525.Az

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi


 

İslam bəy Qəbulzadə - Azərbaycanın maarif çırağı və istiqlal şəhidi<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

ZAQATALA DAİRƏSİNİN KOMİSSARI 

1917-ci ilin fevralında Rusiyada çarizmin devrilməsi ilə başa çatan burju inqilabı və milli siyasi qüvvələrin fəallaşması İslam bəy Qəbulzadənin görüşlərində və həyatında kəskin dönüş yaratdı. Rusiyada yeni qurulmuş Müvəqqəti hökuməti qafqazlılar da dəstəklədi və Tiflisdə də müvəqqəti hökumət - Özəl Zaqafqaziya Komissarlığı (ÖZK) yaradıldı. Zaqafqaziyanın ali hakimiyyət orqanı olan ÖZK tezliklə yerlərdə hakimiyyət müvəkkilləri olan komissarlar təyin etdi. 2 iyun 1917-ci il tarixli sənəddə Zaqatala Dairəsinin komissarları olaraq İslam bəy Qəbulzadə ilə Kirill Georqadzenin adlarını oxuyuruq. (Komissarlıq milli tərkibi qarışıq olan hər məntəqəyə iki millətin nümayəndəsini təyin edirdi). Deməli, ən geci həmin tarixdən İslam bəy Zaqatala Dairəsinin başçısı kimi məsul bir vəzifəni daşıyırdı. Onun bu görəvə təyin edilməsini əsla təsadüf saymaq olmaz.

Hacı Səlim Axundzadə öz xatirələrində yazır: "Zaqatala camaatının içində bir türk milləti vardır ki, onların adlarına muğal (mətndə yanlışlıqla: "mağal") itlaq olunur. (Zaqatala-Şəki bölgəsinin bir çox yerlərində türklər ləzgilərdən fərqləndirmək məqamında indi də özlərinə "muğal" deyir və bu söz "ləzgi olmayan" anlamında işlədilir, yəni "muğalam" "ləzgi deyiləm" mənasına gəlir. - O.T.) Zənnimcə, bu söz moğol olsun. Bu muğal türk camaatı külliyyətən əzəmiməzhəbdirlər. […] Muğallar ləzgi lisanını... bilməyirlər və muğalların əksəri tacir olan kimi, ləzgilərin çoxu əkinçidirlər. Muğal türk camaatının ən böyük xanədan və famil sahibləri Qəbulovlardırlar ki, həm tacir, həm üləma (alimlər) və həm də mütəcəddid (yenilikçi) olub, sahibi-nüfuz, mehmannəvaz (qonaqsevər), şərafətmənd (şərəfli) bir camaatdırlar ki, əksəriyyət cəhətinə süknaları (sakinləri) Qax mahalındandırlar".

Müəllim İslam bəy komissarlığı dönəmində bölgədə türkcə məktəblərin açılmasına xüsusi önəm verirdi. Əqidəcə milliyyətçi olduğuna görə o, Müsavat Firqəsinə rəğbət bəsləyirdi.

1917-ci ilin 29 oktyabrında Bakı Şəhər Dumasına seçkilər keçirildi. Bu, Fevral inqilabından sonra əslində Bakıda ağalıq üstündə müsəlmanlarla xristianlar (özəlliklə türklərlə ermənilər) arasında gedən üstüörtülü, ancaq ciddi bir savaş idi. Bakı müsəlmanları "Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi" adlı təşkilatın rəhbərliyi altında birləşmişdilər. "Kaspi" qəzetinin 1917-ci ilin sonuna yaxın nömrələrində ayrıca bir səhifə "Bakı Müsəlman İctimai Təşkilatları Komitəsinin Xəbərləri" başlıqlı səhifələr verirdi. Bir neçə nömrədə dalbadal bu başlıq altındakı yazılarda gedirdi: "Vətəndaş müsəlmanlar və müsəlman qadınlar! Bakı Müsəlman İctimai və Siyasi Təşkilatları Komitəsinin 12 saylı siyahısına səs verin! Milli qüvvələrin sıx birləşməsini və şəhərin mənafeyini qorumağı arzu edənlər Ədəmi-Mərkəziyyət Firqəsi "Müsavat"ın, inqilabi kəndli-fəhlə firqəsi "Nicat"ın və Volqaboyu Müsəlmanları Şurasının səs verdiyi 12 saylı siyahıya səs verməlidirlər".

12 saylı siyahı Bakı Şəhər Dumasına deputatlığa (qlasnılığa) Müsəlman İctimai və Siyasi Təşkilatları Komitəsinin təqdim etdiyi namizədlərin bu tərkibindən ibarətdi:

1) Ə[limərdan] b[əy] Topçubaşov - 1-ci Dövlət Dumasının üzvü, vəkil.

2) F[ətəli] x[an] Xoyski - 2-ci Dövlət Dumasının üzvü, vəkil.

3) M[əhəmmədəmin] Rəsulzadə - "Açıq söz" qəzetinin redaktoru, jurnalist.

4) M[əhəmmədrza] a[ğa] Vəkilov - həkim.

5) M[əhəmmədhəsən] Hacınski - mühəndis.

6) Q[asım] Qasımov - vəkil, Şəhər Dumasının deputatı.

7) M[irzə] Ş[əmsi oğlu] Əsədullayev - neft sənayeçisi, Müsəlman Xeyriyyə Cəmiyyətinin sədri.

8) A[ğa] Aşurov - mühəndis, Şəhər İdarəsinin üzvü.

9) M[usa] b[əy] Rəfiyev - həkim.

10) Ə[bdüləli] b[əy] Əmircanov - hüquqşünas, vergi müfəttişi.

11) B[ehbud] x[an] Cavanşir - dağ mühəndisi.

12) A[ğahüseyn] Tağıyev - neft sənayeçisi, Dumanın deputatı.

13) Ə[bülfəz] Qarayev - həkim.

14) Y[usifəli] Əliyev - kooperator.

15) Ə[liaağa] Həsənov - Bakı at dəmiryolunun direktoru, Dumanın deputatı.

16) H[acıbaba] b[əy] Axundov - mühəndis-texnoloq.

17) A[bbasəli] Kərimov - mühəndis.

18) B[əhram] b[əy] Axundov - həkim.

19) Ə[liisgəndər] Cəfərov - müəllim, Dumanın deputatı.

20) A[bbasqulu] Kazımzadə - kitab mağazasının yiyəsi.

21) B[ahadur] b[əy] Malaçixan - mühəndis.

22) S[ənətulla] İ[brahimov] - jurnalist.

23) Ə[limuxtar] Əliyev - həkim.

24) Ə[bu]müslüm [İsrafilov] - vəkil köməkçisi.

25) K[itabullah] Axundov - tacir.

26) Ə[liheydər] Allahverdiyev - həkim.

27) S[eyidəli] Seyidov - həkim.

28) M[ehdi] b[əy] Hacıbababəyov - müəllim.

29) Q[ulamrza] Şərifzadə - kitabsatan.

30) Ə[hməd] b[əy] Hacınski - hüquqşünas.

31) İ[slam] b[əy] Qəbulov - müəllim.

32) A[bdulla] bəy Sübhanverdixanov - müəllim.

33) İ[smayıl] Tağıyev - tacir.

34) V[əli] Mikayılov - tacir.

35) T[ağı] Nağıyev - neft sənayeçisi, "Səfa" cəmiyyətinin sədri.

36) X[əlil] İbrahimov - jurnalist.

37) Y[usif] Mikayılov - mülk sahibi, Dumanın deputatı.

38) F[ərhad] Ağayev - müəllim.

39) O[ruc] Orucov - qəzet naşiri.

40) M[əhəmmədəli] Rəsulzadə - tipoqraf.

Bu siyahı "Kaspi"nin bir neçə sayında təkrarlanıb.

Bu başdan qeyd edək ki, İslam bəy həmin seçkidə iştirak edə bilmədi, çünki bu vaxt Zaqatala Dairəsində komissar kimi gərgin iş görürdü.

Elə bu aralarda Rusiya Müəssislər Məclisinə seçkilərə hazırlıq başlandı. "Kaspi" qəzeti Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavatdan Müəssislər Məclisinə namizədlər seçilməsi ilə bağlı geniş hesabat dərc edib. Hazırlıq üzrə yekun iclası işıqlandıran qəzet bu haqda yazır:

"Tək-tük istisnalarla iclas, demək olar ki, həmrəyliklə keçdi.

Bu, ondan irəli gəlir ki, bu və ya başqa cərəyana mənsub hər bir namizəd ciddi süzgəcdən keçirilir, onlara qarşı üç başlıca tələb irəli sürülürdü:

1) fikirlərinin demokratikliyi,

2) keçmiş fəaliyyətinin ləkəsizliyi,

3) ictimai-siyasi fəaliyyətə hazırlığı.

Beləliklə, bir çox namizədlər kənarlaşdırıldı, çünki iki tələbi ödəyən üçüncüyə cavab vermədi, yaxud əksinə oldu".

Siyahı artıq tam hazır olanda blokun nümayəndələri guya çoxluğun onlara təzyiq göstərməsinə etiraz etməkdən və milli təşkilatların nümayəndələrinin qəbul etdiyi bu hazır siyahının elan edilə bilməyəcəyini söyləməkdən ötrü gəliblər ki, Tiflis, İrəvan, Qars və deyəsən, Naxçıvanın timsalında bəzi Milli Komitələr siyahının işlənib hazırlanmasında iştirak etməyib. Yığıncaq etirazçıların bəyanatlarını sakitcə dinləyib və onları, ədəmi-mərkəziyyətçilərin öndəri Rəsulzadənin bəzi aydınlaşdırmaları ilə protokola əlavə edib. Beləliklə, 4 günlük müşavirə nəticəsində müsəlmanlardan Müəssislər Məclisinə namizədlərin vahid siyahısı ortaya qoyulub. Siyahıya Qafqazın, demək olar ki, bütün guşələrindən 19 namizəd daxil edilib. "Kaspi" qəzeti davam edir:

"...namizədlər aşağıdakı qaydada yerləşdirilib:

1) Cəfərov Məhəmmədyusif - Zaqafqaziya Özəl Komitəsinin üzvü, hüquqşünas.

2) Topçubaşov Ə[limərdan] b[əy] - Birinci Dumanın üzvü, Zaqafqaziya [Müsəlman] Komitəsinin sədri.

3) Rəsulzadə M[əhəmmədəmin] - jurnalist, Türk Ədəmi-Mərkəziyyətçilərinin öndəri.

4) Yusifbəyov N[əsib] b[əy] - Gəncə Valiliyi Ərzaq İdarəsinin sədri, Türk Ədəmi-Mərkəziyyətçilərinin öndəri.

5) Ağayev H[əsən] b[əy] Ağayev - həkim.

6) Sultanov Xosrov bəy - həkim, Zaqafqaziya Qaçqın Komitəsinin müvəkkili.

7) Məhəmmədbəyov Q[azıəhməd] bəy - hüquqşünas, Quba İcraiyyə Komitəsinin sədri.

8) Mahmudov Mustafa - müəllim, 2-ci Dövlət Dumasının üzvü.

9) Seyidov Mirhidayət - vəkil.

10) Qardaşov Aslan bəy - hüquqşünas, 2-ci Dövlət Dumasının üzvü.

11) Rüstəmbəyov Şəfi bəy - hüquqşünas, Gəncə Valiliyi Ərzaq İdarəsinin üzvü.

12) Şıxəlibəyov Əsəd bəy - hüquqşünas, Şamaxı İcraiyyə Komitəsinin sədri.

13) Şervaşidze Qədir bəy - həkim.

14) Mirzəcamalov M[irzə Hüseyn] - Karyagin qəzasının komissarı.

15) Vəkilov Mustafa - hüquqşünas, Müsəlman Mərkəzi Şurasının üzvü.

16) Nemanzadə Ömər Faiq - jurnalist.

17) Behbudov Səlim bəy - hüquqşünas.

18) Qəbulov İslam bəy - müəllim.

19) Qaraağazadə Həmdi bəy - jurnalist.

Bu siyahının təqdim edilməsini və seçkilərə sonrakı rəhbərliyi müşavirə "Müsavat" Firqəsi ilə birgə Gəncə Milli Komitəsinə tapşırdı və Müəssislər Məclisinə seçkilər üzrə Mərkəzi Komitənin nümayəndəsi olaraq həkim Xosrov bəy Sultanovu seçdi. İş yerinə yetirildi, vəzifələr bölüşdürüldü, qarşıda seçkilər durur.

Umud edəcəyik ki, gücləri birləşdirməklə geniş kütlələrin abseniteizmi aradan qaldırılacaq, seçkilərin nəticələri uğurla bitəcək və arzu edilən nəticəni verəcək.

Hacı bəy".

1917-ci il noyabrın sonunda Rusiya Müəssislər Məclisinə seçilən üzvlərin siyahısında, nədənsə, İslam bəyin adı görünmür.

1917-ci ilin sonu - 1918-ci ilin başlanğıcında Zaqatala dairəsində azərbaycanlı əhali yerli özünüidarə orqanları yaratmağa çalışırdı. Gürcü nümayəndəsi dairənin idarəsindən kənarlaşdırılmışdı. Zaqafqaziya Komissarlığı 4 dekabr 1917-ci ildə Əbdürrəhim bəy Haqverdiyevi Zaqatala Dairəsinə komissar təyin etmişdi, ancaq Dairə İcraiyyə Komitəsi yerli əhalinin nümayəndələri ilə birgə 17 dekabrda toplantı keçirərək yerli əhalidən olmayan şəxsin dairə komissarı təyin edilməsinə etirazlarını bildirib. Toplantıda Zaqatala şəhərinin müəllimi İslam bəy Qəbulzadə, Balakən kəndinin imamı Molla Muğum Dibirov və Car kəndinin mollası Müslüm əfəndi Rəcəbov Zaqatala Dairəsi Komissarlığının səlahiyyətli nümayəndələri seçiliblər. Zaqafqaziya Komissarlığı Zaqatala Dairəsində vəziyyətlə yerində tanış olmuş Ə.b.Haqverdiyevin raportu əsasında bu şəxslərin vəzifəsini təsdiq etmişdi.

ZAQAFQAZİYA SEYMİNİN ÜZVÜ 

1917-ci ilin oktyabrında bolşeviklər Müvəqqəti hökuməti silahlı üsyanla devirdikdən və 1918-in yanvarında Lenin bu Məclisi qovduqdan sonra müvəqqəti Zaqafqaziya hökuməti də Moskvadakı Sovet hakimiyyətini tanımadı. 1918-ci ilin fevralında Tiflisdə Qafqazın ali hakimiyyət orqanı kimi özəyi əski Müəssislər Məclisi üzvlərindən ibarət ümumqafqaz parlamenti - Zaqafqaziya Seymi yaradıldı və az sonra İslam bəy Qəbulzadə də onun üzvü oldu.

Doğrudur, arxiv sənədlərində İslam bəyin Seymlə bağlı fəaliyyəti haqqında, demək olar ki, heç bir bəlgəyə rast gəlmirik, ancaq başqa bir müsavatçı - Seym üzvü Hacı Səlim Axundzadənin xatirələrindən bu haqda geniş bilgi əldə edirik. Nəvəsi İshaq Axundzadənin nəşr etdirdiyi həmin xatirələrdə İslam bəy Qəbulzadə ilə də bağlı maraqlı qeydlər əksini tapıb. Ancaq Hacı Səlimin yazdıqları təkcə İslam bəyin deyil, Seymin müsəlman fraksiyasının başqa üzvlərinin də fəaliyyətinə işıq saldığına görə çox önəmlidir, bu üzdən aşağıda xatirələrdən seçdiyimiz qeydləri təqdim edirik.

Hacı Səlim Axundzadə yazır: "1918-ci il yanvarın 10-da [Lənkərandan] Bakıya gəlib "Açıq söz" idarəsinə getdim və "Xeyriyyə"də (Cəmiyyəti-Xeyriyyə binasında - "İsmailliyyə"də ) sakin oldum. Məhəmmədəmin Rəsulzadə məni görcək ehtiram göstərdi. Həmən gün axşam saat 8-də Bakıdan qatarla Tiflisə yola çıxdıq. Heyətimizdən adları yadımda qalan yoldaşlar bunlardır. Məhəmmədəmin bəy Rəsulzadə, Xəlil bəy Xasməmmədov, Məhəmmədhəsən bəy Hacınski, Mehdi bəy Hacıbababəyov, Cavad bəy Məlikyeqanov, Mehdi bəy [Hacınski], Mustafa bəy Mahmudov, Məmmədyusif Cəfərov, Fətəli xan Xoyski, doktor Həsən bəy Ağayev, İslam bəy Qəbulov. Gəncədə Nəsib bəy Yusifbəyli (mətndə yanlışlıqla: "Yusif bəy Nəsibbəyli") vaqona minib bizə qatıldı. "İttihad" firqəsindən Sultanməcid Qəniyev, doktor Miryaqub [Mirmehdiyev] və Heybətulla bəy [Məhəmməmbəyov] da bizimlə idi. Qatar yavaş hərəkət edirdi. Hər bir münasib yerdə dayanıb bura toplaşan camaat üçün müvafiq nitqlər edilirdi. Yanvarın 12-də Tiflisə varid olduq".

Bu parçanı xatirələrinin başqa yerində də müəyyən fərqlərlə yazmış Hacı Səlim Bakıya gəlmə tarixini fevralın 10-u göstərib. Doğrusu da budur. Niyə?

Zaqafqaziya Seyminin 10 fevral 1918-ci il tarixli açılış iclasında sədr N.Çxeidze gündəliyi elan etmək istəyərkən Xosrov bəy Sultanov söz alaraq bildirib: "Gəncə ilə Bakı arasında dəmiryolu əlaqəsində fasilə yarandığına görə "Müsavat" partiyasından və "Rusiyada müsəlmanlıq" partiyasından olan 33 nəfər Seym üzvü Seymin açılışına gəlmək imkanından məhrum olub. Yalnız dünən teleqrafla öyrənmək mümkün olub ki, onlar dünən Gəncədə öz yoldaşları ilə birləşərək oradan çıxmalı və bugünlərdə burada olmalıdırlar. Seymin açılışına ürəkdən qoşulsaq, onu alqışlasaq da, buna baxmayaraq indi 33 üzvdən mənim şəxsimdə yalnız birinin iştirakı ilə bu işə başlaya bilmərik və buna görə də iclasın çərşənbə axşamına təxirə salınmasını istəyirik". Yığıncaq bu təklifi qəbul edib.

Deməli, Bakıdan çıxan Seym üzvləri Tiflisə də 12 yanvarda yox, 12 fevralda çatıblar və 13 fevraldakı ikinci iclasa qatılıblar.

Beləliklə, Seym adıyla Bakıdan gələnlər arasında Zaqatala Dairəsinin komissarı, müəllim İslam bəy Qəbulzadə də vardı, ancaq o, Seymə üzvlük üçün Tiflisdə hələ yarım ay da gözləməli olacaqdı.

(Ardı var)

Oğuztoğrul TAHİRLİ 

 





18.09.2015    çap et  çap et