525.Az

Əsrin dörddə biri, kamilləşən əsas qanunumuz və sabaha ümidlər


 

Əsrin dörddə biri, kamilləşən əsas qanunumuz <b style="color:red">və sabaha ümidlər</b>

Azərbaycan əlamətdar bir günün astanasındadır.

Xalq növbəti dəfə iradəsini nümayiş etdirəcək, cavan dövlətimizin gənc Konstitusiyasının daha da kamil olması münasibətilə edilən düzəlişlərin əks olunduğu Referendum Aktına səs verəcəkdir.

Günlərdən bəri ölkə boyu aparılan fikir mübadilələri, xalqın həmin dəyişikliklərə sağlam münasibətindən doğan əhvali-ruhiyyə buqənaəti oyadır ki, ümumxalq səsverməsi uğurla keçəcək, növbəti dəfə dövlətlə xalqın birliyinin, millətin öz liderinə sarsılmaz inamının nümayişinə çevriləcəkdir.

Azərbaycanın müstəqillik dövründəki ilk Konstitusiyası da, ilk Milli Məclisimiz də həyat vəsiqəsini xalqın xeyir-duası ilə 1995-ci ildə alıb. 21 il əvvəlki Azərbaycan 10 il əvvəlki Azərbaycan deyil. Bugünkü Azərbaycansa 10 il əvvəlkindən çox fərqlidir. Zamanın yeyin gedişi, ölkənin dinamik inkişafı durmadan yeni reallıqları ortaya çıxarır, yeni şərtlər təklif edir və dövr "mənimlə ayaqlaş, məndən öndə olmağı bacar!" çağırışlarını ortaya qoyur.

İndi Konstitusiyamıza təklif olunan düzəlişlər silsiləsinin fəlsəfəsi, mahiyyəti isə məhz sabahın qoynundakı Azərbaycan dövləti və xalqını daha güclü, daha inamlı, daha mütəşəkkil etmək niyyətindən yaranmışdır.

Hər insanın da, hər dövlətin də, ümumxalq əhəmiyyətli hər sənədin də günün tələbi ilə daim yenilənmək, təkmilləşmək zəruriyyəti var. Hələ 2500 il əvvəl bəşəriyyətin ən misilsiz təfəkkür sahiblərindən olmuş Konfutsi təsdiqləyirdi ki, ilahi müdriklik və ən dərin cahillikdən savayı hər sahədə zaman ötdükcə dəyişikliklər labüddür.

Bu ibrətli zərbülməsəl bizim günlərdə də keçərlidir və əsas odur ki, gərəkli dəyişiklikləri etməli olduğun zaman fürsətini qaçırmayasan, atılmalı addımlarında ləngiməyəsən.

Bu mənada Azərbaycan Konstitusiyasına dəyişiklikləri əhatə edən Referendum Aktı günün hökmü ilə vaxtında yaranmış və başlıca yolgöstəricimiz sayılan Əsas Qanunumuzu gələcək içərisində daha işlək, daha mükəmməl, dövlətin və xalqın ali mənafelərinə daha uyğun etməyə hesablanmış mühüm sənəddir.

Konstitusiyaya nəzərdə tutulan dəyişikliklərin önəmli bir hissəsi insan hüquq və azadlıqları ilə bağlıdır. Zənnimcə, məhz indiki cilalama adlandırıla biləcək dəqiqləşdirmələrdən sonra Əsas Qanunumuzun humanist siqləti daha da artacaqdır. Həm də diqqətəlayiq cəhət ondan ibarətdir ki, bu dəyişikliklərdən biri xeyli dərəcədə rəmzi anlam daşıyır və cəmiyyətin, deyilişi caizsə, təbiət tərəfindən incidilmiş təbəqəsini nəzərdə tutur.

Bu Vətənin hər övladı bizimdir. Ən güclüsü, ən ağıllısı,ən istedadlısı da, müəyyən fiziki və əqli qüsuru olanı da. Konstitusiyanın "Bərabərlik hüququ" maddəsinə dəyişiklik edilərək altıncı bənd artırılır: "Fiziki və əqli qüsurları olanlar, onların məhdud imkanlarına görə həyata keçirilməsi çətinləşən hüquq və vəzifələrdən başqa, bu Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan istifadə edir və vəzifələri daşıyırlar".

Bu artırmadakı nəcib məram ondan ibarətdir ki, əvvələn, fiziki imkanları məhdud olanlar cəmiyyət həyatından kənarda qoyulmur. Üstəlik, Ana Qanunumuz onlara digər bütün vətəndaşlara verdiyi hüquq və azadlıqları şamil etməklə yanaşı, bu qəbil insanları həm də iqtidarları çatan dərəcəyə qədər cəmiyyət həyatına qatılmağa səfərbər edir. Yəni vücudunun imkanı olan qədər həm hüquqlarından yararlan, həm də cəmiyyət qarşısında məsuliyyətini bil, vəzifəni yerinə yetir. Qanun sənin müdafiəndədir, heç kim səni aciz saya bilməz və özün də belə hesab etmə - sən də bacardığın, taqətin yetən həddə bizlərdən birisən.

Mülkiyyət hüququnu nəzərdə tutan 29-cu maddədə edilən dəyişiklik bilavasitə Azərbaycan insanının və bütövlükdə ölkənin rifahına səmtlənmiş dəqiqləşdirmələrdir. Burada bəzi incə məqamlar üzərində xüsusi dayanmağa ehtiyac var. Çünki həmin dəyişiklikləri tam əks yozumda təqdim etməyə çalışan, çox yaxşını çox pis kimi qələmə verməyə cəhd edən qərəzkarlar da tapılır. Mülkiyyət hüququnun aliliyinə işarə edərək bəziləri demaqoqcasına astarı üzə çevirir, Konstitusiyaya son dərəcə xeyirxah əlavəni bədxahlıqla hüquqların məhdudlaşdırılması kimi mənalandırırlar.Əlavə budur: "Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur", "Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər".

Bəli, zahirən məhdudlaşdırmadan söz gedir. Amma bu məhdudlaşdırma nədən ibarətdir? Kiminsə varı-maddi imkanı bol olub, qabağa düşərək haçansa hektarlarla torpaqları alıb, rəsmən sənədləşdirib.

Qanunla torpaq onunkudur. Lakin illərdir ki, həmin torpaqları nə əkir, nə becərir, faktiki olaraq ölü, istifadəsiz ərazi kimi saxlayır. Bu torpaq yiyəsinin yan-yörəsində isə onlarla, yüzlərlə insan var ki, həmin sahələri əkib-becərə, həm öz ailəsi, həm də ölkə üçün faydalı şəkildə istifadə edə bilərdi. Neyləməli? Haqlı istək torpaqsız kəndlinin tərəfində olsa da, qanun əlində sənəd olan və torpağı özü istifadə etməyib, başqasına da qıymayan imkanlının yanındadır. İndi edilən dəyişikliklə Konstitusiya ədaləti, haqqı öz yerinə qoyur. Artıq qanun imkan verəcək ki, araşdırma aparılsın, sən mülkiyyətindəki ərazini səmərəli istifadədən məhrum etmisənsə, həmin torpağa olan mülkiyyət hüququna ədalətlə, qanunlarla məhdudiyyət qoyulsun.

Kim qazanacaq? Əlbəttə ki, nəticə etibarilə daha az təminatlı insanlar, xalq!

Yer üzündə azadlıqdan şirin nemət yoxdur. Lakin azadlıq tam sərbəstlik, büsbütün sərhədsizlik demək deyil. Azadlığın da öz hüdudları, çərçivələri mövcuddur. Bu çərçivələrsiz azadlıq asanca anarxiyaya çevrilə bilər.

Mənim azadlığımın dayanan yeri sənin eyni hüquqdan istifadə edərkən haqqının tapdanmayacağı nöqtəyədəkdir.

Əyri qələmlə şərhinin tam əks verildiyi daha bir dəyişiklik: sərbəst toplaşma azadlığı ilə bağlı 49-cu maddənin ikinci hissəsi hazırda Konstitusiyada "Hər kəsin başqaları ilə birlikdə müvafiq dövlət orqanlarını qabaqcadan xəbərdar etməklə dinc, silahsız yığışmaq, yığıncaqlar, mitinqlər, nümayişlər, küçə yürüşləri keçirmək, piketlər düzəltmək hüququ vardır" şəklindədir. İndi isə bura "xəbərdar etməklə" ifadəsindən sonra" ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq şərtilə" sözlərinin əlavə edilməsi təklif olunur.

Sən musiqini sevə bilərsən, musiqini dinləməkdə də azadsan. Amma gecə saatlarında radionun, ya maqnitofonun səsini qaldıraraq qonşuları yuxudan edəndə, onların narahatlığına bais olanda artıq azadlığının həddini aşmış olursan.

Bəlkə, gün gələcək,insanlar, cəmiyyət elə səviyyəyə yetişəcək ki, bu gerçəkləri hər kəs mütləq qaydada dərk edəcək, özünə hörmət bəslədiyi qədər başqasına da ehtiramla yanaşacaq və o xoşbəxt zamanlarda belə adi həqiqətlərin də bir vaxtlar qanun dili ilə insanlara çatdırılması gələcəyin bizdən qat-qat şüurlu adamlarına təəccüblü görünəcək. Yaxud, bəlkə, gün gələcək, insanların daxili mədəniyyəti, əxlaqi, intizam duyğusu elə mərtəbəyə yetişəcək ki, onlara xəbərdarlıq etmək belə ayıb olacaq ki, sərbəst toplaş, azadanə fikrini ifadə et, amma adam kimi də dağılış, asayişi pozmadan, çevrənə narahatlıq törətmədən çıx get ev-eşiyinə.

Lakin o arxayın sabahlara hələ çox var.

Bizim ürəyimizdən keçir ki, hamı azad olsun. Lakin cinayət törədib həbsdə minlərlə yatanlar var. Açıb buraxmaq olarmı, onların hamısına azadlıq nemətini ucdantutma dadızdırmaq olarmı? Bəs axı biz cəmiyyətin təhlükəsizliyinin qeydinə də qalmalıyıq!

Bu minvalla Konstitusiyaya nəzərdə tutulmuş dəyişikliklərə zənlə baxılırkən onların hər birində vətəndaşımıza, insanımıza sayğının bir pillə də artdığı əyan olur.

Müxtəlif arxivlərdə stalinizm əyyamlarında, sovet onillərində repressiyaya uğramış onminlərlə insanın səs hüququndan məhrum edilməsi barədə sənədləri araşdırdıqca əvvəlcə düşünürdüm ki, nə olsun, onsuz da onların səsi sovet dövründə seçkinin gedişinə təsir etmək gücündə deyildi ki... Lakin dərinə getdikcə, məğzə endikcə anladım ki, səs hüququndan məhrum edilməklə bu zavallılar, əslində, adam cərgəsindən çıxarılırmış, onların üstündən qalın bir xətt çəkilirmiş - sən cəmiyyətçün yoxsan!

Bu baxımdan Konstitusiyaya edilən növbəti dəyişiklik də mənə çox insaflı, obyektiv, insan ləyaqətinə ehtiram nişanəsi kimi gəldi: seçki hüququ ilə bağlı 56-cı maddənin üçüncü -"Hərbi qulluqçuların, hakimlərin, dövlət məmurlarının, din xadimlərinin, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum edilmiş şəxslərin, bu Konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçkilərdə iştirak etmək hüququ qanunla məhdudlaşdırıla bilər" bəndində "seçkilərdə iştirak etmək" sözlərinin "seçilmək" sözü ilə əvəz olunması təklif edilir.

Deməli, məhdudiyyətin dairəsi daraldılır. Seçkilərdə iştirak edə bilərsən, sadəcə, hansısa rəsmiləşmiş günahın hələ sənin seçilmək fürsətini mümkünsüzləşdirir. O da həmişə yox, müəyyən hallarda.

Konstitusiya bütövlükdə və hər maddəsi ilə hansısa şəxslərin, hansısa zümrələrin deyil, bütöv xalqın maraqlarını nəzərdə tutur və həm də hansısa bəlli bir zaman kəsiyi üçün yox, qarşıdakı bütün dövrlər boyunca.

Mövcud Konstitusiyamızın 85-ci maddəsinin birinci hissəsi Milli Məclisə seçilənlər üçün yaş məhdudiyyəti qoyurdu. Yaşı 25-dən aşağı olanlar millət vəkili seçilə bilməz. Hər bir Azərbaycan vətəndaşı 18 yaşından etibarən seçkilərdə iştirak etmək hüququ qazanır. Əsas Qanunumuz vətəndaşa seçmək və seçilmək hüququ verirdisə də, əslində, nisbət pozulurdu. 7 il seç, amma seçilmək hüququn olmayacaq. Nədən axı? Bəlkə, bir gənc 20 yaşına yetəndə elə kamalın, elə fitri qabiliyyətlərin sahibidir ki, o, Milli Məclis üzvü olaraq, ya hansısa digər yüksək seçkili vəzifəni tutaraq xalq və dövlətə ölçüyəgəlməz faydalar verə bilərdi! Qanunsa onun yolunu bağlayırdı. Həm də ixtiyari qəbul edilmiş, hansısa danılmaz elmi, məntiqi sübutlara arxalanmayan bir ölçüylə. Niyə 23, ya 24 deyil, məhz 25 yaş? Niyə 26, ya 27 yox?

Digər tərəfdən, seçən xalqdır axı! Həm də on minlərlə insan!Bu qədər insan bir gənci seçib millət vəkili kürsüsünə, ya digər yüksək məqama layiq sayacaqsa, niyə bunun qarşısı alınmalıdır?

İndiki dəyişikliyin Azərbaycan gəncliyinə geniş meydan və üfüqlər açdığı göz qabağındadır və buna da yalnız sevinmək olar.

Yaxud oxşar məhdudiyyət Azərbaycan Prezidenti seçilə biləcək insanların qarşısında dayanan aşılmaz maneə idi. Yaşın 35-dən aşağıdırsa, prezident seçkilərinə qatıla bilməzsən. Yenə ixtiyari qəbul edilmiş yaş həddi.

Dünya 20-30 yaş arası tarixə silinməz imzasını atmış çox dahiləri tanıyır. Bəlkə, Konstitusiyamızdakı həmin məhdudiyyət gələcəkdə hansısa bir müstəsna dövlətçilik istedadına malik cavanı xalqın rəsmi liderinə dönmək girəvəsindən məhrum edəcəkdi. Yeni dəyişikliklə isə bu yasaq da aradan götürülür.

Azərbaycan Respublikası Prezidentliyinə namizədlərə aid tələbləri ehtiva edən 100-cü maddədə nəzərdə tutulmuş "Yaşı otuz beşdən aşağı olmayan" sözlərinin çıxarılması və Azərbaycan Respublikası Prezidenti seçkilərinin əsasları ilə bağlı maddənin birinci hissəsində prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması təklif edilir.

7 illik müddət təcrübəsi də artıq bir sıra ölkələrdə uğurla sınaqdan çıxarılıb, məhz belə bir müddətin optimal zaman həddi olduğunu həyat sübuta yetirib.

Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından Konstitusiyaya edilən dəyişiklik - birinci vitse-prezident və vitse-prezidentlər institutunun yaradılması, qəti düşüncəmə görə, Əsas Qanunumuzdakı yeniləşmələrin ən diqqətəlayiq olanıdır.

Dövlətçilik şəbəkəsində bu vəzifələrin yaradılması idarəetməni çevikləşdirməkdən savayı, Prezident Administrasiyasının və Nazirlər Kabinetinin bilavasitə peşəkarcasına öz işləri ilə məşğul olmasına təkan verəcək, keçmişlərdə rast gəldiyimiz bir sıra struktur təkrarlanmalarını aradan qaldırmağa gətirib çıxaracaq və fərz edilə biləcək siyasi iddiaları neytrallaşdıracaqdır.

Bir sözlə, Konstitusiyaya təklif edilən dəyişikliklərin hər biri mütərəqqi məzmunu ilə geniş düşüncələr oyadır və belə bir ehtimalı da qaçılmaz edir ki, bütün bu dəyişmələrdən sonra xeyli təkmilləşəcək Əsas Qanunumuz ən yaxın zamanlarda ölkənin həyatında əsaslı islahatları da labüdləşdirəcək.

Ölkənin gündəmində ön sırada yer alan konstitusiya dəyişiklikləri müstəvisində axarında olduğumuz ictimai-siyasi gerçəkliyin bəzi əlaqədar məqamları ətrafında da var-gəl etməyə dəyər.

Artıq, bir növ, adətkərdə olmuşuq ki, ölkəmizin həyatında mühüm əhəmiyyət daşıyan hansısa irimiqyaslı tədbirin həyata keçirilməsinə hazırlıqların başlandığı və belə tədbirlərin gerçəkləşməsi dönəmində hadisələrin normal gedişatına əngəl törətməyə can atan qüvvələr dirçəlib fəallaşır, həm də bütün bunların xaricdə uzanan əllərlə bilavasitə bağlılığı dərhal duyulur.

Həm ona görə ki, paralel olaraq elə xaricdəki Azərbaycana zidd ünsürlər də bu əsnada sanki diksinib oyanırlar, canfəşanlıqla hərəkətə keçirlər və ikincisi də,o səbəbdən ki, bunların sədası ilə içəridəki bunlara bənzərlərin çığırtıları qəribə bir şəkildə unison - həmahəng səslənməyə başlayır.

Buna dəfələrlə prezident seçkiləri zamanı da, Milli Məclisə seçkilər dövründə də, Konstitusiyaya əvvəlki dəyişikliklərlə bağlı referendumlar öncəsi və əsnasında da rast gəlmişik. Yenə həmin qəbildən olan həssas dövrdür və Azərbaycana çirkab atmaqda pərgarlaşmış qarayaxalar yenə yaxa cırmaqda bir-biri ilə yarışa giriblər.

Bir zamanlar Azərbaycanda Amerika Birləşmiş Ştatlarının səfiri işləmiş Riçard Kozlariçin son illərdə tez-tez coşan anti-Azərbaycan ehtirasları, şəksiz, onu qısqırdan hansısa qüvvələrə bağlıdır. Guya bütün bunların - ona və ona qoşulan özünə oxşarların insan haqları, demokratiya mücahidləri olmasına, sən demə, bu növsayıqlama çıxışların ürəyin tələbindən doğmasına heç sadəlövhlər də inanmaz. Azərbaycana demokratiya dərsi vermək istəyənlər, demokratiya ixracı pərdəsi altında yürütdükləri siyasətlə neçə ölkəni xarabazara, viranəliyə çevirmiş, bitməz böhranlara düçar etmiş kəslər və dövlətlər elə öz ölkələrinə, yaxın ətraflarına diqqətlə baxsalar, Azərbaycanda islah etməyə çalışdıqları qüsurlardan yüzqat artığının oralarda göz qabağında dikəldiyinə şahid olarlar. Amma heç uzağa getməyək, kim-kim, hər halda Azərbaycanda səfir işləmiş Kozlariç Ermənistanı yaxşı tanıyır, orada baş verən sistemli antidemokratik proseslərdən də yaxşı xəbərdardır. Düz adamdırsa, niyə mütəmadi təşkil etdiyi diskussiyaların, verdiyi bəyanatların birini də Ermənistana həsr etmir? Yoxsa R.Kozlariçin eynəyi təkcə Azərbaycanı göstərir? Müəyyən erməniçi və onlara tay buyruqçularının diktəsi ilə hərəkət edən Kozlariç və ona ağu verənlər gözə kül üfürməyə, belə təsəvvür yaratmağa səy göstərirlər ki, guya, bu sözlər elə Vaşinqtonun rəsmi mövqeyidir. Əslində isə qətiyyən belə deyil! Riyakarcasına bu gün "ABŞ heç vaxt Azərbaycanı özünün strateji müttəfiqi saymayıb" deyən R.Kozlariç Azərbaycanda səfir vəzifəsində çalışarkən bunun tam əksini söyləyirdi. O vaxt rəsmən ABŞ-ı təmsil etdiyinə görə biz o sözləri həqiqət kimi qəbul edirdik. Bu gün də ABŞ-ın ölkəmizdəki səfiri Azərbaycana ölkəsinin çox pozitiv münasibətini bəyan edir və böyük dövlətin rəsmi, həqiqi münasibəti olaraq bizə gərək olan, qəbul etdiyimiz də bu mövqedir. Daha indinin təqaüdçüsü, cildini dəyişərək Azərbaycana müxalifə dönmüş və çoxdan rəsmi təmsilçisi olmadığı dövlətinin deyil, Allah bilir, hansı kukla oynadanların gizli əmrlərinin sürtük icraçısı olan R.Kozlariçin hətərən-pətərən boşboğazlıqları yox!

R.Kozlariçin Bakıda işlədiyi vaxtları yaxşı xatırlayıram. O zaman mən ABŞ səfirinin Azərbaycan dövlətinin rəhbəri Heydər Əliyevlə əksər görüşlərini izləyirdim və onun xanımı Ənn Kozlariç də yaxşı yadımdadır. Mehriban xanım Əliyeva mənim də idarə heyətində üzv olduğum Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradanda Ənn Kozlariç də həmsədrlərdən biri idi. Kozlariçlər ailəsinin hər iki üzvü - həm ər, həm arvad Azərbaycan haqqında ən gözəl sözləri daim dilə gətirirdilər. Baxmayaraq ki, Azərbaycan o vaxt - 1990-cı illərin ortalarında hələ indiki istər demokratik, istər iqtisadi, istər sosial yüksəlişlərindən xeyli uzaqda idi. Bunu da unutmaram ki, bir dəfə unudulmaz Heydər Əliyev görüşlərdən birində Riçard Kozlariçə sarı çevrilərək "Düz deyirəmmi?"soruşanda amerikalı səfir dərhal "Cənab Prezident, Siz nə söyləyirsinizsə, həmişə düz çıxır" cavabını vermişdi.

Heydər Əliyev illərdir həyatda yoxdur, amma onun qurduğu dövlət günü-gündən ucalır, yadigar qoyduğu yol davam edir, hər sözü də həqiqət olaraq sabaha irəliləyir. Azərbaycanın bugünkü həqiqətləri də Kozlariçkimilərin iftiralarına rəğmən yenə zəfərini çalır və çalacaq, bizə qara yaxmaq istəyənlərinsə burnu mütləq ovulacaq!

Zənn edirəm, artıq qocalsa da, Kozlariçin hafizəsi hələ tam xarab olmayıb və zehnindən silinməyib ki, Bakıdakı fəaliyyətinin sonlarına doğru dini istiqamətdə pozucu əməllərə rəvac verdiyinə görə Allah onu necə dəhşətli cəzalandırdı və Bakını da vaxtından əvvəl suyu süzülə-süzülə necə üzüqara tərk edəsi oldu.

Bəlkə,indiki cəncəlli tərpənişləriylə həm də o pərt gedişinin intiqamını almaq istəyir bizdən? Lakin dünyanın harasında olurlarsa-olsunlar, nə Kozlariçlər, nə erməni lobbisinin muzdlu konqresmenləri, nə də dünya erməniçiliyi ilə qol-boyun halda Azərbaycana şər atan, böhtan yağdıran, bizi böyük yolumuzdan sapdırmaq üçün cəzalar, sanksiyalar istəyənlər murdar istəklərinə çatacaqlar. Bəd niyyətləri içərilərindəcə boğulacaq, sonucda həmişə haqq Azərbaycanla olacaq!

Azərbaycana çəp baxanlardan, ölkəmiz, dövlətimiz haqqında kəc danışanlardan söz düşmüşkən bir adla bağlı da bilgilər verim. Belə məlumatlandırmaya ehtiyac həmişə ona görə var ki, mahiyyətdən xəbərsiz insanlarda belə yanlış təsəvvür də yarana bilər ki, necə olur, axı biri ABŞ-da oturub, o biri Londonda əyləşib, digəri, nə bilim, Ukraynadadır, ancaq hamısı təxminən eyni sözü deyir, Azərbaycanın əleyhinə çıxır. Nabələd adam tərəddüdə də düşə bilər: bəlkə, onların dediyi elə haqdır?

Bu zümrədən olan bütün əleyhdarların hamısının muzdlu icraçı olmalarından əlavə bir xüsusiyyətləri də var ki, Azərbaycana qarşı şəxsi qeyzləri var. Biri haradasa bizim tərəfdən ifşa olunub, biri hansı yaramazlıqlarına görəsə Azərbaycanda arzuedilməz olaraq buradan qovulub, digəri bizə hansısa məkrini qəbul etdirmək istəyib, alınmayıb, həmin səbəbdən sonradan bizə qarşı diş qıcadıb və sair.

Düşmən qüvvələrsə həmişə məhz belələrindən istifadə etməyə çalışır.

"Miledi" ləqəbli bir xanım var ki, beynəlxalq tədbirlərdə həmişə ağzı köpüklənə-köpüklənə haqqımızda ən qəddar düşməndən bəhs edirmiş kimi danışır və bir neçə il öncə Londonda Avropa Şurasının bir iclasında qarşılaşmışıq, cavabını verib səsini də kəsmişəm. Həmin bu Rebbeka Vinsent Bakıda əvvəlcə diplomat işləyib, sonra yenə əri ilə birgə bura qayıdıb və casusluq fəaliyyətləri müşahidə edilincə ölkədən çıxarılıb. Bizə qarşı düşməncəsinə danışdırmaq üçün bundan münasib kimi tapmaq olardı ki! Cəlb ediblər R.Vinsenti və çoxdandır ki, işlədirlər, əleyhimizə olmazın fitnəkar sözləri ona dedizdirirlər.

Son vaxtlar Azərbaycana qarşı bir neçə dəfə kəskin çıxışlar etmiş bir ukraynalı deputat var - Vladimir Ariyev. Bu, artıq başqa tip əcnəbi müxalifimizdir. 2016-cı il sentyabrın 16-da Kiyevdə "İnterfaks-Ukraina" agentliyinə müsahibə verərək Azərbaycana qarşı başdan-başa böhtandan ibarət ifadələr işlədib.

Siz bilən niyə? Mən bu şəxsi yaxşı tanıyıram. Neçə ildir ki, Avropa Şurası Parlament Assambleyasında Mədəniyyət, elm, təhsil və media komitəsində bir yerdəyik. O indi Ukraynanın AŞPA-dakı nümayəndə heyətinin başçısıdır.

Ukrayna siyasətinə görə Rusiyaya qarşı Avropa Şurasında sanksiyalar tətbiq etmək məsələsi qalxanda bizdən səsvermədə dəstək istəyiblər. Biz də Ukraynanın ərazi bütövlüyünə həsr olunmuş məruzə müzakirə edilərkən bütün nümayəndə heyətimizlə onları dəstəkləmiş, səs vermişik. Lakin Avropa Şurasına üzvlüyümüzün 16 ilində bircə dəfə də olmayıb ki, Ukrayna nümayəndə heyəti dəstək umduğumuz hansısa məsələdə, xüsusən Dağlıq Qarabağ, Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı məruzələrin müzakirələrində bizə tam tərkibdə demirəm, heç olmazsa üzvlərinin sayının yarısı qədər səs versin. Uzaqbaşı 1-2 nəfər olub. Amma Rusiya nümayəndə heyəti bir sıra prinsipial məsələlərdə bizə dəfələrlə tam tərkibi ilə dəstək olub. Ancaq Rusiyaya qarşı Ukrayna ilə münasibətlərinə görə sanksiyalar tətbiq etmək məsələsində bizim münasibətimiz haçansa Rusiyanın bizə AŞPA-da dəstək verməsinə yox, tamam başqa mülahizələrə söykənir. Biz AŞPA tribunasından həmin mövqeyi açıqca elan etmişik də. Bu yanaşma isə ondan ibarətdir ki, siz, yəni Avropa Şurası Rusiyanı Ukraynaya təcavüzdə ittiham edərək bu ölkəyə qarşı sanksiyalar tətbiq etmək istəyirsinizsə, demək, işğala görə cəza verməyin zəruriyyətini anlayırsınız. Bəs elə isə niyə eyni cəzanı işğalçı olduğunu rəsmi sənədinizdə təsdiq etdiyiniz Ermənistana qarşı illərdir ki, tətbiq etmirsiniz? Budurmu sizin prinsipiallığınız, ədalətiniz?

Beləliklə, biz Avropa Şurasında atdığımız mühüm siyasi addımların çoxunda başlıca çıxış nöqtəsi olaraq ərazilərimizin digər üzv dövlət tərəfindən zəbt edilməsi məsələsinə istinad edirik. V.Ariyev isə bizə öz prinsiplərimizi kənara qoyaraq onların mülahizələrinə əsasən hərəkət etməyə çağırır və bununla əlaqədar dəfələrlə söhbətlərimiz də olub, üstüörtülü hədəyəbənzər ifadələr də işlədib ki, onda biz də sizə əks olacağıq.

Həqiqət budur ki, indi əleyhimizə şər-böhtan yağdırmaları belə haqsız, qeyri-obyektiv şəxsi incikliklərdən törəyir.

Bizim öz milli, dövləti maraqlarımız var və əlbəttə ki, heç vaxt kiminsə böhtanlarından, iftiralarından, tənqid və təhdidlərindən çəkinərək ümdəmaraqlarımıza uyğun gəlməyən addımlar atmayacağıq.

Nə yazırlar-yazsınlar, nə söyləyirlər-söyləsinlər!

Bizim hər yazılana, hər söylənənə öz məntiqi cavabımız hazırdır.

Azərbaycan Konstitusiyasına dəyişikliklər edilməsi ilə əlaqədar ümumxalq səsverməsinə sayılı günlər qalır.

Qətiyyən şübhə etmirəm ki, müdrik, hər hərəkətinin sanbalını, hər kəlməsinin çəkisini dürüst bilən xalqımız yenə yüksək iradəsini ortaya qoyacaq, bilavasitə özünün daha xoşbəxt gələcəyinə köklənmiş bu vacib siyasi tədbirin uğurla başa çatmasını təmin edəcək. Stəkanda fırtına yaratmaq niyyətində olanlar növbəti ağır məğlubiyyətə uğrayacaqlar və artıq elə bunun ilkin nəticələri də göz qabağındadır.

Həmişə haqlı olaraq iftixar etmişik ki, biz XX yüzilin əvvəllərində Şərqdə ilk demokratik respublikanı qurmuşuq. O əbədi fəxr qaynağımız olan Cümhuriyyət vur-tut 2 ilə yaxın ömür sürmüşdü.Bu ilin oktyabrında həmin istiqlalın yeni zaman içərisində bərpasının 25 yaşını bayram edəcəyik.

Və həmin bayramlar bayramı, bu 25 illik çətin yol bizim bütöv milli tariximizin şah əsəri sayılmalı bir nailiyyətdir.

Olub-bitənlər, yaxın keçmişin bütün keşməkeşli səhifələri xatirimizdədir. Bu istiqlal, yenə XX əsrin əvvəlindəki kimi, 2 yaşa çatmadan qırıla bilərdi. Qırılmadısa, yaşadısa, Azərbaycan il-il ucaldısa, parladısa, bu, ilk növbədə iki qiymətli şəxsiyyətin qüdrətinə, zəkasına, fədakarlıqlarına bağlıdır.

Bu istiqlalı 10 yaşa çatdıran, XX yüzildən XXI yüzilə yetirən böyük Heydər Əliyev oldusa, həmin müstəqilliyi 25 yaşına ucaldan böyük İlham Əliyevdir!

Əsas Qanunumuza bu dəyişikliklər də edilir ki, 25 ilini tamamladığımız YOLun növbəti 25 ilini və daha sonrakı 25 illərini daha arxayın, daha inamlı, daha qətiyyətli, daha uğurlu qət edə bilək.

Bu dəyişikliklərdən sonra daha mükəmməl, daha dolğun, daha işlək, daha məqsədyönlü olacaq Ana Qanunumuz bizi möhtəşəm ƏRƏFƏyə hazırlayır.

Azərbaycanın ümidlər və arzularla dolu, yüksəlişlər, zəfərlər, daha gözəl, daha əmin-aman, daha firavan həyat vəd edən sabahlarına!

Millətimiz və Dövlətimizin yolu açıq olsun, Tale və Tarix Azərbaycandan şəfqətini əskik etməsin!

 





20.09.2016    çap et  çap et