525.Az

Böyük yazar ilə Ulu çinar - Türkan Turan yazır


 

Böyük yazar ilə Ulu çinar - <b style="color:red">Türkan Turan yazır</b>

Bir ölkəni dünyaya tanıdan milyonlar yatırdığı turizmindən daha çox, uğur qazanmış ədəbiyyatıdır.

Turizmdən fərqli olaraq bu tanıtım mövsümlük yox, əsrlərlə davam edir. Məsələn, cırtdan ölkələrin birində bir yazıçı böyük roman yazır. Ölkədən-ölkəyə, əldən-ələ, dildən-dilə gəzən kitab axırda sənə yetişir. Oxuduqdan sonra beynində milyon sual yaranır, yazıçı əgər yaşayırsa, onunla görüşməyə can atırsan, əgər ölübsə, onun yaşadığı, yazıb yaratdığı torpaqları tezliklə görmək üçün planlar qurursan. Fikirləşirsən, görəsən, ora necə ölkədir ki, oradan belə böyük yazıçı çıxıb?! Səhifələrdə bəhs edilən yerləri, dənizi, günün batmasını, doğmasını görmək, həmin ölkənin insanlarını tanımaq istəyirsən. Ədəbiyyat belə burulğandır, həndəvərindən keçən kimi insanı çəkib qollarının arasına alır. Bir gün baxırsan ki, səni hər zərrənə qədər qucaqlayan tək sevgilin ədəbiyyatdır.

Bir neçə gün əvvəl belə bir burulğana qapılıb uzaqlara getdim. Böyük yunan yazıçısı Nikos Kazançakisin 1946-cı ildə çap edilmiş "Zorba" romanını oxudum. Əslində, yaşadım desəm, daha doğru olar. Roman boyu nələr yaşamadım - ürək çırpıntıları, gözlərimin heyrətdən çuxurundan çıxacaq dərəcədə genişlənməsi, həyəcan... və daha nələr. Yazıçı yaradıcılığının sonsuzluğuna heyran qaldım. Heç vaxt ölümün dərinliyinə boylanmamışdım. Bir az qorxudan, bir az da özümü göstərib yadına salmamaq inancıma görə buna cəsarət etməmişdim. Amma roman ölümün ilıq nəfəsini son səhifəyə qədər üzərimdən əskik etmədi. Açığı, bir xeyli də ümidsizliyə qapıldım. Sətirlərlə həyatın gerçəkləri arasındakı uçurumdan dəfələrlə üzüaşağı yumalandım. Mənə elə gəldi ki, beynimdəki ən çətin sualların cavabı romanın qəhrəmanı Aleksi Zorbada, ya da yazıçı adı ilə desək, Nikos Kazançakisdədir. Roman bitdiyi gün mən də özümü bitmiş hiss etdim. Bir-iki gün dərin boşluq və heçlik içində ordan ora sovruldum. Həyatı sorğulamağa başladım. Özümə gələndə isə göyüzünə baxaraq Kazançakisin nə qədər uca olduğunu seyr etdim. Çünki o cür yazıçının yer üzünə sığacaq boyda olmayacağına əmin idim.

Ardınca roman əsasında ssenariləşdirilmiş eyniadlı filmi izlədim. Həmin gündən bəri bütün enerjimi Yunanıstanın mədəniyyətini, incəsənətini, musiqisini, bəstəkarlarını araşdırıb öyrənməyə sərf edirəm. Bu araşdırmada düşüncələrimi hamıdan alıb özünə kilidləyən, adını daha öncə eşitdiyim, lakin üstündən keçdiyim, onun da gec qaldığım insanlardan olduğunu düşündüyüm Mikis Teodorakis oldu - bəstəkar, şair, siyasətçi, aktivist, Lenin sülh mükafatının sahibi Mikis Teodorakis... Yunanıstanın ulu çinarı. Budaqları sadəcə, sülh və insanlıq üçün əyilən çinar. Bütün dünyaya ünvanlanan musiqinin abidəsidir o!

Xarizması bəstələdiyi parçaların hər birində əksini tapıb 94 yaşlı nəhəngin. Musiqilərini dinləyərkən insanın döş qəfəsi ürəyini həbs edən zindan kimi gəlir adama. Böyüdükcə böyüyür, çırpındıqca çırpınır, sanki qabırğadan hörülmüş qəfəsi qırıb çıxmaq istəyir yerindən. Elə bil, bütün bəstələrinin əli-qolu var. Dinlədikcə əlini uzadıb özünü hissə-hissə insanın beyninə doldurur, oradan ürəyə axır və sonra qana qarışaraq bütün damarlarda dövr edir. Səhnədəki nəhəng duruşu, orkestri məharətlə yönləndirməsi insanı ram edir. Sadəcə, duruşu deyil, elə özü də nəhəngdir, 1.94 metr boyundadır.

Mikis Teodorakis "Zorba" filmində səsləndirilən musiqilərin müəllifidir. Həmin filmdə "Zorba dance" deyilən bir səhnə var. Baş rolun ifaçısı unudulmaz rəqsi ilə yaddaşlara həkk olunan amerikalı aktyor Anthony Quinndir. İlk rəqsi 1964-cü ildə filmdə canlandırır. Aradan 31 il keçir, 1995-ci ildə Mikis Teodoraksin Münhen konsertində iki əfsanə bir araya gəlir və "Zorba"nın rəqsini minlərlə insanın önündə yenidən təkrarlayırlar. O qədər alqış alırlar ki, izlədikcə sənə elə gəlir ki, bir qədər sonra tavan o lərzəyə dözə bilməyib yerlə bir olacaq. Sonda Anthony Quinnin Mikis Teodorakisi qucaqladığı an var. Hələ ömrümdə elə sarılmaq görməmişəm. Aktyor əllərini Theodoraksın kürəyində yumruq edib bir-birinə düyünləyir. Həmin görüntülərdə yaşı 80 olan aktyor təkcə Teodoraksi deyil, sanki Zorbanı, aradan keçən 31 ili, bütün Yunanıstanı, bütün mədəniyyətləri, bütün musiqiləri, geridə qoyduğu bütün xatirələri qucaqlayır. Bir insana deyil, elə bil dünyaya sarılır.

Bir roman məni sətirlərdən aldı, ölkə-ölkə gəzdirdi, nəhəng aktyorlarla, bəstəkarlarla, mədəniyyətlərlə tanış elədi.

Sonra Azərbaycan ədəbiyyatına üzümü çevirdim. Məyusluqla özümə sual verdim, görəsən, biz romanın, romançılığın hansı mərhələsindəyik?! Cavab tapmaq çətin olmadı. Yaradıcılığın boyu intriqa və çəkişmələrin boyunu keçdiyi gün roman, romançılıq ucalaraq nəinki Azərbaycandan, hətta başqa ölkələrdən də görünməyə başlayacaq. Təəssüf ki, hələ ki o günə dair bir iz yoxdur.

 





08.07.2020    çap et  çap et