525.Az

İyirminci əsrin Heraklı - Jan-Pol Sartr


 

II YAZI

İyirminci əsrin Heraklı - <b style="color:red">Jan-Pol Sartr  </b>

Birinci yazıda qeyd etmişdim ki, Sartrı insanlara sevdirən bir neçə nüansdan biri də azadlığın dəyərini və zəruriliyini onlara daddırması idi.

Onun fikrincə, insan doğuşdan azaddır və bu, onun ömrünün sonuna qədər belə də davam edir. Ümumilikdə azadlıq anlayışı Sartrın fəlsəfəsinin təməlini təşkil edir. Ona qədər bir çox filosof və fəlsəfə məktəbi azadlıq haqqında öz düşüncəsini ortaya qoymuşdu. Bəs bir çoxunuzun yaxşı bildiyi, tez-tez eşitdiyi "İnsan azadlığa məhkumdur" fikrinin sahibi Sartr bu məsələyə hansı tərəfdən yanaşmışdı?

Azadlıq haqqında danışmazdan əvvəl mütləq varlıq barədə məlumata sahib olmaq lazımdır. Odur ki, öncə Sartrın varlığa münasibətinə baxaq. Varlıq canlı və cansız olaraq iki yerə ayrılır. Jan-Pol Sartr da azadlığa bu iki qrup üzərindən toxunur. "Düşünürəmsə, deməli, varam" (Cogito ergo sum) deyən Rene Dekartın izi ilə gedən Jan-Pol Sartr cismi substansiya (mövcudluğu özü-özündən doğan və varlığı başqa şeylərdən asılı olmayan başlanğıc) ilə zehni substansiyanı bir-birindən ayırırdı.

Cismi substansiya nəsnələrə aid varlıq formasıdır, bunları isə "öz içində" və ya "özündə" adlandırırdı. Bu, nəsnələrin özü ilə eyniləşmiş quruluşlarını bildirir. Sartrın məşhur kağızkəsən dəzgah nümunəsində olduğu kimi: Bu dəzgah müəyyən bir məqsəd üçün insan tərəfindən yaradılıb və insanın əksinə əvvəlcədən müəyyən edilmiş, dəyişməz özü (mahiyyəti) var. İşi sadəcə kağızı kəsməkdir.

Zehni substansiya isə insanın özüdür. Onu birinci substansiyadan fərqləndirən xüsusiyyət şüurdur. Sartr bu substansiyanı "özü üçün" adlandırırdı. Yəni bu cür varlıqlar şüurludur və öz mövcudluğunu dərk edir. Necə ki nəsnələr cazibə qüvvəsindən asılıdır, siz də təbii və özdən gələn azadlığa, gələcək ehtimallara görə hərəkət etməyə qadirsiniz. Sartr "Ekzistensializm və insan duyğuları" kitabında bunu belə ifadə edir: "İnsan, özünü gələcəyə doğru sürükləyən və özünü orada şüurlu şəkildə xəyal etməyə qadir varlıqdır".
Sartrın məşhur "Varlıq və heçlik" əsərinin adı da bu iki varlıq növünü özündə ehtiva edir. Cismi substansiya gələcəyə dair heç bir ehtimal olmadan öz mahiyyətinə sadiq qalaraq olduğu yerdə dayanır - o, sadəcə kağızkəsən dəzgahdır. Zehni substansiya isə öz mahiyyəti ilə eyniləşmir - yəni insanın vahid mahiyyəti yoxdur, "çoxfunksiyalıdır" - və gələcək barədə bütün ehtimallara qarşı açıqdır. Ehtimallar və imkanlar da öz növbəsində insanın seçimləri ilə baş tutur. Burada şüur işin içinə daxil olur. Bununla da cismi və zehni substansiya arasındakı fərq və insanın azadlığı məsələsi aydınlaşır. Varlığın nə olduğunu aydınlaşdırdıqdan sonra Sartrın azadlıq anlayışına keçə bilərik.

Ekzistensializmin iki qolundan biri olan ateist ekzistensializmin nümayəndəsi olan Sartr fərdin azadlıq məsələsinə elə bu baxış bucağından baxır.

O, tanrının yoxluğu fikrini şiddətlə müdafiə edirdi. Çünki tanrının olması insanın azadlığını əlindən alır, onu mərkəzləşmiş, vahid bir nöqtəyə tabe edir, ona həyatını xəbəri olmadan yazılmış ssenariyə uyğun yaşamaqdan başqa şans vermir. Sartr hətta özündən əvvəlki ateistləri belə tənqid edirdi. Onun fikrinə görə, onlar, tanrı anlayışını insan təbiəti düşüncəsi ilə əvəzləməklə böyük səhv ediblər; birincisi, insan təbiəti düşüncəsinin bir ucu yenə tanrıya gedib çıxır. Digər tərəfdən insan təbiətinin olduğuna inanmaq məsuliyyətdən qaçmaqdır. Məsələn, siz etdiyiniz hansısa mənfi hərəkətə görə ətrafındakı insanları, dostlarınızı, valideynlərinizi və ən pis halda isə şeytanı günahladıracaqsınız. Halbuki etdiyiniz hər şeyə görə özünüz məsuliyyət daşıyırsınız və bu, sizin seçim azadlığınıza bağlıdır. Yaxşını da, pisi də seçən siz özünüzsünüz. Sartr, onu fərdə məsuliyyət yükləməklə fərdin azadlığını əlindən aldığı düşüncəsinə görə tənqid edənlərə, "məsuliyyət hiss etmək insanın azad olduğunun ən birinci göstəricisidir" deyirdi. Çünki davamlı olaraq "yenilənməli" olan insan bir anda özünü tərkedilmiş və ümidsiz hiss edir. Nələrisə düzəltmək üçün fiziki olaraq keçmişə qayıda bilmir, indiki zamanı boş hesab edir və gələcəyə güvənmir.

Buna görə doğulmağı, doğmağı, ölməyi, əylənməyi mənasız hesab edir. Özündən uzaqlaşır və cəmiyyətin bir parçası olduğunu qəbul edir. Bu halda da başqalarının məsuliyyətini öz çiyinlərinə götürür. Bu məsuliyyət isə onu yenidən azadlığa istiqamətləndirir. Sartrın da dediyi kimi, "azadlıq, üzərinə məsuliyyət yükləndiyi halda mümkünləşir".

Sartr, azadlığa tanrının yoxluğu müstəvisindən baxarkən Dostoyevskinin bir düşüncəsini nümunə göstərir: "Əgər tanrı yoxdursa, deməli, hər şeyə icazə var". Yəni sizi hərəkətə gətirəcək, seçimlərinizi planlayacaq dini əmrlər yoxdur. Jan-Pol Sartr bunu belə ifadə edirdi: "Açıq və aydın dəyərlər aləmində nə arxamızda, nə də önümüzdə bizi haqlı çıxaracaq və ya bəhanə tapmağımıza kömək olacaq heç bir vasitə yoxdur. Bəhanələrdən, üzrlərdən uzaqda tənha və öz-özümüzləyik". Elə buna görədir ki, "insan azadlığa məhkumdur".

Tanrının olmadığını, buna görə insan təbiəti fikrinin də səhv olduğunu irəli sürən Sartr, insanı sadəcə insanla üzləşdirirdi. S.Kyerkeqor insanın varlığının tanrıya mənsub olduğunu, onun üçün varolmalı olduğumuzu qeyd etdiyi halda, Sartr da bu mənsubluq elə insanın özüdür. İnsan başqa bir insanın güzgüsüdür və azadlığımız da bu yolla gerçəkləşir. "Varlıq və heçlik" əsərini rus dilinə tərcümə edən Vitaliy İvanoviç Kolyadko bunu belə şərh edirdi: "Sartr, Hegelin və Karl Marksın bir insanın digərinə öz güzgüsü kimi baxması fikrini inkişaf etdirərək deyirdi: "Mən başqasının baxışları altında obyekt oluram, başqası da mənim baxışlarım altında obyektləşir. Əgər başqası olmasaydı mən obyekt ola bilməz, özümüdərki bacarmazdım". Azadlıq üzərindən ifadə etsək deyə bilərik ki, mənim azadlığımın başladığı yer, başqasının azadlığının bitdiyi yerdi. Eyni zaman da başqasının azadlığının bitdiyi yer də, mənim azadlığım başlayır. Bu halda azadlığınızın sərhədləndiyini düşünə bilərsiniz. Bu məsələdə haqlısınız. Amma bu sərhədlər nə tikanlı məftillərdi, nə qollarımıza, ayaqlarımıza vurulmuş zəncir. "Varlıq və heçlik"də bu haqda belə deyilir:

"Dünyadakı hadisələrin və nəsnələrin sərhədləri var; doğulmağım, məkanım, keçmişim, ətrafım, ölümüm". Sartr bu beş anlayışla nələri nəzərdə tuturdu?

"Doğulmağım" deyərkən Sartr o zamana qədər heçlik kimi varolmağımızın azadlığından bəhs edir.
Məkan insan azadlığına birbaşa şəkildə deyil, dolayı yolla təsir edir. Belə ki, ucqar kənddə yaşayan bir gəncin heç vaxt savadlı, təhsilli biri olmayacağını deyə bilərsiniz. Halbuki belə deyil. İnsanı insan edən onun yaşadıqları, təcrübələri və özünü reallaşdırmaq layihələridirsə, məkan bunların asan və ya çətin keçilə biləcəyi baxımından azadlığımıza təsir göstərir.

Tamamlanmış keçmişimizi dəyişdirə bilmərikmi? Sartr keçmişi zehni substansiyaya aid edir. Bu gün geriyə baxıb keçmişi xatırlayarkən  bəzi şeyləri başqa cür etməli olduğumuzu düşünə bilərik. Amma oraya fiziki şəkildə qayıtmaq mümkün deyil. Keçmiş bizim seçim azadlığımızı zaman baxımından qismən sərhədləyir. Ona görə qismən deyirəm ki, insan keçmişindəki bəzi şeyləri öz beyninin içində dəyişdirə bilər. Məsələn, keçmişdə etdiyi bir şeyə görə özünü qəhrəman kimi qələmə verə və ya utanc hiss edə, zamanında həyatında baş vermiş bir hadisəni olmamış kimi düşünə bilər.

Sartr ətraf deyərkən ağlınıza ilk gələn ətraf mühiti və ya insanları deyil, istifadə etdiyimiz vasitələri nəzərdə tutur. Məsələn, köhnə bir maşınla uzaq səfərə çıxmaq istədiyimi desəm, kimsə bunun mümkünsüz olacağını, maşının məni yarıyolda qoyacağını deyəcək. Çünki onun düşündüyü gedəcəyim yerin uzaqlığıdır. Mənimsə düşündüyüm öz seçimimdir. Bu uzaq yolda başıma gələcəklərə görə özüm məsuliyyət daşıyacam.
Ölüm isə azadlığı sərhədləyən ən güclü qüvvədir və necəliyi olduqca aydındır. Qısaca onu deyə bilərəm ki, nə zaman öləcəyimizi bilməsək də, necə öləcəyimizi özümüz seçirik - yaşadıqlarımız və yaşatdıqlarımızla.
Sartın ateist ekzistensializm baxış bucağından çıxış edərək seçim haqqımızı da azadlıq nöqteyi-nəzərindən dəyərləndirir. Tanrının yoxluğu alın yazısının, tanrı tərəfindən cəzalandırılmağın və mükafatlandırılmağın olmaması deməkdirsə, o zaman taleyimizi özümüz yazırıq, cəzamızı, mükafatımızı özümüz veririk. Sartrın həyatda qarşılaşdığı bir hadisə üzərindən bunu bir az aydınlaşdıraq: Sevgi oxu daşa dəymiş, imtahandan kəsildiyi üçün hərbi karyerasının arxasınca gedə bilməyən kasıb, yetim bir adam, başına gələn bu hadisələrin onun tanrıya "xidmət" etməli olduğuna, tanrı yolundan çıxmamasına işarə kimi qəbul edir və rahib olur. O, alın yazısında rahiblik olduğuna inanır və bu yolu seçir. O yəqin ki, bunun sonunda onu mükafat gözlədiyini düşünür. Halbuki o, artıq öz əli ilə özünü cəzalandırıb - həyatındakı digər seçimləri əlinin tərsi ilə kənara itələyib. Yaşadığı təcrübələrdən bu qənaətə gəlib və tanrının qulu olub. Lakin istəsəydi bu təcrübələrdən başqa dərslər çıxarar, məsələn, rahib olmaq əvəzinə yaşadığı eşq ağrısına və hərbə olan marağına görə inqilabçı ola bilərdi. Yaxud da sadəcə başqa sevgi axtarar, yenidən imtahan verərək karyerasını qura bilərdi.

Sartrın da dediyi kimi, insan ümumilikdə öz həyatından başqa heçnə deyil və onu azadlığın verdiyi həzlə yaşamalıdır.

 





20.07.2019    çap et  çap et