525.Az

Şabranda sözün və elmin daha bir təntənəsi


 

RAYON İCTİMAİYYƏTİ GÖRKƏMLİ ALİM MƏMMƏD ƏLİYEVİN 70 İLLİK YUBİLEYİNİ QEYD ETDİ

Şabranda sözün və elmin daha bir təntənəsi<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli ötən ilin sonlarında “525-ci qəzet”də çıxan “Şabranda ədəbi həyat” məqaləsində qeyd edir ki, Azərbaycanda ədəbi-ictimai fikir əsrlər boyu həmişə paytaxtla yanaşı, ayrı-ayrı regionlarda da yaranaraq inkişaf edib, biri digərini tamamlayıb.

Obrazlı şəkildə desək, ictimai-siyasi ideyaların və ədəbiyyatın inkişafında paytaxt dəniz, ümman missiyasını daşıyıb, regionlar isə dənizə axan çayların funksiyasını yerinə yetirib. Regionlardan axan çaylar dənizi təmiz və coşqun bulaq suları ilə zənginləşdirib. Bu mənada regionlar arteriya damarları kimi ümmanları hərəkətə gətirmək vəzifəsini həyata keçirib.

Regionlarsız paytaxt ədəbi mühiti qurumaq təhlükəsi qarşısında qalan bir dənizə bənzər. Eyni zamanda, paytaxt ədəbi-ictimai mühitində gedən proseslər, formalaşan ümumi məktəblər, səslənən çağırışlar regionlardakı ədəbi gedişatı da istiqamətləndirməlidir.

Şabran ədəbi mühiti də paytaxtətrafı mühit sırasından olan şeir-sənət mərkəzlərindən biridir. Bakıdan Şabrana qədər olan yüz kilometrlik məsafə nəqliyyat baxımından da o qədər əlverişlidir ki, rayonun ədəbi qüvvələri asanlıqla paytaxtdakı yaradıcılıq birlikləri, qəzet və jurnal redaksiyaları, nəşriyyatlarla əlaqə saxlamaq, ünsiyyət qurmaq imkanlarına malikdirlər. Artıq neçə illərdir ki, Şabranda klassik şairimiz Xaqaninin adını daşıyan şeir-sənət ocağı ardıcıl olaraq fəaliyyət göstərməklə davam edir. 2016-cı ildə Şabrandakı qaynar ədəbi mühiti, Xızı və Siyəzən rayonlarını da nəzərə alaraq AYB Şabranda özünün bölməsini də yaratmışdır.

Akademik İ.Həbibbəylinin həmin məqaləsində deyildiyi kimi, Şabranda ölkə miqyasında qəbul edilən və Azərbaycan Yazıçılar Birliyinin bölməsinə çevrilən ədəbi mühitin yaranmasının əsas səbəbi rayona rəhbərlik edən şəxsin həm də ciddi bir yaradıcı sima olması ilə əlaqədardır. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzovun bu vaxta qədər çalışdığı rayonlarda sosial-iqtisadi göstəricilərlə yanaşı, maarif, mədəniyyət və mətbuatın da inkişafı sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilib. Onun başçılıq etdiyi rayonlarda yaddaqalan ziyalı mühitinin formalaşması hər zaman diqqət çəkib. Fikrimcə, bu, fərqli bir üslubda çalışan Novruz Novruzovun təkcə işlədiyi rayonda deyil, ölkə miqyasında ədəbiyyat və mədəniyyətin inkişafına özünəməxsus xidmətidir. Bu baxımdan, Şabranda fəaliyyət göstərən “Xaqani” Poeziya evi nəinki rayon və bölgə, eyni zamanda, respublika, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edib.

Növbəti yaddaqalan tədbir Şabran rayonunun Çuxurazəmi İnzibati Ərazi Vahidliyinin Zöhrabkənd kəndində dünya göz açmış görkəmli alim - filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri Məmməd Əliyevin 70 illik yubileyi oldu. Yubiley tədbirində rayon rəhbərliyi, görkəmli adlı-sanlı qonaqlar, ziyalılar iştirak edirdilər.

Tədbiri açan AYB Şabran rayon bölməsinin rəhbəri, yazıçı-publisist, Aydın Tağıyev tədbir iştirakçılarını salamlayaraq, yubilyara anadan olmasının əlamətdar yubileyi ilə bağlı səmimi təbriklərini çatdırdı.

İnstitutun aparıcı mütəxəssisi filologiya üzrə fəlsəfə doktoru Rasim Nəbioğlu Məmməd Əliyevin həyat və yaradıclığı haqqında geniş məlumat verdi. Qeyd olundu ki, M.Əliyev 1970-ci ildə ADPU-nu əla qiymətlərlə bitirib Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olur. Burada akademik Məmməd Cəfərin rəhbərliyi altında “Azərbaycan xalq şeirinin forma və növləri” mövzusunda araşdırmalara başlayır. Elmi-tədqiqat işini 1976-cı ildə yekunlaşdıran Məhəmməd müəllim dissertasiyanı uğurla müdafiə edib filologiya elmləri namizədi alimlik dərəcəsi alır.

Məmməd Əliyevin şeirimizin heca vəzninin öyrənilməsi ilə bağlı böyük səbr və həvəslə apardığı tədqiqat işinin nəticəsi uğurlu olur: “Azərbaycan şeirinin ritm vasitələri, qafiyənin təşəkkül və inkişafı (türkdilli xalqların poeziyası ilə tarixi-müqayisəli metodlar əsasında)” mövzusunda elmi-tədqiqat əsəri yüksək qiymətləndirilir və buna görə ona 1985-ci ildə filologiya elmləri doktoru elmi dərəcəsi verilir. O dövrdə SSRİ-də ümumtürk şeiri əsasında araşdırmalar, tədqiqatlar aparmaq alimdən böyük cəsarət tələb edirdi. M.İracoğlu bu işin öhdəsindən ləyaqətlə gəldi. Şifahi xalq ədəbiyyatının, habelə Y.Balasaqunlunun “Kutad-qu-biliq” əsərindən başlayaraq müasir Azərbaycan poeziyasının nümunələri alim tərəfindən ümumtürk şeirinin intibahı kimi təqdim və tədqiq edildi.

Professorlar Qəzənfər Paşayev, Cavanşir Qurbanov, Xanlar Qurbanov, Şirindil Alışanlı, Mübariz Əmirov, şair Nəcməddin Mürvətov yubilyara öz ürək sözlərini çatdırmaqla yanaşı, həm də Şabranın ədəbi mühitindən, Məmməd Əliyevin Azərbaycan ədəbiyyatının inkişafındakı rolundan danışdılar. Qeyd edildi ki, 43 il müxtəlif ali məktəblərdə müəllim, baş müəllim, dosent, professor, həm də filial direktoru kimi Məmməd Əliyevin çapdan çıxan elmi əsərlərinin ümumi sayı 70-dən çoxdur. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışan Məmməd Əliyev Əməkdar müəllim adına layiq görülüb. O, həmçinin, “Qızıl qələm” mükafatı laureatıdır. Məmməd müəllim həm də bədii yaradıcılıqla məşğuldur.

“Xaqani” Poeziya evinin direktoru, şair Aybəniz Əliyar Məmməd Əliyevin bu yaxınlarda çapdan çıxmış “Bir yay günü” povesti haqqında fikirlərini iştirakçılarla bölüşdü.

Şabran rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov Məmməd Əliyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, elmi-bədii yaradıcılığında ona yeni uğurlar arzuladı. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin sənətə, ədəbiyyata, elm xadimlərinə, mədəniyyət xadimlərinə verdikləri böyük dəyərdən ətraflı söhbət açan N.Novruzovun çıxışının ardından yubilyara rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və hədiyyəsi təqdim edildi.

Göstərilən diqqətə görə və ünvanına söylənən xoş sözlərə görə minnətdarlığını bildirən Məmməd Əliyev bundan sonra da Azərbaycan elminin inkişafında var qüvvəsilə çalışacağını bildirdi.

Çingiz XALİDOĞLU
“Şabran” qəzetinin baş redaktoru

 





18.02.2019    çap et  çap et