525.Az

Qurtuluş Günü Musiqi Mədəniyyəti Muzeyində də qeyd olunub


 

Qurtuluş Günü Musiqi Mədəniyyəti Muzeyində də qeyd olunub<b style="color:red"></b>

Azərbaycan Musiqi Mədəniyyəti Muzeyində Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb.

Milli Qurtuluş Günü ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkə rəhbərliyinə qayıdışı və onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə bağlı təsis edilib. 1997-ci ilin iyununda Milli Məclis həmin günü bayram elan edib.

1991-ci ildə müstəqilliyini əldə edəndən sonra Azərbaycanda hakimiyyət böhranı müşahidə olunurdu. Gənc Azərbaycan Respublikasında ayrı-ayrı şəxslər və qruplar arasında ölkəyə rəhbərlik etmək uğrunda mübarizə gedirdi. 1992-ci il mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsi fəaliyyətinin elə ilk günlərindən ölkəni idarə etməyə tam yararsız olduğunu göstərdi. Azərbaycanın ictimai həyatının bütün sahələrində xaos hökm sürürdü, əhali yoxsulluq həddinə çatmışdı, sosial gərginlik artmağa davam edirdi.

1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Onda Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edildi. Heydər Əliyev xalqın və ölkə rəhbərliyinin dəvətini qəbul edərək iyunun 9-da Bakıya gəldi, iyunun 15-də isə Azərbaycan Respublikası Parlamentinin sədri seçildi.

Ulu öndər müdrik siyasəti sayəsində sosial gərginliyi çox qısa müddətdə aradan qaldıraraq vətəndaş müharibəsinin qarşısını ala bildi. O, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil və güclü dövlət quruculuğu prosesinə başladı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi və mədəni həyatında müsbət dəyişikliklərin təməlini qoydu.

Beləliklə, 15 iyun tarixi ölkəmizin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu bayram şərəfinə bütün ölkə ərazisində təntənəli və kütləvi tədbirlər, bayram konsertləri və xalq gəzintiləri keçirilir.

Tədbir bu əlamətdar günə həsr olunmuş konsertlə davam edib. Azərbaycan Xalq Çalğı Alətləri Ansamblı "Heydərnamə" melodiyasını ifa edib.

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində məktəb-studiya şagirdlərinin ifasında Tofiq Quliyev, Azər Dadaşov, Niyazi, Asəf Zeynallı, Klod Debüssi, Pyotr Çaykovski, Feliks Mendelsonun əsərləri səslənib.

 





16.06.2019    çap et  çap et