525.Az

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri İlahiyyat İnstitutunda


 

TRT-nin Bakı təmsilçiliyinin rəhbəri İlahiyyat İnstitutunda<b style="color:red"></b>

Türkiyənin TRT televiziyasının Bakı təmsilçiliyinin rəhbəri Murat Akkoç Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) olub.

Aİİ-nin rektoru Ceyhun Məmmədov hazırda Azərbaycanla-Türkiyə arasında siyasi, iqtisadi əlaqələrin, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. İnstitut haqqında ətraflı məlumat verən rektor Aİİ-nin beynəlxalq əlaqələrin qurulmasına xüsusi əhəmiyyət verdiyini bildirib. O qeyd edib ki, İnstitutda tədrisin keyfiyyətinin müasir tələblər səviyyəsində qurulması məqsədilə Türkiyənin ali təhsil müəssisələrinin təcrübəsindən yararlanmaq, universitetlərarası əlaqələri genişləndirmək üçün sözügedən ölkəyə səfər təşkil olunub, həmçinin Marmara, "29 Mayıs" və Ankara universitetləri ilə əməkdaşlıq protokolları imzalanıb.

M.Akkoç iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. Həmçinin, Azərbaycanda görülən işlərdən və bu fəaliyyətin hər iki dövlət üçün əhəmiyyətindən danışaraq, Türkiyə - Azərbaycan qardaşlığı və dostluğunun əbədi olduğunu vurğulayıb. Azərbaycana ilk gəlişinin 1993-cü ilə təsadüf etdiyini bildirən qonaq ölkəmizin bu illər ərzində yüksələn xətlə inkişafından söhbət açıb.

M.Akkoç, həmçinin, hər iki dövlətin mətbuat orqanları arasındakı münasibətlərdən, Azərbaycanın haqq səsinin TRT televiziyası vasitəsilə dünya ictimaiyyətinə çatdırılmasından bəhs edib. Qonaq bildirib ki, 20 Yanvar hadisələrinin 29-cu ildönümündə TRT kanalları ənənəsinə sadıq qalaraq, Azərbaycan xalqının bu acısını, eyni zamanda, qürur gününü bütün dünyaya yayımladı.

Daha sonra qonaq İnstitutun kitabxanasını ziyarət edib. Kitabxana fondunun zənginliyindən heyranlığını bildirən M.Akkoç Azərbaycanda belə bir ali təhsil müəssisəsinin yaradılmasından məmnunluğunu ifadə edib.

Görüşdə birgə layihələrin həyata keçirilməsi, İnstitut haqqında televiziya proqramının hazırlanması qərara alınıb.

S.QARAYEVA

 





19.02.2019    çap et  çap et