525.Az

Ermənistan hökumətinin fəaliyyət proqramı sərt tənqid olunur


 

BU, ÖLKƏNİN ƏSAS PROBLEMLƏRİNİN HƏLLİ ÜÇÜN MEXANİZMLƏRİN ƏKS OLUNMADIĞI EMOSİYALARDAN İBARƏT SƏNƏDDİR

Ermənistan hökumətinin fəaliyyət proqramı sərt tənqid olunur<b style="color:red"></b>

Ermənistan parlamenti tərəfindən ötən həftə hökumətin fəaliyyət proqramı təsdiq edilsə də, bununla bağlı tənqidlər səngimək bilmir. Əslində, proqramın parlamentdə qəbul ediləcəyi gözlənilən idi. Çünki baş nazir Nikol Paşinyanın "Mənim addımım" fraksiyası qanunverici orqanda çoxluq təşkil edir.

Ermənistan mətbuatının yazdığına görə, Paşinyan hələ parlament müzakirələrindən əvvəl "Mənim addımım" blokunun deputatlarına hökumətin proqramının parlamentdəki müzakirələrində fəal iştirak etməyi tapşırıb. Hətta deputatlar üçün hökumət aparatında çıxış mətnləri yazılıb. Paşinyan fraksiyanın qapalı iclasında komanda üzvlərini fəal olmağa və iclas zalında "telefonla oynamamağı" tapşırıb. Hətta baş nazir bəzi şəxslərə sualları özü verib. Bu isə belə şərh olunur ki, "Mənim addımım" blokunun deputatlarının əksəriyyəti təcrübəlidirlər, buna görə də vacib məsələlərlə bağlı onlar öncədən təlimatlandırılır.

Hökumət proqramının lehinə 82, əleyhinə 37 deputat səs verib. Bu deputatlar "İşıqlı Ermənistan" və "Çiçəklənən Ermənistan" partiyalarını təmsil edirlər.

Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov hökumətin proqramının müzakirəsinin "Oscar" mükafatının təqdimat mərasimini xatırlatdığını bildirib. O vurğulayıb ki, elan edilmiş iqtisadi inqilab, son 10 ay ərzində vəd edilən bütün tədbirlər həyata keçirilməlidir: "Ötən on ay Paşinyanın başçılığı altında yeni hökumətin nəinki öz vədlərini yerinə yetirməməsi, insanların həyatının daha da pisləşməsini başa düşmək üçün kifayətdir". O qeyd edib ki, Paşinyan məsuliyyətini öz çiynindən atmağa çalışır: "Paşinyan təxminən bir ildir ki, milyardların xalqdan oğurlanmasını deyir. Əgər bu məbləğlər həqiqətən mövcud idisə, niyə sizin həyatınız yaxşılaşmır? Yalnız bir nəticə var - ya soyğun yox idi, ya da indi daha böyük soyğun başlayıb, çünki insanların həyatı hər gün pisləşir. Özünüz mühakimə edin".

Proqramı "İşıqlı Ermənistan" partiyasının fraksiya katibi Qevorq Qorqisyan da sərt tənqid edib. O bildirib ki, hökumətin proqramında emosiyalardan başqa konkret heç nə yoxdur. Erməni deputat deyib ki, baş nazir vəzifəli şəxslərin davranış modelini dəyişdirməyin vacib olduğunu təsdiqləyir.  "Lakin siz Karen Karapetyanın kabinetinin analoquna yaxın bir layihə təqdim etmisiniz. Ötən il siz bu proqramı sərt tənqid edib, onu "tost" adlandırırdınız. Əvvəl super baş nazirlik institunun ləğvinin zəruriliyindən danışırdınız, ancaq indi bunu təxirə salırsınız", - deyə Qorqisyan Paşinyana müraciət edib. O, Milli Təhlükəsizlik xidməti ilə Dövlət Gəlirləri komitəsinin birbaşa hökumətə tabe olduğunu bildirib. Eyni zamanda, Diaspor nazirliyi ləğv edilir və baş nazirin yanında səlahiyyətli orqan yaradılır, bu da super baş nazir sisteminin dərinləşməsidir. Q.Qorqisyan əlavə edib ki, proqramda yalnız 11 rəqəmsal göstərici var, "mütləq" ifadəsi ilə 95 dəfə, "zəruri" sözü ilə 33 dəfə qarşılaşırsan: "Bir ildən sonra soruşsaq,  nə yerinə yetirilib?, cavab verəcəksiniz ki, mütləq iki ildən sonra, yenə də "mütləq", beş ildən sonra isə "indi seçkilərdir, xalq tərəfindən qərar veriləcək", deyiləcək. Çıxışlardan və təqdim olunan proqramdan bu nəticəyə gəlmək olar: hər şey məsuliyyətdən qaçmaq üçün edilib".

Müstəqil ekspert Armen Badalyan isə düşünür ki, Ermənistanın mövcud hökuməti ölkənin inkişafı üçün gündəliyə malik deyildir və təqdim olunan proqram yalnız dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair metodlar toplantısıdır. O deyib ki, baş nazir Nikol Paşinyan reytinqinin qorunması üçün tərəfdarlarının daha çox səfərbər edilməsinə ehtiyac duyur. Badalyanın sözlərinə görə, reytinqin qorunması üçün ölkənin siyasi və sosial-iqtisadi inkişafının gündəminə ehtiyac var: "Hazırkı hökumət inkişaf gündəliyinə malik deyil və təqdim olunan proqram ölkədə idarəetmənin təkmilləşdirilməsi üçün yalnız metodlar toplusudur. Və bu şəraitdə hakimiyyət şərti rəqib seçib və onlara zərbə vurmaq qərarına gəldi". Ekspertin fikrincə, bu məqsədlə hökumətin proqramının müəlliflərinin səhvlərini dəqiq və düzgün göstərən "İşıqlı Ermənistan" fraksiyası seçilib. Amma bunu müzakirə etmək əvəzinə, "Mənim addımım" bloku respublikaçıların sevimli metodunu seçdilər - parlamentdə kəmiyyət üstünlüyündən istifadə edərək mənəvi və psixoloji təzyiqlər göstərmək. "Ermənistanda bundan əvvəlki çağırışda Respublika partiyası parlamentində mütləq əksəriyyəti təşkil edirdi və onlar müxalifətin tənqidini tamamilə hesaba almırdılar. Düşünürdülər ki, hər şey onların əlindədir, istədiklərini edə bilərlər. Təəssüflər olsun ki, bugünkü parlamentin əksəriyyəti bənzər bir taktika seçib".

Badalyanın sözlərinə görə, "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" parlament fraksiyaları müxtəlif səbəblərdən, o cümlədən, deputat saylarının azlığına görə Paşinyan fraksiyasına effektiv təsir göstərə bilməyəcəklər. Hakimiyyət müxalifətin təşəbbüsləri və təkliflərini yalnız onların üçün əhəmiyyətli olmayan məsələlərdə qarşılayacaq.

Qeyd edək ki, Ermənistan parlamentində hökumətin proqramının müzakirələri zamanı "İşıqlı Ermənistan" fraksiyasının üzvləri sənəddə rəqəmlər və göstəricilərin olmadığını, ölkə qarşısında duran əsas vəzifələrin həlli üçün model və mexanizmlərin əks etdirmədiyini bildiriblər. Fraksiyanın rəhbəri Edmon Marukyan hakimiyyətin parlament blokunu dözümsüzlük göstərməkdə ittiham edib.

Bundan sonra isə Marukyan Paşinyan blokunun deputatlarının təzyiqləri ilə üzləşib.

Ermənistanda dəyişən heç nə yoxdur. Paşinyanın həyata keçirdiyi və islahat adlandırdığı heç nə uğur qazanmır, dəstək almır. İş o yerə çatıb ki, hətta real müxalifət sayılmayan "Çiçəklənən Ermənistan" və "İşıqlı Ermənistan" partiyalarının parlament fraksiyalarının deputatları Paşinyanın "islahatlarına" qarşı çıxır, onun rəhbərlik etdiyi hökumətin hazırladığı proqramı sərt tənqid edirlər. Bu, əslində, proqramın nə dərəcədə zəif hazırlandığını, sosial-iqtisadi böhran içində boğulan ölkənin vəziyyətdən çıxış yolunu əks etdirmədiyinin daha bir sübutudur.

Erməni xalqı isə sanki hələ gözləmə mövqeyindədir. Paşinyanın verdiyi vədləri yerinə yetirmədiyini, ötən müddət ərzində müsbətə doğru heç nəyin dəyişmədiyini, əksinə, bahalaşmanın, sosial vəziyyətin ağırlaşdığını görürlər. Paşinyanın səriştəsiz komandası ilə vəziyyətin daha da pisləşəcəyini proqnoz etmək çətin deyil. Bir sözlə, Paşinyan meydandakı populizmi ilə hökuməti idarə etməkdə hələ ki davam edir. Amma onun sadəcə populizmdən ibarət idarəçiliyinin Ermənistanda nəyə gətirib çıxaracağının yaxın zamanda şahidi olacağıq.

PƏRVANƏ

 





19.02.2019    çap et  çap et