gənclər arasında təbliği mövzusunda çıxış edib, “Kitabqurdu-BookWorm” sosial layihəsi haqqında məlumat verib. Deyib ki, Gənclər Fondunun maliyyə dəstəyi, AYB və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə keçirilən layihənin əsas məqsədi gənclərdə kitaba marağın artırılması, mütaliə vərdişinin inkişaf etdirilməsidir.

Görüşdə layihə çərçivəsində çap olunan kitabçalar iştirakçılara paylanıb.

Seyran Səxavət çıxışında gənclərlə görüşün hər zaman xoş olduğunu, yeni nəsillə ədəbi polemikaların həmişə maraq doğurduğunu qeyd edib: “Gənc Ədiblər Məktəbi, artıq neçə illərdir ki, davam edir. Buradan məzun olanlar arasında ədəbi mühitdə öz sözünü deyən parlaq imzalar da yetəri qədərdir. Gənclərlə ünsiyyətdə olmaq hər zaman xoşdur. Çünki onlarla ünsiyyət insanı cavanlaşdırır”.

Görüşdə əvvəlcə gənc ədiblər öz şeirlərini oxuyublar, qonaq və digər üzvlər ədəbiyyatla bağlı düşüncələrini bölüşüblər. Aydın Cavad, Ümid Oruc, Kənan İsmayılov, Ələsgər Əhməd, Məmməd Əli və başqalarının şeirlərini diqqətlə dinləyən ədib, əsasən texnika, üslub, bədiilik və başqa bu kimi cəhətlərlə bağlı tövsiyələrini verib. Şair mütləq özünü, gördüklərini, hisslərini yazmalıdır. O zaman şeir daha səmimi, daha doğma olur. Ən adi detaldan, ən xırda nüansdan belə əsər yaratmaq olar, yetər ki, ona poetik gözlə baxmağı və hiss etməyi bacarasan.

Daha sonra qonaq, gənclərin suallarını cavablandırıb. Gənc ədiblər daha çox Seyran Səxavətin yaradıcılığı, ədəbiyyata, sözə baxışı, ədəbi mətn necə olmalıdır mövzulu suallarla müraciət ediblər.

Sualları ətraflı cavablandıran qonaq, öncədən oxuduğu mətnlər haqqında da fikirlərini bölüşüb, irad və tövsiyələrini bildirib.

ŞAHANƏ

 





17.02.2019    çap et  çap et