525.Az

Eldar İbrahimov: "Bəzən dövlətlər, az qala, sosial şəbəkələr üzərindən idarə olunur"


 

Eldar İbrahimov: "Bəzən dövlətlər, az qala, sosial şəbəkələr üzərindən idarə olunur"<b style="color:red"></b>

"525"in müxbirinin suallarını Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov cavablandırır. 

- Son günlərin, son ayların ən çox müzakirə predmetinə çevrilən məsələlərindən biri də sosial şəbəkələr məsələsidir. Bununla bağlı həm mediada, həm parlamentdə, həm də elə sosial şəbəklərin özündə ciddi müzakirələr, mübahisələr, qarşılıqlı itihamlar özünə yer alır. Hətta, radikal təkliflər də səsləndirənlər var ki, sosial şəbəkələr bağlansın, qapadılsın. Bu, ölkəmizə, onun imicinə nə verə bilər, Azərbaycanı yenidən hədəfə çevirməz ki?

- Bu suala cavab verməzdən öncə bir neçə məqama diqqət çəkmək və ölkəmizin mövcud durumunun qısa mənzərəsini ortaya qoymaq istərdim. Çünki bu məsələləri dilə gətirmədən, dediyiniz məqamlara tam aydınlıq gətirmək mümkün olmaz. Əvvəla onu deyim ki, Azərbaycan prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmiz bütün sahələrdə uğurlar qazanıb. Bunun nəticəsidir ki, regionun lider dövləti olan Azərbaycan istər daxili sabitliyinə, istərsə də beynəlxalq nüfuzuna görə seçilir. Ölkəmizdə vətəndaşların rifah halının yaxşılaşması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də davamlı tədbirlər görülür. Atılan addımlar və sosial sahədə ardıcıl şəkildə həyata keçirilən layihələr isə onu göstərir ki, Azərbaycan hökuməti əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün güclü maliyyə imkanlarına və islahatları dərinləşdirmək iradəsinə malikdir. Hər bir ölkə məhz sabitlik və təhlükəsizlik şəraitində iqtisadi potensialından səmərəli şəkildə istifadə edə və insanların rifah halının yaxşılaşması üçün davamlı tədbirlər həyata keçirə bilər. Bu mənada, müstəqil Azərbaycan özünün dinamik inkişafını məhz sabitlik və təhlükəsizlik şəraitində təmin edir. Son 15-16 ildə də respublikamızda iqtisadi məsələlərə xüsusi diqqət yetirilib, neft gəlirlərindən səmərəli istifadə etməklə ölkənin iqtisadi potensialının artırılmasına yönələn məqsədyönlü siyasət həyata keçirilib, bütövlükdə milli iqtisadiyyatın və onun ayrı-ayrı sektorlarının inkişafını təmin etmək məqsədilə genişmiqyaslı islahatlar aparılıb, Dövlət proqramları, strateji yol xəritələri qəbul edilib. Ötən illər ərzində dünya miqyasında iqtisadi baxımdan Azərbaycan kimi dinamik inkişaf edən ölkələrin sayı az olub. Son 15 ildə milli iqtisadiyyatımız 3 dəfədən çox artıb ki, bu da kifayət qədər yaxşı göstəricidir.

Hazırda respublikamız Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olan dövlətdir. Azərbaycanın qısa müddətdə öz investisiyalarını ixrac edən ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır. Azərbaycanın qazandığı uğurların fonunda müəyyən beynəlxalq dairələr, antiazərbaycançı mərkəzlər və erməni lobbisi çox ciddi narahatlıq keçirir. Ona görə də vaxtaşırı olaraq bəzi qurumlar tərəfindən qərəzli qətnamələr qəbul olunur, erməni lobbisinin təsirində olan avropalı siyasətçilər ölkəmizin əleyhinə bəyanatlar verirlər. Bütün bunlar da məqsədli şəkildə həyata keçirilir ki, ölkəmizin artan beynəlxalq nüfuzuna zərbə vurulsun, dünya dövlətləri Azərbaycana etimad etməsinlər. Amma hər zaman belə planlar iflasa uğrayıb. Son vaxtlar yenə də həmin qüvvələr fəallaşmağa başlayıblar. Amma hər zaman olduğu kimi, bu dəfə də məqsədlərinə çata bilməyəcəklər. Ölkəmizin əldə etdiyi iqtisadi-siyasi nailiyyətlər, Azərbaycanda güclü xalq-hakimiyyət birliyinin formalaşması və bir vəhdət təşkil etməsi, eləcə də Qarabağ münaqişəsinin həlli prosesində əldə olunan hüquqi, hərbi üstünlüklər antiazərbaycançı, ermənipərəst dairələri həddindən çox narahat edir və onlar məhz radikal ünsürlər vasitəsilə ölkəmizdəki siyasi sabitliyi pozmağa cəhd göstərirlər. Bu prosesdə sosial şəbəkələrin imkanlarından geniş və zərərli şəkildə istifadə olunur...

- Sosial şəbəkələrin heçmi müsbət tərəfləri, cəhətləri yoxdur?

- Hər bir yeniliyin həm müsbət və həm də mənfi tərəfləri olur. Baxır, kim bundan necə istifadə edir. Atom enerjisindən istifadə edərək elektrik stansiyaları yaratmaqla Yer kürəsini gülüstana, atom bombası yaradıb istifadə etməklə xarabalığa çevirmək olar. Sosial şəbəkələrin də təbii ki, üstünlükləri çoxdur. Heç kim, heç birimiz bunu inkar etmirik. Bəzən ölkələr, dövlətlər, az qala, sosial şəbəkələr - Feysbuk, Tvitter üzərindən idarə olunur. Bir çox dövlət və hökumət başçıları bu şəbəkələrdən, hesablardan çox ciddi şəkildə yaralanırlar. Məsələn, ABŞ prezidenti Donald Tramp demək olar ki, bütün vacib qərarlarını, mesajlarını məhz Tvitter hesabı vasitəsilə çatdırır. Yəni demək istəyirəm ki, sosial şəbəkələrin müsbət tərəfləri çoxdur. Amma bununla belə, sosial şəbəkələrin müsbət cəhətləri çox olsa da, təəssüf ki, ondan heç də xoş olmayan məqsədlər üçün də istifadə olunur. Belə ki, ölkəmiz haqqında yalan məlumatlar yayılır, insanların şərəf və ləyaqəti təhqir olunur, dövlət adamlarına şər atılır və s. Hesab edirəm ki, bütün bunlar yolverilməzdir. Azərbaycan cəmiyyəti haqlı olaraq belə hallara qarşı kəskin etirazını bildirir. Ona görə də müvafiq orqanlar belə halların qarşısını almaq üçün lazımi ölçülər götürməlidir. Xüsusilə, bununla bağlı qanunlarımız sərtləşdirilməli, bu qanunu pozanlar cəzalandırılmalıdırlar. Qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə yalan yazmaqla insanları aldatmaq mümkün deyil. Xalqın gözü tərəzidir və prezidentimiz İlham Əliyevin Azərbaycanın daha da güclənməsi istiqamətində gördüyü işlər vətəndaşlar tərəfindən birmənalı olaraq dəstəklənir. Ona görə də heç bir qüvvə ölkəmizdə vətəndaş həmrəyliyini, xalq-iqtidar birliyini sarsıda bilməz. Şübhəsiz ki, Prezident İlham Əliyev xalqımızın dəstəyi ilə bundan sonra Azərbaycana daha böyük uğurlar qazandırmaqda davam edəcək...

- Eldar müəllim, istərdik söhbətimizi qanun yaradıcılığı istiqamətinə də yönəldək. Yaz sessiyasının başlanması ilə bağlı komitənizin ilk iclasında gündəlikdə bir neçə qanun layihəsinin olduğunu bildirmişdiniz ki, onlardan biri də qida təhlükəsizliyi ilə bağlı idi. Belə bir qanuna zərurət nədən yaranıb?

- Hesab edirəm ki, belə bir qanun layihəsinin qəbuluna doğrudan da ehtiyac var. Çünki bu gün dünyada ən vacib, ən qlobal məsələlərdən biri ərzaq və qida təhlükəsizliyidir. Bunları təmin etmədən ölkələrin tam təhlükəsizliyindən, onların gələcək inkişafından söhbət gedə bilməz. O ölkələr, o cəmiyyətlər sözün əsl mənasında inkişaf yolu ilə gedə və öz ayaqları üstə addımlaya bilər və biləcəklər ki, məhz özlərinin ərzaq və qida təhlükəzliklərini tam təmin etmiş olsunlar. Bunlar milli təhlükəsizlik məsələsi kimi vacib bir məsələdir. Bu məsələdə ehtiyatsızlıq, düşünülməmiş qərarlar vermək və addımlar atmaq ciddi fəsadlara gətirib çıxara bilər. Bu gün qaynar qazan kimi qaynayan dünyamızda, yerləşdiyimiz coğrafiyada, məskunlaşdığımız bölgədə yaşananlara, baş verənlərə diqqət yetirək. Hərbi, siyasi, iqtisadi kataklizmlər, qarşıdurmalar, müharibələr, terraktlar, bunların nəticəsində minlərlə, onminlərlə, yüzminlərlə insanın qətlə yetirilməsi, ölkələrin, şəhərlərin, kənd və qəsəbələrin xarabalıqlara çevrilməsi, milyonların Avropa qapılarında miqranta çevrilməsi, onların aşağılanması, aclıq, yoxsulluq, səfalət, qida, dərman çatışmazlığı və sair hallar gözlərimiz önündə baş verir və yaşanır. Başabəla "Ərəb baharı" inqilabının qanlı ssenariləri, Liviyada, Yəməndə, Suriyada, ondan əvvəl isə Somalidə, Əfqanıstanda, İraqda yaşananlar hamısı dəhşətli mənzərələrdir, insanlıq dramlarıdır. Özünüz də görürsünüz ki, bir çox Afrika ölkələrində, xüsusilə də, Somalidə, o cümlədən, son illər xarabazara çevrilən, böyük güclərin savaş, eksperiment meydanına çevrilən Yəməndə insanlar aclıqdan, səfalətdən, ərzaq, su, dərman çatışmazlığından hansı əziyyətlər çəkir, oralarda nə dəhşətlər yaşanır. Həmçinin, ekologiyanın korlanması, zəhərlənməsi hansı fəsadlara, xəstəliklərə gətirib çıxarır. Həm də bəzi qaranlıq mərkəzlər tərəfindən xalqların, dövlətlərin məhv edilməsi, onların ələ və sözəbaxan, üçüncü dünya dövlətlərinə - "banan respublikaları"na çevrilməsi üçün geni dəyişdirilmiş, mənşəyi məlum olmayan ərzaq, qida məhsulları dövriyyə buraxılır, istehsal, ixrac edilir. Bunlar da xalqlara, dövlətlərə qarşı böyük güc mərkəzləri tərəfindən aparılan savaşın bir tərkib hissəsi və deyərdim ki, daha təhlükəli və qorxulu hissəsidir. Silahla, müharibə ilə, terraktla istəklərinə nail ola bilməyəndə məhz bunlar vasitəsilə öz məqsədlərinə çatmaq daha asan və daha rahat olur. Odur ki, belə təhlükələrdən, belə risklərdən qorunmaq üçün həm ərzaq, həm də qida təhlükəsizliyi ən vacib və ən prioritet məsələ olmalıdır. Çox sevindirici haldır ki, Azərbaycanda da dövlət və hökümət rəhbərliyi səviyyəsində bu istiqamətdə addımlar atılmaqdadır. Bu gün Azərbaycan özünü bir çox ərzaq məhsulları ilə tam təmin etməkdədir. Ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyət göstərməsi və öz əhatə dairəsini genişləndirməsi əhalimizin istehlak etdiyi qidanın təhlükəsizliyinin təmin edilməsinə zəmanət verir. Ölkədə yerli emal müəssisələri, zavod və fabriklər işə düşməklə insanlarımızı öz məhsullarımızla, xüsusilə də, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları ilə təmin etməkdədirlər. Bu gün bazarlarda, ən iri supermarketlərdə artıq geni dəyişdirilmiş məhsullara rast gəlinmir, əksəriyyət öz yerli məhsullarımızdır. Amma bunlar heç də arxayınçılığa, durub sakitcə dayanmağa əsas vermir və verməməlidir. Bu istiqamətdə növbəti addımlar atılmalıdır.

- Bununla yanaşı, komitənizin gündəmində olan məsələlərdən biri "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsidir ki, bunun da ərtafında iki ildən artıqdır müzakirələr gedir...

- Əgər "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun layihəsi müzakirələrə çıxarılaraq, qəbul edilərsə, müsbətə doğru addım atılmış olar, sahibkarlar, fermerlər bundan yararlanarlar. Düzdür, belə bir qanun 2002-ci ildə qəbul olunub və bu gün də qüvvədədir. Lakin müasir dövrün tələblərinə cavab vermir və onun əsaslı surətdə təkmilləşməsinə ehtiyac vardır. Onu da qeyd etmək lazımdır ki, bu qanun maliyyə tutumu çox olan qanunlardan hesab olunur. Belə ki, ölkəmizdə subasma hadisəsi baş verir, dolu düşür, sel, daşqın yaşanır və digər neqativ təbiət halları olur. Belə olan halda sahibkarlara dəyən ziyan sığorta şirkətləri tərəfindən ödənilər. Yəni hansısa fövqəladə hadisə ilə bağlı fermerlərə, sahibkarlara ziyan dəyərsə, onlar tezliklə bu ziyandan, zərərdən qurtula, öz işlərini daha yüksək səviyyədə, yüksək templə davam etdirə bilərlər. Ona görə də hesab edirəm ki, yaz sessiyasında belə bir qanun layihəsinin müzakirələrə çıxarılması və qəbulu çox məqsədəmüvafiq olardı.

Kamil HƏMZƏOĞLU

 





19.02.2019    çap et  çap et