525.Az

"Dəyişikliklər bu il imtahan verəcək abituriyentlərə şamil olunmayacaq"


 

"Dəyişikliklər bu il imtahan verəcək abituriyentlərə şamil olunmayacaq"<b style="color:red"></b>

Nazirlər Kabinetinin qərarı ilə "Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) təsnifatı" təsdiq olunub.
 
Təsnifatın yenilənməsində əsas məqsəd beynəlxalq təcrübəyə və müasir əmək bazarının tələblərinə uyğun yeni məzmunlu təhsil proqramlarının hazırlanması və ali təhsil müəssisələrində tətbiqindən ibarətdir.

Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyevin sözlərinə görə, qərara əsasən, əvvəlki təsnifatda mövcud olan 175 ixtisasın sayı 148-ə qədər azaldılıb. İxtisaslardan 18-nin adında dəyişiklik edilib, 70-ə yaxın ixtisas birləşdirilib və ya çıxarılıb, 46 yeni ixtisas yaradılıb. Bir sıra ixtisasların adları Avropa universitetlərinin təcrübəsinə uyğun müasirləşdirilib. Bəzi ixtisasların adlarında dəyişiklik olmasa da, onların təhsil proqramlarının məzmununun təkmilləşdirilməsi nəzərdə tutulur. Tvinninq layihəsi çərçivəsində 15 ixtisasın tamamilə yeni məzmunlu təhsil proqramının hazırlanması planlaşdırılır. Qərara əsasən, dar ixtisaslaşmanı əhatə edən bir neçə uyğun ixtisas birləşdirilib, müasir tələbata uyğun olmayan ixtisaslar təsnifatdan çıxarılıb. Əmək bazarının tələbatına uyğun bir sıra yeni ixtisaslar təsnifata əlavə edilib. Yeni ixtisaslar dünyada qəbul olmuş standartlara uyğundur.  Y.Piriyev bildirib ki, ixtisasların təsnifatı hazırlanarkən beynəlxalq təcrübə əsas götürülüb: "Yeni təsnifat hazırlananda əmək bazarının tələblərini də nəzərə almışıq. Texnika və texnologiya 11 aydan bir yenilənir. Amma bu qrupda elə ixtisaslar var idi ki, onlar əmək bazarının tələblərinə uyğun deyildi. 175 mövcud ixtisasın sayı 148-ə endirilib. 70-ə yaxın ixtisas birləşdirilib və ya təsnifatdan çıxarılıb. 46 yeni ixtisas yaradılıb. Adlarında dəyişiklik edilməyən ixtisasların isə tədris proqramında köklü dəyişiklərin edilməsi nəzərdə tutulub".

Y.Piriyevin dediyinə görə, təhsil ixtisasları qrupunda 22 ixtisasdan biri (rəqs müəllimliyi) çıxarılıb, 2 ixtisasın adında isə dəyişiklik edilib. Hazırda bu qrupda 21 ixtisas var. Humanitar və sosial ixtisaslar qrupunda 17 ixtisasdan biri (antropologiya) çıxarılıb, 2 ixtisas (kitabşünaslıq və kitabxanaçılıq və informasiya) isə bir ad altında birləşdirilib, islamşünaslıq adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 15 ixtisas var. Mədəniyyət və incəsənət ixtisasları qrupunda olan 21 ixtisasdan 8-i müxtəlif sahələri əhatə etdiyindən və bəzi hallarda həmin sahənin adı ixtisasın adı kimi təsnifatda qeyd olunduğundan (məsələn, solo oxuma, estrada sənəti, kinoşünaslıq, teatrşünaslıq və s.) bu ixtisaslar bir ad altında birləşdirilib, onlara "sahələr üzrə" sözləri əlavə edilib. Hazırda bu qrupda 18 ixtisas var. İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 12 ixtisasdan 4-ü digər uyğun ixtisaslarla eyni məzmun təşkil etdiyindən (məsələn, dünya iqtisadiyyatı, iqtisadiyyat, biznesin idarə edilməsi və kommersiya) onlar birləşdirilib və beynəlxalq təcrübəyə uyğun ad qoyulub. Mühasibat uçotu və audit ixtisasının adı mühasibat olub, beynəlxalq ticarət və logistika adlı tamamilə yeni ixtisas əlavə edilib. Hazırda bu qrupda 10 ixtisas var. Təbiət ixtisasları qrupunda ixtisasların adları məqsədəuyğun olduğundan burada heç bir dəyişiklik edilməyib, yalnız biotexnologiya adlı yeni ixtisas əlavə olunub. Hazırda bu qrupda 11 ixtisas var. Texniki və texnoloji ixtisaslar qrupunda əsaslı dəyişikliklər edilib. Belə ki, məzmunca eynilik təşkil edən bəzi ixtisaslar birləşdirilib və daha müasir adlandırılıb, bəziləri dar ixtisaslaşmanı əhatə etdiyindən təsnifatdan çıxarılıb. Beləliklə, 29 ixtisas ləğv edilərək, 10 yeni adlı ixtisas yaradılıb, 8 ixtisasın adı dəyişdirilib. 59 ixtisasın sayı 40-a qədər azaldılıb.

Kənd təsərrüfatı ixtisasları qrupunda 12 ixtisasdan 4-nün adı dəyişib, 2-si (aqromühəndislik digər qrupa keçirilib, zootexnik) çıxarılıb və 1 yeni ixtisas (zoomühəndislik) əlavə olunub. Bu qrupda hazırda 11 ixtisas var. Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda da ciddi dəyişikliklər edilib. Qrupda olan 9 ixtisasdan 3-ü (həkim yardımçısı, bədən tərbiyəsi və idman və turizm və otelçilik) çıxarılıb, 1-nin adı dəyişib və 4 yeni ixtisas əlavə olunub. Hazırda qrupda 10 ixtisas var. Xüsusi təyinatlı ixtisaslar qrupunda 10 ixtisasdan 3-nün adı dəyişdirilib, 5-i çıxarılıb (bunlardan 1-i digər qrupa keçirilib), 3 adda tamamilə yeni ixtisas əlavə edilib. Ümumilikdə ixtisasların sayı 8-ə enib.

Y.Piriyev vurğulayıb ki,  "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı"nda edilən dəyişikliklər bu il imtahan verəcək abituriyentlərə şamil olunmayacaq.  Dəyişikliklər 2020-2021-ci tədris ilindən tətbiq olunmağa başlanacaq : "İxtisasların ləğv olunması məzunlara heç bir təsir göstərməyəcək. Onlar yalnız yeni ixtisaslar, yeni təhsil məzmunu əsasında kadr kimi hazırlanacaqlar. Ləğv olunmuş ixtisaslar üzrə təhsil alan tələbələrin akademik borclarının ləğv edilməsi ilə bağlı da heç bir problem olmayacaq".

Onun söylədiyinə görə, tibb təhsilinin əsas təhsili üzrə ixtisaslar qrupunda olan 4 ixtisasın sayı dəyişməsə də, burada 1 ixtisas (tibbi profilaktika) çıxarılıb, 1 ixtisas (ictimai səhiyyə) əlavə olunub, 2 ixtisasın adı dəyişdirilib: "Sosial şəbəkələrdə yazırlar ki, IV ixtisas qrupunda "Müalicə işi" ixtisası ixtisasların siyahısından çıxarılıb və ləğv edilib. Dünyada "Müalicə işi" ixtisası yoxdur, "Tibb" ixtisası adı var. Azərbaycan Tibb Universitetini bitirənlər xaricə təhsil almaq üçün gedəndə də bu ixtisasın adı anlaşılmazlıq yaradırdı. Ona görə də "Müalicə işi" ixtisasının adı dəyişdirilib".

Y.Piriyev  qeyd edib ki, Azərbaycanda mövcud olan "Tibbi profilaktika" ixtisası çox dar çərçivəli idi. Bu ixtisasın dünya təhsil sistemindəki ixtisaslar təsnifatında olmadığını deyən Y.Piriyev həmin ixtisasın "İctimai səhiyyə" ixtisası kimi tanındığını, Azərbaycanda da "Tibbi profilaktika" ixtisasının adının dəyişdirilərək buna uyğunlaşdırıldığını söyləyib.

Y.Piriyev deyib ki, elə ixtisaslar var idi ki, oraya 10 il müddətində heç bir tələbə qəbulu aparılmamışdı. Məsələn, "Həkim yardımçısı". Yeni yaradılan ixtisaslardan biri də "Tibb bacısı işi" ixtisasıdır. Bu ixtisas üzrə kadrlar daha üst səviyyədə hazırlanaraq əməliyyatlar zamanı yardımçı olacaqlar. Onlar bakalavr dərəcəsi alacaqlar".

O əlavə edib ki, magistratura səviyyəsi üzrə ixtisas təsnifatına yenidən baxılacaq və onlar da bakalavriat səviyyəsi üzrə yeni ixtisas təsnifatına uyğunlaşdırılıacaq. Gələn il bu istiqamətdə işlər aparılacaq.

S.QARAYEVA

 





19.02.2019    çap et  çap et