525.Az

Paşa Sərxanlının “Yenidən doğuluş”u


 

GÜNEYLİ ŞAİRİN AZƏRBAYCANDA İLK KITABI ÇIXIB

Paşa Sərxanlının “Yenidən doğuluş”u<b style="color:red"></b>

Bugünlərdə “AybKitab” layihəsi daha bir maraqlı işi ilə oxucuların görüşünə gəldi. Belə ki, Güney Azərbaycandan olan şair, söz və fikir adamı Paşa Sərxanlının Azərbaycanda ilk kitabı işıq üzü görüb.

Kitabda şairin müxtəlif məzmunlu şeirləri toplanıb. Keşməkeşli həyat yaşamış soydaşımızın “Yenidən doğuluş” adlanan şeirlər toplusu onun həyatı boyu yaşadığı məsumiyyətin və məhrumiyyətin, bir ömrə sığdırdığı sevincin və kədərin, özünü qoruma, özünüdərketmə instinkti kimi ali və müstəsna dəyərlərin, yurd, elat təəssübkeşliyi, nəhayət, dünyəvilik və insaniyyət sevgisinin ümumi bir şəkli, mənzərəsi, məcmusudur.

“Mütərcim” nəşriyyatında nəfis tərtibatda hazırlanan kitabın redaktoru Əbülfət Mədətoğlu, korrektoru Arzu Mahmudovadır.

“AybKitab” layihəsinin rəhbəri Xəyal Rzadır.

AYB-nin katibi, şair, publisist Rəşad Məcid kitaba yazdığı “Vətən soraqlı duyğular toplusu” adlı ön söz əvəzində Paşa Sərxanlının poeziyasını belə şərh edir: “Paşa Sərxanlı peşəkar şair deyil. Bu, onun şeirlərində texniki qayda-qanunlara, vəznə, qafiyə sisteminə ciddi riayət edilməməsindən də görünür. Amma özünün də qeyd etdiyi kimi, “qafiyə, heca çərçivəsindən azad olsalar da, şeirlərdə uyum, düzən, ahəng, səslənişdə daxili bir musiqi, ritm və qafiyələnmə var”. O, neçə illərdən bəri qəlbində qubar bağlamış Vətən nisgili, el-oba həsrəti və ana yurdun ağrı-acılarından doğan mübhəm hiss və duyğularını nəzmə çəkib, bir çox şeirlər və mənzumələr qələmə alıb:

Ağzımda yanan dilim!
Dar ağacından asılan məhkum ruhum!
Zalım alovlara odun olan dərs kitablarım!
Ah! Yuvasından küsən qaranquşlarım!
Üzlərini toz basan ulduzlarım!
Açılarmı bir gün sabah görəsən,
tökülərmi yel əsərkən
qara bulud torpağa?”

(“Ölkəm”)

Müəllif özü isə “Gəlin tanış olaq” başlıqlı yazısında tərcümeyi-halı və ədəbiyyat, poeziya, xüsusən kitabdakı şeirləri haqqındakı düşüncələrini oxucularıyla bölüşür: “Qarşınızdakı bu lirik şeirlər toplusunda mənim otuz il boyunca zaman-zaman içimdə qabaran, qələmimin ucuna axan ən önəmli duyğu və düşüncələrimin, ümid və ümidsizliklərimin, sevgi və ürək ağrılarımın yığcam bir mənzərəsi əksini tapıb...

Bu şeirlərin hər birinin bətnindəki insanlıq sevgisi mənsub olduğum xalqın sevgisinə, dünyəvi sevgiyə, sonsuz kainatın və əzəli məbudun sevgisinə qovuşaraq bir bütünlük, vahidlik, vəhdət yaradır”.

Kitabda güneyli soydaşımızın  “Birlik mahnısı”, “Yaradılış əfsanəsi”, “Aydınlıq”, “Xumar gözlər”, “Şahsevənlər”, “Qızıl Tutu, Göy göyərçin”, “Vampirin əfsanəsi”, “Sən də getdin, Bəxtiyar Vahabzadə”, “Dəniz pərisi”, “Oxuyun, quşlar!”, “20 Yanvar gecəsi”, “Son çiçək”, “Özləm”, “Tarixdən bir yarpaq”, “Dərginin öyküsü”, “Şövkət daşı”, “Novruz gülü”, “Bahar” və sair kimi müxtəlif illərdə qələmə alınmış şeirləri və Məhəmməd Əli İbadinin “Qızıl Tutu, Göy göyərçin” poeması haqda 5-3 kəlmə”, “Vampirin əfsanəsi” mənzuməsinə qısa baxış” adlı məqalələri yer alıb.

Kitab “Sözlük” bölməsi ilə yekunlaşır.

Qeyd edək ki, Paşa Sərxanlının bu vaxta qədər İsveçdə Azərbaycan türkcəsində bir kitabı işıq üzü görüb.

Şahanə MÜŞFİQ

 





20.03.2019    çap et  çap et