525.Az

Adında və fırçasında işıq daşıyan - Fotolar


 

Adında və fırçasında işıq daşıyan - <b style="color:red">Fotolar</b>

Dünyanı və insanları hamının gördüyündən fərqli olaraq daha dəqiq və daha dərin duymaq artıq istedaddır. Lakin həm də hamının görə və duya bilmədiklərini hər kəsin bacarmadığı bir tərzdə göstərə, ifadə edə bilmək artıq ikiqat istedaddır.
 
Yəni şairlik, rəssamlıq, heykəltəraşlıq etmək, yaxud musiqiçi olmaq, əslində, insanlarla gözəlliyin və hər dürlü yaşantının əsrarəngiz dünyası arasında naqil, körpü, vasitəçi olmaq qabiliyyətidir. Bu isə həmin yaradıcıları sıra-sıra insanlardan seçdirən daha üstün duyğunluq, bilgi yükünün çoxluğu deməkdir.

Qədim yunan müdriki isə təsdiqləyirdi ki, çox bilgidə çox dərd var. Və o səbəbdən böyüklük dərəcəsindən asılı olmayaraq, bircə sənətçi tapa bilməzsiniz ki, rəvan həyat sürmüş, hamınınkına oxşayan adi ömür yaşamış olsun.

Rais Rəsulzadə könlü bu xalqa min məhəbbət teli ilə bağlı dəyərli nəslin övladı kimi dünyaya gəldi. Adətən, şanlı nəsillər, məşhur soyadlar dünyayla ilk təmaslarından insanın qarşısında yollar, qapılar açır, arxa, dayaq olur.

Raisin babası Məhəmməd Əmin Rəsulzadə bir millət aşiqi, vətən sevdalısı idi və qürbətlərdə dünyadan köçəndə dilindən qopan son kəlmə üç dəfə təkrarladığı əziz “Azərbaycan” sözü olmuşdu.

Tale və tarix elə bir qismət yazdı ki, Rais ona həyatın sınaqları ilə üz-üzə gəlməyə başladığı ilk illərdən himayədar olmalı soyadına görə elə dünyaya göz açdığı andan acılar daddı.

O, üzərində “xalq düşməni” damğası və Azərbaycandan kənarda doğuldu. Elə uşaqlıqdan əzizləri ona soyadının şərəfini də, təhlükəliyini də anlatdılar. Başa saldılar ki, bu soyadı daşımaq ilk növbədə məsuliyyətdir, ləyaqətini uca tutmaqdır və Rəsulzadə olaraq daim zəhmətdən usanmamağı, mənəvi dürüstlüyü əməlinlə sübut etmək zərurətidir. Həm də lap kiçik yaşlarından bunu da ruhuna, beyninə həkk etməyə çalışdılar ki, zamanın gərdişi səni hər hərəkətinə və sözünə özünün nəzarətçi olmağını tələb edir; hamı ilə ürəyin istədiyi qədər sərbəst danışa və hərəkət edə bilməzsən, bu quruluş sənə və nəslinə inanmır, ən azı dost kimi baxmır, sən hər an hər işinlə sübut etməlisən ki, heç də bu cəmiyyət üçün təhlükə deyilsən, əksinə, gərəklisən, ən nümunəvi vətəndaşlardansan. Beləcə, daim özünü də, nəslini də, soyadını da qorumalısan!

Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının önündə gedənlərdən olmuş Məhəmməd Əmin Rəsulzadəni, çoxdan həyatda yox idisə də, sovet quruluşu var olduğu müddətdə özünə ən qatı düşmən saydı.

Türkiyədə, siyasi mühacirətdə olduğundan sovet dövlətinin xəfiyyə caynaqları ona çatmadı, qisası buradakı qohum-əqrəbasından aldı. Həbsə atdı, sürgünlərə yolladı, təqib etdi, sıxışdırdı.

Və heç kim də heç vəchlə fərz edə bilməzdi ki, bütün bunlar haçan bitəcək.

Əlbəttə, ehtimal etmək çətin deyildi ki, nə qədər sovet rejimi var, Rəsulzadələr siyasi etibarsızlar cərgəsində qalacaqlar. Lakin bu rejimin haçan süqut edəcəyini, ümumən nə vaxtsa çöküb-çökməyəcəyini ağla sığışdırmaq müşküldən-müşkül idi.

Rais Rəsulzadə belə bir alın yazısı ilə 1946-cı ilin noyabrında sürgündə, Qazaxıstanın Alma-Ata (indi Almatı) vilayətinin Kirov rayonunda anadan oldu. Elə uşaqlığından bəxtin daha bir zərbəsini daddı, 3 yaşından anasız qaldı. Təbii ki, məktəbi də ana dilində deyil, rusca oxuyası oldu. Lakin belə bir mühit və ömür şərtləri nə onu sındıra, ruhdan sala, qəddarlaşdıra bildi, nə də qəlbindəki Azərbaycan sevgisini bir gilə azaltmağı bacardı.

Yaxşı şahmat oynayırdı. Yaşına yaraşmayan uzaqgörənliklə neçə gedişi əvvəlcədən müəyyənləşdirməyi bacarırdı. Şahmat çempionatında məktəbdə birincilik də qazanmışdı. Lakin şahmat taxtası arxasında qalib çıxmaq onunçün nə qədər asan idisə, həyat şahmatının çarpaşıq labirintlərində azmamaq, büdrəməmək, ən düzgün gedişi vaxtında edə bilmək, həm də xeyli irəlini də öncədən görə bilmək qəlizdən-qəliz idi.

Raisin atası Azər rəssam idi, xoşbəxt günlərində, hələ vətəndə, Bakıda olduğu çağlarda rəssamlıq məktəbində təhsil almışdı və sürgün illərində rəssamlığı həm də ailəni dolandırmaq üçün onunçün çörək ağacına çevrildi (doğrudur, Məhəmməd Əmin Rəsulzadənin də əl qabiliyyəti vardı, atası da mahir xətt ustasıymış. Fəqət Azərə və onun ardınca Raisə də rəssamlıq qabiliyyəti, zənnimcə, ana xəttindən keçmişdi. Məhəmməd Əminin həyat yoldaşı Ümbülbanu da, onun bacısı Umgülsüm də xoşagəlim rəsmlər çəkir, göyçək tikmələr toxuyurdular. Elə Umgülsümün uşaqları Oqtayla Toğrula, həyatdan erkən getmiş Cığataya rəsmçəkmə istedadı həmin xətlə bəxş olunmuşdu).

Və rəssamlıq vergisi qanla Raisə də pay verildi.

Elə şagirdlik dövründə artıq onu balaca rəssam kimi etiraf etdilər və divar qəzetləri, müxtəlif stendlər, ayrı-ayrı tədbirləri bəzəyən yazıların, plakatların hamısı onun əlindən keçirdi. Ancaq Rais qabiliyyətləri ilə elə məktəbin dörd divarı arasına sıxılıb qalsaydı, Rəsulzadə olmazdı!

İlk nisbətən uğurlu hesab etdiyi fırça, qələm təcrübələrindən örnəklərə əlavə etdiyi sənədlərini Moskvaya, N.Krupskaya adına Ümumittifaq Qiyabi İncəsənət Xalq Universitetinə göndərir. Bəyənirlər, qəbul edirlər və Rais Rəsulzadənin yetərincə güclü rəssamlar olan müəllimləri bu cavanda sabahın qabil bir rəssamını gördüklərini gizlətmirlər. Bu qiymətlərini tez-tez dilə də gətirirlər və ona istedadının ifadəsi üçün meydan da açırlar.

Raisin əsərləri həmin Qiyabi Xalq İncəsənət Universitetinin təşkil etdiyi sərgilərdə nümayiş etdirilməyə başlanır.

Orta məktəbi, həm də o qiyabi universiteti bitirəndə artıq Raisin ortaya çıxarılmalı 50-60 əsəri vardı.

Ürəyi isə onu Bakıya sarı çəkirdi. Nə qədər başa salsalar da ki, hər halda Rəsulzadə soyadını daşıyan şəxs kimi burada, Qazaxıstanda, ya uzaqbaşı Rusiyanın harasındasa olmağın daha münasibdir, Rais vətənin nəbz kimi daxilində vuran cazibəsindən qurtula bilmirdi.

Atası Azər anlayırdı balasını Azərbaycanda nələr gözləyə bilər və həmin nələrin nədən ibarət olduğunu açmadan, hər halda xəfif cəhdlərlə çalışırdı oğlunu fikrindən daşındırsın.

“Axı harada qalacaqsan, necə yaşayacaqsan?” – deyərək Raisi ən azı məişət çətinlikləri ilə hürkütməyə can atırdı.

Raisi isə Rəssamlıq Məktəbindən əvvəl Azərbaycan çəkirdi və indi 70-nin tamamında bunu özü mənə söyləyir: “Məktəb bəhanə idi”.

Və sanki artıq başqa dövranın olduğunu unudaraq sayıqlığını əldən vermədən, hansısa kənar qulağın eşidəcəyindən ehtiyatlanırmış kimi pıçıltı ilə əlavə edir: “Başa düşürsünüz də məni?”

1965-ci ildə gəlir Bakıya və işlərindən bir-iki nümunəyə baxan kimi bəyənirlər və Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində qəbul imtahanlarına buraxılmasını mümkün sayırlar. Ancaq attestatına baxınca mövqe dəyişir.

İmtina edildiyini eşidincə 4 min kilometr məsafə adlayaraq Karaqandadan Bakıya sənədlərin qəbulunun son günündə və axırıncı saatında yetişmiş Raisin ürəyi yerindən qopur: “Belə attestatla biz səni buraya götürə bilmərik!”.

Gözləri dolur Raisin.

Sənədləri qəbul edən tədris hissə müdiri Ağabala İskəndərov aparır onu otaqlardan birində oturub işləyən rəssam, məktəbin yeni direktoru Əyyub Məmmədovun yanına: “Alə Əyyub, bu uşağın başına ağıl qoy”.

Əyyub Məmmədov iki-üç “yaxşı”dan başqa bütün qiymətləri “əla” olan gəncə canıyananlıqla: “Bala, Ağabala müəllim düz deyir, bu attestatla sən universitetə, ali məktəblərdən birinə get, rəssamlığını eləyərsən də!” deyir.

“Yox, mən bura istəyirəm, xahiş edirəm, götürün!”

İmtahanları müvəffəqiyyətlə verir, qəbul olunur məktəbə. Di gəl, nə yaşamağa yeri vardı, nə işləməyə şəraiti, nə babat dolanmağa imkan verəcək gəliri, nə də kiminsə qapısını döyərək kömək istəməyə, dəstək ummağa üzü.

Bakıya, Azərbaycana gələndə artıq ömrü boyu onunla qalacaq bir düsturu daxilən özü üçün qəti müəyyənləşdirmişdi: hər məşəqqətə dözməli, hər narahatlığı öz gücünə adlamalı, hər məqsədə özü nail olmalıdır.

1965-1969-cu illər arası, Rəssamlıq Məktəbində oxuduğu vaxtlarda hər halda yataqxana vardı və yanında yoldaşlarının olması, minnətsiz gecələyəcəyi bir ünvanın varlığı onun işini xeyli yüngülləşdirirdi. Digər tərəfdən, qohumu Toğrul Sadıqzadə əsərlərinə baxıb Raisin qabında nə olduğunu duyunca dinməz-söyləməz emalatxanasının açarının bir nüsxəsini çıxarıb vermişdi ona ki, nə vaxt istəyirsən get işlə, istəyirsən lap yaşa orda.

Ancaq bütün həyatı boyu nəslinə xas gözütoxluqla, təvazö ilə, iddiasızlıqla yaşamağa adət etmiş Rais yaxın qohumu və xeyirxahı Toğrulun bu iltifatından da nadir hallarda yararlanmağı münasib saymışdı.

Əsl müsibətsə Rəssamlıq Məktəbini başa vuraraq hərbi xidmətə getməsi, 1971-ci ildə əsgərliyi başa vuraraq yenidən Bakıya qayıtmasından sonra başlandı.

Daha nə yataqxana vardı, nə tələbə yoldaşlar ki, ən kasıb günlərində tikələrini bölüşsünlər, nə də məvacib alacağı iş yeri.

Tanışlarından biri Raisə təxminən onu xilas etməyə bərabər məsləhət verir.

İş bundadır ki, Rəssamlar İttifaqının o vaxtlar təşkilatın ayrı-ayrı sənətkarlara rahat işləmələri üçün emalatxanalar verməkdən savayı birdəfəlik rəsmi sifarişləri yerinə yetirməkdən ötrü də müəyyən müddət üçün qeyri-yaşayış sahələri ayırmaq ixtiyarı varmış.

Rais müraciət edir, köhnə dostları və müəllimləri də bu niyyətin baş tutması üçün saqqal tərpədir və ona sabiq Suren Osipyan, indiki Süleyman Rüstəm küçəsində ağzınacan tullantılarla ləbələb bir zirzəmi ayırırlar.

Və Rais etiraf edir ki, bir neçə gün içərisini boşaltmaqdan ötrü olmazın əziyyət çəkdiyim bu qaranlıq, bu nəmişlik otaq mənə veriləndə dünyanın xoşbəxti idim.

Küçənin ovaxtkı erməni adını qəsdən yazıram. Dünyanın gərdişinə baxın ki, bu yurda müsəlman Şərqində ilk dəfə respublika quruluşunu ərməğan etmiş, bu millətə istiqlalı dadızdırmış möhtəşəm kişinin nəvəsi bu vətənin paytaxtında o zamanlar Ermənikənd adlanan, ermənilərin ən gözəl mənzillərdə şelləndiyi yerdə adam kimi yaşanılmağa layiq olmadığı üçün “qeyri-yaşayış” sahəsi adlandırılan zirzəmidə ona bircə otaq verilməsinə görə özünü bəxtiyar sanırmış!

Rais Rəsulzadə peşəkar rəssamdır, ən müxtəlif forma və janrlarda asudəcə işləyə bilir və işləyib də. Qrafikası da var, akvareli də, yağlı boyayla işlənmiş əsərləri də gözəldir. Portretlər də çəkib, natürmortlar da, kompozisiyalar da yaradıb. Amma o, ilk növbədə mənzərə ustasıdır. Bu, söz yox, onun daxili ehtiyacından, zövqündən, sənətdəki özünəməxsus yol seçimindən irəli gələn bir hal kimi qiymətləndirilə bilər. Amma mənim fikrimcə, burada da onun tərcümeyi-halının təsiri olmamış deyil.

Üzeyir bəy Hacıbəyli 1908-ci ildən başlayaraq 1920-ci ilə qədər hər il azı bir opera, bir operetta, bolluca ictimai-siyasi məzmunlu məqalələr yazır. Lakin 1920-ci ildən sonra o susur, illərcə əsasən muğamın, xalq musiqisinin nəzəri problemləri ilə məşğul olur və 1937-ci ildə ona bütün müdhiş siyasi girdablardan nicat verəcək “Koroğlu” ortaya çıxanadək yeganə iri və sanballı əsəri “Azərbaycan xalq musiqisinin əsasları” monoqrafiyası olur. Səbəbsiz deyildi. Çünki sovetin ilk günlərindən başlayaraq Üzeyir bəy mütəmadi səksəkənin əsarətində idi, hər an tutulacağını, güllələnəcəyini, Sibirə göndərilə biləcəyini göz altına almışdı. Ona görə də yüz cür siyasi tərsyozmalar, şərləmələrə əsas verə biləcək hər hansı mətnin altında imzasının olmasından çəkinirdi və hətta “Koroğlu” da onun tək operasıdır ki, librettonu özü yox, Məmməd Səid Ordubadi qələmə aldı. Ehtimal edirəm ki, sosialist gerçəkliyində başının üzərində siyasi repressiyaların amansız qılıncını daim hiss edən Rais və Rais taleli neçə-neçə başqa yaradıcı həmin qatmaqarışıq tarix kəsiyində özlərini mümkün xatalardan sığortalamaq üçün imkanları çatdıqca bu təhər tədbirli davranmağa, suyu da üfürə-üfürə içməyə səy ediblər.

Təbiət təsvirinə ən bədxahın da siyasi don geydirə bilməsi çətin idi və ola bilsin, Rais də həmin səbəbdən bu səmtə üz tutmuşdu (müəllimlərimdən ikisi cavanlığında yaxşı şair olsa da, elə həmin gizli vahimənin ucbatından şeirdən əl çəkmişdi. Əkrəm Cəfər həbs olunub azadlığa çıxandan sonra xəlvəti yazsa da, şeirlərini daha üzə çıxarmaqdan vaz keçmişdi, Mübariz Əlizadə isə ətrafındakı tuthatutları görəndən sonta şairliyin daşını atmış, ürəyini yalnız farsdilli klassiklərdən etdiyi hədsiz gözəl bədii tərcümələrlə soyutmuşdu. Bu, onların özlərinin mənə etdiyi etiraflardır. Amma həmin etiraflarsız da o təlatümlü, burulğanlı əyyamları çox araşdırdığımdan bu göynəkli həqiqətə başqa onlarca qırıq taleyin nümunəsindən də aşinayam).

İki maşın zibil çıxarandan sonra həm emalatxana, həm mənzil kimi istifadə etdiyi, həyətdən 11 pillə aşağıda yerləşən o yeraltı daxmada Rais Rəsulzadə 12 il yaşadı və gözəllik yaratdı.

Əvvəlcə burada heç elektrik, qaz xətləri də yoxmuş, soyuq qış günlərində paltosuna bürünüb yatırmış və lazım olan rənglərin hamısını əldə etməyə pulu çatmayanda yediyi marqarindən ağ boyaya qatırmış ki, fərqlı çalar ala bilsin. Bu minvalla əsərləriylə yatıb-durduğu o qazmada Rais hətta fırçasını özünə boğaz ortağı da etmişdi.

Əsas o idi ki, qapısını apxayınca açıb girəcəyi öz ünvanı vardı, istədiyi qədər sərbəst işləmək fürsəti qazanmışdı və bu arada Nadir Əbdürrəhmanovun təklifi ilə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Bədii qrafika fakültəsinə də daxil olur.

1972-1977-ci illər arası ali təhsil alır və 1978-ci ildə institutu bitirən kimi oradaca müəllim kimi fəaliyyətə başlayır.

Hər işində ardıcıl, etibarlı olan Rais Rəsulzadə bu təhsil ocağına da sədaqətli çıxıb, artıq neçə müddətdən bəri Rəssamlıq Akademiyasında gənclərlə biliklərini, təcrübələrini bölüşürsə də, indiyədək doğma APİ-sində də dərs deməkdə davam edir, orada Təsviri sənət kafedrasının dosentidir.

Quruluş, siyasətlər, kəc dövran onu və taleyini yerin altına yönəltmişdi.

Ancaq Rais Rəsulzadə kimi yenilməzlər ən qaranlıqda da parlamağa, yerin dibindən də bir çiçək, bir fidan kimi pöhrələnib dikəlməyə qadir olurlar.

Həmin işığı az daxmada Rais işıq dolu tablolar yaratdı, Azərbaycanın əlvan mənzərələrini lövhələrə köçürdü.

Sevdiyi, ömrünü bağladığı həyat yoldaşı Leyla xanlm da ruhca ona uyğun insandır ki, bu yeraltı mənzilə bir saraya gələn kimi vüqarla gəlin köçdü.

Və dünya dəyişməyə, asta-asta nahaqın beli qırılmağa, ədalət, düzlük yerini tapmağa başladı.

1978-ci ildən Rəssamlar İttifaqının üzvü olan Rais Rəsulzadənin əsərləri tədricən qanad açdı, ölkələr dolaşdı, Azərbaycanda və xarici ölkələrdəki sərgilərdə – Kubada (Havana, 1980), Əfqanıstanda (Kabil, 1981), Polşada (1988), ABŞ-da (Hyuston, 1989), dəfələrlə İstanbulda, Moskvada... tamaşaçılarla görüşdü.

Zirzəmidən, nəhayət ki, qurtularaq xudmani mənzilə də köçdü, ayrıca emalatxanası da oldu, üstlərindəki “xalq düşməni” damğası da silindi, nəslinə dağ çəkmiş sovet rejimi də tarmar oldu, şanlı babası Məhəmməd Əmin Rəsulzadənin adı və xatirəsi ən coşqun sevgilərin dalğasında Azərbaycana qayıtdı da (Azər Bakıya ilk dəfə 1988-ci ildə, Meydan hərəkatının, SSRİ-yə qarşı insanların kütləvi çıxışlarının başlandığı günlərdə gəlmişdi. 1991-ci ildə yenə qayıtdı. Oğlu Raislə bazar günlərindən birində yollanır Şəhidlər xiyabanını ziyarət etməyə. Birdən uzaqdan başının dəstəsi ilə o vaxtlar Naxçıvanda yaşayan Heydər Əliyev görünür. Qəfilcə iti gözləri elə gendən Azəri tutan Heydər Əliyev yaxınlaşır onlara: “Siz Məhəmməd Əmin Rəsulzadənin oğlu Azərsinizmi? Bir dəfə televizorda görmüşəm sizi”.

Azər qayıdır ki, bəli, mənəm, üstümüzdən “xalq düşməni” damğasını atıb qayıtdıq vətənə. Heydər Əliyev də dərhal dillənir: “Mən də üstümdən kommunist damğasını atdım!”).

...Dövran rəngdən-rəngə düşür, dəyişdikcə çox insanları, çox dəyərləri, çox münasibətləri dəyişir.

Raissə elə həmin Raisdir.

İşləməkdən doymayan, Azərbaycanın gözəlliklərini lövhələrdə əbədiləşdirməkdən usanmayan, mülayimliyi, nəzakəti, təvazökarlığı, nəcibliyi ilə illər, oinllər boyu zərrə də azalmayan Rais.

Heç vaxt şan-şövkətli, izzətli, sayğılı soyadının kölgəsinə qısılmamış, bu soyadın verə biləcəyi bəhrələrdən yararlanmamış, əksinə, iftixarlı soyadını öz dəyərli əməlləriylə bir qədər də yüksəltmiş Rais.

Rais Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Qarabulaq kəndi”, “Göycəkəndin vadiləri”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “İsmayıllı, Lahıca gedən yol”, “Şəkidə bahar”, “Şuşada”, “Kürdə küləkli gün”, “Dəniz kənarında qəsəbə”, “Gədəbəy. Slavyanka mənzərəsi”, “Şahdağ” və neçə-neçə belə aydınlıq dolu, rənglərin, onların saysız çalarlarının, bir-birinə ehmallı keçidlərinin yaratdığı bayram ovqatı göz oxşayır, ürək dincəldir və qatarlanaraq bizə Azərbaycanın bu istedadlı rəssamının yurd vurğunu gözləriylə görünən misilsiz xəritəsini təqdim edir.

...“Ra” qədim şumerdə “Günəş” demək idi, “is” işıq, istilik.

Adındakı nur, hərarət, qaynarlıq sənətkar dostumuz, Azərbaycanın Əməkdar Rəssamı, Məhəmməd Əminin yadigarı Rais Rəsulzadənin varlığında və yaratdığı hər əsərdə var!

Var və nə qədər ki nəfəsi gedib-gəlir, həmişə də onunla olacaq!

Axı o, Rəsulzadədir, axı o, rəmzdir!

Axı o, Məhəmmədin əmanətidir!

 





01.02.2017    çap et  çap et