525.Az

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsində 159 şagird iştirak edib


 

"Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsində 159 şagird iştirak edib<b style="color:red"></b>

Bakıda "Ədəbiyyat biliciləri" müsabiqəsinin şəhər mərhələsi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ictimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, müsabiqənin şəhər mərhələsində Bakı şəhərinin 12 inzibati rayonu üzrə ümumtəhsil məktəblərindən 159 şagird iştirak edib. Onlardan 74-ü VIII-IX, 85-i isə X-XI sinif şagirdləri olub.

Müsabiqənin şəhər mərhələsində iştirak edən şagirdlərin oxuduqları sinif fərqi nəzərə alınmaqla, onlara Azərbaycan və dünya ədəbiyyatı haqqında biliklərinin aşkara çıxarılması, oxuduqları bədii əsərlərin ictimai mahiyyəti, insanların mənəvi tərbiyəsində rolu və ədəbiyyat tarixində yeri ilə bağlı məsələlərin hansı səviyyədə dərk olunmasını əhatə edən 2 variant üzrə açıq suallar verilib.

Şəhər mərhələsinin qalibləri müsabiqənin ölkə mərhələsində iştirak etmək hüququ qazanacaqlar. Ölkə mərhələsində şagirdlər onlara təklif olunmuş mövzulardan birini seçərək inşa yazacaq və 10 sualı yazılı cavablandıracaqlar. İnşa yazı 10 ballıq şkala üzrə, 10 sualın hər biri isə maksimum 10 balla qiymətləndiriləcək. İştirakçıların yekun balı hər iki tapşırığa verilən ballar əsasında müəyyən olunacaq.

Müsabiqədə I, II, III yerlərə layiq görülmüş iştirakçılar mükafatlandırılacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov paytaxtdakı 276 nömrəli tam orta məktəbdə müsabiqənin gedişini izləyib.

Qeyd edək ki, "Ədəbiyyat biliciləri" müsabiqəsinin keçirilməsinin əsas məqsədi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini artırmaq, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarıb rəğbətləndirməkdən ibarətdir. Təhsil nazirinin əmrinə əsasən təşkil edilən müsabiqə məktəb, rayon (şəhər), ölkə üzrə olmaqla, 3 mərhələdə VIII-XI sinif şagirdləri arasında keçirilir.

S.QARAYEVA

 





19.02.2019    çap et  çap et