525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin "Facebook" statuslarından seçmələr


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin "Facebook" statuslarından seçmələr </b>

Orxan Pamukdan feysbuk statusları barədə soruşanda tərəddüdlə belə cavab vermişdi: “Bəlkə bu da bir ədəbiyyat növüdü, hələ ki bir söz deyə bilmərəm”.

Dövrün, innovasiyaların yaratdığı bu janrın mahiyyəti yəqin ki, gələcəkdə xüsusi araşdırılacaq! Bəlkə bu da jurnalistikanın, yaxud ədəbiyyatın bir növü kimi qəbul ediləcək! Bəzən sosial şəbəkə statuslarını “fastfood” yeməklərə bənzədirəm! Sanki bir qaçaraq, ayaqüstü janrdı! Hər halda mövcudluğuyla hesablaşmalı və razılaşmalıyıq!

10 ildir ki, feysbukdayam! Sosial şəbəkələrin meydan suladığını gördüyüm üçün kitabın və klassik kağız qəzetlərin gələcəyinə skeptik yanaşmağa başlamışam!

Statuslar yazmağım isə ovqatımdan asılıdı - bəzən hansısa ictimai-siyasi hadisələrə münasibətimi operativ olsun deyə sosial şəbəkələrdə bildirirəm. Hərdən də qaçhaqaç həyatımızda əlçatmaz olan bədii yaradıcılıq arzusu yeni status - esselərin yazılmasına səbəb olur! Ona görə zaman keçdikcə geriyə çevrilib baxanda bu statuslar həm qəlbin, həm ovqatın, həm də sürətlə bir-birini əvəz edən gündəmlərin xronologiyası təsiri bağışlayır.

Günün birində aglıma gəldi ki, bəlkə bu onillik statusları toplayıb ayrıca bir kitab halında dərc etdirim?! Bizdə belə bir təcrübəni xatırlamıram, xaricdə isə belə cəhdlər olmamış olmaz! Bizdə də bəlkə ilki mən edim!? - deyə düşündüm. Beləcə, “Qələmsiz yazılanlar” kitabından daha bir hissəni “525”in oxucuları üçün hazırladım.

2019

Rus məktəblərinə meyllənən valideynlərin nəzərinə bir neçə faktı çatdırmaq istəyirəm! Məncə, mediamız və həmkarlarımız bu məsələləri qabartmaqla rus məktəblərinə olan xüsusi rəğbəti, çazibəni biraz azalda bilər!

Sən demə, indi rus məktəblərinin Azərbaycan məktəblərindən səviyyəli olması barədə təsəvvürlər mifdir! Keçmişdən, Sovet dövründən qalan illüziyadır! Yaxşı müəllimlər və peşəkar kadrlar azlıq təşkil edir! Rus məktəblərində təhsilin səviyyəsi müqayisədə geri qalır! Heç Bakının məzunları ən çox tələbə adını qazanan 5 ən yaxşı məktəbi sırasında da rus məktəblərinin adı yoxdur!

Ona gərə də, rusca bilməyən uşaqlarını zorla rus məktəbində oxutdurmaq istəyən valideynlər səhv qərar verir, övladlarının gələcəyini indidən riskə atmış olurlar!

***

Kriminal avtoritetləri bütə çevirməyin, onlardan az yazın...

Media kriminal avtoritetlərin hər addımından yazmamalıdır! Onları həqiqətən avtoritetə, bütə çevirməməlidir! Sovet vaxtı bu adamlardan yazmaq yasaq olunmuşdu, qadağa var idi. Düz də edirdilər. İndi yasaq yoxdur, amma media öz məsuliyyətini dərk etməlidir. Bu sarıdan yeni media və saytlar daha çox seçilirlər; kriminal aləmdən daha çox yazır, avtoritetlərin, az qala, hər addımından şou düzəldir, nəticədə isə belə həyat tərzinin təbliğatçısı rolunu oynamış olurlar. Media təbliğ etdikcə, belə adamlar gənclərin şüurunda böyük güc, qüdrət sahibinə çevrilir, pərəstiş obyekti olurlar! Bu proses cəmiyyəti təhlükəli məcraya sürükləyir! Media öz sosial məsuliyyətini anlamasa, bu, pis nəticələrə gətirib çıxaracaq!

***

Davide Qualtieri dopdolu, qaynar, istedadlı və yaratmaq həvəsi aşıb-daşan bir insandır. Çox sevirəm onu! Dost bilirəm! 2015-ci ildə şeirlərimi italiyan dilinə çevirib “O” - “La Donna” adlı kitabımı Milanda nəşr etdirmişdi. Şeirlərimə musiqi bəstələmişdi. C.Verdi adına Milan Konservatoriyasında və Bələdiyyənin Mədəniyyət sarayında orijinal təqdimat eləmişdi! İtaliya və Azərbaycan musiqiçilərinin ifası, şeirlərin hər iki dildə səslənməsi maraqlı atmosfer yaratmışdı! Martın 13-ü ad günüymüş! Xatırladım! Təbrik etdim! Xalçaçılarımız onun rəsmini xalıya toxumuşdular! Həmin xalını da tədbirdə Davideyə bağışlamışdım! Onu da xatırladım! Minnətdarlığımı çatdırmaq istədim!

***

Fuad Axundov marksizmin banisinin fikrini xatırladı! Qadının iştirakı olmadan heç bir dəyişiklik, heç bir inqilab mümkün deyil! Qadın əli, qadın barmağı... qadından bir damla olmasa...

***

Deyir, müəllimlə dilləşmək olmaz! Amma baxır dilə! Dil də var dil də! :)

***

Elə ciddi-ciddi özlərini jurnalist kimi təqdim edirlər ki!.. Saytın adını da 5 dəfə deyir, heç qulağa yaxın gəlmir!  - tozqoparan.com, haykuysalaq.de, osehvyolda.ru, bashdaaqil.net, beleleriaz.az 

***

Cümlə yaza bilməyənlər serial ssenarisi yazır! Ona görə bərbad haldadır seriallarımız... 

2018 

Sevirəm dilləşən, üsyankar, barışmaz gəncləri! Hamısını ram edirəm sonra!!! Mənim gücüm çatmayanı da zaman ram edir!

***

8 martda hava niyə soyusun ki?!

***

Xalq rəssamı Ağaəli İbrahimov Napoleondan sitat gətirdi: “Əgər məhəbbətə qalib gəlmək istəyirsənsə, ondan qaç!”

***

Nə qədər başqa cür, çoxluq kimi olmağa çalışsan da, təməldəki, dərinlikdəki xarakter imkan verməyəcək! Sonda dayandıracaq səni...

***

Hər şeyə adi baxıram daha! Heç nəyə təəccüblənmirəm! Ən gözlənilməz əclaflığı da sakit, elə belə olmalıymış kimi qarşılayıram!..

***

Kiməsə xoş üz göstərən kimi nəsə istəyir! Bu, istifadəçilikdir, fürsətcillikdir, mentalitetdir, nədir?! Yəqin ona görə bir az səlahiyyətlilərin və imkanlıların üzündən zəhm əskik olmur!..

***

Türkiyədə siqaret yasağından əvvəl İstanbula gələn ingilis şərqşünas elə Hava alanındaca “Siqaret çəkmək olmaz” yazısının yanında dayanıb siqaret çəkən türkləri görəndə təəccüblənmiş, həm də sevinmiş və özü də onlara qoşulmuşdu: “Ömrüm boyu arzulamışdım ki, yasaq olunan yerdə dayanıb siqaret çəkəm! İstanbulda bu arzuma da çatdım!”

***

Topaz-ın tərifi: Hər səhər ümid, hər axşam məyusluq!

**

Adam ömrü boyu kabinetdən çıxmayıb, bir insan görməyib, bir dərd dinləməyib, bir kənar ağrını hiss etməyib! Amma insan taleyinə qərar verir!..

***

Səhərlər yazmağın üstün cəhətləri çoxdur!

***

Kəndli qadın deyir, bala, nolar neçə dil biləndə, bir bizim dilimizi də anlayın, dərdimizi dinləyin, ağrımızı hiss edin!

***

Bizim işimiz Sözdür, gücümüz Sözdədir! Söz zəifləyəndə, Sözün gücünə inam itəndə yaşamaq çətinləşir... 

2017 

Əgər sənin yazını bir adam da oxumursa, sən özün də o bir adam üçün yazmırsansa, onda bu əziyyətin nə mənası var?!

***

Çoxsaylı tədbirlərdən vaxt tapıb oxuya bilmədikcə kitablar üst-üstə qalaqlanır! Hərdən həsrət və nisgillə baxıram, Vaqif Səmədoğlunun misralarını xatırlayıram:

Dəniz sahilində durub
Dəniz həsrətiylə ölmək!

***

Bayramın mübarək, QADIN!

***

Günəşdə də Günəşlik qalmayıb! :)

2016 

Köhnənin xiffətini çəkmək həm də gəncliyə qayıtmaq, gənc olmaq istəyidir!..

***

Üz üzdən utanır ki?!

***

Sən elədiklərini edə bilmirlərsə, sənə qəzəbləri təbiidir! Qanını da içərlər, çarmıxa da çəkərlər!

***

Tarixin çarxını dəyişdirən o qədər addımlar olub ki! Elə bir o qədər də ləngimiş və gecikmiş addımlar olub!..

***

Kin-küdurət, hədsiz nifrət olan yerdə yaxşı nəyisə görmək mümkün deyil! 

2015 

“Tək qalarsan bu dünyada!..”

Vaqif Bayatlının bu misrası hərdən yada düşür.

***

Siz başladığınız yolu mən gedib qayıdıram!.. 

2014 

“Desələr, şeirinin avazı köhnə -
Od kimi, su kimi köhnəyəm, bala!..”

Niyəsə Məmməd Arazın bu misralarını xatırladım!

***

Gün niyə 24 saatdır ki?!

***

Onu evdən təkcə zəlzələ çıxara bilərdi! Elə də oldu!

2012 

Qəşəng qar yağır! Bazar gününə, çərşənbəyə, Novruza, yaza...  martın 11-nə... Yağır...

***

Dabbaqda gönünə bələd olmaq! Yəni kəm-kəsirini, pis keyfiyyətlərini bilmək! Ramizin misrasında da var -

“Qalınlaşıb adam gönü
Adamları yemək olmur!”

 





23.03.2019    çap et  çap et