525.Az

Ürəkdaşı adlı qardaşın kitabı - Həyat Şəmi


 

Ürəkdaşı adlı qardaşın kitabı - <b style="color:red">Həyat Şəmi </b>

“Ürək daşı”nı yazdı. Yazdı və göstərdi ki, bu ad ona yaraşır. O, çox insanlara ürək daşı olmağı bacarıb, çoxlarına arxa olub, mənəvi dayaq olub, gücünün çatdığı qədər güvənc yeri olub. Budur Ürəkdaşının bir fərd olaraq başqalarından fərqli özəlliyi.

Yeri gəlmişkən, “Ürək daşı”nın müəllifinin adını şərti olaraq Ürəkdaşı qoyuram bu yazıda, izninizlə, əziz oxucum! Ondakı özəllikdəndir ki, kimliyindən, çıxdığı yerdən, getdiyi yoldan, çatdığı məqsəddən asılı olmayaraq ona sığınan və onu “ürək daşı” ünvanı bilən hər könül adamına gücünün yetdiyi qədər məhəbbət göstərib.

Onu tanıdığım tarixin ömrü bir igidin ömrü qədərdir - 20 il! Bu 20 ildə bir dəfə də olsun özündən incik salmadı, haqsız olmadı heç kimə. Mən Ürəkdaşında, nəinki bu sonuncu söylədiklərimi görmədim, hətta bu özəllikləri onda görməyi ağlımın ucundan belə keçirmədim.

Onun şeirlərində türkçülük, tarixilik, fəlsəfilik (daha doğrusu, sufilik: “Sufi varmı, hələ bə? Çevrilərik xələfə... tale atıb Hələbə, Ax, Şam ola...bilmərik...”) və dünyəvilik sistemi bir zəncir kimi birləşib. Bütün şeirləri bu zəncirin müəyyən halqasından keçib, “yivli fitinq” kimi qırxayaq sayağı birləşərək zəif bəndə yer qoymayıb qalsın.

Ürəkdaşı “Qız Qalası” şeirində yazır: 
Vay o gündən, dərd ola da,
ərk olmaya,
dərd o gündü ƏRK olmaya,
Qız Qalası.


Bu misralarla Ürəkdaşı ərkyana olanlara və ərk edənlərə dəyər verdiyini dilə gətirir. Onun yazdıqları dilinin altındakı saxlanclar, dəyərlər, dərklərdir. Hər kəs öz dilinin altında gizlənir axı. Qarşısındakına ərk edənlər onu dərk edənlərdir, məncə. Belə olmasaydı, ümumtürk coğrafiyasında neçə-neçə istedadlı gənc yazarı bir çatıda birləşdirə, qovuşdura və onların yaradıcılıq örnəklərini yayımlaya bilməzdi o...

Qız Qalası,
Dərd deməkdən
bəz düşübdü dilimə, bəz.
Mən gedirəm Bəzzə doğru,
İşdi-şayət arar olsan
Tonqal qala,
Əlincəyə əl eylə,
Öz atəş diliylə, cüt tonqalıyla,
Əlincə arayar bizi.
Və ölüncə gəllik,
Ölüncə,
Qız Qalası!

Bu şeirdə Azərbaycan tarixi, milli-mənəvi dəyərləri və maddi-mədəniyyət nümunələri gözəl ifadə olunub. Babək Xürrəminin (Ərəb xilafətini kökündən sarsıdan Xürrəmilər-Babəkilər hərəkatının başçısı, böyük sərkərdə, Xürrəmilər dövlətinin banisi) Bəzz şəhər-qalasının adının çəkilməsi təsadüfi deyil. Ürəkdaşı öz tarixini dərindən bildiyini, sevdiyini özü də bilmədən ortaya qoyub. Oğuzlardan gəlmə və qalma tonqal qalama adətimiz, ondan da öncədən, atəşpərəstlikdən qaynaqlanan “od dili”ylə “mesajlaşma” gələnəyimizin əksi bu şeirdə aydın görünür.

Ürəkdaşı şeirlərində od diliylə, su diliylə, torpaq diliylə, hava diliylə danışmağı bacarır. Dörd ünsürün bütövlüyü onun şeirlərinin fəlsəfi əsaslarından biridir: Torpaq, su, od və hava. Torpaq deyəndə bağrı şan-şan olan Ürəkdaşı Qarabağ dərdini dilə gətirib, torpaq ağrısını yaşayıb, içinə bir düyünlü qəm yumağı yığılıb: “...sən mənim Qarabağımsan, sən mənim qara bağımsan, sən mənim qaram-ağımsan..!” deyib. Ana Torpağa anaların ağısıyla layla deyib sanki; yaxud “Dünyanı qara görürəm, könlümün qara vaxtıdı; deyirlər yenə Şuşada, dağların lala vaxtıdı” deməklə xəyalən ruhu Şuşanın cıdır düzünü, İsa bulağını gəzir, ayağı dəyə bilməyən torpaqları ruhunun qanadıyla uçur.



Dörd ünsürdən biri olaraq “Su” deyəndə aşağıdakı şeiri yazıb:

...Sən hələ bir məni dinlə:
Deyirəm ki, “su dili”ylə danışdıq bəzən:
Atıldınsa bir gözəlin yalın ağ ayağına -
sevgi oldun sən...
Bir igidin arxasınca atıldınsa -
uğur oldun.
Çırpıldığın sifətlərdə... - soyuq oldun.
...Üzüsuluykən ölsəydim
bircə,
Sucan şeirim olsun...

Bu şeirdə suyla bağlı Azərbaycan milli-mənəvi dəyərlərində, folklorunda yer alan inancların çoxu əks olunub: Yola çıxan insanın arxasınca su atarlar ki, uğurla dönsün. Oğuzlardan gəlmə bir adət də var ki, igidlər parçdan (dolçadan) içdikləri suyun qalığını gözaltı etdikləri qızların ayaqlarına atardı. Atardılar ki, o qızın ürəyindən sevgi cücərsin. Cücərərdi də... Yaxud xalq deyimində bir gözəl ifadə var: “Sucan ömrün olsun!” Bu ifadənin yerində və məharətlə işlədilməsinin də tanığı olduq. Belə ki, Ürəkdaşı “Sucan şeirim olsun” yazıb. Bəllidir ki, Yer kürəsinin dörddə üç hissəsi sudan ibarətdir və Suyun ömrü tükənməzdir. Hər canlının vücudunun çox hissəsi sudur. Su, poetik dillə desək damcılar zənciridir, həm də. Şair suyun tibbi, fəlsəfi, milli-mənəvi, təbii, coğrafi, poetik dəyərlərinin hamısını kiçik bir şeirin içində cəm etməyi bacarıb. “Sözün yeri dar, fikrin yeri geniş” prinsipinə o, bütün şeirlərində riayət etməkdədir.

“Od” ünsürü kitabdakı çox şeirlərdə ehtiva olunub ki, onlardan birini yuxarıda qeyd etdik artıq. Od və odpərəstlik Azərbaycan türklərinin tarixi gələnəklərindən qaynaqlanır. VII yüzildə biz Azərbaycan türkləri İslam dinini ən mütərəqqi və son dünyəvi din olaraq qəbul etsək də, milli-mənəvi dəyərlərimizdə oda tapınmaq, sayğı, qayğı hələ də qalmaqdadır. Bu da Ürəkdaşının şeirlərində özünü ara-sıra göstərməkdədir.

“Ürək daşı”nın təqdimat və imza törənində məndə belə bir təəssürat yarandı ki, Əkbər Qoşalı adlı simanı ən gözəl xarakterizə edən insanlardan biri Rüstəm Kamal oldu. O, bunu da qeyd etdi ki, “Əkbər Qoşalı ağıllı adamdır. Bəzən çox ağıllı olmaq şairin işinə yaramır”. Dediklərindən belə nəticəyə gəldim ki, ağıllı və ziyalı olduqca daha yaxşı yazmaq qabiliyyətini itirirsən. Məncə, Ürəkdaşının ağıllılığı onun turançı, poetik, fəlsəfi şeirlərinin dəyərini azaltmayıb, əksinə, onlara daha dərin rənglər qatıb, daha böyük fəlsəfi yük əta edib, daha geniş anlam verib. Ürəkdaşının “Ürək daşı”nı başdan-sona oxudum və bu sonuca vardım ki, kitabdakı şeirlər bütöv şeirlərdir. Fikir açılır, poetiklik qazanır, dərk edilir və mövzu bağlanır. Bütövlük arzusunun coğrafi yönümlü anlamı da şairin şeirlərində poetik əks olunmaqdadır. Örnəyi, “Qaytarıb Təbrizi, Qarabağını, uçarsan öz göyün, öz qanadında!” misralarıyla bitən şeirdə olduğu kimi.

Adına Ürək dediyimiz,
günahlar içindədir,
çıxarın qardaşlar,
çıxarın ürəyinizi,
yaralı yerindən taxın nizələrə...

Bu gün bütün Azərbaycan insanının yaralı yeri Qarabağdır, itirilən torpaqlarımız, itkin düşmüş, əsir və girov götürülmüş vətəndaşlarımız, torpaqlarımızın bütövlüyünə nail olmaq yanğımız. Fikrimi Ürəkdaşının bir divanisi ilə bitirmək istəyirəm:

Get, get, ey əli qələmli,
dərdini faş eyləmə,
Hər gələnçün, hər gedənçün gözünü
yaş eyləmə,
Tanrıya bağla qəlbini...
qəlbini daş eyləmə,
Yenə odu, yalnız odu
dərdə dərman eyləyən.

Ürəkdaşının kitabının adı “Ürək daşı” olsa da, o, ürəyində daş olmayanlardandır. Ürəyində Turan sevdası, mərhəmət, Tanrı sevgisi, Vətən eşqi olan-lardandır. O, Azərbaycan ictimai-mədəni həyatında adını və ürəyini təsdiq edən, sevilən Əkbər Qoşalıdır.

14.02.2019

 





17.02.2019    çap et  çap et