Rusiya paytaxtında Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin (MQİMO) 75 illik yubileyinə həsr olunan fotosərgi açılıb.
APA-nın Moskva müxbirinin xəbərinə görə, Rusiyanın TASS informasiya agentliyi ilə MQİMO-nun birgə təşkil etdiyi sərgidə 20 foto nümayiş olunur.
“MQİMO, yubileyin mübarək!" adlı ekspozisiya Tverskoy bulvarda yerləşən TASS agentliyinin mənzil-qərargahının önündə açılıb.
Ziyarətçilər Rusiya və dünyanın intellektual potensialının formalaşmasında mühüm rol oynayan MQİMO-nun tarixi və müasir həyatını əks etdirən fotoları görə bilərlər. Ekspozisiyaya TASS-ın fotoqraflarının çəkdikləri və MQİMO-unun mətbuat xidməti tərəfindən təqdim edilən fotolar daxil edilib.
Fotoşəkillərin qəhrəmanları dünyaca məşhur dövlət liderləri və ictimai xadimlərdir. Onların sırasında vaxtı ilə MQİMO-da məruzə oxumuş Şimon Peres, Bill Klinton, Marqaret Tetçer, Nikola Sarkozi, Madlen Olbrayt və digər tanınmış dövlət xadimləri var.
Bundan başqa, fotosərgidə MQİMO-nun hazırda mühüm dövlət vəzifələri tutan məzunlarının, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyevin fotosu da nümayiş olunur.