525.Az

Gədəbəydə vətəndaşlara xidmət göstərəcək vahid mərkəz yaradılıb


 

Gədəbəydə vətəndaşlara xidmət göstərəcək vahid mərkəz yaradılıb <b style="color:red"></b>

Yerli icra hakimiyyəti orqanları arasında ilk dəfə olaraq Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən rayon sakinlərinin müxtəlif məsələlərinin həllinə yardımçı olmaq istiqamətində novatorluq sayıla bilən bir addım atılıb. Vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılması məqsədilə rayon icra hakimiyyətinin nəzdində vahid mərkəz yaradılıb.

İctimaiyyət nümayəndələrinin və kütləvi informasiya vasitələri təmsilçilərinin iştirakı ilə mərkəzin iş fəaliyyəti haqqında keçirilən təqdimat zamanı çıxışında Gədəbəy rayonu İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev bildirib ki, ölkə rəhbərinin vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığına, habelə onun vətəndaş məmnunluğunun və şəffaflığın təmin edilməsi üzrə verdiyi bir sıra tövsiyələrə müvafiq olaraq,  vətəndaşların müraciətlərinə baxılması, onların qəbul edilməsi, dinlənilməsi, hər bir müraciətə həssas və operativ münasibət göstərilməsi məqsədilə Gədəbəy Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən xidmətləri asanlaşdırmaq üzrə yenilikçi üsul tətbiq edilməsi qərara alınıb. Təqdimatda qeyd edilib ki, xidmətləri asanlaşdırmaq üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin, Ailə Məcəlləsinin, Şəhərsalma və Tikinti Məcəlləsinin, qanunların və "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin tələblərinə uyğun olaraq, 39 sahə üzrə göstərilən xidmətlərin asanlaşdırılması məqsədilə vahid mərkəz yaradılıb. Mərkəzdə rayon icra hakimiyyəti başçısı aparatında fəaliyyət göstərən hər şöbədən bir nəfər məsul işçi olmaqla, cəmi 7 nəfər daim xidmət göstərəcək. Quraşdırılmış böyük monitorda xidmət sahələrinin adları, həmin sahələrə məsul şöbələr, tələb olunan sənədlərin nümunəsi, sənədin icra müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada xidmət sahələrinin hər biri telefon və kompüter dəsti ilə təchiz edilərək, internetə çıxışı təmin olunub. Xidmət göstərən məsul işçilər quraşdırılmış böyük monitorda vətəndaşa izah etmək, sənəd nümunələrini göstərmək imkanına malikdirlər.

Yeni yaradılan mərkəzdə sənədlərin qəbulu və verilməsi, memarlıq və tikinti, hüquq, sosial-iqtisadi, humanitar, inzibati ərazi dairələri üzrə nümayəndəliklər və bələdiyyələr, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi məsələləri ilə bağlı xidmətlər göstərilir. Bununla da sənədlərin aşkarlıq şəraitində qəbul edilməsi, vaxt itkisinin, süründürməçilik və korrupsiya hallarının qarşısının alınması, həmçinin, vətəndaşın eyni vaxtda vahid məkanda rayon icra hakimiyyətinin bütün struktur bölmələri ilə ünsiyyətdə olması təmin edilir.

Rayon sakinlərinin problemlərinin operativ reaksiya verilməsi üçün mərkəzin "qaynar xətt"i  də yaradılıb. Həmçinin, xidmətin səmərəliliyinin artırılması məqsədilə mərkəzin işinə könüllülər də cəlb ediliblər.

Zakir MURADOV
Gədəbəy

 





19.02.2019    çap et  çap et