525.Az

Şeir mənəviyyat himnidir


 

Şeir mənəviyyat himnidir<b style="color:red"></b>

Yəhya Paşazadə imzası tanınan şairlərdəndir. O, Ağcabədidə anadan olub, boya-başa çatıb, orta məktəbi bitirib, Bakı Dövlət Universitetində təhsil alıb. Uzun illərdir ki, bədii yaradıcılıqla məşğuldur. Dövri mətbuatda şeirləri müntəzəm  dərc edilir. İndiyə kimi istedadlı şairin 6 şeirlər kitabı çap olunub.

Kitab oxumağı çox sevirəm. Xüsusilə, xoşuma gələn bədii kitabları təkrar-təkrar oxumaqdan zövq alıram. Görkəmli söz ustası Bəxtiyar Vahabzadə demişkən:

                                              

Kitab böyük müəllimdir,

Sinəsində min aləm var.

 

Şair Yəhya Paşazadənin kitablarını da dönə-dönə oxumuşam. Bu kitablardakı mövzu rəngarəngliyi, məzmun dərinliyi ilə seçilən şeirlər ruhumu oxşayır, qəlbimi isindirir.  Odur ki, həmin poeziya nümunələri haqqında səmimi ürək sözlərimi bölüşmək qərarına gəldim.

Mən deyərdim ki, yaxşı kitab sərlövhəsindən, adından bəlli olur. Zənnimcə, Yəhya Paşazadə kitablarına ad qoyarkən uğurlu seçimlər edib: "Ürəyim doludur bir sevgi ilə", "Dünya məhəbbətsiz yaşaya bilməz","Sənə oxuduğum nəğmələr", "Pəncərəmdən baxır səhər"...

Şairin şeirlərində vətənpərvərlik, yurd sevgisi, torpağa bağlılıq, xalqa məhəbbət diqqəti çəkir. Bu poetik parçalarda   şair oxucunu düşündürməyi bacarır.

Kitabları vərəqlədikcə şeirlərdəki rəngarənglik, uğurlu poetik gedişlər, tutarlı deyimlər, sözün həqiqi mənasında adamın dünyasını tərpədir. Onları ardıcıl, şirin-şirin oxumadan digərlərinə keçmək mümkün deyil.

Şairin şeirlərinin mövzusu kimi, başlıqları da cəzbedicidir. "Dünya məhəbbətsiz yaşaya bilməz" kitabındakı "Azərbaycan şikəstəsi", "Üfürsəm, keçər gecə", "Bir belə yaşamaram", "Bu yolu kim sındırdı" s. kimi şeirlər bu baxımdan səciyyəvidir. Şeirə müraciət edək:

 

Bu yol üzü qışadır,

Bu yol bahara gedir.

Bu yolsa sərsəridir,

Heç bilmir hara gedir...

Bu yol məslək yoludur,

Bir ucu dara çıxır...

Bu yol ölüm kimidir,

Gedir məzara çıxır...

 

Y.Paşazadənin özünəməxsus dəsti-xətti, yaradıcılıq yolu var. Mən bunu qətiyyətlə cəsarətlə deyirəm. Onun hər bir şeiri dərin fikir, məna tutumu ilə seçilir.

Şair səmimi misralar vasitəsi ilə nələri demir ki...

 

Gecəni işıqsız qoymayın,

Gözümüz zülmətə öyrəşər.

Səhərin köksünü oymayın,

Ruhumuz nifrətə öyrəşər...

 

Görün, kiçik bir şeir parçasında şair ananın böyüklüyünü necə təqdim edir:

 

Ana hər insanın dilində əzbər,

Vətənlə bir olan ülvi bir addır.

Azadlıq başlanır ana sözündən,

Ana azaddırsa, Vətən azaddır...

 

Y.Paşazadənin şeirlərini oxuduqca,sanki kədər sevinc anları, məqamları ilə dolu sehirli aləmə düşürsən . Oxucu bu poetik aləmdə öz mənəvi dünyasını tapır, onunla yaşayır. Necə deyərlər, misralar arasında sevinclə rastlaşırsan, kədərlə . Şair, elə bil ki, hamının qəlbini oxuyur, fikrini, düşüncəsini eşidir, duyğu həyəcanlarını hiss edir.

Müəllif bütün şeirlərini aydın, rəvan, səlis, sadə xalq danışıq  dili ilə qələmə alıb. Şeirlərdə hər şey oxucuya aydın olur, qaranlıq heç qalmır:

 

Əzəl gündən gördüm ki,

Dərdim çiynimdə yükdür.

qədər böyüsəm ,

Dərdim məndən böyükdür...

 

Şeirlərdəki bədii təsvir vasitələri, müqayisələr, idiomatik ifadələr şairin istedadından, ustalığından poetik bacarığından xəbər verir.

Y.Paşazadə yaradıcılığında milli dəyərlərimiz, mənəviyyatımız böyük  məharətlə öz bədii əksini tapır.Mən istedadlı qələm sahibinə daha yüksək yaradıcılıq uğurları arzulayıram.

Saday Əsədov, təqaüddə olan müəllimAğcabədi rayonu, Hindarx qəsəbəsi.

 





10.06.2014    çap et  çap et