525.Az

Sizin ona borcunuz var


 

Sizin ona borcunuz var<b style="color:red"></b>

Bu adı Azərbaycanda neçə adam bilir və nə qədərimiz onu gərəyincə tanıyır?

Yüz faiz əminəm ki, millətini atəşin məhəbbətlə sevmiş və qısa ömrü ərzində yurdu və xalqı üçün çoxlu və çox faydalı işlər görmüş Əsgər ağa Adıgözəlov Goranini onun layiq olduğu səviyyədə tanıyıb-bilənlərin miqdarı barmaqla sayılacaq qədər azdır və həmin rəqəmi faizə çevirəndə lap xəcalətli vəziyyətdə qalacağıq. Çünki  heç 1 faiz də alınmayacaq, uzaqbaşı sıfır tam yüzdə neçə...

Niyə beləyik, yaxud niyə belədir?

1990-cı illərin əvvəllərində Gəncənin Səbzkar qəbiristanını ziyarət edirdim və burada uyuyanların çoxunu yaxşı tanıyan, bir qismi haqqında isə təsirli xatirələri olan qocaman təhsil işçisi, Rəfibəylilər nəslinin ağsaqqallarından olan Həsən bəy Kərimovla köhnə məzarların arası ilə bir neçə saat dolaşdıq.

Əsgər ağanın qəbrinə çatanda Həsən əmi köks ötürərək: “Gəncənin atası” adlandırılmış məşhur el ağsaqqalı Ələkbər bəy Rəfibəylini xatırladı: “Ələkbər bəy dəmir kimi möhkəm adam idi. Onu adam arasında iki dəfə ağlayan görmüşdülər. Bir Əsgər ağanın, bir də ondan da cavan ölmüş Abdulla Surun dəfnində”.

Əsgər ağa Gorani torpağa tapşırılanda Ələkbər bəy: “Mənim sağ qolum kəsildi! Əsgər bəyi heç kim əvəz edə bilməyəcək!” - demişdi.

Ələkbər bəy yalnız Gəncəbasarda deyil, bütün Azərbaycanda millətçi, xeyriyyəçi əməlləri ilə tanınmış el müdriki, Gəncədə xalqımızı erməni fəsadlarından qorumaq üçün yaradılmış “Difai” təşkilatının qurucularından idi və onu qüdrətli edən güclü şəxsiyyəti və saf amallarından savayı həm də sadiq silahdaşları, məsləkdaşları idi.

Bu sırada Əsgər ağanın yeri məxsusi imiş və Ələkbər bəy onu bir qardaş məhəbbəti ilə sevirmiş.

Həqiqətən haqlı imiş Ələkbər bəy. Əsgər ağa Gorani sözün əsl mənasında əvəzedilməzlərdən olub.

Bunca müxtəlif qabiliyyət, bacarıq və bilikləri varlığında qovuşduran Əsgər ağa o məziyyətlərinin hamısını millətə təmənnasız xidmətə səfərbər edibmiş - XX əsrin əvvəllərində Avropada ən güclü təhsil ocaqlarından sayılan Rusiya Petrovski-Razumovski adına Akademiyanı bitirmiş ali təhsilli kənd təsərrüfatı mütəxəssisi, hüquqşünas, pedaqoq, yazıçı, dramaturq, aktyor, teatrşünas, tərcüməçi, jurnalist...

Bütün bu keyfiyyətləri, əslində, elə bir sözlə də ifadə etmək olar: maarifçi!

Tale və tarix Əsgər ağa kimi seçilmişlərə XIX yüzilin sonu, XX əsrin əvvəllərində fədakarlıqla millət quruculuğu yolunda çalışmağı həvalə etmişdi.

Onun adı Millət Dəftərinin qurucu ilkləri sırasına artıq 15 yaşında ikən yazılıb.

1873-cü il martın 2-də Bakının general-qubernatoru D.Staroselski Tiflisə, Qafqaz canişininə məkub yazır və Azərbaycan tarixində həmişəlik qalacaq fərəhli bir hadisənin baş verməsi üçün icazə istəyirdi.

Həmin məktubun yazıldığı günlərdəsə millətimizin ən üstün maarif və mədəniyyət ƏKİNÇİLƏRİNDƏN olan Həsən bəy Zərdabinin tövsiyəsi ilə onun bir dəstə yetirməsi həmin xoşbəxt və əvvəlinci dəfə baş verəcək hadisənin gerçəkləşməsi üçün hər gün bir yerə toplanır, saatlarla məşq edirdi.

Həsən bəy Zərdabinin çox yumşaq və Bakının baş valisi olduğu dövrdə Azərbaycan üçün xeyli faydalı işlər görmüş bir şəxs kimi dəyərləndirdiyi D.Staroselski Tiflisdəki canişindən, baron Aleksandr Pavloviçdən nə istəyirdi: “Martın 10-da müsəlmanların Novruz bayramıdır (köhnə stillə -- R.H.).  Buranın yerli əhalisindən bir neçə şəxs həmin gün Mirzə Fətəli Axundovun “Vəzir-i xan-i Sərab” adlı əsərini (“Vəzir-i xan-i Lənkəran” olmalıdır. Amma belə bir yanlışlığın ortaya çıxması səbəbsiz deyil. Görkəmli teatr tarixçisi Qulam Məmmədli “Azərbaycan teatrının salnaməsi”nin birinci cildində (səh.34) Mirzə Fətəlinin 1870-ci il dekabrın 7-də Tehrana, Mirzə Yusifxana məktub göndərdiyini və tərcümə ediləcəyi təqdirdə əsərin adının düzgün yazılmasını rica etdiyini xəbər verir: “Mətbəədə mənim xəbərim olmadan Lənkəranı yanlış olaraq Sərab deyə çap etmişlər. “Sərab” yanlışdır, Lənkəran olmalıdır. Sərabın yanında dəniz yoxdur” - R.H.) tatar dilində (azərbaycanca nəzərdə tutulur. O dövrdə dilimizin adını rus rəsmi mətnlərində bu cür yazırdılar - R.H.) oynamaq fikrindədirlər. Böyük pəhriz müddətində teatr tamaşası verilməsi yasaq olduğundan və məzkur əsər sensor siyahısında qeyd edilmədiyindən, mən əsərin oynanmasına icazə verə bilmədim. Fəqət, digər tərəfdən, məncə, bu dəfə məzkur qanundan istisna mümkündür. Çünki bütün Zaqafqaziya əhalisi arasında Bakı əhalisi Avropa adətlərinə ən çox yabançı qalaraq hər gün yenilik və xüsusən tamaşadan uzaq qaçırlar. Şübhəsiz, onların arasında Avropa ruhlu əyləncələrə  meyil və rəğbət oyatmaq özü-özlüyündə onları bizə yaxınlaşdırmaq üçün həqiqi vasitələrdən biridir. Ona görə də bu yolda birinci təşəbbüsün maneəyə uğraması arzuolunacaq hallardan deyildir. Bilxassə, maneə rəsmiyyətdən doğur. Zira tamaşa pəhriz vaxtı verilsə də, tatar dilində olub, məhz müsəlmanlar üçündür. Digər tərəfdən də, pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan edilən əsərlər cümləsinə daxil olmasına səbəb olsun.

Bu mülahizələrlə məzkur məsələni nəzər-i alilərinizə ərz etməklə martın 10-da məzkur əsərin oynanmasına lütfən icazə buyurmaq meylində olub-olmadığınızı teleqrafla bildirməklə bəndəni şərəfyab buyurmağınızı rica edirəm”.

İcazə verilir və Bakı küçələrində indi, üstündən əsr yarıma yaxın müddət sovuşarkən də saralmış nüsxələrini qürurla seyr etdiyimiz afişalar yapışdırılır. Teatr tariximizin başlanğıcını nişan verən afişa: “Mart ayının 10-cu günü Bakı, Sobraniye salonunda Mirzə Fətəli Axundzadənin təmsili. “Vəzir-i xan-i Sərab”. Dörd məclisdə. Sərab vilayətinin xanı - Əliyar, Mirzə Həbib, onun vəziri - Səməd, Ziba xanım, vəzirin əvvəlinci hərəmi - Nəcəf, Teymur ağa, xanın qardaşı oğlu, ki, Nisə xanıma aşiqdir - Əsgər”.

Tarixi hadisə baş tutur və 1873-cü il martın 25-də Tiflisdə çıxan “Kavkaz” qəzeti belə yazırdı: “Bu tamaşa, demək olar ki, dünya yaranandan indiyə kimi tatar dilində birinci tamaşa idi”.

Azərbaycan dilində “Dünya yaranandan bəri birinci” olan həmin tamaşanın afişasında sadəcə adları qeyd edilmiş iki cavan - Nəcəf və Əsgər az sonra çoxlarının tanıyacağı, milli mədəni tərəqqimizdə misilsiz izlər buraxacaq Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov Gorani idi.

Bir ay sonra Əsgər ağa yenə səhnəyə çıxır və teatr tariximizin ikinci tamaşası oynanır - Mirzə Fətəlinin “Sərgüzəşt-i mərd-i xəsis”i.

1873-cü il mayın 13-də yenə “Kavkaz” qəzeti xəbər verirdi: “Bakıdan bizə yazırlar ki, keçən aprel ayının 17-də Bakı cəmiyyətinin salonunda həvəskarlar xeyriyyə məqsədilə ikinci teatr tamaşası verdilər. Bu dəfə M.F.Axundovun “Mərd-i xəsis” adlı beşpərdəli komediyası oynanmışdır. Cəmiyyətin salonu lap dolu idi və xeyriyyə üçün 120 manat gümüş pul toplanmışdır”.

Bəs ifaçılar öz işlərinin öhdəsindən necə gəlmişdilər?

Bunu bizə olmuşların ən ədalətli canlı şahidi, illər sonra keçmiş günləri anan Həsən bəy Zərdabi 1905-ci ilin dekabrında “Həyat” qəzetində dərc edilmiş məqaləsində nəql edir: “Oynayanlar yaxşı oynadılar. Ələlxüsus Əsgər ağa Adıgözəlov Hacı Qaranın xarakterini tamaşaçılara inandırıcı çatdırdı. Onların oyunu camaatın xoşuna gəldi”.

Azərbaycan səhnə tarixi boyunca istedadlı aktyorları, parlaq Hacı Qara ifaçılarını biryolluq hafizəsinə həkk edib.

Əsgər ağa Goraniyə isə bu səmtdə də ən birinci olmaq şərəfi nəsib olub.

1873-də milli teatrımız doğuldusa, ikicə il sonra, 1875-ci ilin 22 iyulunda birinci qəzetimiz yarandı və Həsən bəyin “Əkinçi”sinin ilk müxbirləri sırasında onun şagirdi Əsgər ağa Gorani də vardı.

Məqalələrini Əsgər ağa “Əkinçi”yə tələbəlik həyatını yaşadığı Moskvadan göndərirdi və əsasən müxtəlif xəbərlərdən ibarət o yazıların içərisində mütləq hər dəfə ümdə bir millət qayğısı yer alırdı.

Gənc Əsgər ağa Gorani xalqın irəli çıxmışlarından, imkanlılarından gileylənirdi ki, niyə təhsilə biganəyik, mətbuata laqeydik: “Burada təəccüb edirlər ki, Qafqazda iki milyonacan müsəlman var, amma bununla belə, bircə qəzeti də dolandıra bilmir və halonki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var. Əlbəttə, bu barədə bizim kənd əhlində taxsır yoxdur. Mən keçən yayda onların çoxu ilə danışmışam, onlar hazırdır əlləri qabara-qabara, üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirtsin. Amma çifayda, kənd əhli post adını eşitməyib və qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirdib onlara paylamırlar. Əgərçi özləri üçün qəzet gətirdən bəyzadələrin hesabını bilmirəm, amma bunu bilirəm ki, bizim Qarabağda gimnaziya üçün pul cəm edənlərə onların çoxu cavab verib ki, biz niyə pul verək? Pəs biz pul verək ki, xalqın usağı oxuyub adam olsun?..

Belə cavab verəndən millət təəssübü çəkən və “Əkinçi”nin mənzurunu qanan olarmı?”

Əsgər ağa tələbə idi, gənc idi, lakin artıq o illərdə Azərbaycanda yazı-pozu əhli arasında nüfuz sahibi, söz xiridarı kimi tanınırdı. Hətta Azərbaycandan Moskvaya yazdıqlarını ona yollayanlar varmış ki, oxuyub rəyini bildirsin. Və həmyerlilərinin ədəbi təcrübələrinə aid qeydlərində belə Əsgər ağa təbiətinə xas olan təəssübkeşlik və el canıyananlığıyla yenə fikri ümummilli mənafe məsələlərinə yönəldir. Düşüncələrinin ictimai mənasını göz önünə alaraq cavabını quruca şəxsi məktub kimi yollamır, başqalarına da ibrət olsun deyə dərc edilməkdən ötrü qəzetə göndərir, köhnə ətalətin məngənəsindən qurtula bilməyən, şit sözçülükdən ibarət ənənəvi qəzəliyyata uyanları, həcvguluğa meyl edənləri yenilikçiliyə, zamanın nəbzini tutmağa səsləyir: “Ey Ağa Mirzə Ələsgər, bu qəzəldən çifayda ki, demisiniz? Bu həcvlərin barəsində isə artıq danışmağı özümüzə eyb hesab edib, ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə və nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətinizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür”.

Orta əsrlərdə müsəlman Şərqində məşhur bir ifadə vardı ki, Lap Çin ü Maçində olsa belə, elmin ardınca gedin”.

Çin və Maçin (Mancuriya) o əyyamlarda ən uzaq məmləkətlər sayılırmış və zərbülməsəl də insanları elm ardınca qoşarkən məsafənin uzaqlığından çəkinməməyə təşviq edirmiş.

Əsgər ağa elm, təhsil, bilik vurğunu idi və mükəmməl ali təhsil almaq üçün Gəncədən dövrünün “Çin u Maçin”lərindən biri kimi görünən Rusiyaya getmişdi.

Və soydaşlarını da durmadan  oxumağa, öyrənməyə, yeni-yeni biliklər qazanmağa dəvət edirdi.

Bu çağırışının vacibliyini insanlara inandırmaqçün çobandan da sitat gətirirdi, dahi alimlərdən də iqtibas edirdi.

1877-ci il fevralın 17-də “Əkinçi”də yer alan məqaləsində belə yazırdı: “Bizim zəmanə dəyişilməyi hətta çobanlara da məlumdur ki, bayatısında deyir:

Qarğalar laçınlandı,
Laçınlar qarğalandı...

Əlhəqq, zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır və çobanın sözü doğrudur ki, bu zəmanə bizi qarğalandııb və qeyriləri laçın edib. Lakin keçmişdə bizim sələflərin vaxtında islam tayfası elm təhsil etməkdə laçın imiş.

...Həzrət Harun ər-Rəşid yanında yüz alim olmasa, evdən çölə çıxmaz imiş. Haman bu xəlifə hökm eləmişdi ki, məktəbxanasız məscid tikilməsin. Ələlxüsus Həzrət Əlinin dövranında elm tərəqqi edib. Həzrət özü deyib: “Hər kəs elmə yol acdı, ona ölüm yoxdur”.

...Min il bundan əqdəm Əbu Sina adlı ərəb hükəması dağlar necə əmələ gəlməyindən bir kitab yazıb ki, hərgah onun tarixini dəyişdirəsən, bilmək olmaz ki, onu min il bundan əqdəm yazıblar. Yəni Avropa hükəmaları bu qədər zəhmət çəkibsələr də, ondan artıq bilmirlər. Amma çifayda, indi laçınlar qarğalanıb. Necə ki, bizim xəlifələrin dövranında xristianlar avamlığından öz naxoşlarının üstünə həkim gətirməyi günah bilib onun ağrıyan yerlərinə keşiş yazan duanı bağlayırlarmış, habelə bizim zəmanədə islam tayfası “axirət bizimdir” deyib durub”.

Əsgər ağa Gorani o adamlardan deyildi ki, yalnız başqalarının başına ağıl qoymağa cəhd etsin, yaxşı işləri görməyi digərlərinə tövsiyə edərək özü qıraqda dayansın.

Neyləməli ki, dil pəhləvanları, hay-küyçülər, vətənpərvərlik dəllalları, millətçilik möhtəkirləri, fəqət başqalarının gözündə çöp axtaranlar, xalq xeyrinə bir iş görmək məqamı çatanda isə yaxasını qırağa çəkənlər, sivişib aradan çıxanlara az rast gəlinməyib və belələri həmişə olub.

Bəylərimizi təhsilə para xərcləməkdə xəsislik etdiklərinə görə qınayan Əsgər ağa özü Azərbaycan məktəbinin, Azərbaycan təhsilinin inkişafı üçün canını da, malını da səxavətlə sərf edənlərdən idi.

Hələ tələbə çağlarında, 1877-ci il mayın 12-də “Əkinçi” onun Moskvadan göndərdiyi belə bir məktubu dərc etmişdi: “Əsgər Gorani yazır ki, əgər Badkubədə müsəlman məktəbxanası açmaq üçün icma bina olsa, məni də ol icmaya calis hesab edin. Mən mədyun oluram bu işdən ötrü hər ildə yüz manat göndərim”.

Əsgər ağa gördüyü xeyirxah işləri açıb-ağardanlardan olmayıb. O, “balığı dəryaya at” düsturuna sadiqlərdən imiş. Bu məktubu qəzetə göndərməsində də bir hikmət var. Əsgər ağa bununla da varlı-hallılara dərs verirmiş, “baxın, mən kömək etməyə hazıram, siz də tərpənin”  deyirmiş.

1909-cu ildə isə Gəncədə ilk qız məktəbini öz cibinin puluna açmışdı və vaxtsız ölüm onu 1910-cu ildə 52 yaşında yaxalamasaydı, yəqin, yadigar qoyacağı başqa məktəblər də olacaqmış.

Belə niyyətinin varlığına dəlalət edən söhbətlər də qalır.

Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyanlardan, Məclis-i Məbusanın - ilk milli parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Ağayeva Əsgər ağa Goraninin açdığı həmin qız məktəbinin direktoru olmuşdu.

İlk müstəqillik dönəmimizin birinci əmək naziri Əhməd bəy Pepinovun (Ömərbəyov) qızı,  Həsən bəyin nəvəsi Sevda xanım Pepinova nənəsi Xədicə xanımın Əsgər ağa Gorani haqqında bir xatirəsini söyləmişdi mənə.

“O qız məktəbinin açılış gününün axşamı bir neçə başqa Gəncə ziyalısı ilə birgə Həsən bəyin evindəki ziyafətdə Əsgər ağa söyləyir ki, qoy bu məktəbin ilk buraxılışı olsun, savadlı qızlarımız artsın, ardınca ürəyimdən çox keçir şəhərimizdə qızlar üçün fransızdilli bir gimnaziya da açım. Bizim Gəncənin Məhsətisi olanda Avropada ona tay gələ biləcək səviyyədə qadın vardımı?

Yalnız ana dilində yox, rusca, fransızca mükəmməl təhsil görmüş savadlı qızlarımız artdıqca millətimiz də qat-qat irəli gedəcək”.

Sərvətliləri millət mənafeyi üçün xeyriyyə əməllərinə çağıran Əsgər ağanın çağırışları ona görə təsirli idi və nəticə verirdi ki, ən əvvəl özü bu yolda öndə gedənlərdən, örnək göstərənlərdəndi.

Bu, xeyli dərəcədə Əsgər ağada qandan gələn xislət idi.

Babası, ilk “Qarabağnamə”nin müəllifi Mirzə Adıgözəl bəy də belə şəxsiyyət olmuşdu.

Mirzə Adıgözəl bəyin Nizami Gəncəvi məqbərəsini təmir və bərpa etdirib gözəl bir görkəmə çatdırmasından məmnunluğunu və heyranlığını hələ “Gülüstan-i İrəm”ində Abbasqulu ağa Bakıxanov etiraf etmişdi.

Ancaq onillər ötmüşdü. Nizami məqbərəsi yenə ürəkağrıdan uçuq vəziyyətə düşmüşdü.

İş o yerə gəlib çatmışdı ki, hətta “Molla Nəsrəddin” dərgisi 1908-ci il dekabrın 21-də işıq üzü görən 51-ci sayında Oskar Şmerlinqin bir karikaturası ilə yan-yörəsində inək-qoyun otlayan bu məqbərənin acınacaqlı vəziyyətinə acı-acı gülmüşdü: “Cəmaət! Bu əzim günbəd məşhur Nizami Gəncəvinin qəbridir. Mən təklif edirəm ki, bu mübarək yadigarı qoyunların ziyarətindən qurtaraq!”

Dünyanın çox üzlərini yüzillər öncədən görərək gələcəklərdən xəbər vermiş dahilər dahisi Nizami məqbərəsinin də sabah içərisindəki qismətini “İskəndərnamə”sində izhar etmişdi:

...Məzarım yanından ötüb keçərkən
Üstümdə görərsən göyərmiş otlar.
Başdaşım uçulmuş, çökmüşdür məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox məni bir nəfər.

Nizami dostlardan umurdu. Və məzarı yenidən şairin adına yaraşan hala gətirməkçün hərəkətə gələn, qeyrət göstərən elə yenə dostlar oldu.

Gəncə ziyalılarından Mirzə Məhəmməd Axundzadə “Şeyx Nizami Gəncəvinin tərcüme-yi halı” adlı kitabça yazdı, sonralar ilk Azərbaycan Milli Təhlükəsizlik İdarəsinin rəisi olacaq Məmədbağır Şeyxzamanlı onu nəşr etdirdi, millət fədailəri Ələkbər bəy Rəfibəyov, Ələsgər bəy Xasməmmədov, Aslan bəy Səfikürdski gücləri çatan məbləği məqbərənin bərpası üçün toplanan vəsaitin kisəsinə əlavə edəndən sonra lazım olan miqdarın kəsirini düzəltməkçün həmin kitabların nüsxələrini əllərinə götürüb küçəyə-bazara çıxdılar, xüsusi markalar sataraq bu nəcib iş üçün güman gələn hər yerdən vəsait toplamağa başladılar və o əsnada nalayiq rəftar, köntöy sözlərlə qarşılaşsalar da, bezmədilər, yarı yolda dayanmadılar.

Və toplanan məbləğə can-başla öz layiqli əlavəsini edənlərin önündə gedənlərdən biri də həmin Əsgər ağa Gorani idi.

O, “millət müəllimi” adlanmağa layiq Həsən bəy Zərdabinin yetirməsi idi və müəllimlik damarı ustadından aldığı tərbiyəylə ruhuna hopmuşdu. Hər münasib fürsətdə Vətən övladına yaxşı olan nələrisə təlqin etməyə səy göstərmək, girəvə yetincə millətə təzə biliklər verməyə tələsmək Əsgər ağada daxili ehtiyaca dönmüşdü.

Əsgər ağa Goraninin Gəncədəki “Nəşr-i maarif”in sədri olması, 1889-1890-cı tədris ilində Gəncədəki iki məktəbə fəxri müdir seçilməsi xeyli dərəcədə rəmzi hadisələr idi, onun böyük mənada MÜƏLLİMLİYİNİN cəmiyyət tərəfindən yekdilliklə təsdiqinin ifadəsi idi.

Əsgər ağanın müqəddəs kimi baxdığı Nizami Gəncəvi kamil palançılığın yarımçıq papaqçılıqdan üstün olduğunu XII yüzildə bəyan etmişdi və XIX əsrin bitər-bitməzində, 1877-ci il mayın 26-da “Əkinçi”dəki bir yazısında Gorani də müəllimliyə bir sənət kimi baxır, təlim edəndən yüksək bilik, məsuliyyət, valideynlərdən öyrətmənə münasibətdə yüksək tələbkarlıq istəyirdi: “Müəllim bir sənətkar babadır, öz sənətilə qeyr sənətkar kimi dolanır, yəni öz bildiyini uşaqların valideyninə satıb zindəganlıq edir”.

(Zavallı Əsgər ağa nə biləydi milləti gəlib XXI yüzilə çatanda elə valideynlər olacaq ki, müəllimə pul verəcəklər, hədiyyələr yollayacaqlar ki, balama bilik vermə, yalançı qiymətlər yaz, yetər!).

Gorani davam edirdi: “Və sənətkarın yaxşı-yaman olmağına səbəb camaatdır. Məsələn, yaman başmaq tikəndən başmaq alan olmasa, o başmaqçı ya gərək yaxşı başmaq tiksin, ya başmaqçılığı bərhəm etsin. Habelə müəllimin yaxşı-yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr təlim usağı xarab edir və xahiş edə ki, uşaqlara qeyr tövr təlim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə təlim edəcək, yoxsa zikr olan başmaqçı kimi gərək müəllimliyi bərhəm etsin”.

Hamınız istəyir ki, tədrisimiz, müəllimimiz, dərs kitablarımız müasir qabaqcıl dünya təhsilinin ülgülərinə tam uyğunlaşsın, bu yolda axsamağımızdan gileylər xirtdəyəcəndir.

Buyurun, Əsgər ağanın köhnəlməyən təklifi zay tədrisi və təlimi müalicə edə bilən ən yararlı üsullardan biridir.

Yönlü valideynsənsə, qıyma ki, balan bədbəxt olsun, Gorani deyəni tələb et!

Azərbaycan bu gün istiqlal içərisində yaşayırsa, Azərbaycan bu gün dünya boyunca tanınırsa, elmdə, mədəniyyətdə Yer kürəsinin dörd bucağında əks-səda verən uğurlarımız yetərincədirsə, bunların hamısında Əsgər ağa Goraninin payı var.

O bu milləti qəlbən sevib və bu millətin naminə usanmadan çalışıb.

O bu Vətəni sevib və yurdunun ucalışları, yurddaşlarının yüksəlişi yolunda can qoyub.

Belə millət çıraqlarına biz həmişə borclu qalacağıq.

Onların xatirəsini əbədiləşdirmək, pak adlarını yaşatmaqçün nə qədər əməklər sərf etsək belə!

Əsgər ağa Goraniyə gəlincə, çox şey istəmirəm - onu yaxşı tanıyaq və unutmayaq!

Bu, əslində, ona sənin, mənim, hər bir haqqitirməz azərbaycanlının borcudur!

 





14.12.2015    çap et  çap et