525.Az

Prezident: "Azərbaycanın sənaye potensialı bundan sonra da inkişaf edəcək"


 

"İQTİSADİ UĞURLAR ÖLKƏDƏ GENİŞ SOSİAL İSLAHATLARIN APARILMASINA, ƏHALİNİN SOSİAL RİFAH HALININ YAXŞILAŞDIRILMASI ÜÇÜN MÜVAFİQ TƏDBİRLƏRİN HƏYATA KEÇİRİLMƏSİNƏ ŞƏRAİT YARADIR"

Prezident: "Azərbaycanın sənaye potensialı bundan sonra da inkişaf edəcək"<b style="color:red"></b>

Dünən prezident İlham Əliyevin iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında "SOCAR Polymer" layihəsi çərçivəsində inşa edilən yüksəksıxlıqlı polietilen zavodunun açılışı ölkə sənayesinin inkişafı istiqamətində atılan növbəti uğurlu addım kimi qiymətləndirilir.

Bildirilir ki, "SOCAR Polymer" layihəsi son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk belə layihədir. "SOCAR Polymer" şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan "SOCAR Polymer" zavodlarının təməli qoyulub. 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub.

Hazırda yüksəksıxlıqlı polietilen zavodu da istismara tam hazırdır. İlkin mərhələdə, "SOCAR Polymer" zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksəksıxlıqlı polietilen istehsal edəcək. SOCAR-ın yeni sənaye kompleksi daxili bazarın tələbatını tam ödəyəcək və məhsulun izafi qalan 75 faizini Türkiyə və Avropa bazarlarına ixrac edəcək.

Artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda "Made in Azerbaijan" brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.

Açılış mərasimindən sonra zavodun kollektivi ilə görüşən dövlət başçısı çıxışında bu müəssisədə işləyənlərin mütləq əksəriyyətinin gənclər olmasından şad olduğunu qeyd edib: "Mən sizi ürəkdən salamlayıram və zavodun açılışı münasibətilə ürəkdən təbrik edirəm. Bir neçə il bundan əvvəl bu zavodun təməli qoyuldu. O vaxt burada heç nə yox idi. Vaxtilə burada fəaliyyət göstərmiş müəssisələr sıradan çıxmışdı və yarıdağılmış vəziyyətdə idi. Dövlət tərəfindən bu ərazi nəzarətə götürüldü, böyük təmizlik işləri aparıldı. Ümumiyyətlə, Sumqayıt Kimya Sənaye Parkının ərazisi 500 hektardan çoxdur və bu ərazidə bütün kommunikasiyalar, infrastruktur layihələri icra edildi ki, burada müasir sənaye mərkəzi yaradılsın. Biz buna nail ola bilmişik. Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında "SOCAR Polymer"in əlbəttə ki, xüsusi yeri var".

"Siz - burada çalışan gənclər yaxşı bilirsiniz ki, zavodun istehsal gücü 300 min ton olacaq. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir.

Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz gənclər təlim keçmisiniz, orta əməkhaqqı çox yüksəkdir. Siz buna layiqsiniz. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək", - deyə ölkə rəhbəri əlavə edib.

Prezident qeyd edib ki, yeni iş yerlərinin yaradılması prosesi burada təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır: "Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verilib ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni, bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq. Burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır. Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunun əyani şahidiyik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artıb, bu ilin birinci ayında isə 14 faizə yaxın artıb, o cümlədən, bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaq. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaq və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcək".

Dövlət başçısı vurğulayıb ki, bu zavodun fəaliyyətə başlaması Sumqayıt şəhərinin ümumi inkişafına da böyük töhfədir: "Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir. Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Biz bu sahəyə də çox böyük önəm verirdik. Çünki bilirsiniz ki, sovet vaxtında Sumqayıtda ekoloji vəziyyət o qədər də ürəkaçan deyildi. Sovet məkanında Sumqayıt bu baxımdan geridə qalmış şəhərlərdən biri idi. Bu da təbii idi, çünki o vaxt müasir təmizləyici qurğular mövcud deyildi və burada böyük kimya mərkəzi yaradılmışdı. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir. Bu yaxınlarda 2 saylı şəhər xəstəxanasının təmiri ilə bağlı müvafiq sərəncam verilib. Bu xəstəxanada təxminən 200-ə yaxın çarpayı var. Ondan əvvəl biz 1 saylı xəstəxananın təmirini təmin etdik. Qazlaşdırmanın səviyyəsi təxminən 100 faizdir. Yəni, bir sözlə, belə zavodların fəaliyyətə başlaması şəhərin inkişafına da təkan verir".

Mövzu ilə bağlı fikirlərini bildirən Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədr müavini, millət vəkili Rauf Əliyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən uğurlu siyasət nəticəsində son illərdə Azərbaycan sürətlə inkişaf edərək böyük iqtisadi uğurlar əldə edib. O, "Trend"ə bildirib ki, son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3,3 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrufatı 1,7 dəfə, qeyri-neft ixracı 4,1 dəfə artıb. Azərbaycanın valyuta ehtiyatı 1,8 milyard dollardan 46 milyard dollara çatıb.

Sədr müavini deyib ki, əldə olunan bu iqtisadi uğurlar ölkədə geniş sosial islahatların aparılmasına, əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsinə şərait yaradır: "Ölkədə 2 milyon yeni iş yeri açılıb, əmək haqqı 7 dəfə, pensiyalar 9 dəfə artıb. İşsizlik səviyyəsi 5 faizə, yoxsulluq səviyyəsi 49 faizdən 5,4 faizə endirilib. Son 15 ildə 3 min 200 dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib, 640 tibb müəssisəsi tikilib və yenidən qurulub, bölgələrdə 44 olimpiya mərkəzi yaradılıb".

R.Əliyevin sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və Qarabağ müharibəsinin əlillərinə xüsusi diqqət və qayğı göstərilir: "2018-ci ildə keçirilən prezident seçkilərindəki qələbəsindən sonra prezident tərəfindən imzalanan ilk fərman da buna bariz nümunədir. Şəhid hərbi qulluqçuların ailələrinə 11 000 manat birdəfəlik ödəmənin verilməsini nəzərdə tutan bu fərman bu ailələrin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan ən mühüm atdimlardan biridir. 2019-cu il yanvarın 1-i tarixinə 12 779 şəhid ailəsi, 119 nəfər 20 Yanvar şəhid ailəsi, 11 994 nəfər Qarabağ əlili, 327 nəfər 20 Yanvar hadisələri zamanı əlil olanlar Prezident təqaüdü, 49 692 nəfər Qarabağ müharibəsi veteranı müavinəti ilə təmin olunur. Azərbaycan prezidenti İlham Əliyevin şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə göstərdiyi xüsusi qayğı nəticəsində 2018-ci ildə əvvəlki ilə nisbətən bu kateqoriyadan olan ailələrə 3 dəfə çox, 626 mənzil təqdim olunub. İndiyədək bu kateqoriyadan olan vətəndaşlara 6654 mənzil, 6144 avtomobil verilib. Şəhid ailələrinə, müharibə əlillərinə, Milli Qəhrəmanlara verilən Prezident təqaüdlərinin də məbləği ötən dövürdə mütəmadi olaraq artırılıb. Prezidentin başqa bir fərmanı ilə fevralın 1-dən şəhid ailələri üçün Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün məbləği 242 manatdan artırılaraq 300 manat müəyyən edilib".

Deputat qeyd edib ki, dövlət başçısının müvafiq sərəncamı ilə bu ilin mart ayının 1-dən minimum əmək haqqının 38,5 faiz (50 manat) artırılaraq 180 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən müəssisə və təşkilatlarda, eləcə də özəl sektorda çalışan azı 600 min işçinin əmək haqqının artırılmasına imkan verəcək: "Minimum əmək haqqının artırılması üçün dövlət büdcəsindən illik 400 milyon manat, 2019-cu ilin 10 ayı üçün (mart-dekabr) 335 milyon manatadək əlavə vəsait ayrılacaq. Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Milli Elimlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" 14 fevral 2019-cu il tarixli sərəncamı, "Azərbaycan Respublikasının ali məktəbləri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" 2001-ci il 3 sentyabr tarixli fərmanında dəyişiklik edilməsi ilə bağlı 14 fevral 2019-cu il tarixli fərmanı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin, Azərbaycan Milli Elimlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri orta hesabla 20 faiz artırılır. Bu da 600-ə yaxın doktorantı və 110 mindən artıq tələbəni əhatə edir. Bu yaxınlarda əmək pensiyalarının minimum məbləğinin 116 manatdan 160 manatadək artırılması da nəzərdə tutulur. Bu da təxminən 38 faiz artım deməkdir. Bu artımdan 233 min əmək pensiyaçısı yararlanacaq. Bu artımın maliyyələşməsi üçün ildə dövlət büdcəsindən 49 milyon manat vəsait ayrılacaq".

R.Əliyev əlavə edib ki, əhalinin müxtəlif təbəqələrinin sosial-rifah halının daha da yaxşılaşdırılmasını təmin edən son fərman və sərəncamlar bir daha göstərir ki, prezidentin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun sosial-rifah halının durmadan yüksəldilməsi dayanır: "Bu siyasət bundan sonra da uğurla davam etdiriləcək".

C.ABASOV

 





19.02.2019    çap et  çap et